Nanəli konfet - Ataqam

Nanəli konfet - Ataqam
12 avqust 2024
# 11:30

Kulis.az Ataqamın "Nanəli konfet" hekayəsini təqdim edir.

Düşərgə yoluna burulub bir anlıq ayaq saxladım. Gördüyüm mənzərəni canıma hopdurmaq istəyridim: Yan-yörəsi nimdaş çadırlar, süzülmüş palazlar, rəngi qaçmış cığırçalarla örtülmüş, müsəlman qəbiristanlığının başdaşları kimi səliqəsiz sıralanmış saysız alaçıqlar, əllərində plastik vedrələr su maşınının yanına düzülüb növbəsini gözləyən qız-gəlinlər, dəlmə-deşiyindən gün şüaları süzülən talvarın altında dinməz, əlləri qoynunda, boynubükük durmuş kişilər...

Havada bir azot atomu da tərpənmirdi. Addım atdıqca qalın toz qalxıb havadaca asılı qalırdı.

Osman dayını şəkildə necə görmüşdüm, elə də qarşımdaydı. Komasının kölgəsində, "Villis"indən qalan şirmayı halqalarla bəzədiyi sükanı sürtüb təmizləyirdi. Tez-tez cibindən kirli dəsmalını çıxarıb alnından gözünə axan təri silirdi.

Yaxınlaşdım. Sükanı sol qoluna keçirdi, sağ əlini gözünün üstünə günlükləyib mənə xeyli baxdı. Tanımadı. Qalın eynəyini silib bir də baxdı...

***

Osman dayı ilə çoxdan dostlaşmışdım - düz qırx il qabaq...

Kənddə uşaqlar qaramanlı Osman kimi şirindil kişilərə "dayı", Quşdan Məhərrəm kimi, nə bilim, Sərəncamın əri Abdal Əvəz kimi acıdil, əzazil kişilərə "əmi" deyirdi. Niyəsini bilmirdik, elə eşitmişdik, elə də deyirdik.

Osman dayı dədəsindən qalma iki cöngəni, bir qısır düyəni, on iki keçini əldən-ələ keçmiş yağmal "Villis"ə dəyişmişdi.

"Villis"inə qoşqu qoşub dağ kəndlərində qənd-çay, şirniyyat, ətir, qab-qaçaq, uşaq paltarı satardı. Qoşquya "kəcavə" deyərdi. Ərzağı, pal-paltarı Bəkir kişinin dükanından nisyə götürərdi.

Dağ kəndlərində müəllimlərdən, tibb işçilərindən savayı az adamın əlində nağd pul olurdu. Osman kişi nisyə aldığı malın çoxunu elə nisyə də verərdi. Evinə dönəndə maşınını kəndin başındakı kəhrizin üstündə saxlayıb əl-ayağını yuyar, gülpəmbəli qırmızı Çin termosundan çay süzüb nisyə dəftərinin üzünü ağlamaya köçürərdi.

Dəftəri hamıdan gizlədərdi. Bir dəfə dəftəri "Villis"in oturacağında açıq qalmışdı. Boylandım, dəftərdəki yazılardan heç nə anlamadım: üçbucaq, ortasından qoşa xətt çəkilmiş dördbucaq, buynuz, parabüzənə oxşar xırda dairələr...

Osman dayı məktəb oxumamışdı, hamının bildiyi hərflərlə yazmırdı, özü üçün ayrı yazı sistemi qurmuşdu.

Onu bir dəfə pəncərədən "Əlifba" öyrənən birincilərin sinif otağına kədərlə baxıb udqunduğunu görmüşdüm.

