Messisiz, Ronaldosuz "El-klassiko", kafedə işləyən qız və mənim məyusluğum

Vüqar Babazadə, gənc yazar

Vüqar Babazadə, gənc yazar

25 oktyabr 2021
# 10:30

“Dünyaya ikinci dəfə gəlsəydim və seçim etmək şansım olsaydı, düşünmədən futbolçuluğu seçərdim".

Albert Kamyu

Dünən növbəti "El-klassiko" baş tutdu. İlk dəfə idi ki, Messisiz, Ronaldosuz El-klassikoya baxırdım.

Həmişə futbol cameəsi üçün dəyərli oyunları camaatla bir yerdə, kafedə, çayxanada, pubda baxıram. Başqa insanlarla eyni dəyərləri bölüşmək, eyni epizodlara sevinmək, kədərlənmək, əsəbiləşmək, atmosferi hiss etmək, kütlə ilə birlikdə xaosu içdən yaşamaq mənə xüsusi zövq verir. Xatırlayıram ki, məktəb dövrlərində El-klassikolar çox vaxt 23:45-də, yaxud 00:00 da olurdu. Həmin vaxtlar, gün ərzində anama nə qədər yalvarırdımsa, heç cür o vaxta qədər oyaq qalıb, oyuna baxmağa icazə vermirdi...

Ömrümdə bu cür mənasız El-klassiko izləməmişdim. Bu, artıq klassik yox, post-klassik futbol mərhələsinin gəldiyinin əyani sübutu idi.

Çox uzağa getməyək, götürək bir-iki il əvvəlin El-klassikolarını. Onda hələ də həyəcan, münaqişə, kəllə-kəlləyə gələn, öz mövqeyinin ən yaxşıları vardı. Siz fikirləşin ki, bu El-klassikoda dava düşmədi. Əlbəttə, mən normal və humanist bir insan olaraq, şiddətə qarşıyam. Amma bir halda ki, El-klassikoda dava düşmür, oyunçular bir-birinə nifrət etmir, qəzəblənmir, o halda mübarizə, əzmkarlıq və qələbə istəyi də sönük olur. Adam maraqdan düşür. Bu hal məni olduqca məyus etdi. Nə Barselona, nə Real Madrid əvvəlki gücünə, əvvəlki texnikasına sahibdir.

Barcelonada "köhnələrdən" üç-dörd oyunçu – Busqets, Pike, Alba – qalıb. Əvvəlki tiki-takalardan, dirblinqlərdən, texnikadan əsər-əlamət qalmayıb. Əlbəttə, bunun bir gün olacağı gözlənilirdi, Messi daimi deyildi. Necə ki, Xavi, İniesta, Ronaldinyo kimi. Amma bu cür hazırlıqsız, əlacsız şəkildə yaxalanması rəhbərliyin və məşqçinin günahıdır.

Hər bir oyunçunu ayrı-ayrı analiz edib, şərh eləmək istəmirəm. Barselona bu cür bərbad oyunu həmişə olduğu kimi komanda şəklində oynayıb.

“Kral klubu” isə nisbətən daha yaxşı oynadı. Nəbinin sözü olmasın, kişinin qoluna da qandalı gərək kişi vura. Viniçius belə davam eləsə – iraq PSJ-nin şeyxlərinin gözündən – Ronaldonun yeri, demək olar ki, görünməyəcək. Dünənki matçda oyunu sürətləndirən, rəng qatan bir-iki oyunçu vardısa, biri Viniçius idi. Əlbəttə, Modriç, Alaba, Vasqes, Benzema və digər oyunçuları da qeyd etmək lazımdır. Real ikinci hissədə daha gözəl oynadı. Hiss olunur ki, hələ də onlar əks-hücumda çox təhlükəlidirlər. Ançelottini təbrik etmək gərəkdir. Reala bircə Mpabbe lazımdır. Ondan sonra gəl dur qabağında, görüm necə durursan?

Bu abzasda zəruri haşiyəyə çıxmaq istəyirəm. Çayxana düz restoranın yanında yerləşirdi. İlk hissə bitəndən sonra, birdən zurna-davul səsi gəlməyə başladı. Gəlinlə-bəy restorana daxil olurdular. Səsi eşidən çayxanada işləyən qız (bu qızlara ölkəmizdə "yaxşı qız" kimi baxmırlar) tez çölə çıxıb beş-altı dəqiqə həsrətlə və qəmli-qəmli bəylə gəlinin içəri girməsinə baxdı. Bu mənzərə məni hər şeydən çox kədərləndirdi. Kafkanın təbirincə desək, dünya həssas qəlblər üçün cəhənnəmdir.

Mən bəzən əsəblərimi sakitləşdirmək üçün, Barselonanın 2012/13, sezonun hər hansı bir oyunun izləyirəm. Tiki-takalar, driblinqlər, boş ərazilərdə oyunçu hərəkətləri, paslaşmalar, qollar, qapıçı seyvləri, müdafiə xəttinin tandemi, hava pasları, ara pasları, cərimə zərbələri, azərkeşlərin atmosferi, stadion aurası, bir sözlə, hər şeyi insana terapiya kimi gəlir. Hər şey o qədər müəkəmməl icra olunur ki, adam baxdıqca baxmaq istəyir. Doyunca xəyallara dalıb o illər üçün darıxmaq istəyirsən. Göy, qırmızı, göy formanı, üstündə kursivlə "Qatar Foundation" yazılan formalar, Messinin ən yaraşıqlı olduğu vaxtlar filan, bir çox futbol azərkeşi üçün məncə kövrəldici məqamlardır. Təkcə o illərdə Barca yox, hər şey gözəl idi. Adam o hər şey üçün darıxır. Ümumiyyətlə, Ronaldinyolu, Anrili, Xavi-İniestalı, Villalı, Messili, Puyol-Pikeli, Pedrolu - Barselona üçün... O illərdə təkcə Barselona yox, bütün klublar əsl futbol oynayırdılar. Yunayted, Real, Arsenal, Liverpul, Atletiko, Çelsi, Ayaks, Qalatasaray, İnter, Milan, Yuve – say-say bitməz.

Bu yazıya lirik notlar əlavə etmək istəmirəm, amma bu cür məğlubiyyət köhnə bir Barselona azarkeşi olaraq mənə çox pis təsir etdi. Yan stollardan çırpılan domino daşlarının küt səsi, nərd zərlərinin qeyri-müəyyən yolla cızdığı traektoriya, restoranın toy mahnıları sədaları altında Barselonanın açıq-aşkar zəif oyunu və hesabda məğlubiyyəti mənə bir-iki gün təsirində qalacağım məhzun və dəruni hisslər yaşatdı...

# 7005 dəfə oxunub

Oxşar xəbərlər

# # #