Müharibə qurtardı – Nərmin Kamaldan yeni hekayə

Müharibə qurtardı – Nərmin Kamaldan yeni hekayə
7 iyun 2021
# 12:01

Payızın axırları, gənclər döyüşdən analarının, atalarının yanına qayıdan gün Teymur da qayıdırdı, amma başqa bir davadan. Arvadıyla illərin müharibəsi, dava-dalaşı nəhayət, sona çatmışdı. Əsgərlər necə yorğun qayıdırlarsa, o da elə qayıdırdı.

Hövsanda susuz iki valerian atıb anasıgilə gedən avtobusa mindi. Ən arxa oturacağa çəkilib pəncərədə bir-birini əvəz edən gen düzənlərə baxmağa başladı. Xoş bir yel başını sığallayıb bir az ovutdu, ancaq bu kiçik rahatlıq çox çəkmədi. Ukrayna dairəsinə çatmağa az qalmış sürücü sükan arxasından qalxıb camaatı avtobusdan düşürdü. Teymur sağına-soluna boylandı:

- Nə olub?

- Nə olacaq, yollar bağlıdı. Camaat balasını qarşılamağa çıxıb. - əlində təsbeh oynadan bir kişi dedi.

Teymur bir addım geri çəkildi:

- Yollar bağlıdı?!

Nə talesiz gün. Arvadıyla son dava bu gün yox, dünən olsaydı, o, artıq anasıgilə çatmışdı, üç-beş öyün yemişdi, bacılarının sorğu-sualına cavab vermişdi, çimmişdi, anası dörd otaqdan birini ona ayırmışdı, indi həmin otaqda uzanıb dincəlirdi. Amma arvadıyla sondava dünənə yox, bu günə, qələbə gününə təsadüf etmişdi. Bəxtsizlik, elə bil kimsə qəsdən günü günün üstünə salıb. Köhnə Günəşliyə piyada getməkdən başqa çarə yoxdur.

Teymur fikirli-fikirli yola üz qoymuşdu ki, bu dəfə də insan dənizinin ortasına düşdü. “Ura! Yaşasın!” çığırmağa yollanan qızğın yeniyetmələr, əsgərlərin qohumları, yaxınları, qəhrəmanlara baxmağa gedən yoldan keçən yad kişilər, qadınlar. Bir-birinin ardınca gəlib bağlı yolda dayanan avtobusların da hərəsindən bir müharibəlik adam düşürdü. Hər ağızdan bir səs çıxır, bir dəstə dayanır, bir dəstə gedirdi. Həyəcanlı camaat qışın ortasında bivaxt yuxudan ayılmış böyük ac ayı kimi çaşqınlıq içində ləngər vururdu. Teymur əl-qol atdı, amma adamlar arasından cığır açıb çıxmaq mümkün olmadı.

***

Əsgərlər çox deyil, yeddi-səkkiz nəfər idi. Hərbi mundirdə olmasalar da, o dəqiqə seçilirdilər. Çiyinlərindəki bez çanta, şax duruşları, gənc üz-gözlərində vaxtından əvvəl qazanılmış məmnunluq və müdriklik işartıları əsgərləri nişan verirdi. Müharibə və qələbə onları şərabdan betər sərxoş etmişdi. Uzanan əllərə əl verirdilər. Var olun. Fəxrimizsiz. Sağ olun.

Bayraqlar və gül dəstələriylə əsgərləri qarşılamağa çıxan məktəb uşaqlarından ikisi, qulaqları fincan qulplarına bənzəyən balaca oğlanla qız Teymuru da əsgər sanıb qucağına gül dəstəsi və bayraq verdi. Uşaqlar çox da haqsız deyildilər. Teymur da bu əsgərlər kimi cavandı, onun da kürəyində bez çanta vardı, çantasında pal-paltarı. Hər şeyini yığıb çıxmışdı. Bircə paltosu qalmışdı, onu da dərhal aşağıdan qızını eyvana səsləyib dedi:

“Ata qurban, paltom qaldı.”

“Ana, paltosu qaldı.”

Elə bil uşaq deyil, heç atasının dalınca ağlamadı, uşaqlar kimi “Getmə, ata, atacan!” çığırıb özünü yerə atmadı, “Ana, qoyma getsin, siz ayrılsanız, evdən qaçaram, özümü öldürərəm” deyib yalandan da olsa hədə-qorxu gəlmədi. Dayça kimi sakitcə durdu bir kənarda, atasının ilxıdan ayrılmasına at gözləriylə tamaşa etdi. Teymur gözlədi, paltosu eyvandan qara qağayı kimi uça-uça gəlib yerə qondu. Bununla da döyüş meydanında heç nəyi qalmadı. Heç bir şeyi. Bu əsgərlər kimi diş fırçası da kürəyindəki çantadaydı.

