Müsbət mənfilər - Anar Şamilin hekayəsi

Müsbət mənfilər - Anar Şamilin hekayəsi
10 yanvar 2024
# 17:30

Kulis.az Anar Şamilin "Müsbət mənfilər" hekayəsini təqdim edir.

Hər iki əlində zənbil vardı. Etdiyi bazarlıqla avtobus dayanacağına gedərkən ani olaraq dayandı. “Mən uşaqlarımın vacib olan ehtiyaclarını ödəyə bilirəm. Bunun üçün Tanrı mənə güc və imkan verib. Anasının qucağında, soyuqda mənə baxan uşağın valideyninin görünür belə bir imkanı yoxdur. ”

Orta yaşlarda, qışın soyuğuna rəğmən əynində nazik gödəkçəsi olan, gözlərində utancını və nifrətini gizlədərək insanlardan pul istəyən qadının qarşısına keçdi. Uşaq anasının çiynindən başını qaldırıb Amirə doğru çevrildi və gülümsədi. Amir qarşılıq verərkən təkcə üzü yox, yaxşılıq edəcəkdi deyə ürəyi də fərəhləndi, sanki verəcəyi 5 manatla onların həyatını xilas edəcəkdi. Özünü güclü bir qəhrəman kimi hiss edirdi. Əlində sıxdığı pulu xanıma doğru uzatdı.

- Cavan oğlan sağ ol, Allah sizi qorusun…Bilirsiniz 2023 sizin üçün həyatınızda dəyişikliklərin bol olduğu bir il olacaq. Hər şey yaxşı...

Qadının dilindən səslənən son sözləri dinləmədən Amir təşəkkür edib, əl çantalarını qoyduğu yerə yaxınlaşdı. Gülümsədi. Bilmirdi öz acizliyinə, yoxsa qısa müddət ərzində etdiyi ikinci qəhrəmanlığa gülümsəsin. Bazar zənbilinin biri yox idi. 2022-ci ilin bitməsinə 10 gün qalmasına baxmayaraq, bu hadisəni il boyu yaddaşında gəzdirmişdi. Qadından dinləyə bildiyi sözlər onun qulağında xatırlatma kimi özünü hər dəfə büruzə veriridi.

Közərmiş spiral düzbucaq formalı, 20 kvadratlıq otağa bənzər boşluğa istilik verirdi. Dörd daş yerdən hündürlükdə üzərinə taxtalar və bərkliyi yumşaltmağa çalışan çirkli döşəklər düzülmüş çarpayıda fəhlələr uzanmışdı. Otağın ortasında sadəcə taxtaların mismarla birləşməsindən yaran an masa və stol vardı. İçində qaynadılmış kartofun və yumurtanın qabıqları olan böyük tava masanın üzərində idi. Yeri betondan olan otağın bir pəncərəsi və canavarı xaincəsinə sürüyə buraxan itə bənzəyən, gizlincə külək üfürən, taxtalara bərkidilmiş list dəmirdən qapısı vardı. Hər kəs yatağında dizlərini qarınlarına bükərək uzanmışdı. Otağın küncündən həzin bir musiqi səsi gəlirdi. Muğam həvəskarı olan Amir gözlərini yuxarıdakı qaranlığa zilləyərək qadının sözlərini xatırlayır, amma həyatındakı dəyişikliklər yadına düşmürdü. Sonuncu dəfə uşaqlardan eşitdiyi xəbəri yadına salıb gülümsədi. Bürcünün dəyişilərək ilan bürcü olması həyatında olan yeganə dəyişiklik idi. Ətrafına baxdı, burada hər kəsin ilan bürcü olduğunu düşündü. Amir gözlərini yumdu, 24 gün sonra evə qayıdacağını, uşaqlarını qucaqlayıb onlara verəcək hədiyyələri xəyal etdi. Balaca oğlu yaşıl rəngli, yumşaq, oyuncaq dovşan, qızı isə böyük yeni il ağacı istəmişdi. Neçə il idi ki, onun uşaqlığından qalan balaca yeni il ağacını bəzəyirdilər. Bu ay məvacibi ilə hədiyyələri alacağına, əvvəlki aylara nisbətən iki qat işləyəcəyinə söz vermişdi. Keçən ayda əslində həmin rejimdə işləmişdi, lakin məvacibinin tən yarısını onunla üzbəüz uzanan, immuniteti zəif olduğuna görə ayın əksər günlərini yataqda keçirən Vüsala vermişdi. Özünü sıxıb yarı maaşla ayı keçirə bilmişdi. Amir üzünü əks tərəfə çevirib yuxuya getməyə çalışdı. Lakin yarım saat sonra telefonunun oyadıcı musiqisi işə düşdü. Amirlə bərabər 3 nəfər də oyandı. Maşına atdıqları ağır daşlar kimi yataqdan qalxıb, əyinlərinə üst paltarı geyinərək çölə çıxmağa hazırlaşdılar.

Amir, sən yenə oyanmısan? Hara yığasısan bu qədər pulu? Yat, istirahətini elə, səhər gələn maşınlara qoşularsan. Dostuna bax, necə yatır.

Sənə nə, Orxan, camaat onsuzda pulu maşına daş ataraq qazanır, əziyyət çəkir. Amir, sən onun sözlərinə fikir vermə.

Subaydır, onun elə danışan vaxtıdır.

Yastığın altına qoyduğu parça sarğıları biləyinə bağlayaraq həyətə çıxdı. Kəsilmiş daş yığınının yanında iki yük maşını dayanmışdı. Amir addımlarını yavaş ataraq maşınlara yaxınlaşır, bədəninin ağırlaşdığını hiss edirdi. Bədəni sanki “getmə, qayıt geriyə yat, mənə istirahət ver”, deyirdi. Bir müddət sonra daşlar yerdən atılaraq səliqəli şəkildə maşının yük hissəsinə düzülməyə başladı. Maşın hələ yarıya qədər dolmamışdı. Amir əlindəki daşı atarkən eşitdiyi səsə geri çevrildi. Orxan qolunu tutaraq yerdə oturmuşdu. Ağrının güclü olduğu dediyi söyüşlərdən və göz əzələlərinin gərginliyindən hiss edilirdi. Maşının yük hissəsindəki dəmirə dəyərək qayıdan daş onun əlini zədələmişdi. Əlini sarğı ilə bağlayıb otağa apardılar. Maşınlar yüklənib qurtardı.

Artıq səhərin açılmasına az qalmışdı. Amir yenidən yatağına uzandı bu dəfə musiqini dinləmək həvəsində deyildi, bədəni ilə yanaşı sanki ruhuda yorulmuşdu. Başını yastığa qoyan kimi şirin bir yuxu onu qucaqlayaraq qoynuna aldı.

Səhər yuxudan gec oyanmışdı. Əlini ataraq telefondakı saata baxdı.Dörd sayda 1 yan-yana dayanmışdı. Ayağa qalxıb yuyunmaq üçün çölə çıxdı. Otağa qayıtdıqda yatağında oturan, əli sarğıda olan Orxanın halını soruşub özünə çay süzdü. Qabın içindəki qaynadılmış yumurtaların birini götürərək masaya vurub qabığını soymağa başladı.

- Sən, yaxşısı get rayona, Orxan, əlin düzələndən sonra qayıdarsan. Sənə rahatlıq lazımdır, buranın şəraitini isə özün görürsən.

- Özün yarım saat yuxu yatmırsan, mənə evə get deyirsən. Burda qalacağam, lazım gələrsə, tək əlimlə daş atacağam.
Amir sakitcə çevrilib çayından bir qurtum aldı. Qarşısında əyləşən Əsgərə dedi:

- Məni səhv başa düşdü, deyəsən.

- Sən ona fikir vermə. Həm də bu ərəfələr ona da pul lazımdır. Nişanlıdır axı, qız evinə yeni il hədiyyəsi falan.

Hər ikisi görüntü xarakteri daşıyan gülüşlə gülümsədilər. Orxanın halına acıyırdılar. Yeməkdən sonra Amirdə digərləri kimi yerində əyləşərək internetə girmək istədi, lakin bu ay ödəniş etmədiyini xatırladı. Ayağa qalxaraq çantasından kitabı çıxartdı. Kitab bir neçə ay əvvəl sinif yoldaşı tərəfindən hədiyyə edilmişdi. Son görüşlərində Amir vəziyyətindən şikayətlənmişdi, Adəm isə ona həyatını dəyişmək üçün mübarizə aparmalı olduğunu bildirmiş və özü oxuyub bitirdiyi kitabı vermişdi. Kitabın üz qabığında “Həyata hə, de” sözləri yazılmışdı. Kitabı xeyli müddətdir çantasında gəzdirməsinə rəğmən bir səhifə belə oxumamışdı. İndi hansı qüvvə onu kitabı əlinə almasına sövq etmişdi, bilmirdi. Kitabı oxumaq istəyirdi ki, Orxan uzanan tərəfdə mübahisə düşdüyünü eşitdi. Orxan axşamki maşınlara görə Əsgər və digər dostundan pulunu istəyirdi. Lakin dostları maşınları onsuz doldurduqlarına görə pulu verməyəcəklərini dedilər. Amir Orxanın onun da yanına eyni istəklə yaxınlaşacağını düşündü, lakin Orxanın bir müddət sonra yerində uzanarkən yuxuya getdiyini gördü. Otaqda səssizlik vardı. Amir fürsətdən istifadə edib kitabını oxudu. 15 səhifədən sonra kitabı kənara qoydu. Oxuduqları çox xoşuna gəlmişdi, lakin vərdiş etmədiyindən yorulmuşdu. Ayağa qalxaraq dünən maşına görə verilən pulun bir hissəsini götürüb Orxanın yastığının altına qoydu. Sonra isə o da digərləri kimi yuxuya getdi.

Əynində tora bənzər, bədəni görünən, xalatda çarpayıda uzanmışdı. Üzərindəki adyalı çəkib ayağa qalxmaq istədi, lakin çılpaq olduğunu görüb utandı. Ətrafı işıqlı, hər şey ağ və göy rəngdə, təmiz və səliqəli idi. Çarpayıdan kənarda olan stolun üzərindən asılmış çirkli və tozlu paltarlarına baxaraq onlara yazığı gəldi. Təmizliyin əhatəsində tənhalaşmışdılar. Amir xəstəxanada olduğunu anladı, amma necə düşdüyünü anlamırdı. Sadəcə sağ tərəfində kəskin ağrıya görə yuxudan oyandığını xatırlayırdı. Əli ilə bədənini yoxladı, kəsilən və ya ağrıyan hissəsi yox idi. Bir müddət sonra gülərüz bir xanım otağa daxil oldu. Özünü Təranə kimi təqdim edərək Amirdən əhvalını soruşdu.

- Amir bəy, necəsiniz, özünüzü yaxşı hiss edirsiniz?

- Yaxşı hiss edirəm, amma bura necə gəldiyimi bilmək istəyirəm.
- Sizi təcili yardım maşını ilə bizə gətirmişdilər. Ödünüzdə ağrı olub, ağrının şokundan huşunuzu itirmişsiniz. Xəstəxanaya gəldikdən sonra sizə müdaxilə edilib. Elmir həkimin nəzarətindəsiniz.
- İndi nə olacaq? Artıq ağrı hiss etmirəm, məni buraxın iş yerimə qayıdım. Həm daha çox qalmış olsam, sizə ödəyəcək pulum olmayacaq. Bir gün qaldığıma görə xərcim nədirsə, onu ödəyə bilərəm.
-Hər şey tibbi sığortanın hesabınadır. Evə göndərmək məsələsini həkim məsləhət biləcək. İndi isə sağ əlinizi mənə verin, yumruğunuzu bərk sıxın. İynə bir neçə dəfə dəriyə girib çıxdıqdan sonra tibb bacısı damarı tapa bilməyəcəyi qərarına gəldi. Sonda kəpənək əlinin üzərinə qoyuldu.
-Bu iynəni vururam, yarım saat sonra sizi əməliyyat otağına alacaqlar.

Yarım saatlıq sakitlikdən sonra otağa iki tibb qardaşı daxil olaraq çarpayını əməliyyat yerinə sürdülər. Otaqda göy rəngli tibbi geyimdə, üzlərində maska olan iki qadın və bir kişi həkim vardı. Qadınlardan biri alətləri hazırlayır, digəri iynə vurmağa hazırlaşır, kişi isə Amirin başının üzərindəki cihazla məşğul idi.

Amir ətrafına baxaraq gülümsədi. Həkimləri qurbanları tərəfindən tanınmaması üçün maska taxan, filmlərdəki cəllada bənzətdi. Otaq çox soyuq idi. Hər yerdə dəmir alətlər vardı. Amir özünü ölümlə yaşam arasında hiss etdi. Amirin üzərinə bir qorxu çökmüşdü. Beyninə qara fikirlər gəlirdi: “ Birdən nəsə tərs gedərsə, bu soyuq otaqdan çıxa bilməyəcək. Əməliyyat barədə yaxınlarından heç kimin xəbəri yox idi. Ailəsi onun yoxluğunu necə qarşılayacaq. Bəs uşaqları? Üzünü çevirib daxil olduğu qapıya baxdı, seriallardakı kimi qapının arxasında onun sağlığını düşünəcək heç kimsə yox idi. Bədənini qucaqlayan tənhalıq hissi ruhunu üşütməyə başladı. İynəni vuran qadın Amirə baxaraq
-Özünüzü yaxşı hiss edirsiniz?
Amir qadının gözlərində yaxınlıq, qohumluq və ya sadəcə insanlıq axtarmağa çalışdı. Gözlərinə diqqətlə baxır, ifadə edə bilmədiyi sözləri bir başa gözləri ilə ötürmək istəyirdi. “Məni daha yaxşı əməliyyat edin, mən uşaqlarıma hədiyyə söz vermişəm ”.
-Yaxşıyam.
-Narahat olmayın, 2 saata hər şey yekunlaşacaq.
Amir dərindən nəfəs alaraq, -yaxşı,- dedi.

Baş tərəfdə duran həkim Amirin üzünə rezin ağızlığı taxaraq, -nəfəs alandan sonra baş gicəllənməsi olacaq və yuxuya gedəcəksən.
Amir dərindən nəfəs alaraq…-1,2,3 mənim tanrım mənimlədir. Bu gün hər şey yaxşı olacaq.

Üzünə şillənin dəydiyini hiss edəndə gözlərini yarımçıq açdı. Növbəti şillənin gəldiyini görürdü. Mən ayıldım,- dedi-, lakin dəyən şillədən yayına bilmədi.
-Necəsiniz, Amir bəy, özünüzü necə hiss edirsiniz?
-Yaxşıyam..necə keçdi əməliyyat ?
-Özünüzü yaxşı hiss edirsinizsə, deməli, əla keçib. Birazdan əməliyyat yerində ağrılar hiss edəcəksiniz. Kəskinləşsə, ağrıkəsici vuraram. Yerinizdə sakit uzanın, ani hərəkətlər etməyin. Mən gedirəm, qısa müddətə həkim gələcək.

Tibb bacısı gedəndən sonra Amir bədənindəki yaralara baxdı. Sonra başını tavana qaldıraraq heç kimin görmədiyi tanrısına özünə məxsus şəkildə təşəkkürünü bildirdi. “Mən inanırdım ki, sən məni tək buraxmayacaqsan” Çevrilib qapıya baxdı. Vüsal və digər uşaqların qapıdan içəri daxil olacaqlarını, onların reaksiyalarını təsəvvür etdi.

Qapıdan səslər gəldi, xəyalının bu qədər tez gerçəkləşməsinə diksindi.
Otağa hündür, enli kürək, idmançı bədən quruluşlu bir həkim daxil oldu. Onunda üzündə maska, əlində əlcək, gözlərində isə soyuqluq vardı. Sanki əməliyyat otağının havasını gözlərində gəzdirirdi.
-Amir bəy, əməliyyatınız uğurla keçdi, laproskopik formada etdik, bir gün sonra evə buraxılacaqsınız.
Amir gülümsədi, sanki əməliyatın yaxşı keçməsinə möhürlü sənəd vermişdilər, o, indi əmin olmuşdu.
-Lakin bir problem var, bu məsələ ilə bağlı sizi qeydiyyata aldılar, yaşayış yerinə də məlumat gönədərəcəklər. Siz ailəlisiniz, uşaqlarınız varmı ?

Amirin artıq gülümsəmək istəyi yox idi, amma gülüşü dodaqlarında qalmışdı.
-İki uşağım var.
Bu yaxınlarda hər hansı analiz vermisiniz?
-Yox, xatırlamıram..nə olub axı?
-Siz harda işləyirsiniz, nə qədər müddətdir evdən uzaqdasınız?
-Mən daş karxanasında işləyirəm, 2 aya yaxındır evdə deyiləm.
-Baxın, yanlış anlamayın, sualıma səmimi cavablar istəyirəm. Bu ərəfələrdə qadın yanında olmusunuzmu, yoxsa iş yoldaşlarınıza aid gigiyenik vasitələrdən istifadə etmisiniz?

Qadın yanına getmədiyindən əmin idi. Gigiyenik vasitələrə gəldikdə isə bir qabdan yemək yediyini və birdə Vüsalın onun dırnaq tutanından istifadə etdiyini xatırladı.
– Yox, siz dediklərinizin heç biri olmayıb.

Uzun sözün qısası, artıq hər kəslə münasibətlərdə ehtiyatlı olun, istər ailəniz, istər digər insanlar. Xəstəxanadan çıxdıqdan sonra rayona gedin, qeydiyyat yerinə yaxınlaşıb məsləhət alın, ailə üzvləriniz mütləq analizlər versinlər, ola bilər onlarda da aşkarlansın. Biz bilmirik siz nə vaxtdan yoluxubsunuz.
Amirin dişləri qıcıdı, yumruğunu sıxdı, əməliyyatdan əvvəl tibb bacısının tapa bilmədiyi damarlar hamısı göz qabağında idi. Qışqıraraq həkimin sözünü kəsdi.
-İçini silənət olmuş nədi axı, deyin görək nəyə yoluxmuşam, ailəmin bu məsləyə nə aidiyyatı var axı?
-Biz əməliyyat qabağı müxtəlif analizlər alırıq. Analizlərinizin hamısının cavabı yaxşı çıxıb biri pis. Sizdə QİÇS infeksiyası aşkarlanıb.

Amirin ətrafına qulaq dəlici bir sükut və kor edici bir qaranlıq çökdü. Qulaqlarını tutub gözlərini tavana çevirdi. Tanrısını axtardı amma görə bilmədi, bəlkədə onun baxışlarına dözə bilməyəcəyinə görə uzaqlaşmışdı. Otaqdan sağ çıxartmasaydın daha yaxşı olardı.”
-Sizin kimi insanlar çoxdu, dərmanlar daha sağlam yaşamağınıza dəstək verəcək. 4 saatdan sonra sizə çay və yüngül yemək verəcəklər. Hə, birdə sizə 6 ay ağırlıq qaldırmaq olmaz .

“Bu xəstəlikdən ağır yükmü var? hələ bunu qaldıra biləcəyəmmi” dilə gətirə bilmədiyi fikirləri özünə deyirdi. “Ağırlıq qaldırma. Rahatdı demək, ailəsinə daş karxanasında işləyərək baxan birinə ağırlıq qaldırma demək, sən baxacaqsan mənim ailəmə? ”
Bu gün yenə telefonuna zəng çatmırdı. Beş gündür artıq Amirlə əlaqə saxlaya bilmirdi. Narahat olmağa başlamışdı. Bilmirdi nə etsin, qohumlarına bildirsin, yoxsa bir az da dözsün. Ailə problemləri ilə kimlərisə narahat etməsin. Birdən nəsə ciddi bir şey olar… Şüyütü doğrayarkən əlini kəsdiyindən öz daxilindən ayrıldı. Yaşıl rəng qırmızı ilə boyanmışdı. Əlini bağlayaraq yeməyə nə tökəcəyini fikirləşdi. Otaqdan uşaqların səsi gəlirdi, dalaşırdılar, deyəsən.
-Aylin nə olub, niyə qışqırırsan? Özündən asılı olmayaraq uşaqların üzərinə getdi
-Ana, Adil oyuncağımı götürüb vermir.
Adilin əlindən sərt şəkildə oyuncağı alıb yerə atdı.
-Sənin yaratdığın problem azdır, bir də başıma oyun açırsan?

Adil ağlamağa başladı. Lalə qarşıdakı divanda oturaraq oğluna baxdı. Onların sifətlərinin digər uşaqlardan daha məsum oluğunun qənaətinə gəldi və səhv etdiyini anladı. Yaxınlaşaraq Adili qucaqladı. “Amir, hardasan sən, sənsiz mənə çətindir axı. Nə gəlib başına, bəlkə problemlərdən qaçmısan ? Bizim yükümzü tək başına daşımağın ağır olduğunu anlayıram, of, məni qoymadılar ki, ali təhsil alım, ikimizdə işləyib birlikdə problemlərin öhdəsindən gələrdik. Daş karxanasında bizim üçün canını satışa qoyursan, bezmiş olsan, inan anlayaram, sadəcə xəbərimiz olsun. Uzaqlaş, təki başına başqa iş gəlməsin. Bir müddət də gözləyim, sonra qardaşıma deyərəm, onun iş yerinə baş çəkər.”

Həyət darvazasının döyülməsi onu fikrindən ayırdı. Adili yerə qoyub qapıya doğru getdi. Adil artıq sakitləşmişdi. Gözünü silməyə çalışarkən əli ilə üzünü islatdı. Lalə həyətdən qayıtdıqdan sonra üzü üstə divanda uzanaraq başını yastığa sıxdı. Səsini uşaqlarının eşitməsini istəmirdi. Nəfəsi çətinliklə gedib gəlirdi.