Osman dayı ilə bağlı belə bir pıçı eşitmişdim: Deyirdilər ki, mayın ortasından düz sentyabrın axırına qədər bazar günləri kəhrizə kişi xeylağı getməzmiş, çünki qızlar-gəlinlər yay odunu canlarından çıxarmaq üçün lütlənib kəhrizdə çimərmişlər. İyirmi beş il qabaq - Osmanla Səməndər onbeşlərinin içində olanda ikisi də Qırmızısaqqal Hətəmin nəvəsi Bəsirəni istəyirmişlər. Bəsirənin meyli Səməndərə imiş. Bir gün Osman xəlvətcə Cin Süleymanın kəhrizin dibindəki bağında ağaca çıxıb Bəsirənin çimməsinə baxıbmış. Ertəsi gün Osman Bəsirə ilə qarşılaşanda belə deyibmiş: "Sağ döşündəki qoşa xala canım qurban, mələyim!".

Bəsirə məsələni başa düşər, Səməndərə deyər, Səməndər də əmisi uşaqları ilə Osmanı təklikdə tutub dartıb kəhrizə aparar, başını kəhrizin nəm daşlarına döyərlər. O vaxtdan Osmanın başı qaçar. Qız-gəlin də elə o vaxtdan kəhrizdə çimməyi tərgidər.

Deyirlər, nə Bəsirənin, nə də Səməndərin taleyi gətirər. Bəsirəni kəndə biçinə gələn kombaynçı ilə saman tayasında eşdikləri kalafada çılpaq tutarlar. Səməndər kombaynçının qarnını yaba ilə deşər, gedib girər qazamata, vərəmləyib iki ildən sonra elə orda ölər. Bəsirə dədəsi evinə qayıdar, evdən çölə yarasa kimi, ancaq gecələr çıxar.

Osman da o hadsədən sonra evlənməyəcəyinə and içər. (Bəsirə dədəsi evinə qayıdandan sonra Osmanın niyə gedib onu qaranlıqdan çıxarmamasını anlamaq üçün hələ kal idim).

Hə, yalan-gerçək, bunu da danışırdılar ki, o əhvalatın üstündən illər keçəndən sonra, guya, Osman alverə getdiyi dağ kəndlərinin birindəki zirvədə sal daşları üst-üstə qalaqlayıb qız düzəldib, daşları xınalayıb-gülxətmiləyib, başdakı daşa Bəsirənin yaylığına oxşar yaylıq bağlayıb daş sevgilisinin başına dolana-dolana üz-gözündən öpürmüş.

***

Beşinci sinfə keçmişdim. Yay tətilinə müəllim evə çoxlu kitab tapşırmışdı. Kitabları özümlə gəzdirirdim.

- Onların hamısını oxumusan? - Osman dayı dolu səhənglərimi qatırın üstünə aşırıb başı ilə dəri heybəyə yığdığım kitabları göstərdi.

- Yox, oxumalıyam.

- Nağıldı?

- Nağıl da var, şeir də, əfsanə də.

- Əfsanə nədi?

- Yalançı nağıl.

Osman dayı çənəsini aşağı əyib gözlərini iri açdı, təəccüblə mənə baxdı:

- Yalançı nağıl?! - Birini danışa bilərsən?

Evə getməliydim. Nənəm tapşırmışdı ki, Soltanlıdan qohumlar gələcək, samovara tökməyə su yoxdu, yolda-rizdə avaralanmayım, amma Osman dayı səhənglərimə kömək eləmişdi, sözünü yerə salmaq ayıbıma gəldi. Həm də, düzü, hərdən öz-özünə nə dildəsə mahnı oxuyurdu, səsi çatmayanda üzünə şillə vurub "düz oxu, Osman!" qışqırırdı deyə, ondan bir az üşənirdim.

Kitabı açıb qoca dərviş əfsanəsini oxudum. "Kəndə bir dərviş gəlir...". Osman dayı tez-tez məni saxlayır, sual verirdi: "Saçı uzun idi?". Kitabda yazılmasa da, "hə, uzun idi, dabanına çatırdı" - deyib əfsanədəki dərvişi Osman dayının xəyalındakı dərvişə oxşadırdım.

Suallar artırdı. "Dərvişin uşaqlara danışdığı nağıl haqda da yazılıb orda?". "Yox, yazılmayıb". "Dərviş uşaqlara niyə tez sınan oyuncaqlar bağışlayırmış?" "Osman dayı, dayan, oxuyum, axırda hamısı yazılıb".

Əfsanənin sonluğunu - camaatın dərvişi döydüyü yeri oxuyanda Osman dayının gözü doldu. Abzası mənə bir neçə dəfə oxutdurdu, tam yadında qalana qədər dilinin altında təkrarladı: "Dərviş hər qapıya bir gil lövhə qoyub yoxa çıxmışdı. Lövhədə bunlar yazılmışdı: Vaxt gələcək, sizin uşaqlarınıza kimisə ürəyini bağışlayacaq. Balalarınızı indidən vərdiş elətdirirəm ki, o vaxt ehtiyatlı davransınlar, dünyanın ən tez sınan, həssas oyuncağını - ürəyi sındırmasınlar".

Osman dayı əlini cibinə atdı, bir ovuc konfet çıxarıb mənə uzatdı. Konfetləri qapıb cibimə doldurdum. Tez qabığını soyub birini ağzıma atdım. Nanəli konfet! Necə də dadlı idi!

Beləcə, Osman dayı ilə dostlaşdıq.

Bir neçə gün sonra Malyatan təpəsinin ətəyindəki yovşanlıqda çəyirtkə tutub hinduşkalara yedirdiyim yerdə Osman dayı "Villis"ini düz yanımda saxladı.

- Kitabların hamısını oxudun?

- Yox hələ, Osman dayı, birini bitirmişəm, indi o birini oxuyuram.

- O nədəndi?

- Şeirdi. Yaman uzundu, - şikayətləndim, - amma asan yadda qalır.

Osman dayının xahişini gözləməyib əzbərlədiyim parçanı oxudum: "Keçmiş zamanda, Yunanıstanda, İskəndər adlı.". "Bir şah yaşarmış, buynuzu varmış". Yerində içini çəkdi. Maşından düşdü. Həmişə bərk təəccüblənəndə etdiyi kimi, çənəsini sinəsinə yapışdırıb gözlərini bərəltdi:

- Nə təhər!? Buynuzu varmış?! Adamın?

- Adam deyil, Osman dayı, İskəndərdi, - özümü çoxbilmiş göstərdim.

"İskəndərin buynuzu var, buynuzu" misrasını deyəndə, Osman dayı qeyri-ixtiyari hər iki əlinin şəhadət barmağını başına qaldırıb özünə buynuz qoydu və ləzzətlə güldü. Cibindən bir neçə nanəli konfet çıxarıb ovcuma qoydu.

On gün sonra Osman dayını Suray xalanın qızı Gülsabahın toyunda gördüm. Həyətdəki tut ağacına söykənmişdi. Əl-qolunu oynadıb nə haqdasa vərəvurd eləyirdi. Yaxınlaşıb salamlaşdım. Məni görən kimi üzü güldü. Əlimi sıxıb özünə tərəf çəkdi. Araq iyi burnumu çimçəşdirdi.

- O şeir nə təhər idi? Onu bir də de, başam.

Əlimi əlindən qoparıb bir az aralandım. Şeiri astadan, eləcə, Osman dayının eşidəcəyi səslə dedim. "İskəndərin buynuzu var, buynuzu" yerində məni saxladı, yanbızları ilə təkan verib tutdan aralandı, çovustanın ağzındakı boş kətili gətirib qabağıma qoydu.

- Başam, mən ölüm, çıx bu stulun üstünə, o yerin bir də bərkdən de.

Kətilin üstünə çıxsaydım, camaatın diqqətini çəkəcəkdim. Qorxurdum ki, luğaz eləyib şəbədə qoşalar. Osman dayı tərəddüd elədiyimi görüb, arıq boğazının dərisini hulqumundan çənəsinin ucuna qədər çəkdi, elə boğazı çəkili, başını göyərçin udan qutan quşu kimi yeyin-yeyin sağa-sola döndərib məni kətilə çıxartmaq üçün hansı Tanrıya and verəcəyini dalaq kələfində aradı və dizlərini azacıq qatlayıb, çöməli yalvardı:

- Sən Bəsirənin canı, çıx.

Bəsirəni heç vaxt görməmişdim; o, mən doğulmazdan qabaq qaranlığa qapılmışdı, amma indi - sərxoş Osman dayı dilinin qaytanını açıb canının gözündə öldürdüyü Bəsirənin adını çəkməklə məni xırxalamışdı. Yan-yörəyə boylandım. Xurşud toy mağarında yaslı balabana dəm vermişdi. Camaat əlində işini yarımçıq qoyub onun təzə qoşduğu yanıqlı "Qarabörə" havasını yaxından dinləməyə axışırdı.

Kətilin üstünə çıxdım. "İskəndərin buynuzu var, buynuzu...".

Ləzzətdən gözləri parıldayan, ağzı qulağının dibinə getmiş Osman dayı əllərini əvvəl başına aparıb qoşa buynuz göstərdi, sonra da cibindən bir ovuc nənəli konfet çıxarıb mənə uzatdı.

Yenə arzuma çatmışdım. Nanəli konfetləri sümürdükcə özümü dünyanın ən xoşbəxt adamı sanırdım.

O nanəli konfetin eşqinə harda Osman dayını görürdüm, özümü gözünə soxurdum.

Osman dayı da məni harda görürdü, tələsirdisə, əlini başına aparıb buynuz göstərirdi, tələsməyəndə, maşını saxlayır, alnımdan öpür, daş olsun, ağac qanadı olsun, hündür bir yerə çıxmağı xahiş eləyib o şeiri bir də dedirtdirir, nanəli konfet payımı verib yola salırdı.

***

Aradan uzun illər keçdi. Biz şəhərə köçdük. Kəndə yolum az-az düşdü. Gedəndə də elə atüstü gedib qayıdırdım, Osman dayı əksərən kəcavə qoşduğu "Villis"i ilə dağ kəndlərində olduğundan görüşə bilmirdim.

***

İndi budur, əlini gözünə günlükləyib mənə baxan səksən yaşlı Osman dayı qarşımdaydı; sümükləri quruyub boyu kiçilmişdi. Mənə altdan-yuxarı baxırdı. Eynəyinin şüşəsini kirli dəsmalıyla təmizləyib gözünə taxır, yenidən çıxarır, şüşələrə hovxurub bir də silir, təzədən gözünə taxır, əli ilə eynəyi irəli-geri aparır, mənim kim olduğumu anlamağa çalışırdı.

İki addımlıqda - Osman dayının komasının arxasında xeyli hörgü daşı qalaqlanmışdı. Qalaqdan iki daş götürüb Osman dayının qarşısında yerə atdım, hər ayağımı bir daşın üstünə qoydum, yaxşı eşitsin deyə, hündür səslə bizim dostluq himnimizi aram-aram deməyə başladım: "Keçmiş zamanda, Yunanıstanda...".

Osman dayının sifəti dəyişdi: qırış yanaqları qarmon körüyü kimi qulaqlarına tərəf dartıldı, gözləri irilənib eynəyinin şüşələri boyda oldu, ağzı yavaş-yavaş aralandı, aşağı damağında səksən ilə sinə gərmiş sonuncu iki dişi göründü.

"İskəndərin buynuzu var, buynuzu" yerində dodaqlarını tərpədib mənimlə birlikdə misranı bir neçə dəfə təkrarladı.

Sükan əlindən düşdü.

Əlini hövlnak cibinə apardı. Şalvarının, köynəyinin cibini eşələdi, eşələdi.., heç nə tapmayb yerə çökdü. Sükanı yerdən götürüb sinəsinə sıxdı. Çiyinləri əsə-əsə dayanmadan "İskəndərin buynuzu var, buynuzu..." təkrarladı.

İyun, 1999

# 973 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #