Qarabala - Qorxmaz Şıxalıoğlu

Qarabala - Qorxmaz Şıxalıoğlu
10 avqust 2024
# 12:00

Kulis.az şənbə oxusu layihəsi çərçivəsində Qorxmaz Şıxalıoğlunun "Qarabala" hekayəsini təqdim edir.


Əsgərliyimizin beşinci həftəsində bizi Permin yüz kilometrliyindəki Kunqur şəhərinə gətirdilər. Dəstəmizdəki 30 nəfərdən dördü azərbaycanlı idi. Hərbi hissəmiz Permdə olsa da, qulluq etdiyimiz birinci rota Kunqurda yerləşirdi.
Qarabala ilə də Kunqura gələndə - qatarda tanış olmuşdum. Permdə yalnız quru “salam-əlleyküm”ümüz var idi, onu yaxından tanımırdım. Yol aramızda mehribançılıq yaratmışdı.
Rotada hamı ona “Qarabala” deyirdi. Mən isə əsgərlik qaydası ilə onu soyadıyla - Həsənov çağırırdım.
Qarabala dolu bədənli, ördək yerişli qara bir oğlan idi. Bircə gün üzünü qırxmasaydı, az qala zənciyə oxşayırdı. Burun sarıdan da yarımamışdı - əyri və uzun, pərələri də böyük. Tərslikdən gözlərinin altına belə tük çıxırdı. Onun bir mövzusu var idi-kənd. Qarabala çox darıxırdı və kənd-kəsək söhbəti onu kövrəldərdi. Ona görə də kənddən söz düşən kimi mövzunu dəyişirdim. Tez-tez kəndi xatırlamaq, elə bil evə gedəcəyimiz günü bizdən uzaqlaşdırırdı. Bu söhbətlər sanki əsgərliyə alışmağımıza mane olurdu. Hərbi xidmətin son ayları olsaydı, onda kənddən danışmağa dəyərdi- mən belə düşünürdüm. Ancaq Qarabalanınki “çevir tatı, vur tatı” idi.
Kunqura gəldiyimizin altıncı günü günorta bizi “politzanyat”a (siyasi məşğələ) yığdılar. Qarabala mənim yanımda oturmuşdu. “Politzanyat”ı aparan kapitan Kistruqa Finlandiya prezidenti Urxo Kekkonenin iki gündən sonra Moskvaya rəsmi görüşə gələcəyindən, bu ölkənin nə NATO, nə də ki Varşava müqaviləsinin üzvü olmamasından, SSRİ ilə mehriban qonşuluğundan danışırdı. Qarabala isə mürgü vurur, arada qeyri-ixtiyari olaraq burnunu qurdalayırdı. Bilirdim ki, yenə fikri-xəyalı kənddədir. Gərək Allah adamın işini tərs gətirməsin-rənginin qaralığına, burnunu qurdaladığına, ya da nəyə görəsə kapitan Kistruqa birdən ayaq üstə durduğu stolun arxasından çıxıb Qarabalaya tərəf yeridi. Onun bir addımlığında dayanıb, acıqlı səslə soruşdu:
- Familyan?
Qarabala döyükə-döyükə ayağa qalxdı:
- Həsənov!
Kistruqa çox diqqətlə onun üzünə baxdı. Qarabala başını sol çiyninə tərəf əymişdi. Bu da ona yazıq bir görkəm verirdi. Kapitan çox sərt bir səslə:
- Boynunu düz tut,- deyə qışqırdı, - qadın kimi əzilib-büzülmə. De görüm, mən nədən danışıram?
Kapitanın sualı cavabsız qaldı. Qarabala günahkarcasına boynunu bir az da əydi. Bilirdim ki, o, rusca bir kəlmə də başa düşmür. Tez ayağa durdum.
- Yoldaş kapitan, o, rusca bilmir.
Kistruqa bir anlıq susub, Qarabalanı başdan-ayağa süzdü və üzünü mənə tutdu:
- Sən ona bəzi şeyləri başa sal. Heç olmasa, normal oturmağı bacarsın.
- Oldu, yoldaş kapitan!
Kistruqa Qarabalaya baxıb, rişxənd dolu bir səslə dilləndi:
- Otur! Baran.
Əsgərlər gülüşdülər.
“Politzanyat”dan çıxan kimi Qarabala mənə yaxınlaşdı: Ə, Aslanov, bunların anasını... Gəl gedək o tərəfə. “O tərəf” kazarmaya gələn yolun sağındakı balaca şam meşəliyi idi. Boş vaxtımız olanda bura gələrdik. Qarabala bu meşəliyi çox sevirdi. İkilikdə olanda onun üz-gözü durulurdu. Hərəmiz kürəyimizi bir ağaca söykəyib oturduq. Oturmağı ilə Qarabalanın dillənməyi bir oldu:
- Ə, Aslanov, o köpəyoğlu - adı da dilimə yatmır, elə bilir ki, mən rus dilini tamam bilmirəm.
- Bilirsən ki?- deyə təəccübləndim.
- Əlbəttə,- o, sevincək cavab verdi - o axırıncı söz vardı haa, guya mən başa düşmədim? Mən ölüm, necə idi o söz?
- Baran.
Qarabala birdən şaqqanaq çəkdi, - hahaha...ə, Aslanov, baran qoyuna deyirlər də, - o yenə bərkdən gülməyə başladı.
Hiss etdim ki, Qarabalanın gülüşü ürəkdən gəlmir. Özünü gülməyə məcbur edir, daha doğrusu zorla gülür. Görünürdü ki, kapitanın sözündən çox, əsgərlərin gülüşməyi ona yer eləmişdi. Maraq mənə güc gəldi: necə ola bilər ki, 10 il məktəbə gedən bir adam rus dilində beş-on kəlmə də bilməsin?
- Sizə məktəbdə rus dili keçməyiblər?
O, bu sualımdan sanki bir az büzüşdü. “Xebe” pencəyinin yuxarıdan ikinci düyməsini açıb, əlini cibinə saldı. İkiqat bükülmüş, əzik-üzük, qıraqları yeyilmiş bir məktub çıxardıb mənə uzatdı.
- Aslanov, al buna bax, amma heç kimə demə.
Məktubun ağzı açılmamışdı. Üstündəki tarix də keçən ayınkıydı. Səliqə ilə yazılmış ünvana baxdım. Yazı yuxarı sinif şagirdinin xəttinə oxşayırdı. Məktubu Gülbuta Həsənova yazmışdı. Kənd oğlanlarının daha çox qohum qızlarına meyl saldığından məktubun Qarabalanın sevgilisindən gəldiyini düşündüm. Ancaq tez də fikrimdən daşındım. Çünki bu cür məktubları əsgər gündə ən azı, on dəfə açıb oxuyur. Bir fikrə gələ bilmədim. Qarabala isə susurdu.
- Bu nədir?
- Məktub.
- Bəs ağzını niyə yapışdırmısan?
- Onu heç açmamışam.
Elə bil ürəyimdə bir sim qırıldı. İlk ağlıma gələn bu oldu ki, Qarabala yazı oxuya bilmir.
- Həsənov, sən məktəbə getməmisən?
- Yox, Aslanov.
Ürəyim sıxıldı. Ona yazığım gəldi. Ancaq hisslərimi büruzə verməmək üçün tez də gülümsəməyə başladım. Qarabalanın gözləri isə yol çəkirdi. Elə bil məni görmürdü. Bu anların uzanmasına yol vermək olmazdı.
- Həsənov, Gülbuta nəyindi?
O, yuxudan ayılmış kimi oldu.
- Bilirsən... - fikrini cəm eləməyə çalışırdı, ona görə də sözü uzadırdı - anamdır - Qarabalanın səsi yavaşıdı: Aslanov, anamdır...
Onun səsi mənə sıldırım qayaların döşü ilə üzüyuxarı sürünən dumanı xatırlatdı. Hiss etdim ki, artıq mənim də özümə gücüm çatmır - kövrəlmişdim. Tez nəsə demək lazım idi. Nə? Birdən Qarabalanın üzü güldü.
- Ə, Aslanov, mən ölüm, bir siqaret çək.
Çəkmək bir yana, siqaret tüstüsünə belə nifrət edən Qarabalanın bu sözləri məni sanki çıxılmazlıqdan qurtardı. Siqaret yandırdım. Qarabala məktubu məndən alıb, onu o üz-bu üzə çevirdi.
- Permdə almışam bu məktubu. Orda bizim uşaqlar vardı. Ancaq utanırdım onlara deməyə. Aslanov, hər gecə bu məktubu gizlicə çıxardıb on-on beş dəfə ona baxmışam. Sonra da qaytarıb qoymuşam cibimə. Üstündəki Bakının şəklindən bilmişəm ki, bizdən gəlib. Yönlü bir adam tapmamışam oxutmağa. Qulamovdan zəhləm gedir. İllah da ki, irişməyindən. Nə vaxt baxırsan, hırıldayır. Nə var-nə var, ağzında dörd-beş qızıl dişi var. Səlimov da ki, yaltaqdır. Görmürsən, serjant Lakutinin ... girir. Düzü, Aslanov, sənə elə qatarda demək istəyirdim, nəsə utandım. Soruşacaqsan ki, bəs kənddə mənim adresimi hardan bilirlər?
Qarabala çox kövrəlmişdi. Mən də doluxsunmuşdum, ancaq bütün gücümü yığıb hisslərimi büruzə verməməyə çalışırdım. Qarabala kədərli səslə sözünə davam etdi:
- Karantinin üçüncü günü şəkil çəkdirmişdim. Özbək vardı - Cumanyazov- ondan bir konvert aldım. Şəkli konvertə qoyub, ağzını yaxşıca yapışdırdım. Stalovada bir yerlimiz işləyir. Aslanov, sən də tanıyırsan - mən başımı tərpətdim- ona dedim ki, xəttim çox pisdir, bu məktubun üstünü yaz. İndi, Aslanov, götür oxu.
Qarabala məktubu yenidən mənə uzatdı. Mən məktubu uca səslə oxumağa başladım. Anası otunu, samanını gətirdiyi üçün qonşu Mürsəl kişiyə alqış edirdi. Qarabalaya komandirlərinin sözündən çıxmamağı, yeməyinə fikir verməyi və tez-tez məktub yazmağı tapşırırdı. Bildirirdi ki, məktubu da Mürsəl kişinin balaca qızı Turac yazıb.
- Həsənov, məktəbə niyə getməmisən?
Qarabalanın gözləri qıyıldı, sifəti qayğılandı. Bilirdim ki, sualım onun ürəyincə deyil. Hardasa qəlb ağrıdan bir cavab gözləyirdim. Lap sual verməsəydim də, o, bu məktəb məsələsini danışasıydı. Sadəcə, mən dözə bilmədim.
- Aslanov, mənim bir yaşım olanda atam rəhmətə gedib. Anam çox əziyyət çəkib. Bizim kənd suyu, meyvəsi olmayan bir yerdir. Yağış yağdısa, taxıl var, yağmadısa, yox. Hərənin də bir inəyi, bir-iki danası... belə. Yaşamaq zülümdür. Bizdə kolxoz sədrinin oturduğu bina, anbar, dükan, klub - hamısı bir həyətdədir. Ora “kolxoz həyəti “deyirlər. Oranın bir gözətçisi vardı. Mənim məktəb yaşım çatanda o kişi öldü. Sonra anam yalvar-yaxar onun yerinə işə düzəldi. O həyətdə anbara bitişik gözətçi otağı vardı. İndi də o otağın qoxusu burnumdadır. Mənim günlərimin çoxu orda keçib. Çünki gecə işə gedəndə anam məni də həmişə özü ilə aparardı. O gözətçi otağını anamla yaxşı-yaxşı əhənglədik. Pəncərəsinin sınıq şüşəsini dəyişdik. Ora təzə odun peçi qoyduq. Ən çox qış gecələri yadımdadır. Dəmir peçin üstünə kartof yığıb, üstünü böyük mis camla örtərdik. Aslanov, bilirsən o kartof necə dadlı olur? Anam çay dəmləyərdi...
Qarabala birdən dayandı. O, sanki danışdıqlarından - keçmişindən utandı. Bəlkə də, elə deyildi. Nədənsə mənə belə gəldi. Tez dilləndim:
- Həsənov, danış, sən Allah!
- Yox, Aslanov, başını ağrıtmaq istəmirəm. Nə danışım? - Üzümə baxdı. Hiss etdi ki, onun danışdıqları, doğrudan da, mənim üçün maraqlıdı,- pulnan onun-bunun qoyun nobatına gedirdim arada. Üç manata səhərdən-axşama qoyun otarırdım. Keçən il də üç illik bir danamızı satıb anama pensiya düzəltdik. Daha o işləmir.
Qarabala susdu. Elə bu vaxt kazarmanın böyründən serjant Lakutinin başı göründü.
- Uşaqlar, rota günorta yeməyinə gedir.
Həmin axşam Qarabalanın dilindən anasına məktub yazdım. Və məktub məsələsi sirr kimi həmişəlik aramızda qaldı.