İki gün sonra hər üçünün analiz cavabları gəlmişdi. Lalə cavabları cırıb zibil qabına atdı. Uşaqlarının üzündən öpdü. Cavablar mənfi çıxmışdı. Ən çox uşaqlara görə sevinirdi. Amma özünə görə sevinə bilmirdi. Sanki Amirə xəyanət etmiş kimi hiss edirdi. Bu barədə heç kimə deməmək qərarına gəldi. Amirə güvənirdi. Möhkəm biri idi, bu mərhələni keçəcəyinə əmin idi. Sadəcə bir müddət təkliyə və sakitliyə ehtiyacı olduğunu düşünürdü. “Uşaqlarına söz vermişdi, o yeni ildə mütləq evinə gələcək”

Başının altına köhnə çantasını qoyub yuxuya getməyə çalışırdı. Yeni ilin gəlişinə çox az qalmışdı. Əməliyyatdan sonra Amir çantasını götürmək üçün daş karxanasına getmişdi. Həm də sirdaş bildiyi insanların gözlərinə baxmağa ehtiyac duyurdu. Xəstəxanada olarkən görüşə heç kim gəlməmişdi. Hansı xəstəliyə yoluxduğunu onlara demək istəyirdi, lakin içində həm Vüsala həm də digərlərinə qarşı bir nifrət yaranmışdı. Qoy tanrı seçimini özü aparsın, mən kiməm ki, müdaxilə edim. Bu fikirlərlə daş karxanasından uzaqlaşmışdı. Telefonunu söndürmüşdü, bir müddət hər kəsdən uzaq olmağı düşünürdü. Sonrakı həyatı barədə və ya sonranın olmayacağı barədə bir qərar verməli idi. “Maddi cəhətdən məndən asılı olan ailəm, 6 ay yük qaldırmaq qadağası və ölümcül xəstəliyim var. Mən ölsəm ailəm təkcə təqaüdlə dolanmalı olacaq, sağ qalsam, onlara yük olasıyam. Karxanada yığdığım pul qurtarmaq üzrədir. Hər şeyi bir sonluğa gətirmək lazımdır. Axı uşaqlarımdan ötrü darıxıram, onlarsız necə yaşayım?”. Əli ilə yaşarmış gözünü sildi. “Onlarıda xəstəliyə yoluxdura bilərəm”. Amir beynində böyük bir otaq yaratmışdı. Daxilində müxtəlif mövqeləri müdafiə edən bir neçə nəfər mübarizə aparırdı. Birdən maşın səsləri gəldi. Amirin olduğu əraziyə yaxın bir yerdə dayandılar. Artıq nə qədər müddətdir ki, Amir dəmir yolu xəttinə yaxın, sökülmüş, bir mərtəbəli binada qalırdı. Binanın ətrafı isə ağaclarla əhatələnmiş və yaşayış yerlərindən uzaqda idi. Danışıq səsləri gəldi. Ucadan söyüşlə danışırdılar. Amirə maraqlı gəldi. Səs gələn tərəfə yaxınlaşıb, ağacın arxasında gizlənərək müşahidə apardı. İki maşının ətrafında üç insan mübahisə edirdi. Birdən atəş açıldı və bir nəfər yerə yıxıldı. Aralarında mübahisə etməyə başlayan digər iki nəfər təşviş içində sağa-sola baxırdılar. Atəş açmaq planlarında olmadığı hiss olunurdu. Lakin sonra maşına əyləşib oradan uzaqlaşdılar. Amir bir müddət gözlədikdən sonra maşının yanına yaxınlaşdı. Cavan oğlan qan içində yerdə uzanmışdı. Yaşadığını yoxlamaq üçün qulağını sinəsinə yaxınlaşdırıb ürək döyüntülərini dinləməyə çalışdı, lakin səs gəlmirdi. Bilmədi nə etsin, telefonla təcili yardıma ya polisə zəng etmək istədi, lakin sonra telefonunun enerjisinin olmadığını xatırladı. Yardım üçün insanları çağırmaq qərarına gəldi, lakin bir az uzaqlaşdıqdan sonra geri qayıtdı. Hər şeyi olduğu kimi qoyaraq sökülmüş binaya qayıtdı. Birdən yarı yolda dayanaraq yenidən maşının yanına gəldi.