- Əziz oğullar, əziz balalarımız, vətən müharibəsi başa çatdı! – enli qalstuklu bir kişi əsgərlərə üz tutub sözə başladı. - Siz qəhrəmancasına ağır döyüşlərə tab gətirərək, alnıaçıq, üzüağ, bu haqlı davanı ləyaqətlə başa vurdunuz.

- Başa vurdum, - Teymur ürəyində dedi.

- Həyatınızın, ömrünüzün, gəncliyinizin dəyərli günlərini gələcək nəsil naminə qurban verdiniz.

- Qurban verdim.

- Böyük şücaət göstərdiniz. Çox böyük şücaət. Çətin sınaqlara iradə, güclü ruh sayəsində tab gətirdiniz.

- Tab gətirdim.

- Neçə-neçə qanlı döyüşlər oldu.

- Gah onu vurdum, burnundan qan açıldı, gah özümü doğradım, qollarımdan qan getdi.

- Bu yol asan yol deyil. Biz bu yolda çox şəhidlər vermişik. Kişilər də ölüb, qadınlar da, uşaqlar da. Allah onlara rəhmət eləsin.

- Bizdə qadın, uşaq ölməsin deyə, özüm evdən çıxdım.

- Bundan o yana yol yox idi. Bıçaq sümüyə dirənmişdi.

- Bıçaq tapmırdım çörək doğramağa. Uşaq bütün bıçaqları, qayçıları gizlətmişdi.

- Nə qədər dözmək olar? Nə qədər?! Daha bəsdir!

- Bəsdir.

- Atəş açırlar, cavab ver, yenə pozurlar atəşkəsi, cavab atəşi aç. Az qala hər həftə. Gözlənilməz vaxtda, gözlənilməz yerdə.

- İt-pişik həyatı, heç nə.

- Neçə il belə keçdi. Səbirli olduq, yetər. Axırda özümüzdə güc tapıb son qoyduq bu zillətə, bu dözülməz vəziyyətə. Siz qəhrəman olduğunuzu sübut etdiniz. Allah qazilərimizə, yerdə qalanlarımıza can sağlığı versin. Sizinlə biz hamımız fəxr edirik. Siz ikinci həyatınızı qazandınız. Bundan sonra ağrılı-acılı günləri unuda bilərsiniz.

- Necə? - Teymurun gözündə yaş parladı. Kütlə natiqi alqışladı.

- Qorxusuz, azad, bəxtiyar yaşaya bilərsiniz. Yaşasın Azərbaycan! Yaşasın uşaqlar!

- Yaşasın!

Xalq öz oğullarını çiyinlərinə aldı. Teymur da onların oğluydu, onu da çiyinləri üzərinə qaldırdılar. Atıb-tutdular onları. Ayaqları bir də Köhnə Günəşlidə yerə dəydi.

Ah, bu anaların tək özləri yox, yaşadıqları yer də möcüzədir.

***

Ana qapını açanda “Tima!” dedi. Əsgər anası tək onun boynuna sarıldı. Dəhlizin parlaq döşəməsində günbatan vaxtın son şüalarının əksi vardı. Teymur əsgər cəldliyiylə ayaqqabılarını çıxardı, çantasından azad oldu, əl-üzünə su vurdu. Anası ona suallar yağdıran bacılarına acıqlandı.

Mətbəxdə dairəvi masanın üzərində krujevalı süfrə, güllü üzlüklü divan həmişəki kimiydi, soyuducunun üstündə dodaq-dodağa vermiş maqnitli qız və oğlan kuklalarsa təzəydi. Qabağına qoyulan yeməyi iştahla yedi, üstündən kiselini içdi, bir əsgər kimi bundan artığını istəmədi. Anası balaca otaqdan artıq əşyaları çıxarmağa gedəndə böyük bacısı onu acılamağa fürsət tapdı:

- Bəs dəli-divanəydiz?! “Sevirəm”, “sevirəm”! Mən deyəndə hələ bir az gözlə, xoşuna gəlmirdi, nooldu?!

Bir təkadamlıq çarpayı, bir dolab, bir kiçik masa qaldı balaca otaqda. Anası yatağa təzə mələfə saldı, təzə yastıq, yorğan qoydu. Teymur ömrünün yerdə qalan gecələrini keçirəcəyi dəmir çarpayıda oturdu. Kiçik bacısı pəncərənin şüşəsindən çəhrayı çərçivəli güzgünü qopardı. Otaq bir zabit otağı tək hazır oldu. Dörd addım o yana, dörd addım bu yana.

# 6540 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #