Qapını döyəcləyən əsəbi gənclər, əl-ayağı əsən qadınlar... - Tanrılığa iddialı avtobus sürücüsü

Qapını döyəcləyən əsəbi gənclər, əl-ayağı əsən qadınlar... - Tanrılığa iddialı avtobus sürücüsü
23 dekabr 2023
# 10:00


Etqar KERET - 1967-ci ildə doğulub. Əsərlərini idiş dilində yazan İsrail nasiri, ssenaristi, quruluşçu rejissoru və pedaqoqudur. İronik postmodern üslubda qısa hekayələri ilə tanınmaqdadır. İlk hekayələr kitabı - "Borular" 1992-ci ildə işıq üzü görüb. İndiyədək 5 hekayə və 3 komiks toplusu, habelə uşaqlar üçün 3 nağıl kitabı çap etdirib. 40-dan çox dilə çevrilən əsərlərinə görə o, Kann kinofestivalının "Qızıl kamera" ödülünə, Britaniyada nəşr olunan "Jewish Quarterly-Wingate" jurnalının mükafatına (2008), Nyumen (2012) və Sapir (2019) ədəbi ödüllərinə layiq görülüb.



Kulis.az İsrail nasiri Etqar Keretin "Tanrılığa iddialı avtobus sürücüsü" adlı hekayəsini təqdim edir.

Bu hekayətdə avtobusa minik zamanı ləngiyən sərnişinlərə heç vəchlə qapı açmayan tərs bir sürücüdən bəhs ediləcək. O, heç kəsə qapı açmazdı: nə avtobusun böyrü ilə qaçaraq yalvarıcı baxışlarla onu süzən zavallı məktəb şagirdlərinə, nə dayanacağa vaxtında çatmasına rəğmən, sürücünü cəzalandırarmış kimi, əsəbi halda qapını döyəcləyən həriflərə, nə də aldığı əşyalarla dolu torbaları havada yelləməklə, onu yolundan saxlamağa çalışan ağbirçək yaşdakı və artıq əl-ayağı əsən qadınlara. Bu, əsla onun pisniyyətliyindən irəli gəlmirdi, çünki qəlbində zərrəcə yamanlıq nişanəsi tapmazdın - onun nəzərində belə məqamlar sırf ideoloji bir mahiyyət daşıyırdı.

Sürücünün könül verdiyi həmin ideologiyaya əsasən, gecikən sərnişinə qapını açmaq üçün otuz saniyə vaxt lazım idi və qapını açmayacağı təqdirdə, həmin insan öz ömründən vur-tut, on beş dəqiqə itirəsiydi; həm də qapını açmaqdan imtina bütün qalan cəmiyyətdən ötrü daha sərfəli addım sayılmalıydı, çünki həmin o otuz saniyəni yeni sərnişinlə birlikdə avtobusdakı hər bir sərnişin də itirəsiydi.

Avtobus dayanacağında özünü ora vaxtında yetirən altmışa qədər günahsız sərnişinin toplaşdığını ehtimal eləsək, onların hamılıqla vur-tut, yarım saat, yəni on beş dəqiqənin iki misli qədər ləngiyəcəklərini asanlıqla hesablamaq mümkündür. Ləngiyən sərnişinlərə sürücünün qapı açmaqdan imtinasının yeganə səbəbi də elə bununla bağlı idi. Həm içəridəki sərnişinlərin, həm də avtobusun yanıyla qaçaraq, qapını açmaqla bağlı lal jesti edənlərin özlərinə qarşı tətbiq olunan bu prinsipdən yerli-dibli xəbərsiz olduğu elə sürücünün özünə də bəlliydi. Bu adamların əksəriyyətinin onu əsl yaramaz saydığını da bilirdi. Halbuki sırf insanlıq naminə onların avtobusa minməsinə imkan yaratmaq, buna görə minnətdarlıq sözləri eşitmək, üzlərə qonan təbəssümləri görmək, bəlkə ona daha xoş gəlməliydi. Ancaq bu təbəssümlər və minnətdarlıqlar ilə cəmiyyətin ümumi mənfəəti arasında seçim edərkən, avtobus sürücüsü heç tərəddüd eləmədən ikincini daha üstün tuturdu.

Avtobus sürücüsünün bu ideologiyasından ən çox zərər çəkməsi gözlənilən insanın adı isə Eddi idi, ancaq başqalarından fərqli olaraq, o, avtobusun ardınca düşüb qaçmağı özünə rəva biləcək birisi də deyildi, yəni son dərəcə tənbəl və bitkin bir insan idi.

Eddi "Steakaway" (ingiliscə: "bifşteksini al, apar" - A.Y.) adlanan bir restoranda aşpaz köməkçisi işləyirdi və görünən o idi ki, məkan sahibinin o qıt ağlı sözləri ancaq bu səviyyədə "oynatmağa" yetirmiş. Heç orada bişirilən yeməklər də xüsusi tərifəlayiq təamlar sayılmazdı; bununla yanaşı, Eddinin özü, həqiqətən də, nəcib bir insan idi, həm də bu nəciblik necə yüksək həddə çatırdısa, hazırladığı yemək sən deyən ləziz alınmadığı təqdirdə o, süfrəyə şəxsən verdiyi həmin təama görə üzrxahlığı da özünə bir borc sayırdı. Elə öz xoşbəxtliyinə də Eddi məhz o cür üzrxahlıqlardan biri sayəsində qovuşdu.

Süfrəyə qoyduğu vecsiz bifşteksi, sırf Eddi pərt olmasın deyə, son tikəsinə qədər yeyən bir qız çıxmışdı bu səfər onun qarşısına. Qız, nəinki ona öz telefon nömrəsini verməkdən imtina eləmiş, heç adını deməyi də uyğun bilməmişdi. Ancaq səhəri gün saat beşdə görüş təyin etdiyi yerə - daha dəqiq desək, delfinlərin iştirakıyla tamaşaya gəlməyə isə, nədənsə, razılıq vermişdi. Amma Eddini bir məqam narahat edirdi və sırf bunun ucbatından o, həyatda özünün xeyli sayda hədəfinə çatmamışdı. Düzdür, bu, limfa vəzilərinin şişməsi-filan kimi bir nöqsan sayılmazdı, bununla belə, onun həyatına öz dərin təsirini də göstərməkdə idi. Bu xəstəlik onu daima on dəqiqə artıq yatmağa vadar edirdi və belədə heç bir zəngli saat bu adamın dadına yetişmirdi.

"Steakway"dakı işinə də elə bu səbəbdən, hər gün on dəqiqə gecikərdi. Digər səbəb isə, cəmiyyətin mənfəətini öz şəxsi mənfəətlərindən üstün tutan o avtobus sürücüsü idi. Ancaq bu dəfə Eddi həyatının qismətinə rast gəldiyi üçün ciddi tədbirlər görmək qərarına gəldi. İşdən evə qayıtdıqdan sonra həmişəki kimi, yüngülvarı mürgüləmək əvəzinə, oyaq qalmağa üstünlük verdi və televerilişləri ard-arda izləməyə başladı. İşini möhkəm tutmaqdan ötrü üç dənə ayrı zəngli saatla kifayətlənməyib, telefonla oyandırma xidmətində də qeydiyyatdan keçdi. Amma onun bu xəstəlikdən hər hansı qurtuluş yolu yox idi və animasiya kanalına tamaşa elədiyi vaxt o, bir körpə misalı şirin yuxuya daldı.

Sonra isə, bəlkə bir milyon dənə zəngli saatın cırıltısı altında, həm qan-tər içində, həm də yenə o təyin olunan vaxtdan on dəqiqə gec oyana bildi. Heç əyin-başını da dəyişmədən, başılovlu halda evdən çıxıb, avtobus dayanacağına tərəf qaçmağa başladı. Qaçmağı da yadırğamışdı, sanki və səkidən endiyi vaxt ayaqları artıq bir-birinə dolaşırdı. Sonuncu dəfə məktəbdə, altıncı sinifdə oxuyarkən, bədən tərbiyəsi dərsindən canını qurtarmağın ən uyğun yolu kimi o, məhz qaçışı seçmişdi.

Ancaq köhnə vaxtlardan fərqli olaraq, indi o, əsl dəli kimi yerindən götürülmüşdü, çünki itirəcəyi bəlli bir şey var idi: indi nə sinəsindəki o ağrı-sızı, nə də sümürdüyü "Lucky Strike"lardan (okeanın o tayında məşhur olan bir siqaret markasıdır - A.Y.) qalma xırıltılar onun həmin ülvi qismətə qovuşmasına mane ola bilməzdi. Qapını burnunun düz ucunda üzünə qapayan avtobus sürücüsünü çıxmaq şərtiylə, indi heç nə onu öz yolundan saxlaya bilməzdi. Sürücü arxa görünüş güzgüsündə onu sezdi, əlbəttə. Ancaq bayaq da izah elədiyim kimi, onun özünəxas bir ideologiyası var idi, həm də bu məntiqli ideologiya ədalətə, dərin sevgiyə və bəsit bir hesablamaya əsaslanırdı. Ancaq sürücünün hesablamaları indi Eddinin heç vecinə də deyildi və həyatında ilk dəfə o, hansısa ünvana düz vaxtında yetişməyə, sözün həqiqi mənasında, can atırdı. Buna heç bir ümid bəsləməsə də, avtobusun ardınca qaçmağa ərinmədi.

Eddinin taleyi qəfildən, tam mənada olmasa da, dəyişdi: avtobus dayanacağından yüz metr irəlidəki işıqforda qırmızı işıq yandı. Qaçaraq avtobusa çatan Eddi ön qapıya söykəndi.

Qapının şüşəsini yumruqlamağa artıq onun canında bir hey qalmamışdı. Nəmli gözlərini sürücüyə zilləməklə, nəfəsi daralmış halda dizləri üstə çökdü. Bu durum avtobus sürücüsünə vaxtilə yaşadığı, yəni bir avtobus sürücüsü yox, məhz Tanrı olmağı arzuladığı vaxtları xatırlatdı. Bu, dərin iztirab dolu bir xatirə idi, çünki adam son nəticədə bir Tanrı yox, məhz avtobus sürücüsü ola bilmişdi və bunun özü də sən deyən fəna nəticə sayılmazdı, çünki avtobus sürücülüyü də onun ikinci, yəni ehtiyat seçimi idi.

Bir gün Tanrı olacağı təqdirdə, bütün bəndələrinə rəhmdil davranacağına və onların dərdlərini dinləyəcəyinə dair içdiyi and qəfildən avtobus sürücüsünün yadına düşdü. Elə bu səbəbdən də, özünün nisbətən yüksək səviyyədə yerləşən kreslosundan asfaltda çömbələn Eddini süzdüyü anlarda onun halına yamanca acıdı. Məlum ideologiyasına və hesablamalarına məhəl qoymadan, dərhal qapını açdı və Eddi avtobusa dürtüldü - nəfəsi daralan bu müştəri ona heç təşəkkür də eləmədi.

Bu yerdən sonra hekayəni oxumağa ara verməniz daha uyğun olardı, çünki Eddi "Delfinarium Mərkəzi"nə özünü tam vaxtında çatdırsa da, umduğu o QİSMƏT oraya gəlmədi - sən demə, görüşəcəyi qızın öz sevgilisi varmış. Qız necə nəcib bir qəlbin sahibi imişsə, bu sirri Eddiyə açmamış, onu eləcə öz başından etməyi daha uyğun saymışdı... Eddi isə vədələşdikləri skamyanın böyründə o qızı düz iki saata yaxın gözlədi. Skamyada əyləşdikdən sonra o, həyatındakı qüssəli məqamlar barədə fikrə daldı, orada oturduğu anlarda günəşin misilsiz qürubuna heyranlıqla tamaşa elədi. Hələ evə qayıtdıqdan sonra ayaqlarına çökəcək ağrı-sızını da öz xəyalında canlandırdı.

Geri qayıdanda, yəni ən qısa vaxtda evə dönməyi arzuladığı vaxt, o, uzaqdan öz sərnişinlərini düşürtməkdən ötrü dayanacağa yanaşan avtobusu sezdi. İndi, hətta var gücüylə həmin tərəfə qaçsa belə, maşına çatmayacağını bildiyi üçün nisbətən ağır addımlarla yoluna davam elədi, çünki bütün bədəni ağrıyırdı. Ən nəhayət, dayanacağa çatdığı zaman fərqinə vardı ki, avtobus hələ də oradadır. Demə, dayanıb, Eddinin yolunu gözləyirmiş.

Vaxtın artıq yetişdiyini və ondan yola düzəlməyi tələb edən digər sərnişinlərin hay-həşirinə zərrəcə məhəl qoymayan sürücü Eddinin gəlib-çatmasını oturub gözlədi və məhz bu sərnişin də keçib, yerində əyləşəndən sonra ayağını qaz pedalına basdı. Yola düzəlincə isə, başının üstündəki güzgüdən Eddiyə hələ göz də vurdu: bu sayədə o sonuncu sərnişinin bir qədər əvvəl başına gələnlər, deyəsən, az-maz dözüləcək həddə gəldi.

Tərcümə: Azad YAŞAR

# 1124 dəfə oxunub

Oxşar xəbərlər

Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

15:00 2 may 2024
Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

14:30 2 may 2024
Potaş - Furqanın yeni hekayəsi

Potaş - Furqanın yeni hekayəsi

09:00 1 may 2024
Sevgi şərhi - Fərhad Amurun hekayəsi

Sevgi şərhi - Fərhad Amurun hekayəsi

17:00 30 aprel 2024
Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
#
#
# # #