Oxşarını öldürən adam - Əli Zərbəlinin yeni hekayəsi

Oxşarını öldürən adam - Əli Zərbəlinin yeni hekayəsi
8 avqust 2023
# 17:00

Kulis.az "Hekayə günü" layihəsi çərçivəsində Əli Zərbəlinin "1/2" adlı yeni hekayəsini təqdim edir.


1

Adamla qaynaşan, maşın siqnallarının izdiham küyünə qarışdığı prospektdən canını qurtarıb, nisbətən sakit ara küçəyə girdi. Uzun, asfalt döşənmiş küçə ilə üzüaşağı düşdükcə yan-yörəsindəki restoranlara, barlara tez-tələsik göz gəzdirir, məkanların qarşısında dayanıb siqaret çəkən, içki qurtumlayan simalara nəzər salır, unudulmuş arzuların hekayələrini pıçıldayan kölgələrin söhbətlərinə istəmədən qulaq şahidi olurdu. Bir-iki dəqiqə davam edən yaz yağışından sonra ətrafa yayılan xoş rayihə Raminin yorğun ruhuna ana nəvazişilə sığal çəkmişdi və Ramin niyəsini özü üçün heç cürə aydınlaşdıra bilməsə də, bu qəribə qoxu ilə azca təskinlik tapmışdı.
Göz vuran neon işıqların yaş asfaltı rənglədiyi axşamda, nəhayət, barlardan birinin qarşısında ayaq saxladı, barın adını oxudu (“Bir Qoşa Cafe & Bar”) və içəri girməyə qərar verdi. Pilləkənləri qalxarkən ayaqqabısının ucunu sürtdü, azca büdrədi. “Dermatin” tuflinin sintetik dərisi cızılmış, cızığın sonunda dəri qopub sallanmışdı. Əyilib barmağı ilə ayaqqabının tozunu siləndə sıyrılıb aralanmış nazik dəri soyulub barmağına yapışdı. Ağzının içində əsəbi-əsəbi mırıldanıb bara girdi.
İlk dəfə idi ki, bura gəlirdi. Ümumiyyətlə, çox içən deyildi. Bu küçələri də yaxşı tanımırdı. İşi-gücü olan zamanlarda içmək nadir hallarda yadına düşərdi. Artıq üç ay idi ki, işsiz qalmışdı. Kiçik, özəl bir reklam agentliyində qrafik dizayner işləmişdi. Bu işi bəxtəbəxt tapmamışdan əvvəl də aylarla işsiz qalmış, gündüz çayxanalarda nərd atmaqla, axşam adamın ürəyini üzən internetlə Hollivudun döyüş filmlərinə baxmaqla keçirmiş, günlərin bir günü nə vaxt müraciət etdiyini unutduğu kiçik agentlikdən ona zəng gəlmiş və beləcə işə başlamışdı. Agentliyin fəaliyyəti isə çox yox cəmi səkkiz ay çəkmişdi, bazardakı rəqabəti yaman uduzmuş, müştəriyə həsrət qalmışdı. Agentliyin rəhbəri ziyana işlədiyinin fərqinə varanda sözün əsl mənasında obyektin qapısına qıfıl vurub getmişdi öz başının çarəsini axtarmağa. Ramin əvvəl-əvvəl özünə əl qatıb iş axtardı, yenə bir xeyli yerə müraciət etdi, dost-tanışa ağız açdı. İki ay sərasər, dayanmadan iş axtarsa da ortaya bir nəticə çıxmayanda, birdən-birə həvəsdən düşdü, canına bezginlik hopdu, ürəyi darıxdı, növbəti həftələri tənbəl-tənbəl çarpayısında keçirdi, anasının tənələrini eşitməyə başlayanda isə əl-qolunu sallayıb gecə-gündüz boş-boş, fikir-fikirli şəhərdə veyilləndi.
Bara girib qapının ağzında bir neçə saniyə dayandı, tərəddüdlü baxışlarla ətrafı süzdü. Çöldən elə aydın olmasa da, içəridəki müştəriləri, məkanın interyerini görəndə, buranın adətən getdiyi yerlərdən bahalı olduğunu anlaması çətin olmadı. Boş içki bakallarının toplanıb qucaqlaşdığı masalara, masalardakı kiçik şamların azca aydınlatdığı kefli qəhqələrə, divarlardan asılmış heyvan dərisi və buynuzlarına, ağ-qara, abstrakt rəsmlərə, tavandakı qədimi, billur çilçırağa baxdı. Zəif işıqlandırılmış məkanın antik dizaynı, alaqaranlıqda bara mistik ab-hava verirdi.
Qələbəlikdən kənardakı boş masalardan birinə əyləşsə də, çox keçməmiş ofisiant qız passiv aqresiya ilə onu oradan durğuzub (“Bu masa rezerv olunub. Baxın bu işarəyə. Bu, "rezerv olunub" deməkdir) düz qələbəliyin, səs-küyün ortasındakı masaya yönəltdi. Ramin əvvəlcə başqa bir məkana getmək istəsə də, dərhal fikrindən daşındı. Yorğun idi, avara-avara gəzməkdən ayaqları sızıldayırdı. “Onsuz bir bakal içib duracam da”, - deyə, - düşündü.
Çərəz menyusuna heç baxmadı, eləcə bir bakal filtrsiz “Xırdalan” sifariş verdi. Pivəsi gələnə qədər Ramin könülsüzcə ətrafa nəzər saldı, barmenlərin cəld əllərinə, ofisiantların şütüyən ayaqlarına, sərxoş müştərilərin arxaya atılmış başlarına, iri açılmış ağızlarına, əllərini şappıldadıb hırıldamasına boş-boş baxdı. Ona elə gəldi ki, dünyada ondan başqa hamı xoşbəxtdir, hamının kefi saz, işi-gücü yerindədir. Axşam vaxtı, təsadüfən mindiyi sərxoş qəhqəhələr karuselində ən kədərli dodaqlar onunkudur. Sifarişini çox gözləməli olmadı. Yaman susamışdı. Şehli, buz kimi bakalı başına çəkdi.


2


Pivənin yarısına çatanda canına xumar-xumar yayılan spirtli sərinlik bir an başını gicəlləndirdi. Bomboş mədəyə tökdüyü pivə işini daha asanlıqla görürdü. Səhər iki dilim çörəklə yediyi yağ-pendir və içdiyi şirin çaydan savayı ağzına bir tikə də atmamışdı. Anası günorta ona zəng vurub evə çağırsa da, getməmişdi. Sanki o evdə bacardığı qədər az yemək yeməklə, kommunal xərclərini ödəyə bilmədiyi evdə daha az tapılmaqla, anasının pensiya kartından daha az asılı olmaqla öz iztirablarını azaltmağa çalışırdı. Etdiklərinin mənasız, absurd olduğundan xəbərdar olsa da, tərsliyinə salmışdı, və sanki, beləcə taleyinə qarşı taleyin vecinə də olmayan bir etiraz edirdi.
Bəs indi əlindəki pivənin pulu kimin idi? Düzdür, böyük pul deyil, amma faktiki olaraq bu pul qoca anasının iki həftəlik dolanışığa belə güclə çatan pensiyasından idi. Ramin xəyalında öz-özünü mühakimə edir, elə bil qəsdən qanını qaraldırdı. Görəsən anası indi onun hansısa barda oturub pivə qurtumladığını bilsəydi nə hiss edərdi? Oğlunun necə səhlənkar, məsuliyyətsiz, qədirbilməz olduğunu düşünüb ona südünü haram edərdi? Yoxsa onun fərasətsiz, miskin gözlərinə baxıb yazığı gələr, onu bədbəxtliyinə bağışlayar və heçnə deməzdi? Ümumiyyətlə, bir bakal pivə içməyin mənası nədir? Ay gülünc, heç nəyi var içib yaranı keyitməyə pulun da yoxdur, sənin harana yaraşır hər həftə hardasa bir bakal pivəni ziyan etmək? Adam gör nə qədər kasıb və bədbəxt olsun ki, heç dərdini unudacaq qədər içməyə də pulu olmasın. Ramin özünü məzəmmət edir, düşünə-düşünə özünə əzab verir, yaşayışından, mövcudluğundan utanırdı. Biçarə vəziyyəti içdiyi sərin pivəni zəhərə döndərmişdi.
Ramin içində azca pivə qalmış bakalın dibinə fikirli-fikirli baxa-baxa, bakalı yüngülcə çalxalayır, arada başını qaldırıb yan-yörəsindəki xoşbəxt, kefindən içən kefli karnavala nəzər yetirir, onlar üçün xəyali həyatlar uydururdu. Ətrafındakı simaları bircə-bircə tədqiq edərkən sağ tərəfində, bir masa aralıda, kiçik şamların yumşaq parıltısının aydınlatdığı keflənmiş simalardan biri diqqətini çəkdi. Elə bil anidən başına bir vedrə su əndərdilər elə bil yuxuda olarkən onu bərk çimdiklədilər. Diksindi, gördüyü sürreal mənzərə onu qarmaqarışıq düşüncələrindən arıtlayıb reallığa – gurultulu bara atdı. İlahi! Yox, belə şey ola bilməzdi! Qarşısındakı divanda yayxanıb oturan adam necə ona bənzəyirdi! Ona bənzəyirdi nədir, elə bil itkin düşmüş əkiz qardaşını tapmışdı. Qarşısındakı simaya heyranlıq və narahatlıqla zillənmişdi. Ramin heç vaxt bu iki hissi bir-birinə bu qədər yaxın, iç-içə duymamışdı. Sarımtıl, zəif işıq düşən adamın üzündəki hər qırışı, hər cizgini azgözlüklə incələyir, onun hər hərəkətini, mimikasını uşaq marağıyla seyr edir, sanki bu qəribə bənzərliyin arxasındakı kosmik təsadüfün sirrini açmağa çalışırdı. Ramin elə bil həqiqi dünya ilə sərhədi bulanıqlaşmış paralel bir dünyanın kandarında dayanmışdı və bu dünya ondan bir masalıq məsafədə idi. Ramin bu gördüklərinin sayıqlama, içkinin təsiri ilə torlanan gözün illüziyası olmadığından əmin idi. Guya nə içmişdi ki? Qarşısındakı adam onun birəbir eynisi idi. Bu bənzərsiz və unudulmaz bir an idi. Telefonunun baterayası olsaydı gizlincə onun şəkillərini, videosunu çəkib hamıya göstərər, dost-tanışlarını həyatlarında bircə dəfə də olsun mövcudluğun sirli dünyasına, həyatlarımızı toxuyan qəribə simmetriyalara nəzər salmağa dəvət edərdi.
Ramin onsuz da dərd-sərin, qayğıların içində çapalayırdı, indi bu hadisə onu daha dəhşətli miqyaslarda bir böhrana yuvarlamışdı. İndi öz kimliyini mühakimə edir, düşüncə qabiliyətinin fövqündə duran məsələlər haqqında baş sındırır, üzə bilməyəcəyi sulara baş vururdu. Zahirən eyni adam olsalar da, həyatları, kimlikləri arasında uçurumlar olduğu aşkar idi. Oxşarının ədalarından, danışıq tərzindən, oturuşundan, səliqəli, şux geyimindən, sağlam bədənindən, arxaya daranmış saçlarından, özünəarxayınlıqla dartılan dodaqlarından onun uğurlu, istədiyi həyata nail olmuş bir adam olduğu gün kimi aydın idi. Masalarında ondan əlavə altı adam (beş kişi və bir qadın) oturmuşdu, bəzilərinin qarşısında xrustal viski qədəhləri, digələrində pivə bakalları vardı. Az sonra, iki gülərüz ofisiant masalarına rəngbərəng kokteyllərlə gəldi və onlar bir ağızdan sərxoş-sərxoş ucadan sevindilər. Aralarında digərlərindən ən çox seçilən, diqqət mərkəzində olan o idi, ofisiantlar da elə hey onun başının üstündə hərlənir, əyilib xoş təbəssümlə onun sifarişlərinə qulaq asıb dəftərçələrinə qeyd edirdilər. Ramin qızğın söhbətlərinə diqqət kəsilib gur gülüşlərinin arasından tək-tük sözlər seçə biləndə onların gah azərbaycanca, gah da ingiliscə danışdığının fərqinə vardı. O, sonradan öyrənəcəkdi ki, onlar dost filan deyillər, elə bu axşam buradaca tanış olublar və onlardan dördü irland turist, digəri onların şəhərdəki bələdçisidir, xanım isə oxşarının təzə sevgilisidir.
Ramin gözlərini öz əksindən ayıra bilmir, varlığına lağ edən güzgüyə baxırdı. Qarşısında əks olunan adamın həyatı, kimliyi haqda aramsız ehtimallar, fərziyyələr yürüdürdü. “Çox güman ki, şəxsi biznesi olan biridir. Dövlət işində işləyən adamların simasında belə təbii məmnuniyyət, xoşnudluq ola bilməz, dövlət işində işləyən adamlar belə içdən gülə bilməz”, Ramin düşünürdü. Ona baxdıqca öz mövcudiyyətindən şübhəyə düşür, özünü kölgə kimi hiss edirdi. Onun necə uğurlu bir adam olduğunu, necə firavan, məhrumiyyətsiz bir həyat sürdüyünü təsəvvür edir və heç vaxt hiss etmədiyi iyrənc, əzabverici hisslərin qatı, qara tüstüsündə boğulurdu. Bəli, özünün uğurlu, bəxtəvər, xarizmatik versiyasına paxıllıq edirdi. Axı qaşı-gözü, ağız-burnu, gözlərinin kənarlarından gicgahlarına doğru uzanan cizgiləri, mimikaları, jestləri – təpədən dırnağa onunla eyni olan bu adamın etdiyi, bacardığı nə idi ki, Ramin edə bilməmişdi, yaxud bacarmamışdı? Daha yaxşı yaşanmış bir həyatın vədləri necə bu qədər uzaq ancaq eyni zamanda bu qədər cəzbedici və yaxın ola bilərdi? Raminin fikirlərində, pıçıltılarında yalnız bir cümlə təkrarlanırdı: “Hər şey belə də ola bilərdi...” Bu sadəcə olaraq bir fikir, üstündən keçilib tez unudulan bir təəssüf, köks ötürmə deyildi, bu fikir məğlubiyyətin, darmadağın olmağın, peşmanlığın göynərtisi idi. Raminin boğazında izaholunmaz bir hirs, nifrət tıxanmış, içində qəfildən qisas hissi baş qaldırmışdı. Bu hissin hardan qaynaqlandığını, kimə qarşı yönəldiyini özü üçün aydınlaşdıra bilməsə də, içini didib-dağıdan hissin kinli intiqam hissi olduğundan qəti əmin idi. Sanki o, tamamilə məhv olmuş, məğlub ordunun yeganə sağ qalan əsgəri idi və indi onun üçün kin-küdurətin, amansızlığın hədəf-nişanı elə də vacib deyildi, sadəcə olaraq qisas hissi ilə alışıb yanırdı və qarşısına çıxan günahsız bir insanı da qanına qəltan edə bilərdi.
Bayaqdan əlində fikirli-fikirli yırğaladığı bir qurtumluq pivəni son damcısına kimi içdi, dibində azca köpük yığılmış bakalı masaya çırpdı, əlini yelləyib ofisiantı hesabı ödəmək üçün çağırdı.


3


Görəsən, neçə dəfə şəhər izdihamında fərqinə varmadan bir-birilərinin yanından ötüb keçiblər? Görəsən, heç olub ki, onlar sıx bir metro vaqonunda öz əkslərindən bir neçə adam aralıda lakin bir-birilərindən xəbərsiz səyahət ediblər? Ramin keçmişdə baş vermiş mümkün ehtimalları düşünür, arabir boylanıb ofisiantı axtarır, (“nə oldu, nə çətin iş oldu bir pivənin pulunu çekə vurmaq?”) sonra yenə özünü saxlaya bilməyib başını sağa çevirir, bir masa aralıdakı simaya oğrun-oğrun baxırdı.
Ramin bilirdi ki, belə tükürpədici, eyni zamanda adamı maraqdan öldürən təsadüflər çox olmur. Bilirdi ki, gedib onun kim olduğunu, nə etdiyini, harada böyüdüyünü soruşmamaq, öz genetik əks-sədası ilə söhbətləşməmək həqiqətən ağılsızlıq, sonradan dəhşətli dərəcədə peşman olacağı bir şey olar. Bununla belə özündə heç cürə cəsarət tapa bilmirdi. Gedib nə desin? Nəsə deməyə ehtiyac vardımı? Görəsən, Ramini görüb nə reaksiya verərdi? Gözlərini bərəldib şaqqanaq çəkərdi yoxsa qarşısındakı təhdidkar eyniliyə qəzəblə cavab verərdi? Bəlkə, ən doğrusu həmişə yanaşı olmağa məhkum, ancaq heç vaxt kəsişməyən paralel xətlər kimi olmaq idi? Həmişə yaxın ancaq əbədiyyən ayrı – həyatın geometrik qanunlarının əsirləri.
Hesabı ödəyib ayağa qalxdı, hələ qapıya tərəf addımlamağa başlamamış, düşdüyü qəribə, eniqmatik oyunu tərk etməmiş, son dəfə oxşarına, varlığı ilə onun bədbəxtlyinə istehza edən digər kimliyinə göz atmağa qərar verdi. Başını çevirəndə həmin masadakı qadının heyrət dolu bir gülümsəmə ilə ona zilləndiyini gördü. Görəsən, birlikdə olduğu kişidən bu dünyada bir dənə daha olduğunu biləndə nə düşünmüşdü? Qadın çox gözəl idi. Ramin onun nüfuzedici baxışları qarşısında dəlmə-deşik olmuşdu, sanki bu baxışlar onun tənhalığının və nisgilinin dərinliklərini görürdü. Ramin sonuncu dəfə nə vaxt bir qadına toxunduğunu unutmuşdu. Sonuncu dəfəsi yəqin ki, elə iki il əvvəl əsgər yoldaşı ilə birlikdə getdikləri ucuz fahişəxanada olmuşdu. İki həftə sonra cinsi infeksiyaya yoluxduğunu öyrənmiş, anasından böyrəyini müalicə etmək adıyla aldığı pullarla (“nə olub a bala böyrəyinə, bir danış görək nə deyir həkim?”) özünü bir ay boyunca antibiotiklərlə müalicə etdirib canını dəhşətli ağrılardan qurtarmışdı. Həmin fiziki və emosional travmadan sonra özünə gəlməyi bir xeyli çəkmişdi.
Qadın təəccüb dolu, sərxoş gözlərlə Raminə baxır, o isə hər ötən anda qadının necə gözəl olduğunun daha çox fərqinə varırdı. İndi, uğursuz bir həyatdan törəmiş özünəinamsızlıqla, həyatı boyu onu diri-diri udan şübhələrlə yanaşı, içində axmaq bir sevinc hissi, bir təsəlli də vardı. Necə olmuşdu ki, bu cür fövqəladə bir məxluq onun kimi adi birinə baxmış, bəyənmişdi? Düzdür, nəticə etibarilə qadın Raminlə birlikdə deyildi, ancaq nə fərqi var, onun oxşarına könül vermişdisə deməli elə Ramini də bəyənərdi. Nəyini bəyənərdi – aylardır işsiz qalıb avara-avara sülənməyini? Yekə kişi olub hələ də anasının hesabına yaşamağını? Ramin beyninin içində özü ilə xəyali müzakirələr aparır, gah özünə haqq qazandırır, gah da özü ilə məzələnirdi. Hər dəfə qadının yanındakı “öz”ünə nəzər saldıqda isə bayaq bir anlıq ruhunu qıdıqlayan təsəlli yavaş-yavaş əriyib yoxa çıxır və yenidən özünəşübhə burulğanına qərq olur, özünəinamının kövrək sahillərini sel yuyub aparırdı. Oxşarına baxır və hər keçən anda öz çatışmazlıqlarını daha kəskin şəkildə anlayır, onun geyimini, ətrafa yaydığı enerjini, özünü aparmasını müşahidə etdikcə bugünə kimi “özü” bildiyi mənindən utanır, özünü ikinci-əl, qarşısındakı adama bənzəməyə çalışan saxtakar kimi hiss edirdi.
Qadın dirsəyi ilə başı qızğın söhbətə qarışmış sevgilisini ard-arda dümsüklədi və baxışları ilə Ramini göstərdi. Nəhayət, bayaqdan Raminin addım atmağa cürət etmədiyi dünya özü onun ayağına gəlmişdi. Onlar göz-gözə gəldilər. Ramin uçurumun kənarında barmaqlarının ucunda gəzən uşaqtək çılğın bir həyəcan hiss etdi, az sonra bu həyəcan narahatlığa çevrildi. Ətrafdakı hər şey sanki donmuş, barın səs-küyü onların elə öz mövcudiyyətlərinin bəyaz küyü kimi arxa planda qeyb olmuş, aralarındakı havada aslı qalmış boşluğu yalnız heyrət və təşviş hayqıran baxışları doldururdu. Bu, kosmik bir pauza idi – taleyin saysız-hesabsız mümkün ehtimallarının iç-içə keçdiyi qeyri-müəyyənlik anı. Raminə elə gəldi ki, indi nə hiss edirsə, onun bədənini və sifətini geyinən bu adam da eynən onu hiss edir. Bir neçə addımlıq məsafədə bir-birinin yaxud “öz” gözlərinin içinə zilləndikcə dilin və məntiqin sərhədlərini aşan bir reallıq kəşf etmişdilər. Bu təcrübəni nə məntiqləri emal edə bilir, nə də dilləri təsvir edə bilirdi.
Oxşarı gözlərini qıydı, sonra biraz da qıydı və birdən əlini əlinə vurub şaqqanaq çəkdi. Masadakı adamlar da başlarını çevirib Ramini təpədən dırnağa süzür, bir masalarındakı adama, bir də Raminə baxırdılar. Qırmızıyanaq, sərxoş irlandlardan ikisi masadan qalxıb yırğalana-yırğalana Raminin yanına gəlib qollarına girdilər və bir sözünü belə başa düşmədiyi mahnı oxumağa başladılar. Kefli irlandlar mahnı oxuyur, arabir masada gülməkdən hələ də özünə gələ bilməyən oxşarını işarə edib Raminə ingiliscə nəsə deyir, sonra təzədən oxumağa davam edirdilər. Raminin oxşarı əli ilə onları masaya qayıtmağa çağırdı. Masaya tərəf addımladıqca Raminin qoluna girən irlandlardan biri telefonunu çıxarıb kameranı açdı, Ramini çəkə-çəkə dayanmadan nəsə danışmağa başladı, sonra isə kameranı çevirib çatmaqda olduqları masanı çəkdi. Masaya çatanda Raminin oxşarı ayağa qalxdı, gülə-gülə əlini ona uzadıb adını soruşdu. “Mən də Yaqub. Mən bilən mənim əkiz qardaşım yoxdur, amma evə gedəndə gərək yenə dəqiqləşdirim”, deyib güldü, əli ilə divanın sol küncünü göstərib “gəl otur bizimlə”, dedi, sözləri dəvətdən çox əmr kimi səsləndi. Bu əsnada irlandlardan biri oxşarların arasına girib selfi etməyə çalışırdı.
Ramin masadakılarla bir-bir tanış oldu. Dörd irland turist, bir bələdçi, və Yaqubun sevgilisi. Ramin özünü itirmişdi, gözlərini ona zillənən baxışlardan qaçırır, necə hərəkət etməli, nə deməli olduğunu bilmirdi. Yaqub da bir müddət heçnə demədi, eləcə Ramini təəccüblə seyr elədi, sevgilisinə baxıb bic-bic qımışdı. Aralarındakı sükut danışılmayan sözlərə hamilə idi və çox keçməmiş fasiləsiz, qızğın bir söhbətə girişəcəklərini ikisi də bilirdi. Ramin başını qaldıraraq bir Yaquba, bir də yanında oturub əlini sıxan qadına baxdı və onurğasından soyuq titrəmə keçdi, silkənib divanda yerini rahatladı. “Bu mənzərəyə min dəfə də baxsam, öyrəşə bilməyəcəm”, Ramin düşündü. Sərxoş irlandlar elə masaya əyləşər-əyləşməz bu əsrarəngiz, nadir hadisəni – qarşılarında bir-birinin dublikatı olan iki adamın oturduğunu unudaraq öz aralarında deyib gülürdülər. Yaqub qolunu yekəxana-yekəxana sevgilisinin boynuna dolayıb arxaya yaslanaraq nəhayət sükutu pozdu: Nə içirsən?


4


Ramin adını ilk dəfə eşitdiyi içkilərə qonaq oldu, gah Yaqubun, gah qadının, gah da bələdçinin suallarını cavablandırdı. İngiliscə bilmədiyinə görə irlandlarla danışa bilməsə də, sərxoş irlandlar onun ingiliscə bilməməsini sanki anlamır, elə hey üzlərini ona tutub danışır, gülür, qaşlarını çatıb cürbəcür suallar verirdilər. Məlum oldu ki, əslində onlar Yaqubla elə bugün buradaca, adminstrativ bir səhv nəticəsində tanış olublar. Yaqub sevgilisi ilə rezerv etdiyi masaya yaxınlaşanda masada həmin bu irlandlar artıq əyləşiblərmiş. Barın rezervasiyalar üçün gələn zənglərini qəbul edən işçisi qeyd dəftərçəsinə baxa-baxa səhv anlaşılmaya görə dəfələrlə üzrxahlıq etmiş, onları başqa masaya əyləşdirmək istəyibmiş. Bu əsnada Yaqub turistlərdən biri ilə söhbət etməyə başlayıb. Onların Dublindən Bakıya bir həftəlik gəldiyini, bugün buradakı son gecələrini keçirdiyini öyrənən kimi xoş təəccübünü saxlaya bilməyib, gəncliyində Dublində beş il yaşadığını, Dublindəki günlərini heç vaxt unutmayacağını, irlandların necə şən, canayaxın millət olduğunu deyib. Elə oradaca zarafatlaşıb gülüblər, sonra masadakı başqa bir kefli irland Yaqubu və sevgilisini içkiyə dəvət edib, daha sonrasında isə söhbət söhbəti gətirib, masalarına bir masa da birləşdirib hamısı biryerdə oturub.
İkinci koktelyi qurtumlamağa başlayanda Raminin beyni əməlli-başlı dumanlanmış, bədəni boşalmışdı. Boş mədəyə ötürdüyü içkilərdən sonra aclıq hissi daha da dözülməz olmuşdu. Təxminən yarım saat keçmişdi və bu zaman ərzində Yaqub özü haqqında dayanmadan, təşəxxüslə danışmış, Raminin dediklərini yarı-yarımçıq, yalandan dinləmişdi. Sanki onun Raminə – öz kopyasına qarşı olan ilkin təəccübündən, marağından əsər-əlamət qalmamış, iki-üç səthi sualdan sonra ona çox da fikir verməməyə başlamışdı. Ümumiyyətlə, Yaqub heç kimə qulaq asmırdı, elə özü danışır, səyahət etdiyi ölkələr, tanış olduğu millətlər haqqında kobud ümumiləşdirmələr aparır (“irlandlar bizə yaxın millətdir”, “almanlar heç vaxt görüşə gecikmir” və s.), Polşadakı maşın biznesində başına gəlmiş əndərabadi əhvalatlar nəql edir, hər fikrinin sonunu məsləhət və tövsiyələrlə bitirir, digərlərinin sözünü kəsir, bəzən səsinin tonunu qaldırır, ofisiantlarla kobud rəftar edir, sevgilisinə iynəli, ironiyalı cavablar verirdi.
Qadına və tur bələdçisinə şahid olduqları hadisə çox maraqlı gəlmişdi. Bir müddət sonra içki Yaqubu taqətdən salmışdı, arxaya söykənib gözlərini yummuşdu, qadın və bələdçi isə hələ də Raminə dalbadal suallar yağdırır, iki oxşar arasında sirli əlaqələr kəşf etməyə can atırdılar. Ramin bir də heç vaxt görməyəcəyi bu adamlara elə oradaca uydurduğu həyatını nağıl edir, işsizliyini, uğursuzluğunu, miskinliyini ortaya çıxara biləcək hər suala diqqətlə düşünüb cavab veriridi. Yaqub arabir sərxoş gözlərini açıb içkisindən bir qurtum alır, ona istehza və təkəbbürlə gülümsəyir, lovğa-lovğa sevgilisinin ayağını sığallayırdı.
Ramin, Yaqubla danışmazdan əvvəl, aralarında heyrətdoğuran oxşarlıqlar, gizli, izaholunmaz bağlar tapacağına gizlincə ümid etsə də, reallığı daddıqdan sonra vəziyyətin umduğu kimi olmadığını, qısa zaman ərzində Yaqubun xarakter etibarilə ondan tamamilə fərqli olduğunu anlamışdı. Yaqubun xoşagəlməz, özündənrazı ədalarının səbəbi içki idimi? Görəsən ayıq olsaydı başqa cür təsir bağışlayardı? Bəlkə adamlar elə sərxoş olanda iç üzlərini ortaya qoyurlar? Niyə görəsə hiss etdi ki, içkinin məsələyə dəxli yoxdur, Yaqub elə ayıq vaxtı da belə davranardı. Bəs yaxşı, Yaqubun bu adamayovuşmazlığı, soyuqluğu niyə görə onu qıcıqlandırmışdı? Bəlkə ona görə ki, özü də elə bu bəyənmədiyi keyfiyyətləri xarakterində daşıdığını bilirdi? Uyğun mühit olmadığından üzə çıxmayan bu keyfiyyətlər ələ düşən ilk fürsətdə – məsələn, günü sabah Yaqub kimi uğurlu və varlı olsaydı – dərhal ətrafa yansıyardımı? Ramin ona baxdıqca elə bil çatlayıb-sınmış, görüntünü təhrif edən bir güzgüyə baxır və bu güzgüdə şəxsiyyətinin qaranlıq və arzuolunmaz guşələrinin əksinə tamaşa edirmiş kimi hiss edirdi.
Onun üzünü və bədənini daşıyan biri ondan necə bu qədər fərqli ola bilərdi? Raminə elə bil qəlbini narahatlıqla doldurub çaş-baş salan bir sirr açmışdılar. Düşünə-düşünə yenə öz kimliyindən şübhəyə düşmüşdü. Bütün ruhuna xəfif ancaq varlığı danılmaz bir özünənifrət hissi yayılırdı. Təkcə qarşısındakı nüsxəsinə deyil, elə özünə qarşı da ikrah hissi duymağa başlamışdı.


5


Bar yavaş-yavaş boşalırdı. İrlandlar bələdçiləri ilə sabah günortakı uçuşdan əvvəl ziyarət etməli olduqları yerləri müzakirə edib artıq yavaş-yavaş otelə qayıtmaq vaxtı olduğuna qərar verdilər. Yaqubun bayaqdan diqqətdən kənar qalmış, açıq-aydın ürəyi sıxılan, tez-tez köks ötürən sevgilisi də əsnəyib evə getmək istədiyini bildirdi. Yaqub irlandlarla sağollaşıb sevgilisi üçün taksi çağırdı. “Mən hələ biraz da oturacam, taksi çağırım sən get” - dedi. İrlandlar Raminin ingiliscə danışmadığını deyəsən, nəhayət, anlamışdılar. Sağollaşarkən sadəcə olaraq ona gülümsədilər, baş barmaqları ilə “əla” işarəsi göstərib göz vurdular. Yaqub siqaret yandırıb qutunu masanın üstünə tulladı. Damağında siqaret Raminə baxıb göz-qaşı ilə siqaret qutusuna işarə etdi. Raminin ürəyi yaman çəksə də, Yaqubun yekəxana tövrü xətrinə dəydi, qutuya əl vurmağı özünə sığışdırmadı.
Ofisiant iki butulka pivə ilə masaya yaxınlaşdı. Yaqub Ramindən soruşmadan onun üçün də pivə sifariş etmişdi. Ramin qabağına qoyulan butulkanı görəndə təəccübləndi, əlini yelləyib içmirəm, bəsimdi dedi. Yaqub butulkasını ona tərəf qaldırdı, "içərsən, içərsən" - dedi, sonra üzünü uzaqlaşmaqda olan ofisianta çevirib ucadan, “qızardılmış pendir də ver bura” - dedi. Ramin aclıqdan, yorğunluqdan, qanına nüfuz edən spirtin təsirindən halsızlaşmışdı. Ona elə gəldi ki, biraz da içsə bayılacaq. Yaqubun xətri qalmasın deyə, butulkadan bir qurtum aldı, mısmırığını sallamış qadına, Yaqubun ona qarşı olan etinasız davranışlarına tamaşa elədi. Bir neçə dəqiqə sonra taksi gəldi, qadın dəbli, ağ pencəyini geyinib dəri çantasını çiyninə saldı və masadan qalxdı, Raminə sintetik bir təbəssümlə “gecəniz xeyirə” - deyib qapıya tərəf addımlamağa başladı. Yaqub da sevgilisini maşına ötürmək üçün, özünü məcbur edirmiş kimi ağır-ağır yerindən qalxdı. Bir dəqiqə sonra geri qayıtdı, pivə butulkasını qamarlayıb divana sərələndi.
“Yaman keflənmisən ha” - Ramin söhbət açmaq üçün zarafatyana dilləndi.
“Sənə nə?!” - Yaqub ədəbaz-ədəbaz cavab verdi.
Raminin təbəssümü üzündə soldu, özünü yersiz danışdığına görə danlaq eşidən uşaq kimi hiss etdi, qanı əməllicə qaraldı. Gözünü Yaqubdan çəksə də, hələ də onun tənəli baxışlarını üzərində hiss edirdi. Qabağındakı butulkanı götürüb nəfəsini dərmədən yarıya kimi içdi.
“Xətrinə dəydi?” - Yaqub qəşş edib güldü, - “Ə, zarafatdı da, nə dəymədüşər adamsan sən...”
Ramin cavab vermədi, gözünü boşalmış masaları silib təmizləyən ofisiantlara dikdi.
“Nə iş görürdün sən? Bayaq dedin e, səs-küy idi, tam eşidə bilmədim” - Yaqub gözlərini güclə açıq saxlamışdı. Ağzı söz tutmurdu.
Ramin başını çevirib onun divana yayılmış bədəninə, kefli gözlərinə, dodaqlarında titrəyən xəfif gülüşə fikir verdi. Yaqub elə bil gülməmək üçün özünü zorla saxlamışdı. “Görəsən, gülməli olan nədir? Niyə görə təzədən kim, nəçi olduğumu soruşur? Yoxsa bəlkə bayaqdan gopa basdığımı anlayıb və indi məni təzədən danışdırıb məzələnmək istəyir?” - Ramin xoflu-xoflu düşündü. Bayaq masadakılar üçün uydurduğu həyatını, tam olaraq nə dediklərini xatırlamağa çalışdı.
“Şəxsi biznesim var” - Ramin qısa cavab verdi.
“Nə biznesdi o elə?” - Yaqub qaşlarını qaldırıb kinayə ilə soruşdu.
“Elektronika məhsullarının satışı”
“Elektronika hə...” - Yaqub saxta heyranlıqla başını tərpətdi: “Mağazanın adı nədi?”
Raminin ürəyi qurğuşun kimi ağırlaşıb sinəsindən sallandı. Necə olmuşdu ki, heç bu haqda fikirləşməmişdi?
“Adı Ramin”
“Necə yəni?”
“Ramin də. Ramin Elektroniks”
“Ramin Elektroniks?”
“Hə, hə, Ramin Elektroniks. Görmüsən yəqin şəhərdə”
“Yox, görməmişəm”
Ramin yalan danışmağı yaxşı bacarmırdı. Bir tərəfdən də içdiyi içkilər onu sürətli düşünməyə, uydurmalarını daha inandırıcı etməyə qoymurdu. Alnında tər puçurlanmışdı. “Bu nə vəziyyətdi salmışam mən özümü? Mənim gün-güzəranıma tüpürsünlər! Nə olacaq de ki, işsizəm, acından ölürəm. De də, olanı de”. Ramin beyninin içində öz-özünə danışırdı.
İçində yenə izaholunmaz bir nifrət hissi baş qaldırmışdı. Niyə görə yalan danışırdı, niyə öz kimliyini gizlədirdi? Öz miskinliyini ört-basdır etmək üçün? Hər gün öz çarəsizliyini özündən gizlətməyi, başını aldadıb düşünməməyi, miskinliyini özünə etiraf etməməyi seçirdi. Ancaq bugün, bu axşam belə edə bilməmişdi. Əldə edə bilmədikərinə sahib olmuş nüsxəsi qarşısına çıxıb onu çevrilib talesizliyinə baxmağa məcbur etmişdi. İndi köksündə düyünlənən hirs və nifrətin qaynağı nəhayət ona bəlli idi: öz uğursuzluğuna, iztirablarına, bir sözlə özünə nifrət edir və dolayısı ilə qarşısındakı oxşarına da nifrət edirdi.
Ramin butulkanı başına çəkərək pivəni son damlasına qədər içib gəyirdi. Sonra Yaqubun halsız gözlərinə baxıb xeyli gic-gic güldü. Artıq barda onlardan başqa heçkəs qalmamışdı. İşçilər masaları silib, üst-üstə yığırdılar. Ofisiant yaxınlaşıb hesabı gətirdi:
“Məllim, kassa bağlanır, bir sizdə qalıb hesab”
“Bəs qızardılmış pendir?”
“Məllim, mətbəx artıq bağlıdır. On dəqiqəyə bar da tamamilə bağlanır”
“Qardaş, gör mən nə vaxt vermişəm sifarişi. İndiyə mətbəx bağlanar da” - Yaqub ofisiantla yekə-yekə danışıb, başını buladı, sonra əlini cibinə saldı, bir yüzlük çıxarıb masanın üstünə atdı.
Ramin ömründə belə sərxoş olduğunu xatırlamırdı. İçkinin təsirini bir anın içində on qat daha çox hiss etdi. Oturduğu yerə pərçimlənmiş, ağzı əyilmiş, hissiyatı keyimişdi. Artıq gerçəklik və sərxoş yanılmaların sərhəddi bulanıqlaşmışdı, bir neçə metr aralıdakı bar işçiləri ilğım kimi gah gözə görünür, gah da gözdən itirdi.
Ofisiant pulun qalığını gətirdi, Yaqub beşliyi ofisianta verib pulun qalanını cibinə dürtüşdürdü.
“Maşını harda saxlamısan?” - Yaqub Raminə baxmadan, çölə sallanmış köynəyini şalvarının içinə sala-sala soruşdu.
Ramini yenə gic gülmək tutdu.
“Maşın? Ha ha! Maşın nə gəzir? Maşınım-zadım yoxdur mənim” - hıçqıra-hıçqıra gülməyə davam etdi. Yaqub başını qaldırıb Raminin hıçqırıq səsiylə tullanıb-düşən sinəsinə baxdı və hırıldamağa başladı.
“Ay oğraş, sən necə biznesmensən ki, maşının yoxdur?” - Yaqub gülə-gülə dedi.
“Birincisi oğraş özünsən” - Ramin birdən ciddi sifət aldı, - “İkincisi də ki, nə biznesmen, biznesim-zadım yoxdur mənim” - təzədən qəşş edib özündən getdi.
Onlar gülməkdən təngnəfəs olmuş, gözləri sulanmış, yanaqları qızarmışdı.
Ayağa qalxdılar. Yaqub zarafatca Raminin sinəsindən itələyib dedi:
“Nəyin də olmasa, yaxşı basıb-bağlamağın var amma” - güldükcə yerində sərxoş-sərxoş yırğalanırdı: “İş axtarırsansa, gəl yanımda işlə, amma söz ver ki, bir gün gəlib işçilərə özünü müdir Yaqub kimi soxuşdurmayacaqsan”
Ramin artıq gülmürdü. Kinli, qanlı gözlərlə Yaquba zillənmişdi. Yaqub əlindəki dibində bir-iki qurtumluq pivə qalmış butulkanı Raminin sinəsinə sıxdı, “saxla bir bunu, ayaqqabımın bağı açılıb”, bir dizini yerə atıb taqətsiz barmaqlarıyla idman ayaqqabısına düyün atmağa başladı. Gözü Raminin dərisi soyulmuş ayaqqabısına sataşdı.
“Bunun ayaqqabılarına bax hələ! Əsl biznesmen ayaqqabısıdır ha. Yüz faiz! Ha ha!”
Yaqub özü deyib, özü gülür, Raminin baxışlarının sərtləşdiyini, bayaqkı oynaq atmosferin yöndəmsiz bir gərginliyə çevrildiyini görmürdü. Ramin özünü təklənmiş hiss etdi, sanki barmaqlıqlar arxasından həsrətlə onu qəbul etməyən bir dünyaya baxırdı. Onunku da belə gətirmişdi. Ruhunda ağırlaşan qüssəni hər gün daşımaq və rişxəndlərə dözmək. Ziddiyətli hisslərlə boğuşurdu, həm ələ salındığına görə qəzəblənmiş, həm məsxərələrə cavab verməyə haqqı olmadığını düşündüyü üçün məyus olmuşdu. Başqası tərəfindən deyil, məhz güzgüdəki əksi, surəti tərəfindən məsxərəyə qoyulduğu üçün, onun qarşısında aciz qaldığı üçün özünə yer tapa bilmirdi. O sanki heç mövcud olmalı deyildi. Qarşısında onun xəyallarını artıq gerçəkləşdirmiş bir adam, özünün daha üstün versiyası olduğu halda, mövcudluğunun nə önəmi var idi ki? Oxşarı tərəfindən məsxərəyə qoyularaq, özünü həm real dünyanın, həm də daxili dünyasının labirintlərində itmiş hiss etdi. Elə bil ona istehza edən, çarəsizliyini, fağırlığını üzünə vuran başqa bir şəxs deyil, məhz öz mənliyi və kimliyi idi. Gözlərindəki atəş dalğa-dalğa yayıldı, içində oddan bir fırtına duydu. Sərxoş hiddətlə göz qırpmadan Yaquba baxmağa davam edirdi. İçindəki kin və qəzəb onu idarə etməyə başlamış və ram olmayan, qara enerjiyə çevrilmişdi. Bir an ona elə gəldi ki, reallıqla bütün bağları tamamilə qopub. Üzü qəzəb və rüsvayçılıq qarışığından qızarmışdı, ürəyi sürətlə, guppultu ilə döyünürdü, elə bil sinəsində vəhşi at sürüsü dördnala qaçırdı, və artıq emosiyalarının ritminə ayaq uydura bilmirdi. Tutduğu butulkanı qeyri-ixtiyari qarşısında diz çöküb ayaqqabısının ipləriylə əlləşən Yaqubun başına çırpdı. Yaqub nə qışqırıb-bağırdı, nə də zarıldadı, heç cınqırı da çıxmadı, butuka başında partlayıb çilik-çilik olar-olmaz alnıüstə tirtap Raminin ayaqlarına düşdü. Ramin tikə-tikə olmuş şüşənin səsiylə yenidən gerçəkliyə qayıtdı. Peşmanlıq və dəhşət.
Bardan çıxıb ara küçələrlə təngnəfəs qaçmağa başlamışdı. Bir anın içində bütün sərxoşluğu canından buxarlanıb yoxa çıxmışdı. Qaça-qaça bir neçə saniyə gözlərini möhkəm-möhkəm sıxır, özünü olub-keçənlərin dəhşətli bir kabus olduğuna inandırmaq istəyirdi. Hər dəfə gözlərini açanda isə gecənin bir aləmi, işıq dirəklərinin altında dəli kimi qaçan kölgəsini görürdü. Baş verənləri şüuru emal edə bilmirdi, hara qaçdığını, nə etməli olduğunu anlamırdı, ancaq köksü tıxandıqca hiss edirdi ki, etmək istədiyi yeganə bir şey var: tezliklə sakit, gizli bir yerdə dayanıb nəfəsini dərmək və hönkür-hönkür ağlamaq.
İstiqamət hissini itirmişdi. Özü də bilmədən gəlib mərkəzi küçələrdən birinə çıxmışdı. Nəfəsi gedib-gəlmirdi. Dərin-dərin nəfəs alaraq, ağır addımlarla boş avtobus dayanacağına sarı getdi. Skamyada oturub nəfəsini dərdi. Küçədəki adamlara diqqətlə baxır, yanından keçən, uzaqdan gələn hər adamda öz simasını axtarırdı.

# 2647 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
#
#
# # #