Qadın və O - Amid Səlimzadə

Amid Səlimzadə

Amid Səlimzadə

2 dekabr 2022
# 14:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Amid Səlimzadənin "Qadın və O" hekayəsini təqdim edir.

Qadın... divarları bəyaz rənglə örtülmüş otağın bir küncündə sakitcə oturmuş, gözlərini gah boş divarlara, gah da yanında qoyulmuş köhnə ev telefonuna zilləyərək saniyələri dəqiqələrə doğru qovurdu. Arabir əllərini saçlarında gəzdirir, nəsə xatırlamış kimi gülümsəyərək boynunu bükürdü. Sonra yenidən ciddi baxışlarla üzünü telefona çevirərək bir neçə saniyə telefonu izləyirdi. Dizlərini qucaqlayır, üzünün solğun simasını həsrətlə telefona tuturdu.

Əlindən başqa heç nə gəlmirdi. Gözləyirdi... səbirlə, sakit, səssiz və çarəsizcə... Elə bu an nə fikirləşmişdisə, əlini ehtiyatla telefona tərəf uzatdı. Telefonun dəstəyinə barmaqlarını toxunduraraq bir şeylər düşündü, sonra cəld dəstəyi götürüb qulağına apardı. Qadın: – Alo! Alo! Eşidirsən? – Bütün diqqəti ilə telefondan səsin gəlməsini gözlədi. Ancaq vaxt keçdikcə üzündə yaranan kədər ümidlərini də yox edirdi. –

Cavab vermir, – deyə ehtiyatla dəstəyi yerinə qoydu. Dərindən nəfəs alaraq üzünü yenidən boş divarlara çevirdi. Gözlərinin dərinliyində yaranmış qaranlıq göz bəbəklərindən bəyaz divarlara yansıyırdı. Titrək əlləri ilə dizlərini qucaqlamış, eləcə yerində donub qalmışdı. Heç yerə tərpənmir, heç bir hərəkət etmədən divarı izləyirdi. Otaqda duyulan yalnızca nəfəsinin həzin səsi idi. Başqa heç nə... Bir neçə müddət eləcə başını dizlərinə qoyaraq durdu. Ancaq bu çox çəkmədi. Başını qaldıraraq bezmiş halda ətrafına boylanıb nəsə axtardı.

Dərindən ah çəkərək gözlərini yenidən telefona zillədi. Udqunaraq əlini telefonun dəstəyinə apardı. Ümidsizcə dəstəyi götürüb ehmalca qulağına tutdu. Qadın: – Alo! Alo!... Cavab ver... Nə olar. – Güclə danışaraq dedi. Gözləri dolmuşdu. Üzünün qızarmasından ağlamamaq üçün özünü sıxdığı aydın hiss olunurdu. Bir neçə saniyə də səs gəlməsini gözlədi. Ancaq ondan başqa heç kim danışmırdı. Bu onu məyus edir, bütün ümidlərini qızğın alovlara atırdı. Ümidsizcə dəstəyi qulağından çəkərək aşağı apardı.

Elə bu an telefondan ahəstə səs eşidildi. – Alo. – Alo! Eşidirəm. –
Qadın cəld dəstəyi qulağına tutdu. – Bilirəm. – Niyə cavab vermirdin? – Nə bilim... Necəsən? – Pis deyiləm. – Qadının artıq rəngi açılmış, üzündə təbəssüm yaranmışdı.

– Bütün günü zəngini gözləmişəm. Ancaq gümanım var idi. Bilirdim ki, zəng edəcəksən.

– Hə...

– Bugün yenə danışacaqsan?

– Danışmağımı istəyirsən?

– İstəyirəm. Həm də çox...

– Yaxşı...

Qadın səbirsizliklə xəttin digər tərəfindən gələn səsin nələr danışacağını gözləyirdi. Xəttin digər tərəfində isə adam ahənglə dərindən nəfəs aldıqdan sonra sakit, aram-aram danışmağa, hekayəsini nəql etməyə başladı.