...Bizim yalnız adımız hərbi inşaatçı idi. Özümüz isə əsgər paltarında fəhlə işləyirdik. Qarabala tikintidə, mən isə kərpic zavodunda çalışırdıq. İşim üçnövbəli olduğu üçün onu gec-gec görürdüm. Gec görüşməyimiz yaxşı idi, çünki həm danışmağa söz tapırdıq, həm də söhbətimiz şirin olurdu. Əsgərliyimizin altıncı ayı olmasına baxmayaraq Qarabala hələ də özünə, öz sözü ilə desək “bir canan” tapmamışdı. Burda əsgərin qız-qadın tanışının olmaması, siqaret çəkən adamın siqaretsiz gəzməsi kimi anormal qəbul olunurdu. Bizim uşaqlar həvəslə öz sevgi macəralarından- çoxu yalan olsa da- danışanda, Qarabala qıraqda durub məlul-məlul baxar, söhbətə qarışmazdı. Yalan danışmaq da təbiətində yox idi ki, basıb-bağlasın. Onunku sir-sifət dərdi deyildi. Rusca bilməməyi Qarabalanın kürəyini qırırdı. Bu barədə heç vaxt ona bir söz deməzdim. Elə bilirdim ki, bu, Qarabalanın izzət-nəfsinə toxuna bilər. Axı adama necə deyəsən ki, sən niyə birini “bişirə” bilmirsən? Yaxud, gəl, sənə bir qız tapım?
Bizim uşaqlar hərdən Qarabalanın bu yaralı yerinə toxunanda, özümü eşitməməzliyə vururdum.
Bir gün Qarabala ilə şam meşəliyindəki yerimizdə oturmuşduq. Birdən o cibindən dəmir bir üzqırxan çıxartdı. Təəccübümü görüb mənə sirr açırmış kimi danışmağa başladı:
- Ə, Aslanov, deyəcəksən ki, bu üzqırxan cibində nə gəzir?, - o danışa-danışa yenə əlini qoltuq cibinə salıb, balaca dördkünc güzgü və üstünə “Neva” yazılmış göy kağızlı lezviya çıxartdı. Üzqırxanı sazlayıb, - bu, həmişə cibimdə olur,-dedi,- işdə imkan olan kimi üzümü qırxıram.
Gülməkdən özümü güclə saxladım.
- Üzünü kazarmada qırx da.
Qarabala, elə bil bu sözümə bənd idi. Ovcuna tüpürüb əlini üzünə sürtdü. Ömrümdə ilk dəfə idi ki, belə mənzərə ilə rastlaşırdım. Mənim təəccüblənməyim və nə deyəcəyim onun vecinə deyildi. Mən dinməzcə ona baxırdım. Qarabala güzgünü üzünə tutub üzqırxanı işə saldı. O, üzünü qırxmırdı, qaşıyırdı. İşini başa çatdırıb, qolu ilə üzünü sildi. Sonra üzqırxanı səliqə ilə açıb təmizlədi. Lezviyanı göy kağızına bükdü və bütün “dəm-dəsgah”ını yenə qoltuq cibinə qoydu. Qarabalanın üzü başdan-başa ağ qabıq idi. Mən dinmirdim. O, əli ilə üzünü ovuşdurdu, - görürsən, xeyli tafoot var. Ə, Aslanov, səhər durub üzümü qırxıram. Günorta görürəm, elə bil yenə qaralıb, - yanıqlı-yanıqlı dilləndi, - bilmirsən, bu qızlar niyə mənə yaxın gəlmir? - Sonra özü öz sualına cavab verdi: - Çünki rəngim qaradır. Üzümü vaxtlı-vaxtında qırxmıram. Necə olur ki, Qulamovun dörd-beş qızı var. Lakutin var ee... o uzundraz oğraşı şəhərdə hər dəfə bir cananla görürəm. Bəs mən köpayoğlu ölüm?
Qarabala üzdən hirsli olsa da, gözlərinin dərinliyində bir yazıqlıq vardı. Mən qız-qadınla bağlı indiyə kimi onunla bir kəlmə kəsmədiyimə, bu məsələdə aramız açıq olmadığıma görə, söz tapıb deyə bilmirdim. Tək Qarabala yox, ümumiyyətlə, hələ heç kəslə bu mövzuda bir söz danışmamışdım. Çünki bunu əskiklik bilirdim. Qarabalanın bu hirsli sözlərinin arxasında onun məndən kömək istədiyini görürdüm. Gözləri mənə: - insafin olsun, heç olmasa danış da,- deyirdi. Ancaq özümü o yerə qoymadım. Guya, heç üzqırxan söhbətindən də xəbərim yoxdu. Vəziyyətdən çıxmaq üçün zarafat etmək istədim.
- Həsənov, Qulamova deyərəm, sənə gözəl bir canan tapar.
Qarabala sanki partladı:
- Ə, Qulamov haranın tulasıdır? Mənim özümə nə olub ki?
...Dekabr ayı idi. Səhərin şaxtası adamı kəsirdi. Gecə növbəsindən qayıtmışdıq. Qızdırıcılar işləsə də, kazarma soyuq idi. Hamımız leş kimi özümüzü yatağa saldıq. Adətən mən yerimə girəndən sonra düşünməyi çox xoşlayıram. Ancaq işimiz ağır olduğu üçün daha düşünməyə taqət qalmırdı. Yerimə uzanan kimi də yuxuya gedirdim.
Birdən Qarabalanın qışqırtısına oyandım. Çaşıb qaldım. Heç bir səs yox idi. Fikirləşdim ki, yəqin yuxu görürəm. Üzbəüz çarpayıdakı Nikiforov da gözlərini açıb nəsə donquldandı, sonra üzünü çevirib odeyalı başına çəkdi. Yenə Qarabalanın səsi gəldi. Kimsə bərkdən söyüş söydü. Elə bil kazarmanın qapısı tərəfdə dava gedirdi. Geyinməyim bir dəqiqə çəkmədi. Qapıya tərəf yüyürdüm. Axı indi bütün rota kimi Qarabala da işdə olmalıdı. Deyəsən, səs kaptyorkadan (əsgərlərin dəyişək paltarlarının saxlandığı yer) gəlirdi. Yox, səhv etməmişdim. Starşina Çijanın qışqırtısı qulağıma dəydi. Qapını açıb içəri atıldım. Ağırçəkili starşina maykada olan Qarabalanın sinəsində oturmuşdu. O, ikiəlli burnu qanamış Qarabalanın şalvarının qayışından yapışmışdı. Qarabala isə onun əllərini qayışdan qoparmağa çalışırdı. Starşinanı qucaqlayıb var gücümlə kənara dartdım.
- Burax, onu öldürəcəyəm! - starşina qışqırdı.
Mən onu çətinliklə Qarabaladan ayırdım. Qarabala tez ayağa durub kağızla burnunun qanını təmizlədi. Pencəyini geyib düymələrini bağlaya-bağlaya yavaşca mənə,- bu kopayoğlu vəhşidir,-dedi. Starşinanın həmişə başının ortasında yumruladığı seyrək, sarı saçları gözünün üstünə tökülmüşdü. Yaşıl gözlərinin parıltısı qəzəb püskürürdü. O, yenə də Qarabalaya tərəf cummaq istəyirdi.
- Yoldaş praporşik, xahiş edirəm, sakit olun, - mən hələ nə baş verdiyini başa düşmürdüm - axı bu, sizə yaraşmaz.
Starşina yerdəki furajkasını götürüb stolun üstünə qoydu. Köynəyinin açıq düyməsini bağladı. Gözünə tökülmüş saçlarını əli ilə yerinə qaytardı. Sonra taburetkanı özünə tərəf çəkib oturdu. Siqaret yandırdı. Qarabala büzüşmüş halda gözlərini yerə dikmişdi.
- Otur, Aslanov.
- Sakitləşdinizmi, yoldaş praporşik?
O, sualımı cavabsız qoydu.
Təzəcə yandırdığı siqareti külqabıya basıb söndürdü və təzəsini alışdırdı. Starşina çaşqın vəziyyətdə idi.
Mən susurdum, onun danışmasını gözləyirdim. O, sanki mənə tərəf baxmağa utanırdı. Düzü, mən ondan bunu gözləmirdim. Çijanın təxminən qırxdan yuxarı yaşı olardı. Uzun müddət Uzaq Şərqdə - sərhəd qoşunlarında xidmət eləmişdi. Bizim rotaya 2-3 il idi ki gəlmişdi. Bütün rota onun xətrini əksər zabitlərdən çox istəyirdi. Hamı bilirdi ki o, öz əsgəri üçün canını verəndi. Ona “rotanın atası” deyərdilər. Çija birdən üzünü Qarabalaya tərəf çevirib əmr elədi:
- Get, ağız-burnunu yu, sonra qayıt gəl!
Qarabala otaqdan çıxdı.
- Aslanov,-o ağır-ağır sözə başladı,- evdən məktub alırsan?
- Alıram, yoldaş praporşik.
O, bu sözlərlə hərəkətinin, yaranmış bu qan-qaraçılığın üstünə ütü çəkmək istəyirdi. Dörd qatlanmış cib yaylığını çıxarıb burnunu sildi. Sonra əlindəki sarı rəngli dəmir alışqana baxa-baxa dilləndi:
- Ata-ananın qədrini bil həmişə, Aslanov. Mənimkilərin ikisi də müharibədə həlak olub.
Cavab vermədim. Gözləyirdim ki, o, Qarabaladan danışsın.
- Bu adam iki gündür işə getmir, - birdən starşinanın bayaqkı sakit səsi ciddiləşdi, - çağırıb soruşuram ki, nə baş verib, deyir xəstələnmişəm. Sançasta göndərmişəm. Baxıb, geri qaytarıblar ki, bunda heç nə yoxdur. Yenə çağırmışam. Özün də bilirsən ki, kütdü, heç nə başa düşmür. Əli ilə qarnını göstərir ki, buram ağrıyır. Yazığım gəlib, yenə sançasta göndərmişəm. Yenə eyni vəziyyət. Aslanov, sən elə bilirsən, mən vəhşiyəm?
- Yox, yoldaş praporşik.
Çijanın gözləri mənə zilləndi:
- Bayaq da çağırmışam, yenə də əli ilə qarnını göstərir. Fikirləşdim ki, bu şaxtada işə getməmək üçün, yəqin özünü xəstəlik adı ilə sançasta salmaq istəyir. Dünən də rota komandiri deyir ki, bu xəstədirsə, qospitala göndər. Xəstə deyilsə, cəhənnəm olub işinə getsin. Pencəyini çıxartdırıb dedim ki, özüm baxacağam qarnına. Heç nə yoxdur. O dəqiqə şübhələndim. Axı mən sizə yüz dəfə tapşırmışam, bu şəhərdə hər cürə pozğun it var, kim düşdü onunla yatmayın. Dedim ki, şalvarını aşağı sal, alt paltarına baxım. Razılaşmır. Bir, iki, axırı hirs vurdu təpəmə. Sən gəlməsəydin, mən bu əclafın şalvarını çıxardırdım. Aslanov, Həsənov yüz faiz treper xəstəliyinə tutulub. Bəlkə də sifilisdir. Kim bilir hansi qancığdan tutub, nə vaxt olub.
Starşina sözünə ara verdi. Sonra yerə əyilib nəsə götürdü. O, əlində Qarabalanın nikel üzqırxanının baş hissəsini tutmuşdu. Onu mənə tərəf uzatdı:
- Bilmirəm, bu hardan gəlib çıxıb bura. Götür, yəqin ondan düşüb. Verərsən özünə, - starşina sakitləşmişdi. - Aslanov, şeytan məni yoldan çıxartdı-ona bir sillə vurdum. Sən məni bağışla. İndi bizim sançastın həkimi ilə danışacağam. Elə o da sənin bu yerlindən geri qalmaz. Yol kağızlarını hazırlayacağam. Axşam işə getmirsən, gecə Permə yola düşürsünüz. Bu əclafı aparırsan bizim qospitala. Çünki dili-zadı yoxdur.
Elə bu dəm qapı döyüldü. Qarabala içəri girdi. Starşina onu görən kimi dilləndi:
- Aslanov, sən öz dilinizdə soruş ondan, görək mən deyəndi, yoxsa yox?
Arxada dayanmış Qarabalaya sarı döndüm:
- Nə olub sənə, Həsənov?
Qarabala sıxıla-sıxıla cavab verdi:
- Aslanov, bütün tursiyim yamyaşdı. Görəcəkli işdir, nə vaxt olur, heç xəbər də tutmuram. Bir həftədir ölürəm. Sənə deməyə utanırdım.
Qarabalaya diqqət kəsilən starşinanın iri və yaşıl gözlərinin parıltısı, elə bil bir az da artdı. Baxışları xəncər kimi üzümə sancıldı.
- Mən deyəndi?
Başımı tərpətdim.
- Gedin, yola hazırlaşın, - starşina amiranə səslə dilləndi.
Üzü qapıya bir addım atmamış arxadan onun səsi gəldi:
- Aslanov, sən geri qayıt!
O, uzun taxta rəflərdə düzülmüş dəyişək paltardan bir dəst götürüb mənə uzatdı.
- Ver ona, geyinsin. Elə it iyi verə-verə qospitala getmək olmaz.
Starşinaya olan bayaqkı hirsim soyumuşdu. Hətta ona yazığım gəldi.
...Qatarda yerimizi rahatlayana qədər Qarabaladan heç nə soruşmadım. Axşam kazarmadan çıxanda starşina Çija mənə 1 manat vermişdi ki, yoldan kolbasa-çörək alarsınız. Vaqondakıların çoxu – uzaq stansiyalardan minənlər idi - yerini açıb uzanmışdı.Bir hovur çimir etməyi düşünüb Qarabaladan soruşdum:
- Çörək yemirsən?
- İştaham yoxdur - yavaş səslə cavab verdi. Sonra başını mənə tərəf əydi. Gözlərində bir yazıqlıq vardı. Sakit səslə qulağıma pıçıldadı:
- Ə, Aslanov, sən nə insafsız adamsan! Məni partladacaqsan? Niyə soruşmursan dünən nə olmuşdu?
Mən heç nə olmayıbmış kimi cavab verdim:
- Starşina ilə davan düşüb də, nə olub ki?
- Dur çıxaq tambura, bir siqaret çək - Qarabala qolumdan tutub dartdı.
Tünd siqaret iyi verən tambura ayaq basan kimi, Qarabala sözə başladı:
- İki həftə əvvəl, biz işləyən binaya bir canan gəldi. Biz də qapı-pəncərəni rəngləyirik. Dedi ki, mənə bir banka ağ kraska lazımdı. Aslanov, sən öl, gördüm elə axtardığımı tapmışam. Ağappaq əlləri var, pambıq kimi. Ayaqlar da meşin sapoqu partladır.
Qarabalanın ağzı sulanmışdı. Gözləri ət görmüş pişik gözləri kimi parıldayırdı. Bəlkə də o, ömründə ilk dəfə idi ki, belə həvəslə danışırdı.
- Döşlər də ki, belə - top tuturmuş kimi əllərini sinəsinin tuşuna qaldırdı. Ürəyi acından gedən adam kimi udqundu. Diqqətlə qulaq asmağım onu bir az da coşdurmuşdu - tez paltarımı dəyişdim. Bankanı da götürüb düşdüm aşağı. Aslanov, dedim indi Qulamovun.... Onun qızlarını görmüşəm. Hamısı sür-sümükdür. Bu isə ətli-canlı.
Qarabalanın söhbətindən yavaş-yavaş mənim də qırışığım açılırdı. O, bunu göydə hiss elədi. Danışmaq istədiyimi görüb, tez məni qabaqladı. Sanki mən danışsaydım, söhbətin dadı qaçacaqdı. Ona görə də tez-tələsik:
- Mən ölüm, dayan Aslanov - dedi,- hə... bankanı aşağıda bir it iyi verən alkaşa verib yola saldı. Ə, fürsəti əldən verərəm? - Qarabalanın üzündə qalib adamın təbəssümü yarandı - dedim bunu elə Allah özü yetirib mənə. Əynində bir şuba var, qalın, par-par parıldayır, elə bil hazır döşəkdir. Fikirləşdim ki, bu şubaya əl vuran deyiləm. Elə qoy əynində qalsın.
Beynimdə hansısa Nataşanın evinə qədəm basan Qarabalanın halını təsəvvür eləməyə çalışdım. Hardansa evə gəlməyinə az qalan əsgər qardaşımın şadyanalığı üçün gecə-gündüz tövlədə bəslədiyimiz qara cöngə gəlib durdu gözlərimin qabağında. Ot, yarma və sudan doymayan cöngəyə axır günlər yaxın düşmək olmurdu, yeri-göyü dağıdırdı.
Lənət sənə, şeytan! Bu cöngə hardan yadıma düşdü? Tez də bu fikirləri özümdən uzaqlaşdırmaq istədim. Ürəyimdə, Qarabalanın “sevgi macərası” ilə qara cöngəmizi eyniləşdirdiyim üçün hətta utandım. Qarabalanın sualı məni bu düşüncələrdən ayırdı:
- Aslanov, niyə fikrə getdin?
Onun dinməyi lap yerinə düşdü.
- Heç, sən danış da!
Qarabalanın üzünə işıq gəldi. Yenə əvvəlki halına kökləndi:
- Duxusunun iyi adamı öldürür. Girdik bloka. Bu, pilləkənlərlə qalxır, mən də daldan ayaqlarına baxıram. Ə, bizimkilərdə ayaq var? Qap-qara, hamısı da çöp kimi. Bunun ayaqları, elə bil şüşədir, araba oxuna oxşayır.
Qarabala dodaqlarını marçıldatdı.
Düzü, onun söhbəti məni də yerimdən eləmişdi. O da bunu göydə tutmuşdu. İndi üstünlük Qarabalanın tərəfində idi. O, daha danışmağa tələsmirdi. Sanki ağır bir işin çoxunu görüb indi dincəlirdi. Üzündə bir məmnunluq vardı. Qarabalanın bu xöşbəxtliyi mənə ləzzət verirdi.
- Hə... Qulamov, sənin qızıl dişlərinə tüpürüm - Qarabalanın səsində acı rişxənd və nifrət vardı. O, bu son sözləri ilə danışacaqlarıma, necə deyərlər, ayaq yeri verirdi. Yəni, danış da. Məndən bir-iki xoş söz gözləyirdi. Mən də ki...
- Neçə yaşı olardı?
- Qırxa yaxın.
- Bəlkə 45 idi?
- Olardı, Aslanov.
- Sonra nə oldu?
- Nə olacaq, getdik evinə.
- Axı sən o dəqiqə evə getməmisən. Aranızdakı söhbəti olduğu kimi danış.
Qarabala birdən pul tapmış uşaq sevinci ilə soruşdu:
- Ə, Aslanov, heç demirsən, adı nə idi?
- Nataşa.
- Mən ölüm, hardan bildin?
- Elə-belə ağlıma gəldi. Həsənov, araya söz qatma. Qısaca, sən nə dedin, Nataşa nə cavab verdi?
O, büzüşdü, boynunu sol çiyninə tərəf əyib, yazıq-yazıq ah çəkdi. Bayaqkı Qarabaladan əsər-əlamət qalmamışdı. Mən üzümə çox ciddi görkəm vermişdim, yəni necə olub danışmalısan. Qarabala dilini sürüyə-sürüyə dilləndi:
- Soruşdum ki - o udqundu və sözünü təkrarladı, - soruşdum ki, kak imya? Dedi ki, Nataşa. Dedim, xoroşo. Bu da dedi, xoroşo. Qayıtdım ki, Nataşa, poydom nimnoşka qulayem. Aslanov, baxma, bu səkkiz ayda rus dilini bir xeyli öyrənmişəm. Ə, bu özü məndən heç nə soruşmur, gözləyir ki, elə mən danışım. Kopayoğlunun qızı, elə bil gülməkdən başqa heç nə bilmir. Hə, dedim ki, poydom nimnoşka qulayem. Bu qayıtdı ki, paçemu nimnoşka? Dedim ki, toqda bolşoy qulayem.
Necə şaqqanaq çəkib güldümsə, tamburdakı yaşlı rus kişinin də dodağı qaçdı. Bəlkə də, ömrümdə belə ürəkdən gülməmişdim. Gözlərim yaşarmışdı. Qarabala təəccüblə mənə baxdı:
- Ə, Aslanov, sənə nə oldu?
Uğuna-uğuna, nəfəsim kəsilə-kəsilə,- Qarabala, dayan, danışma,- dedim.
Qarabala döyükmüş halda qalmışdı. Yazıq bilmirdi neyləsin. Handan-hana gözlərimin yaşını silə-silə soruşdum:
- Bəs sonra?
O, söhbəti başqa səmtə yönəltmək istəyirdi.
- Aslanov, mən ölüm, səhər vağzalda düşən kimi, mənə bir üzqırxan alaq. Sən gördüyün o dəmir üzqırxanın başını itirmişəm.
Dinmədim. Qarabala danışmaq istəmirdi.
- Həsənov, sənə dedim ki, araya söz qatma, sonra nə oldu?
O, könülsüz-könülsüz sözünə davam etdi:
- Heç nə. Apardı məni evinə çay içməyə. Elə gözəl qızın evi it günündə idi. O alkaş da, gördüm ordadır. Onu göndərdi kuxnaya. Nə bilim. Ayda-ildə bir namaz söhbəti. Daha qalanını sən bilirsən. Aslanov, xahiş edirəm, daha məndən heç nə soruşma.
Qarabala yorğun adamlar kimi ah çəkib susdu.
Son sözləri Qarabala elə-belə dedi. Səsindəki arxayınçılığı açıq-aydın hiss etmək olurdu. O, dəqiq bilirdi ki, daha bu mövzuda ona sual verəsi deyiləm.
Yarıqaranlıq tamburun buzla naxışlanmış pəncərəsindən içəri soyuq bir işıq zolağı düşdü və özü ilə birgə çöldəki küknar ağaclarının kölgəsini çəkib gətirdi. Qatarın sürəti yavaşıyırdı. Deyəsən, hansısa stansiyaya yaxınlaşırdıq.
Yatmaq üçün yerimizə qayıtdıq.

# 2073 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #