Meqabaytın varsa, atmosferə uyğun mahnı qoy - Naiq Babayev

Naiq Babayev

Naiq Babayev

12 dekabr 2021
# 16:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Naiq Babayevin “Meqabaytın varsa, atmosferə uyğun mahnı qoy” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


Çoxdandır ayağıma velosiped döyməsi vurdurmaq istəyirdim. Sevgilim borc verdi, özü də bir başqasından almışdı.

Borcumu qaytarmaq üçün mərkəzdəki “götür apar” kafelərdən birində iş tapdım. Kafe təkcə götürüb aparmaq xidməti göstərmirdi. Yəni, mən təkcə bu xidməti göstərmirdim. İçəridə beş masa var idi. Günortaya yaxın daimi müştərilər masaları doldurmağa başlayırdılar və bağlanana qədər kafedə boş yer tapmaq mümkün olmurdu.

Kafe təmiz və gün işığıyla aydınlanan bir yer idi. Yeni təmir olunduğu kimi, bütün əşyaları da təp-təzəydi. Açıq səma rəngindəki divarlara işıq dirəkləri sabit, ağac budaqları hərəkətli kölgələr salırdı. Fıstıq ağacından hazırlanmış stullara və ağappaq masalara tavandan lyistur əvəzi təbii çiçəklər sallanırdı. İşlərimdən biri də onları sulamaq idi. Kafenin sahibi olan Sahilin yoldaşına bitkilərdən baş açmadığımı desəm də, məhəl qoymamışdı. Mən də baristalıq kimi botanistliyi də “youtube”dan öyrəndim.

Sahillə yoldaşı rahatladıcı bir kafeləri olsun istəyirdilər. Müştərilər təkcə kofelərini içib söhbət etmək üçün gəlməsinlər, stresdən uzaqlaşsınlar. Rənglər və bitkilər kimi musiqi də buna xidmət edirdi. Sahil kefi istəyən musiqini dəyişdirə bilməsin deyə kolonkaya birbaş kart taxmışdı. Audiojacki bağlamışdı. Yoldaşının belə musiqilərinə qarışmasına imkan verməzdi.

Hər gün onun pleylistini dinləyirdim. Robert Maksveldən “Spectacular harps”, Kokorokodan “Abusey Junction”, Hugh Lauriedən “Let them talk” və bunlara bənzəyən onlarla sakitləşdirici musiqi bu playlistdə toplanmışdı. Musiqilər günortalar dibi görünən dənizə baxırmış, axşamlar rəngli işıqlarla aydınlanmış küçədə gəzirmiş kimi hiss etdirirdi.

Pleylistiylə öyünərdi; menyu lövhəsinə musiqilərin adını yazmışdı. Xətti səliqəli adamları sevirəm, xüsusilə belə zövqü varsa.

Bir gün yoldaşıyla deyil, tək gələndə musiqiləri hardan tapdığını soruşdum.

Başını yana çevirib işarət barmağıyla qulağının içini göstərdi. Qulaq keçəcəyindəki çıxıntı dairə vurub dayanmır, burulğan şəklində içə girirdi.

– Başqa necə açıqlaya bilərəm heç özüm də bilmirəm, – dedi. Ayağını ayağının üstünə aşırıb mətbəx istiqamətində oturdu.

Həftələr keçir, havalar gah isinir, gah sərinləyir, yay və yay tətilim sona çatırdı. Pleylist isə dəyişmirdi. Musiqilər yuxumu gətirirdi. Elə bilirdim ki, hər an keçi saqqallı bir şair fon musiqisi kimi istifadə edərək şeir deyəcək, yuxum qaçacaq. Sahilə dedim ki:

– Sahil, musiqilər artıq yorur. Bəlkə dəyişək?

Dizi üstə aşırdığı ayağını endirib yanıma gəldi.

– Şikayət edən olub?

– Mənim yuxumu gətirir. Anlayarsan, hər gün, gündə səkkiz saat sakitləşdirici musiqi insanı sakitləşdirmir.

– Arzu, kafenin atmosferini pozmaq istəmirəm. Bilirsən, bura aydınlıq bir yerdi.

Mənə baxıb güldü. Gülüşündən xoşum gəlmədi. İlk dəfə onda hiss elədim ki, baldırımdakı velosiped döyməsinə baxır. Düşüncə öz davamını gətirdi; Yəqin ki, həmişə baxırmış. Niyə mətbəx istiqamətində oturduğu da aydın oldu.

Bir şeyi deməliyəm ki, Sahil kimi xüsusi zövqüm olmasa da musiqiylə yaşayan biriyəm. Demək olar hər növ musiqi dinləyirdim, amma Sahillə danışandan sonra təkcə rock və postrock dinləməyə başladım. Bunlar da hərəkətli, səs-küylü mahnılar deyildi. Porcupine Tree-nin “Fadeaway”i kimi, yalnızlığımı üzə vuran, eyni zamanda dünyanı daha da gözəlləşdirən mahnılar dinləyirdim.

Kafedəki mahnılar yuxumu gətirməyib, zəhləmi tökəndə tapa bildiyim ən kiçik bluetooth qulaqlığı aldım. Müştərilər onları eşitməyəndə, sakitliklərini pozana qədər taxdım. Həmin iki gün boyunca kafenin səma rəngində divarları, ağ, bej əşyaları belə gözümə xoş - alatoran göründü. Axşamtərəfi kafe gün işığından fərqsiz tungsten lampalarla aydınlananda yoldaşıyla Sahil gəldi. Sahil dedi ki:

– Arzu, işdə qulaqlıq taxmasan yaxşı olar.

Yenə baldırımdakı velosiped döyməsinə baxırdı.

İşdən sonra piyada evə gedəndə King Crimson dinlədim. Bu dəfə “Starless”. Bakının gecə səması kimi əvvəl sakitləşdirici, sonra boğucu olan, içimi qaraldan, amma hər saniyəsində zövq verən bir mahnıydı.

Bir neçə gün sonra Marilyn Manson “Sweet dreams” dinləyirdim. Mahnı işdəykən beynimdə səslənirdi. Mahnıyla birlikdə şirin xəyallara dalırdım. Xəyallarımda kafenin divarlarına bütöv, hərəkətsiz kölgə qonur, stulların üstünə qara dəridən üzlük keçirilir, masalar qırmızıya boyanırdı. Kolonkadan çıxan qığılcımlar qurumuş bitkiləri alovlandırırdı. Sahil kafeyə gəlib yanğını söndürmək əvəzi kolonkanı düzəltdi. Kolonkadan sakitləşdirici musiqi səslənəndə burulğanlı qulağını dayayıb sakitləşirdi və mən həmin an meyvə bıçağıyla qulağını musiqidən ayırdım.

Sevgilim beynimdəki musiqini müvəqqəti dayandırdı. Rayondan təzə gəlmişdi. İçəridə yer yox idi, pəncərəyə yaslandı. Mən dondurmanı hazır edəndə imtahanların testlə deyil açıq olacağını xəbər etdi. Əhvalımın dəyişəcəyini gözləyirdi. Dəyişmədi.

– Müdirim gəlsə deyəcək bəlkə söhbət edirik.

– Söhbət edirik də.

– Deyəcək bəlkə iş görmürəm.

Dondurmasının ərimiş yerlərini yalamağından bildim ki, dediklərimi ciddi qəbul etmir.

– İşim var, – dedim, – çıxışda danışarıq.

Bitki suladım, yer sildim, qab yudum, kofe dəmlədim və axşam oldu. Axşam Sahil kafeyə gəldi. Həmişəki yerinə keçib ayağını dizi üstə aşırdı. Fikir verdim ki, hər dəfə başqa formada ayağını aşırır. Həmişə bir formada aşıran etibarlı adamlardan deyil. Buzlu kofe istədi. Başqa bir şey içməzdi. Kofesinə çox sevdiyi “demerara” şəkəri əvəzi adi ağ şəkər qatdım. Kofeni masaya qoyanda təkcə qulağını kəsməyi arzulamadığımı bildim. Həm də gözlərini oymaq istəyirdim.

Evə yeriyəndə Opus Diaboli dinləyirdim. Metal mənlik deyil, amma özümə mane ola bilmirdim. Sevgilim məhlənin girişində gözləyirdi. Yaxınlıqdakı parka getdik. Sevgilim dedi ki, mən aqressivləşmişəm və ətrafımdakıların xətrinə dəyirəm.

– Kimlərin? – dedim.

– Özün fikirləş, tap, – dedi, – elə də çətin olmayacaq.

– Fikirləşərəm.

– Düzünü de, nəsə olub sənə?

– Aqressivləşdiyimin fərqindəyəm. Nə olduğunu dəqiq deyə bilmirəm. Yəqin ki, özümdən asılı olan səsəblər də var. Özümdən asılı olmayan da.

İkimiz də susduq.

Susqunluqla keçən üç, ya dörd dəqiqədə başa düşdüm: mən dediyim özümlə istəklərimi daşıyan özüm eyni deyilik. Sevgilimə də eynisini dedim. Uzun-uzun üzümə baxdı.

– Başa düşürsən nə demək istəyirəm? Heç özüm də bilmirəm düzü. Yəni bu ağlıma gəlib, amma tərəfləri ayırd etmək çətindi.

– Başa düşürəm. Ayrılmaq istəyirsən, – deyib kölgəyə çevrildi.

Kofe aparatının filtrini təmizləyərkən kimlərin xətrinə dəydiyimi düşünürdüm. Divara bərkidilmiş kolonkadan gələn sakitləşdirici musiqilərin səsi qulağımı batırmasa, bəlkə də tapardım. “Ebb Tide” oxunurdu. Eləbil zibil paketi havalanıb kafedə uçuşacaqdı. Paketlər qaçmasın deyə zibil qutusunun qapağını ayağımla örtdüm. Yoxlamağa qorxurdum, deyəsən pedal qırılmışdı.

Ya qulaq kəsməliyəm, ya da işdən çıxmalı, deyə fikirləşdim, qulaq kəsən olmaq istəmirəm. Axşama qədər dözüb istefa verəcəm. Hazır dərslər də başlayır. Ümid edirəm istefa verəndə ayağıma baxmaz.

Sahilin gəlməyini gözləyirdim. Səbrsiz, yəqin ki, həm də aqressiv idim. Hava qaralır, divarlara düşən kölgələr yolu keçirdi. Maşınların farları yanırdı, gəlməyinə az qalmışdı.

Həmişəki yerində baldırım istiqamətdə oturdu. Buzlu kofesini hazırlayırdım. Sahilin içkisi olsa belə, burada hazırlayacağım son içki olduğu üçün xüsusi diqqət göstərirdim. Şəkərini də “demarara” şəkəri etmişdim. Buzları əlavə edib qarışdıranda işıqlar söndü. Burda işləyəndən bəri ilk dəfə idi işıq sönürdü. Musiqi dayanmışdı. Qulaqlarım, ardınca beynim rahatladı.

Kafeni küçə işıqları aydınladırdı. Divarlara əşyaların kölgəsi düşürdü. Müştərilərdən biri telefonunun fənərini yandırdı. Ardınca digərləri. Hər biri bir ulduza bənzəyirdi. Sahil dedi ki:

– Arzu, meqabaytın varsa, atmosferə uyğun mahnı qoy.

Həyəcandan nəfəsim kəsildi. Ona yaxın müştəri və Sahil mənim seçəcəyim mahnını dinləyəcəkdi.

Pleylistlərim arasında gəzişirdim. “Before the beginning” son qərarım oldu. Yeni başlanğıcımdan əvvəlki son musiqi olacaqdı. Divarlara küçə işığıyla birlikdə əllərdə sallanan telefon fənərlərinin işığı düşəcəkdi. Şimal işıqları kimi. Bu atmosferdə buranı tərk edəcəyimə sevinirdim. Ən yüksək səsi verib musiqini açırdım ki, Sahilin dediyi söz yadıma düşdü; meqabaytın varsa demişdi, telefonundan mahnı qoy, yox. Mənim mahnılarımdan qoy, demək istəmişdi. Telefonumu bağladım. Sahilə dedim ki:

– İşdən çıxmaq istəyirəm.

– Niyə?

– Musiqilərin, – dedim, – məni aqressivləşdirir.

– Arzu, payıza bir şey qalmayıb. Atmosferə uyğun yeni playlist yığacam.

– Atmosferim musiqi tələb etmir.

Baldırlarıma deyil gözlərimə baxırdı. Ayağa qalxıb təəssüf ifadə etdiyini bildirmək üçün başını yellədi. Gələcək həyatımda uğurlar arzulayanda gülümsündü. Gülümsəməsindən bildim ki, bu müddət ərzində, heç deyilsə onun xətrinə dəyməmişəm. Bəlkə də heç kəsin xətrinə dəyməmişdim, amma bəzi şeyləri dəqiqləşdirmək üçün zaman lazımdı.

Kiminsə xətrinə dəyib dəymədiyini bilmirsən və dəymisənsə, kim olduğunu bilmirsən. Narahat edici hissdir.


# 829 dəfə oxunub

Oxşar xəbərlər

# # #