Astaca pəncərəni araladı. Hansı pəncərəni çöldən aça biləcəyini bilirdi. Ayın otuzu, axşam qaranlığın lap qara vaxtları idi. Yeni il ağacını səssiz şəkildə pənəcərədən keçirib evin ortasına qoydu. Yaşıl dovşanı və qırmızı rəngli koftanı stolun üzərinə qoyub gəldiyi səssizliklə oradan uzaqlaşdı. Gecəni rayon mərkəzindəki otellərin birində keçirdi, səhər oyanan kimi şəhərə çıxaraq geyim və lazımı aksesuarları aldı. Yenidən otelə qayıdıb, havanın bir az qaralmağını gözlədi, sonra isə oteldən çıxdı.

Adil əlində dovşanla oynayır onunla sanki danışmağa çalışırdı, Aylin isə anası ilə yeni il ağacını bəzəyirdi. Lalə hədiyyələrin kim tərəfindən alındığını anlamışdı. Əynində qırmızı kofta gah yeni il ağacını bəzəyir, gah mətbəxə qaçır, gah da evi səliqəyə salmağa çalışırdı. O, bilirdiki yeni il gecəsi Amir evə gələcək

Amir kəndçilərinin gözünə görünməmək üçün insanların az olduğu küçələrdən keçməyə çalışırdı. Dəmir yol xəttinin yanındakı evdə qaldığı vaxtlar insanlardan uzaq olmağı öyrənmişdi. Həmin yerdən köçdüyü xeyli vaxt olmuşdu. Hadisənin sabahı günü oranı tərk etmişdi. Geri qayıdaraq etdiyi əmələ görə həbs olunacağından qorxurdu. Dünən dəri pul qabından ödənişi etmək üçün pulu çıxaranda adını bilmədiyi meyitə təşəkkürünü etmişdi.
“ Əlcək daim əlində olsun, uşaqları öpmə, çalış onlara dərinlə toxunma, Laləyə diqqətlə baxma..”.. Qapını bərk döydü. Lalə qaçaraq qapıya gəldi, ürəyi partlayırdı, Amir deyib qucaqlayacaqdı. ..


- Ehheehey .. axşamınız xeyir.. uşaqlar məni gözləyir

- Anlamadım....

- Bələdiyyə işə alıb məni ki, kənddə evləri gəzim, uşaqları əyləndirim, icazə versəniz mən içəri keçərdim. Lalə biixtiyar onu içəri buraxdı. Neçə uşağınız var?

- İki.

Adili qucağına alaraq məsafədən qoxusunu çəkirdi. Adil bir əlində dovşanı tutaraq digər əli ilə onun saqqalını oynadırdı. Amir qucaqlayıb öpmək üçün özünü zorla saxlayırdı. Qızı önündə şeir əzbərləyirdi. Evində hər şey ona doğma idi. Bura üçün necə darıxmışdı. Balacalar onu gördükdə necə sevinirdilərsə, Amirdə bu evdə və ailəsinin əhatəsində olmağına elə sevinirdi. Adilə baxaraq qırmızı əlcəyi ilə hər kəsdən gizlətməyə çalışdığı göz yaşını sildi. Adil dünyaya gələndə onun daun sindromlu olacağını həkimlər əvvəlcədən demişdilər. Amir oğlunun bu xəstəliklə anadan olmasını istəmirdi, həkimlərdən müdaxilə etmələrini xahiş etmişdi. Lakin Lələ onun bu qərarına mane olmuşdu. ” Lalə necə haqlı qərar vermişdi. Hə mənim balacam, sən atanın hər şeyisən, sən ailəmizin gülərüzlü pandasısan.“ Lalə əks tərəfdə oturaraq şaxta babanın hərəkətlərinə diqqətlə baxırdı. Qızı şeirini bitirdikdən sonra Amir torbadan oyuncağı çıxardaraq ona hədiyyə vermək istədi. Lakin torbadan çıxan top yuvarlanaraq Lalənin ayağının altında dayandı. Lalə ayağa qalxaraq topu yerdən götürüb Amirə verdi. Başını qaldıran Amir, ona tuşlanmış baxışlardan gözlərini gizlədə bilmədi. Sevən insanlar bir-birinin gözlərindən tanıyar, deyərlər. Hər şey deyildiyi kimi baş vermişdi. Baxışlar bir-birinə doğru çəkilən maqnitlər kimi uzaqlaşa bilmirdilər. Maqnit sahəsinin ortasında həyatlarının ən yaxşı anları canlanırdı. Amir gözlərini çəkdi, gələrkən verdiyi sözü pozmaq istəmirdi. Topu qızına verdi. Qızı gülümsəyərkən Amirə öz anasını xatırlatdı. Əməlli başlı kövrəlmişdi. -“özünü ələ al .. sən bu insanlara yük ola bilməzsən, qoy ya səni ölmüş, ya da itmiş bilsinlər”. Balacalarla sağollaşıb ayağa qalxdı. Otaqdan çıxıb həyət darvazasına doğru yaxınlaşdı. Amir arxadan gələn səsə qarşı çıxa bilməyib ayaq saxladı.


- Amir hara gedirsən, niyə belə edirsən axı. Xəbərim var sənin xəstəliyindən. Gəl birlikdə qalib gələk, gəlməsək belə, bizim sənə ehtiyacımız var. Özünü niyə bizim üçün əsirgəyirsən? Düz eləmədiyinin fərqindəsən?.. ailə qurduqdan sonra özünü uşaqlardan, məndən uzaqlaşdırmağa nə haqqın var?.. heç yerə getmə. Qal !”..

- Mən sizə yük ola bilmərəm, ya da sizi təhlükə altına ata bilmərəm .. məni yox bil..

Yanvarın ilk günü idi, kitab əlində, Bakının insanlardan azad olan parklarından birində əyləşmişdi. Maşından oğurladığı pullar tükənmək üzrə idi. Kitabda oxuduğu cümləyə təkrar qayıtdı “Həyat səni məğlub etmək üçün gözləmidiyin anda sağalmaz görünən zərbələr endirəcək, sonra yaralarının üstünü tale və qismətlə bağlayıb ağrısını səngitməyə çalışacaq. Yarandakı sarğını at, ağrısını hiss et, ağrını nə qədər güclü hiss etsən, onu o qədər güc və həvəslə sağaltmağa çalışacaqsan. Taleyinlə barışmaq istəmirsənsə, ayağa qalx və ucadan qışqır.. öz taleyimi mən özüm təyin edirəm.....” Yan oturacaqda yatan yaşlı kişi yuxudan oyanaraq ona tərs şəkildə baxdıqda son sözləri yüksək səslə qışqırdığının fərqinə vardı. “Mübarizə apararaq bilinən ölümün vaxtini dəyişəcəm”. Ayağa qalxaraq əvvəllər buralarda olarkən işıq dirəyində rastlaşdığı elana yaxınlaşdı.


- Şaxta baba formam var, deməli bu iş hələki mənə uyğundur. Sonrasına isə baxarıq- deyə düşündü.

Tikiş sexinin rəisinə yaxınlaşaraq ondan icazə almaq istədi. 3 ay olardı ki, tikiş sexinə işə düzəlmişdi. Burada özünü rahat hiss edirdi, istehsal etdiyi məhsula toxunsa belə, bunun digər insanlar üçün təhlükəsiz olduğunu bilirdi. İnsanlarla təmasını qorumağa çalışırdı. İki gün əvvəl bir qərara gəlmişdi. QİÇS analizini yenidən vermək istəyirdi. İçində özünündə səbəbini bilmədiyi bir sevinc vardı. Bəlkə də, bu sevincdən dolayı yaydığı xoş enerji sayəsində müdiri gülümsəyərək onu bugünlük evə buraxdı.

- Həkim qəbulundan sonra işə gəlməyə bilərsən.

Analizin cavabını götürdükdə cavabları görə bilməsin deyə, kağızı qatlayaraq cibinə qoydu. Sonra həyətdəki oturacaqda əyləşib siqaret yandırdı. Tüstünü bacardığı qədər içinə çəkdi. Cibindəki kağızı əlinə aldı. Ortaya bütün varını qoymuş insanların kartı asta-asta aralayaraq baxdıqları kimi kağızı sıxaraq vərəqin bir hissəsini digər hissənin üzərindən sürüşdürdü .....Cavab mənfi idi. Həyatının ən sevdiyi mənfisi idi. Tüstünü kağızın üzərinə üfürdü. Siqareti yerə ataraq üzünü göyə tutdu. Tanrısı onunla zarafat etmişdi, onu oyatmaq və yaşamaq sevgisini artırmaq üçün. Gülümsədi... bir daha onun sevgisinə şübhə etməyəcəyini özündə qət etdi. Uzun ayrılıqdan sonra ailəsinin yanına qayıdacaqdı.. bu həyatının ən möhtəşəm geri dönüşü idi...

Hadisə baş vermiş əraziyə yaxın polis bölməsinə barmaq izlərinin cavabları gəlmişdi. Müstəntiq cavablara baxdıqda bir neçə adamın adının olduğunu gördü. Siyahının sonunda Əhmədov Amir Əhliman oğlu yazılmışdı.

# 3052 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #