Qarmon səsi - Məmmədov Eşqin

Məmmədov Eşqin

Məmmədov Eşqin

24 noyabr 2021
# 15:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Məmmədov Eşqinin "Qarmon səsi" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Mayın biri idi. Hər tərəf çoxdan yaşıl donunu əyninə biçmişdi. Qaranquşlar xeyli vaxt idi ki, yorğun səfəri sonuclandırıb köhnə torpaq yuvalarını təmir edir, bala vermək üçün çalışırdılar. Artıq artezianlardan axan isti sular soyumağa başlamışdır... Şorlamaların, çox da dərin olmayan su arxlarının kənarlarındakı bozarmış qamışların yaşıl şüy budaqları pöhrələyirdi. Suda yaşayan qaratoyuqlar, vəhşi ördəklər yumurtadan yenicə çıxmış balalarını yemləyirdilər.

Seyrəngahlar müxtəlif gül-çiçəklərə bürünmüşdü. Açıq-yaşıl yarpaqlı söyüdlərin altına kölgələr çəkilmişdi. Torpaq yollar qurusa da, kənarlarında qışdan miras qalan kiçik şor sulu gölməçələr qalmışdı. Şoran yerlər dümağ ağarıb par-par parıldayırdı.

Kəndin meşəliklərində dəstə-dəstə insan yığılmışdı. Bu gün zəhmətkeşlər bayramı idi. Xalq dilində "первый май" deyirdilər... Kimi kabab çəkir, kimi oynayırdı. Hərə bir tərəfdə məclis qurub kef-damaqda idi.

Gülü baba və övladları bu il bayramı evlərində qeyd edirdilər. O , Böyük Vətən müharibəsi iştirakçısı idi. Ona görə də onun üçün əməlli-başlı hədiyyələr göndərmişdilər. Hədiyyə qutusunda qatılaşdırılmış süd, kolbasa, yağ, pendir, şəkər tozu, paltar və sair ehtiyac malları qoyulmuşdu.

Gülü baba balaca boy, gözləri yumru, keçəl, çiyinləri azacıq yerə əyilmiş bir kişi idi. Onun qulaqları çox enli, sağ əlindəki şəhadət barmağı güllə yarasından sonra açıq və tərpənməz qalmışdı. O, qaba, tərs, dediyindən dönməz və ən əsası çox davakar insan idi. Bəzən nitqində feillərin sonunu qəribə tərzdə deyərdi. Müharibə iştirakçısı olduğuna görə heç kəsi saymır, hətta raykom, naçalnik, kolxoz sədri ilə dava edib onları söyərdi. Övladları da əlindən təngə gəlmişdilər. Dövlət ona pay torpaq və xeyli mal qara saxlamağa icazə vermişdi. O da bundan istifadə edib əlinə yaxşı qoyun salmışdı. Uşaqları kolxozda çalışdığı üçün Gülü baba qoyunlarını kolxozun sürüsünə qatmışdı.

Kolxozun sürüsünə bu zamanlar Mehri kişi çobanlıq edirdi. Sürü, hələ Kəlbəcərin Sarı yaylağına köçməmişdi. Amma köç üçün bütün hazırlıq və tədbir görülmüşdü. Yəqin bayramdan sonra sürü yola çıxacaqdı.

Bu gün bayram olduğu üçün Mehri kişi də istirahət edirdi. Sürünü otarmağa ortancıl oğlu Cümşüd aparacaqdı. Cümşüdün on dörd - on beş yaşı olardı. Onu kənddə hamı Cümü deyə çağırırdı. Ətli-qanlı, hündür, qıvrım saçlı gənc idi... Gənclik dövrü başladığı üçün , Cümünün hələ qırxılmamış seyrək buğunda və gicgahlarında sızanaqlar əmələ gəlmişdi. Onun 31 çəkdiyini aydın və nəzəri əsaslarla bilmək çox da çətin deyildi. Cümşüd sakit, təmkinli bir gənc olsa da , o saf bir ürək sahibi olmamışdı. O idbar niyyətli, oğraş baxışlı bir adama çevrilmişdi. Ehtiras yanğısı onu dəli etmişdi. Evlənmək alınmırdı, çünki o bunun üçün çox cavan idi. Qadın tapmaq balaca kənddə müşkül məsələyə çevrilmişdi.

Seyranə yenicə gəlin olmuşdu. O, Əli dayının ocağında çox gözəl gəlinlik edirdi. Yoldaşı Teymur ondan çox razı idi. Onun namusuna söz ola bilməzdi.


Seyranə bəstə boylu, qarayanız, enli, qıyıqgöz, çox da gözəl olmayan burnu iri bir qadın idi. Burnunun deşiklərini aydın görmək olurdu. Qəribə bədən quruluşuna sahib idi. Arxası batıq olsa da, döşləri uzun və sallaq idi. Azacıq qarını çıxmışdı. Gənc olsa da qırx yaşlı bir qadına oxşayırdı.

Mehri kişinin qonşusu olan Əli kişiylə münasibətləri heç də pis deyildi. Xalq kimi onlar yaxşı və mehriban qonşuluq edərdilər.


Gəl ki, Cümünü bu qadına gözü düşmüşdü. Onu daim pis nəzərlə seyr edər, hər fürsətdə pusmağa çalışardı. Bu hislər sevgi filan deyildi. Bu sadəcə vəhşətli kor ehtiras idi.

Ehtiras gənci lap dəli etmişdi. Lakin nəsə etməyə onun cürəti çatmırdı. Yaxşı anlayırdı ki, bu ona çox baha-başa gələ bilər. Kiminsə namusuna göz dikənin gözünü çıxararlar.

Bu gün səhər qoyuna getməzdən əvvəl Seyranəni pusmağa getdi. Nar bağçasının yanındakı pəyə, Cümügilin qapısından çox aydın görünürdü. O , pişik kimi sakit və cəld kolların arasından, həmişə olduğu kimi inək sağan gənc gəlinə baxdı.

Gəlin dizlərinə kimi düşən nazik üstü gülü don geyinmişdi. Səhər soyuğundan qaçmaq üçün kürəyinə xallı kələğayını atmağı unutmamışdı. Seyranə altına kiçik sağın oturacağını qoyub ayaqlarını aralayıb inəyin qalın döşlərini dartırdı. Bu zaman Cümşüd elə də ağ olmayan sallaq, ətli budlara və qara rəngli tumana baxıb dilini dodaqlarına sürtürdü. Heç kəsin eşitməyəcəyi tərzdə deyirdi:

- Kaş bir dəfə ona toxuna biləydim. Off! Canın yanmasın azzz, nə yeməli şeysən.

Qızmış Cümü günortaya kimi yalnız bu mənzərə haqqında düşünüb ağlagəlməz xəyallar qururdu.

Gülü kişi qoyunları sevdiyi üçün hər gün ertə gedib sürüdən ayırıb arxların belində onları güdərdi. Bu gün bayram olsa da o qara ayğırı yəhərləyib örüşə tərəf üz qoydu.


Örüşə çatıb atını Qurd dəməyi deyilən yerə hörüklədi. Başını qaldırıb öz-özünə dilləndi.

- Lənət sənə, kor şeytan, sürü niyə dağılıb? Bəs bu gedə hardadır, əə?

Nə qədər əlini gözünün üstünə qoyub baxdısa, it baxışlarında heç kəsi tapa bilmədi. Dağınıq sürünü cəm edib, oylağın sağ tərəfində kiçik dingənin yanındakı iydəliyə irəliləməyə başladı. Yaxınlaşanda iydə ağaclarının arasından keçi səsi eşitdi. Əvvəlcə o keçinin kola ilişdiyini düşündü. Sonra fikirləşdi ki , bəlkə çaqqal - canavar aparıb orada boğur. Bu fikirlə bir az deyinirdi.


- Ə , görəsən bu köpək oğlu hansı cəhənnəmə itilib? Allah bilə mənim keçimi aparıb. Allahdan istəyirəm mənim heyvanın ola da, sənin dərini soyam.


Bu minvalla o ağaclığa yaxınlaşdı. Keçi səsi gələn tərəfə baxanda gördü ki Cümü keçini zorlayır. Gülü baba özünü saxlamadan qışqıraraq:


- Ay nadürüst oğlu nadürüst. Bişərəfdən əmələ gəliynən dəyyus. Tuu sənin alçaq sifətinə. Xalqın qoyununu atıynan, yazıq heyvanla eşqbazlığa gəliynənəə bu.


Bunları eşidən Cümü qorxmuş halda cəld şalvarını qaldırıb Gülü babaya yalvarmağa başladı...

- Gülü baba , pox yemişəm, qələt etmişəm. Bir də olmaz. Məni el içində rüsvay etmə . Xahiş edirəm. Yalvarıram. Cavanlığıma qurban et.

Onun gözləri dolmuşdu . Cümü ağlayaraq yalvarırdı. Amma bu Gülü babaya zərrə qədər toxunmurdu.


Rəhimsiz qoca, əlindəki qalın boz dəyənəklə Cümünü topuğunu nişan aldı. Nişan dəyəndə, gənc ilan kimi qıvrılıb yerdə qaldı. Amma ağrıya baxmayaraq, tələsik bir ayağı üstə qaçmağa başladı. Cümü yaxşı bilirdi ki, qoca rəhimsiz, tərs və höcət adamdı. Ondan əl çəkən deyil. Gülü kişi ona tərəf gələrək onda bir islahat qoymamışdı. Birdən, nazik yulğun budaqlarına bağlanmış, qırmızı, buynuzlu keçinin səsinə dayandı. Keçi bağlı qalmışdı, heyvan dartınsa da , ayaqlarını aça bilmirdi. Gülü kişi bunu görüb geri döndü . Bayaq təcavüz olunan keçi, bəlkə də gənci ölümdən, qocanı isə qanlı cinayətdən qurtarmışdı.

Gülü babanın gəlmədiyini görən Cümü yaxınlıqdakı çayın altına düşdü, sıx qovaq, iydə ağaclarının arasında yox oldu.

Gülü baba keçini açıb örüşə qatdı. Öz qoyunlarını ayırıb atına minib yola düşdü. Getdikcə öz-özünə deyərdi.


- Gör səni necə rüsvay edirəm. Əbləhin biri əbləh. Ayıb oliynən, ayıb oliynən.

Cümü çaya enib yarasını yudu. Göyrəyən yarasına nimdaş köynəyindən cırıb sarıdı. Qan təmiz kəsmişdi. Amma zərbə çox güclü və dəqiq idi. Gülü baba peşəkar çomaqatan idi. O, çomaqla sığırçını, kəkliyi, turacı çox rahat nişan alıb ovlayardı.

İndi Cümünün qarnını dərd doğrayır, dişi bağırsağını kəsirdi. Yaxşı anlayırdı ki, Gülü kişi hər şeyi kənddə danışacaq. Beynində bir az götür-qoy edib, çomağını götürüb, axsayaraq örüşə doğru qalxmağa başladı. Çayın döşünə qalxan kimi, yuxarıdan hər şeyi seyr edib otlağa yapışmış sürünü ağır nəzərdən keçirdi. Sonra nəysə mızıldandı:

- Qoca kaftar qoyunlarını ayırıb cəhənnəm olub.

O, sürünü cəmləyib kənddə tərəf üz tutdu. Fikrində tutmuşdur ki, kəndə çatahaçatda sürünü buraxıb, sahələrin arası ilə rayondakı xalasıgilə qaçar. Söz-söhbət yatandan sonra geri qayıdar.

Cümü belə də etdi. Kəndin arxasından sürünü buraxıb, sahələrin arasından rayon mərkəzinə üz tutdu. Yol çox da uzaq deyildi. Hava tam qaralana yaxın rayona çatardı.

Gülü kişi əsəbi, bir az da dilxor halda heyvanları örüşdən gətirib arvada dedi:

- Ağız, tez mənə iki ədəd qırmızı qəstinka ver.


Arvadı Ziba xala təəccüblü soruşdu:


- Bıy başıma xeyir, qəstinkanı neynirsən?


- Nə deyirəm elə. Sənlik bir iş yoxdur.


Ziba xala yük otağından özünün gəlin sandığıdan bir cüt qırmızı "qəstinkə" çıxardıb Gülü babaya verdi. Və onun ardınca getdi.

Gülü baba qırmızı keçini tutub hər iki buynuzuna qırmızı "qəstinkanı " bağlayıb başından tutub darta-darta Mehri kişigilə tərəf getdi. Kənddə aləm bir-birinə dəymişdi. Hamı soruşurdu.


- Görən nə olub? Kişi dəli yad olmayıb ki?


Gülü baba Mehri kişinin qapısına çatıb onu çağırdı.


- Ay Mehri heey!


Mehri kişi qarğıdan çəkilmiş çəpərdən boylanıb bu qəribə hadisəyə baxdı və dedi:


- Nədi, ay Gülü kişi?


- Gəlinini gətirmişəm.


Hamını heyrət basdı. Heç kəs ürək edib onu saxlaya bilmirdi. Səmid dayı nə qədər insaf diləsə də, xeyri olmadı. Qapını açıb yola çıxan Mehri kişi:


- Xoş gəlmişsiniz, a camaat. Nolub, ay Gülü dayı?


- Oğlun Cümünün canına azzar, mənim keçimi qayıranda tutmuşam.

- Abrın olsun. Yekə kişisən.


- Abırsız sənin nəslindir. Köpək oğlu. Sən öl səni çomağa doliynən həə.


Mehri kişi dinmədi, çünki o kasıb , kimsəsiz adam idi. O, bura anası günü kimi gələndə onun yanında gəlmişdi. İndi onun gözləri qanla dolmuşdu. Sarı sifəti qapqara kəsilmişdi. Bir az düşünüb balaca oğluna dedi:


- Get qarmonu gətir bura. Öz nağaranı da yaddan çıxarma ha.

Firdovsi qarmonu gətirdi. Və öz nağarasını da gətirməyi unutmamışdı.


- İndi ki gəlin gəlib. Gəlin oynayın. Hə, nə dayanıb baxırsız, oynayın da.


Oğlu nağara vurdu. O isə qarmonda tərəkəmə ifa etdi.


Mehri kişi uşaq yaşlarında musiqiyə getmişdi. Atası öləndən sonra ögey at qayğısında bunlardan məhrum olmuşdu. Amma tərəkəməni pis ifa etməzdi.

Gülü kişi, arsız halda əl-qol açıb oynayırdı. Toplaşanların çoxu dağılışdı. Ağsaqqalların çoxu hönkür-hönkür ağlayırdı. "Vətən Müharibəsi" iştirakçısına heç kim etiraz edə bilməzdi.

İki üç ev aralıda Cümünün dayısı evi idi. Anası Rəhimə xanım ağız görmək üçün onlara getmişdi. Birdən musiqi səsi gəldi.


- Bıy , ay qız Cəmilə! Deyəsən, kiməsə toy edirlər.

- Hə , bibican. Tərəkəmə açılırlar. Bu de Tural qaçaraq gəlir.


Tural səkkiz yaşında idi. O qaçaraq bu haqda xəbər gətirmişdi.


- Rəhimə bibi?

- Can bibi, de görüm, nə olub?


- Cümüyə toy edirlər.

Rəhimə gülərək:

- Kimlə bala? Qız evində toydu bizim xəbərimiz yoxdur?


- Gülü babanın keçisi ilə.

- Nə keçi, ay oğul.


- Gülü baba bir keçi gətirib. Özü də buynuzları qəstinkalı.


Uşağın sözlərini tam anlamayan ev əhli tez tökülüşüb qaçdılar. Musiqi səsi kəsilmişdi. İndi ağlaşma səsi gəlirdi. Mehri kişi yerə yıxılıb qalmışdı. Hadisəni eşidən Rəhiməni infarkt vurdu. İki saat sonra o da keçindi. Bütün kənd Mehri kişinin qapısına toplaşdı. Səhər onları dəfn etdilər. Bu dəhşətli faciə çoxlarını sarsıtmışdı.

Gülü babanı çoxu qınasa da, ona heç nə edən olmadı. Kənd ağsaqqalları onun xasiyyətini yaxşı bilirdilər deyə, nəyəsə təkid etmirdilər. Bu yaşda ona nə öyüd, nə də nəsihət təsir etməzdi.
Cümü bir daha kəndə qayıtmadı. O valideynlərinin itkisinə çox üzülmüşdü. Ailəsini nəfsinin qurbanına çevirmişdi. Xalasının himayəsində böyüdü, həkim oldu. Sovetlər imperiyası dağıldı. İllər olanları insanlara unutdurdu.

Gülü baba qəddar adam olduğuna görə gec rəhmətə getdi. Onun 98 yaşı vardı. Hələ də, yeriyir, ağaca çıxırdı. Günlərin birində o tənək ağacına çıxanda yıxılıb bərk əzildi. Onun topuğu qırıldı. Yerli xəstəxana onu götürməyib Bakıya göndərdi. Bakıda xəstənin həkimi təsadüfən Cümü oldu. Cümünü heç kim tanımadı. Amma o Gülü kişini tanıdı.

Xəstəni yatağa uzadıb topuğunu sıxdı. Gülü kişi bərk bağırır, çabalayırdı. O ürəyində deyirdi.


- Zəhərli ilan, sənin qocan, cavanın olmaz. Topuq həmin topuqdur, can o can deyil. Zarı, ürəyin partlasın. Qoca əclaf.


O daha da bərk sıxırdı. Gülü kişi ağrıya dözə bilmirdi, yalvarırdı.


- Doktor qurbanın olum, ölürəm kömək et.

- Narahat olmayın, siz sağalacaqsınız.


Cümü Gülü babanı müalicə edib kəndə göndərdi. Gülü baba beş ay sonra vəfat etdi.

# 5766 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
#
#
# # #