Adam:

– Hər şey dörd il bundan öncə, sərin yaz günü başlamışdı. Gənc oğlan ilk dəfə görmüşdü onu... universitetin həyətində... dərs çıxışında. İnsan axının içində gözləmədiyi anda qarşısına çıxmışdı. Yanından ötüb keçərkən onu seyr etmiş, gördüyü bütün mənzərəni yaddaşına həkk etmişdi. Qızın qısa saçlarına, ala gözlərinə, əyninə geyindiyi mavi gödəkcəyə, ayağındakı ayaqqabılarına qədər əzbərləmişdi. Gənc qız isə bəlkə də... heç ona fikir verməmiş, eləcə yanından ötüb keçmişdi.

Bəlkə də, gənc qız da onu görmüş, oğlanın qara gözlərinə, gur saçlarına, seyrək saqqalına, əyninə geyindiyi boz pencəyinə gözucu o da baxmışdı.

Qadın gülümsəyərək dedi:
– Hə... elədir.

Xəttin digər tərəfindən səs gəldi.

Bu onlar üçün ilk görüş idi. Gənc oğlan günlərlə qızı düşünmüş, onu bir də görmək üçün nələr-nələr etmişdi. Universitetin bütün binalarını gəzmiş, bütün fakültələri araşdırmışdı. O qızdan bircə məlumat almaq üçün minlərlə tələbə ilə danışmışdı. Ancaq sonunda istəyinə çatmışdı. Ürəyini titrədən gözəli tapa bilmişdi. Həm də çox yaxınında... Elə o gün fakültənin qarşısında dayanmış, qızın dərsdən çıxmasını gözləmişdi. Sonra da ona bəlli etmədən, gizlicə onu evinə kimi ötürmüşdü.

Gənc qızın isə hər şeydən xəbəri var idi. Ürəyinin şiddətlə çırpınan döyüntülərindən nəfəs almaqda çətinlik çəksə də, özünü güclə evə çatdırmış, cəld pəncərəyə qaçaraq gizlicə onu izləmişdi. Gənc oğlanı gördüyündə isə şıltaq uşaq kimi gülümsəməyə başlamışdı.

O gündən sonra gənc oğlan aşiq olduğu gözəl haqqında hər şeyi öyrənməyə başlamışdı. Yaşadığı yeri, məhəlləsini, qonşularını, evlərinin telefon nömrəsini, doğulduğu günü, atasını, anasını, bacısı varsa, bacısını, qardaşı varsa, qardaşını, hansı şəhərdən olduğunu... hər şeyi öyrənməyə çalışmışdı. Tələbə yoldaşları ilə yaxınlaşmış, rəfiqələrindən onun nələri xoşladığını, nələri sevdiyini öyrənmişdi. Sevdiyi gülün bənövşə, sevdiyi rəngin mavi, sevdiyi şəhərin Paris, sevdiyi rəqəmin yeddi, sevdiyi romanın Səfillər, sevdiyi janrın romantik, sevdiyi musiqinin Bayatılar... onun haqqında hər şeylə maraqlanmış, ən xırda detalı belə gözdən qaçırmaq istəməmişdi.

Lakin gənc qızın arzusu könlünü əsir almış oğlanın bunları ondan soruşması, onunla söhbətləşməsi idi. Səbirlə o anı gözləyir, qarşısına çıxaraq onun gözlərinin içinə baxacağı günün həsrəti ilə alışıb yanırdı.

Əslində, gənc oğlan qorxaq deyildi. Neçə dəfə qarşısına çıxıb qəlbində gizli saxladığı sözləri sevdiyi canana demək istəmişdi, lakin hər dəfə də onun siması qarşısında özünü itirmiş, ayaqları üstündə güclə dura bilmişdi. Dili topuq vurmuş, bir söz belə danışa bilməmişdi. Ona görə də hər gün gizlicə onun arxasıyca evinə qədər getmiş, uzaqdan olsa da, yarını evinə ötürmüşdü.

Gənc qız isə aşiqin iztirablarını başa düşür, daxilən o da əzab çəksə də dillənmir, eləcə baxışları ilə sözlərini dilə gətirməyə çalışırdı. Hər gün qoruyucu mələyinin onu evinə qədər ötürməsi belə onun üçün böyük xoşbəxtlik idi. Bunu isə sözlərə tökmək heç asan deyildi.

Ancaq sonunda gənc oğlan özünü toplayaraq sevdiyinin qarşısına çıxdı.

Xəttin digər tərəfində adam bir qədər dayandı. Deyəsən, nə isə fikirləşirdi. Bir neçə dəfə dərindən nəfəs aldıqdan sonra sözünə davam etdi.

Əlində bənövşələr, universitetin qapısının önündə onu gözləməyə başladı. Həyəcanlı idi. Qolundakı saata tez-tez baxır, gah sağa, gah da sola gedərək zamanı ötürməyə çalışırdı. Ancaq saniyələr ötdükcə həyəcanı daha da artır, ürək döyüntüləri şiddətlənməyə başlayırdı. Gənc qızı universitet qapısında gördüyündə isə ayaqüstə durmaqda çətinlik çəkmiş, bədəni tir-tir əsməyə başlamışdı. Əlində tutduğu bənövşə dəstəsini arxasında gizlədərək oradan qaçmaq istəsə də, son anda cəsarətini toplayaraq gənc qızın qarşısına çıxmışdı.

Əlindəki bənövşələri həyəcandan barmaqları ilə didmiş, rəngi kağız kimi dümağ olmuşdu. Onun iztirabı gənc qızı da əzablara sürükləyirdi. Aşiqin çarəsizliyinə son vermək üçün ilk sözü də o demişdi... “Sizi dinləyirəm”, – deyə.

Gənc oğlan əlində tutduğu gülləri ona uzatmış, nəfəs almadan ürəyində saxladığı sirri gözəlinə əyan etmişdi. Gənc qızın susaraq bir söz belə deməməsi onu düşüncələrə qərq etsə də, bütün gün oxuduğu kitabı yadına salaraq söyləmişdi...

“Mən, bəlkə də, Marius ola bilmərəm, ancaq Mariusun Kozettasını sevdiyindən daha çox sizi sevəcək, daha çox sizi qoruyacaq və nəfəsim yetdiyi qədər yanınızda olacağam”.


Bu sözlər gənc qız üçün yeni bir nəfəs, yeni bir həyat demək idi. Utanmış, üzü qızarmış, gözlərini yerə dikərək xəyalların ağuşuna atmışdı özünü.


Lakin bir söz belə deməmişdi. Bu isə gənc oğlanın ağlını qarışdırmağa bəs etmişdi. Səbirlə gözləyir, söylədiklərinə qarşılıq cavab almaq istəyirdi. Gənc qız isə cavab verməmiş, sadəcə ona baxaraq gülümsəmişdi. Gənc oğlan cavabı gənc qızın gülüşündə tapmışdı. Və... hər şey bundan sonra başlayacaq, gənc qızın sevdikləri arasına onun adı da yazılacaqdı... Ayaz.

Bu sözdən sonra iki tərəfdə də sükut yarandı. Qadın belini divardan aralayaraq qamətini düzəltdi. Telefon dəstəyini qulağından çəkərək səksəkə ilə ona baxdı. Qaşlarını çataraq bir şeylər fikirləşdikdən sonra yenidən telefon dəstəyini qulağına doğru ehmalca aparıb dinləməyə başladı. Ancaq heç bir səs gəlmirdi.

Qadın:

– Ordasan? Cavab ver!..

Səs gəlmirdi.

Deyəsən, danışılacaq heç nə yox idi. Hekayə elə burada bitmişdi. Qadın təəssüflənirdi. İstədiklərini dinləmək üçün əlində olan son şansı da itirmək üzrə idi.

Adam:
– Burdayam... Bağışla.

– Elə bildim, yenə getmisən.

– Yox... getməmişəm.

– Onda danış... Xahiş edirəm – qadın astaca, sanki yalvarırmış kimi dedi.

– Danışacam. Narahat olma...

Səs yenə susdu. Ancaq bu çox qısa, bir neçə saniyə oldu və sonra yenidən sözünə davam etdi.

O gün gənc oğlan bir daha sevdiyi gözəli gizlincə izləmədi. Onun yanında, sol tərəfində evinə qədər onu ötürdü. Və beləcə onların məhəbbəti başladı. Gündüzləri universitet koridorlarına yansıyan eşqləri gecələr telefon zənglərində davam edəcəkdi. Bütün günlərini bir yerdə keçirər, bir yerdə xəyallar qurardılar. Danışmaq istədikdə danışar, susmaq istədikdə isə saatlarla susaraq baxışları ilə danışardılar. Bəzən mübahisələr araya girər, bəzən küsüşər, bəzən də bir-birlərini dəlicəsinə qısqanardılar. Gənc oğlan yazıq, fağır görünüş alıb sevdiyini dindirməyə çalışar, gənc qız isə özünü naza çəkərək barışmaqdan uzaq gəzərdi. Gənc qız arabir gözləri ilə uzaqları seyr edərək sevdiyi mahnının sözlərini incə səsi ilə oxuyar, “yad baxmağı bir yana, yar yada baxmayaydı” sətirlərini ucadan söyləyərək yarına söz atardı.

– Sevən sevdiyini qısqanmazmı?.. – Qadın təbəssümlə dedi.

Gənc qız naz etsə də, yarına qarşı inamının sonsuz olduğunu çox gözəl bilirdi. Ondan başqasına baxmaz, ondan başqasını görməz, ondan başqasını sevməzdi. Qadının işvə ilə dediyi bu sözlərdən sonra bir müddət iki tərəfdə də susqunluq oldu. Ancaq adam yenidən sözə başlayaraq səssizliyi pozdu.

Adam:

– Gənc oğlan sevdiyinin işvəsinə, nazına, incik olmasına belə aşiq idi. Qəlbində zərrə qədər küskünlük olmaz, daha çox sevər, daha çox bağlanardı. Elə bu idi ki, onu özündən belə qoruyar, toxunmaz, xətrinə dəyməkdən çəkinərdi... Gənc kitabxanaçı tələbə qıza bütün qəlbi ilə bağlanmışdı. Buna görə də, ailəsi ilə danışmış, onları razı salaraq sevdiyinin qapısına göndərmişdi. Bütün gecəni gözünə yuxu getməyən gənc oğlan binanın qarşısında dayanaraq xəbər gözləyirdi.

Həmin gün gənc qızın ən xoşbəxt günü idi. Sevdiyinə qovuşmasına çox az qalmışdı. Ailəsi ilə danışmış, onların da razılığını ala bilmişdi. Atası xeyir-dua vermiş, anası göz yaşları içində bircə qızını bağrına basmışdı. Gənc qız sonunda arzusuna çatmışdı...

Hər şey elə gözəl davam edirdi ki. Elçilik çox gözəl keçmiş, gənc oğlan sevdiyi gözəlinə qovuşmuşdu. Artıq gizlincə görüşmür, sevdalarını hər kəsin içində yaşamağa başlamışdılar. Gündüzlər bir kəlmə belə söyləmədən bir-birinin gözlərinin içinə baxaraq keçən saatlar, gecələr telefon dəstəklərində şirin söhbətlərə çevrilərdi. Hər şey çox gözəl idi. Ailələr danışmış, toyun yayın sonlarına doğru olmasını qərara almışdılar. Gənc qız universiteti bitirəcək, gənc oğlanla o zaman öz yuvalarını quracaqdılar.

Gözləmək... həyatın ən çətin vərdişi.

Amma zaman onları mütləq birləşdirəcəkdi. Yaz bitəcək, gənc qız universiteti qırmızı diplomla başa vuracaqdı. Və həmin gün, onların ən xoş günü, toy günü gəlib çatacaqdı. Ağ libasa bürünmüş gözəl sevdiyinin əlindən tutaraq daxil olacaqdı toy zalına.

– Qohumlar, dostlar, tanışlar alqışlara tutacaq, onların sevinclərinə şərik olacaqdılar. – Qadın gülərək əlavə etdi. – Sağlıqlar deyiləcək, təriflər oxunacaqdı. Hər kəs bütün dərdini unudacaq, bircə gün xoşbəxt yaşayacaqdılar. Bir ailənin qurulmasında hər kəsin öz payı olacaqdı.

Onlar öz arzularına çatmışdılar.

Gənc oğlan şəhərin mərkəzinə yaxın kirayə ev tutmuşdu. Orada yaşayacaq, ailə olacaqdılar. Bir yerdə güləcək, bir yerdə dərdlərinə çarələr axtaracaqdılar. Ən böyük arzuları isə iyirmi birinci əsri Parisdə, Eyfel qülləsinin ən uca nöqtəsində keçirmək idi. Buna görə də çalışır, arzunun reallıq olması üçün əlindən gələni edirdi. Sevdiyi gözəlin bircə gülüşü üçün nələr etməzdi ki... Ancaq heç nə olduğu kimi deyildi!


– Yox! Yox! Danışma! Qurbanın olum! – Qadın səksəkə ilə telefon dəstəyini sıxdı.

Payızın sonları, yarpaqların ağaclardan qoparaq torpağa qarışdığı zaman idi. Gənc oğlan iş çıxışı öz sevimli həyat yoldaşı ilə son dəfə danışmış, işdən evə getmək üçün ayrılmışdı. İçindəki sıxıntılar onu heç rahat buraxmasa da, evə getmək, onu görmək üçün səbrsizlənirdi. Elə bu tələskənliklə yola atılaraq qarşı tərəfə çıxmaq istəyirdi ki, anidən... Bəlkə işdən gec çıxsaydı, bəlkə yola baxsa idi, bəlkə avtomobil orada olmasaydı, bəlkə, heç işə getməsəydi, bəlkə... bəlkə...bəlkə...

– Sus! Danışma! – Qadın qışqıraraq dedi. Artıq göz yaşlarını saxlaya bilmir, göz yaşları sel olub yanaqlarından axmağa başlamışdı. – Belə qurtara bilməz!.. Qurtara bilməz!

Bir saat sonra isə evinin qapısı açılacaq, polis formasında bir nəfər qara xəbəri verəcəkdi. Bağışla, məni. Bağışla, bənövşə qoxulu Gülüm! – Getmə! Getmə, nə olar! – Qadın qışqıraraq telefon dəstəyini qulağından çəkərək gözlərinin önünə gətirdi.


Artıq danışıq bitmişdi. Əli ilə saçlarını qarışdırır, gah boş otağa, gah da telefona baxaraq xəyala dalırdı. Gah dəlicəsinə gülür, gah da hönkürtü ilə ağlayırdı. Elə bu an otağa kimlərsə daxil oldu. Qadına yaxınlaşaraq əlindəki telefon dəstəsini alıb yerinə qoydu. Qadın isə sakit, dinməz onu izləyirdi. Tibb bacısı qadının qolundan tutaraq ayağa qaldırdı. – Bugünlük bəsdir. Sabah yenə danışarsan. Qadın heç nə demədən onunla bir yerdə otağı tərk etdi. Digər tibb bacısı isə telefonu götürərək qadının arxasınca baxıb dərindən ah çəkdi və bir söz belə demədən otaqdan çıxdı..

# 1532 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #