Mənim Azərbaycan dilim - Aydın Talıbzadə

Aydın Talıbzadə

Aydın Talıbzadə

18 mart 2025
# 09:00

Kulis.az Aydın Talıbzadənin "Mənim Azərbaycan dilim" essesini təqdim edir.


MƏNİM AZƏRBAYCAN DİLİM, MƏNİM TÜRK DİLİM:
DİLİM – MƏNİM DİNİM, VƏTƏNİM



Bir gün qədim yunan filosofu Ksanf öz köləsi Ezopu, gələcəyin dahi təmsil ustasını, yanına çağırıb ona deyir ki, gedib bazardan Yer üzünün ən yaxşı, ən dadlı yeyəcəklərini alıb gətirsin.
Hekayəti Braziliya dramaturqu Gilyerme de Oliveyra Figeyredunun “Tülkü və üzüm” pyesinə istinadən danışıram və bu əhvalatın ərəb-müsəlman versiyasına toxunmuram: nədən ki, Figeyredu birbaşa yunan mənbələrindən bəhrələnir.
Bəli, nə başınızı ağradım, birazdan Ezop geri dönür, əlində də hisə verilmiş dil. Ksanf xoşhallanır, qonağı ilə dildən dadıb da Ezopa deyir ki, növbəti təamı qonağa təklif etsin. Ezop bu dəfə də dil gətirir süfrəyə. Ksanf soruşanda ki, bəs niyə yenə dil, Ezop sualı bu cür cavablayır: “Mən bazarda dildən yaxşı başqa heç nə tapmadım. Dil bizi birləşdirir. Dilsiz biz heç nə ifadə edə bilmirik. Dil elmin açarıdır, həqiqət və ağlın – silahı. Dilin köməyilə şəhərlər tikilir. Biz dilin köməyilə dərs keçirik, izah eləyirik, sübut eləyirik, inandırırıq, öyüd veririk, dua, nəğmə oxuyuruq; dilimizlə “ana”, “sevgilim” və “tanrı” deyə bilirik. Dilimizlə deyirik “hə”. Dilimizlə əmr edirik ki, döyüşçülər qələbə çalsınlar”.

Ksanf eşitdiklərinə heyran qalır və bu heyranlıq içində də Ezopa tapşırır ki, bu dəfə gedib bazardan Yer üzünün ən pis yeyəcəyini alıb gətirsin. Ezopun gətirdiyi yenə də dil olur. Ksanfın təəccübünü görüb Ezop həməncə öz əməlinin mənasını açmağa başlayır: “Ağam mənim, dünyada dildən pis heç nə yoxdur. Dil bütün fitnə-fəsad, iftira və böhtanların mənbəyi, bütün mübahisələrin anasıdır. Pis şairlər dildən istifadə edib bizi meydanlarda yorurlar; düşünməyi bacarmayan filosoflar dilə sığınırlar. Dil yalan danışır, gizlədir və qorxaqcasına gizlənir, təhrif edir, söyüş söyür, təhqir, qarğış yağdırır, dilənir, qəzəb ifadə edir, qara yaxır, satır, yoldan çıxarır. Bax, buna görə də Yer üzündə ən pis nəsnə dildir”.

Biz azərbaycanlılar da əbəs demirik ki, insan dilinin altında gizlənir. İnsan əgər “dilinin altından çıxmasa”, yəni fikrini bəyan etməsə, onun kimliyi bəlli olmaz. Sokrat da “danış ki, mən səni görüm” cümləsini işlədəndə elə bunu qəsd eləyirdi.
Sevindirici bir faktor: dilin sosio-psixoloji səciyyəsinin təsvirində azərbaycanlılar intellekt baxımından, sən demə, Sokratdan heç də geri qalmayıblar. Bu fakt millətin Mirzə Cəlil, Sabir tərəfindən sözlə çəkilmiş portretilə qəti uyuşmur. Azərbaycan dilində zəngin folklor xəzinəsi yaratmış bir xalqı “danabaş”, “həpənd” kəlmələrilə necə aşağılamaq olardı? Yəqin elə bunun nəticəsidir ki, bu gün kimlərsə Azərbaycan poeziyasına, kimlərsə Azərbaycan dilinə daş atmaq cəhdində bulunurlar. Amma göy üzü daş saxlamır: daş da qayıdıb başa dəyir.

Mən bilmirəm, anlamıram nə üçün, nədən Azərbaycanın bir sıra ziyalıkimiləri, şünaskimiləri türk dilindən qorxur, niyə, hansı məntiqlə onu Azərbaycan dilinə təhlükə sayırlar? Bundan da absurd bir iddia olarmı? Məgər Azərbaycan dili özbək, qazax, qırğız, türkmən və əksər Sibir xalqlarının dilləri kimi türk dilinin qollarından biri olub da Altay-Yenisey dil qrupuna daxil deyilmi? Guya bu ziyalıkimilər, şünaskimilər Azərbaycan dilinin saflığını, təmizliyini qorumağa çalışırlar, halbuki özləri səhər-axşam ədəbiyyatdan, fəlsəfədən, sənətdən danışanda ruscadan faydalanırlar.

Əvvəla onu deyim ki, “təmiz dil” ideyası nonsensdir. Çünki dillər asanlıqla bir-birinə nüfuz edə bilirlər, müxtəlif etnoslar, millətlər, xalqlar kimi... Dil sel kimi axır, qarşısına nə çıxdı ordan-burdan götürüb özüylə aparır, gəlib dənizə çatır, dəniz olur, yavaş-yavaş çalxalanır, dalğalanır, sakitləşir, nələrisə doğmalaşdırıb saxlayır, nələrdənsə imtina edir ta yeni ictimai fırtınalara tuş gələnə qədər.
Dünyanın ən güclü flektiv, ən zəngin dillərindən biri sayılan rus dili bəlkə də mədəniyyət tarixinin ən “çirkli” dillərindən biridir: ona görə ki, burada sözlərin böyük əksəriyyəti hind, monqol, türk, alman, fransız, ingilis, isveç dillərindən alınmadır. Amma buna rəğmən rus dili heç bir hadisə, təzahür və nəsnənin söz ekvivalentinin tapılması, yaradılması və özünküləşdirilməsi prosesində çətinlik yaşamır. Nəsə... burada çox dayanmayım: karvanımı sürüm gedim.

Dil bir parça sümüksüz, dərisiz yumşaq ətdir, fiziki orqandır: funksiyası ağız boşluğunda fırlanıb içməyə, çeynəməyə, udmağa kömək etməkdir. Hərçənd ən önəmlisi bu ki, dil məhz udmaq üçündür, dünyanı, həm birbaşa, həm də məcazi mənada içəri ötürmək, içəri daşımaq üçündür, mədəyə hazırlıq siqnalı göndərmək, bayırı “dadıb” batinə xəbər aparmaq üçündür. İç də öz növbəsində daxildən dilə dırmanıb sözə çevrilir və çölə atılır. Dil iç – çöl marşrutu üzrə çalışan daimi əlaqələndiricidir. Farslarda “del”, türkdilli klassik poeziyada “dil” kimi işlədilən söz isə ürək, qəlb, könül mənalarında anlaşılır. Fantastikdir: türklərin “dil” kəlməsində beynin və ürəyin enerjisi bir araya gəlir. Deməli, söz həmişə ağlın və qəlbin sintezinin zühurudur.

Dil həm də sözlərin saxlanc yerinə, bir növ etnosun söz xəzinəsinə verilən addır və hər vaxt “diridir”. Dil o zaman muzeyləşir, o zaman ölü dilə çevrilir ki, ünsiyyətdə iştirak edə bilmir, söz yaradıcılığı isə sıfra enir. Dil sözlərin xidmətçisidir və maddi dünyanın qeyri-maddi dünyaya transformasiyasının əsas iştirakçısıdır. Beləliklə, dil gerçəkliyi reallığa dönüşdürüb dünyanı güzgüləyən işarələr sistemi kimi özünü tanıtdırır.

Yoxdan var olan səs-söz-işarə insan ünsiyyətini hədəfləyir. Deməli, ünsiyyət, və həmçinin cəmiyyət qeyri-maddi sözün üzərində qurulub. Bizi qeyri-maddi söz və bu sözlərin toplusu olan dil idarə eləyir. Dil toplumda yarpaq kimi bir şeydir: hərçənd hamının üstünü örtə bilir, hamının çətiri ola bilir. Sən varsan və həm də yoxsan: həmişə dilindən aşağıda yaşayırsan. Baxın, bugün xalqları tərəfindən görəvləndirilmiş dünyanın siyasi liderlərindən, istər Trump, Makron olsun, istərsə də Putin, Zelenski, fərq eləməz, hər birinin bir sözü, bir ifadəsi bəs edir ki, insanlıq nüvə silahının istifadəsinə ya bir addım yaxınlaşsın, ya da uzaqlaşsın. Görürsünüzmü, dünyanın, o cümlədən dinlərin, mədəniyyətlərin də taleyi dildən asılıdır. Odur ki, sosial piramidanın zirvəsində dil məskunlaşır. Sosiallaşma dil vasitəsilə gerçəkləşir. Cəmiyyət, siyasət, hər şeydən öncə dildir, danışıqlardır, ünsiyyət sistemidir.

Biz dilimizdə yaşayırıq: insan təbiətdən mədəniyyətə danışa-danışa adlayır. Yaxşı yaşamaq istəyiriksə, dilimiz rahat, sadə, aydın olmalıdır; dilimiz rahat, sadə, aydın olmalıdır ki, rahat, sadə, aydın qanunlar yazaq; rahat, sadə, aydın qanunlar yazaq ki, aldatmaq ehtimalı minimuma ensin. Yalnız o zaman biz bir-birimizi anlaya bilərik və dünyanı öz dilimizdə anlada bilərik.

Dünyada hər şey köhnəlməyə məhkum: əşyalar da, oyuncaqlar da, dillər də, insanlar da asanca köhnə ola bilir. Nə ki köhnəlir, onu ya tullayırlar, ya da əzizləyib arxivə, muzeyə satırlar. Ancaq qocalmaq hələ köhnəlmək demək deyil. Köhnəlməmək üçün mütəmadi yeniləşmək gərək. Dilin yeniləşməsi də çox mühüm və vacib bir şərt, onu yaşadacaq faktor.
Tarixən elə gətirib, xeyirliyə gətirib ki, Azərbaycanda müxtəlif dillər (türk, ərəb, fars, talış, ləzgi, monqol, rus, udin) bir-birilə toqquşub, bir-birinə “ilişib”, bir-birinə bilyard şarları kimi dəyib ayrılıblar. Busa Azərbaycan türkcəsinin inkişaf prosesinə bir dinamika, dilin yeniləşməsinə, təzə sözlərin meydana gəlib dildə fiksə edilməsinə bir impuls verib, şərait yaradıb.

Di gəl ki, 1920-90-cı illər tarixi məsafəsində Azərbaycan elə bir sosial-ideoloji mərhələ yaşadı ki, dil kirəcləşib qaldı, yalnız ədəbiyyatçıların instrumentinə, söz adamlarının, xüsusilə də şairlərin həzz obyektinə çevrildi, Azərbaycan dili Səməd Vurğunun dilə vurduğu dahiyanə “möhür”lə sanki surquçlandı, Kommunist Partiyasının nomenklaturası tərəfindən mənimsənildi. Digər tərəfdən isə Azərbaycan dili rus sözlərilə “bombalanmağa” başladı. Bu zaman Mirzə İbrahimov, Rəsul Rza başda olmaqla bir sıra ədəbiyyatçılar hər vəchlə çalışdılar ki, Azərbaycan dilinin təmizliyini saxlamaq şərtilə onun sınırlarını, plastika imkanlarını genişləndirsinlər. Hərçənd bu tendensiya milli mədəniyyətdə bir elə də dəstəklənmədi və nəticədə, ədəbi dillə adi danışıq dili arasında müəyyən konfrontasiya meydana gəldi.

Elə ona görə də elmi fikrin, mülahizənin yürüdülməsi, izahatların verilməsi, kargüzarlığın aparılması, ağr və yüngül sənayedə, hətta məişətdə müəyyən məsələlərin icraatı baxımından rus dili daha rahat, daha çevik, daha mobil, daha konkret, daha sərrast, mənasına görə daha adekvat və anlaşıqlı göründü insanlara. Nəhayət, iş o yerə gəlib çatdı ki, azərbaycanlılar daha tez şöhrətlənib tanınsınlar deyə, başladılar rusca düşünüb yazmağa. Hətta məsələ elə bir ifrat həddə gəlib dayandı ki, azərbaycanlı kinorejissor Azərbaycan filmi çəkəndə çəkiliş meydançasında öz aktyorlarına nəyisə anlatmaq üçün rusca danışırdı. Və mən burada onları qınamaq fikrindən işıq ili qədər uzağam. Çünki bizim istər teatr, istər kino rejissorlarımız, istərsə də lap yazıçılarımız, ssenaristlərimiz yalnız Moskva təhsili aldıqdan sonra peşəkarlıq səviyyəsinə çatırdılar və ona görə də peşə terminologiyasından yararlanarkən fikirlərini azərbaycanca aydınlatmaq problemilə üzləşirdilər.

Bax, elə burada biz gəlib dirənirik tərcümə qapılarına. Mən bütün dünya klassikasını, XX əsrin nəsr və poeziyasını rus dilində oxumuşam və həqiqətən, heyrətlənmişəm ki, rusdilli tərcüməçilər necə böyük həssaslıqla bütün proza şedevrlərini öz ana dillərinə çeviriblər: elə çeviriblər ki, onların tərcümələri oxucuda həmişə orijinal təəssüratı oyadır. Ancaq bu da heç o demək deyil ki, biz elmi və bədii ədəbiyyatı rus dilinin vasitəçiliyilə azərbaycancaya tərcümə etməliyik. Azərbaycanda bu iş həmişə axsayıb, yetərincə tənzimlənməyib, xaotik xarakter daşıyıb və xaltura tendensiyasının dominantlığı ilə gerçəkləşib. Bizim tərcüməçilər sözləri dilimizə çevirməklə məşğul olublar: məsələ isə ruhu, məntiqi, mentallığı, düşüncə tərzini dildən dilə transfer etməkdir.

Azərbaycan dili qatılaşmış maye kimidir; pırtlaşıq gur saç kimidir, energetik potensialı böyükdür; di gəl ki, gündəlik danışıq üçün bir az təxminidir, yayqındır: bunun ucbatından elə mütəmadi rus dilindən nəyisə alıb demək məcburiyyətində qalırsan. Odur ki, fikir tez-tez iradəni, eyləmi və əməli ifadə eləməkdə dolaşığa düşür. Ya da bu bizim düşüncəmizin problemindən irəli gəlir: rusca danışsam, sərfəli olar, yoxsa azərbaycanca? Və ya hansı dildə danışsam (yazsam) daha tez qabağa düşərəm? Ya da: rusca (ingiliscə) danışmağı bir təhər öyrənim ki, başqalarından geri qalmayım...

Azərbaycanın müstəqillik dönəmində qazandığımız ən dəyərli nəsnələrdən biri dilimizdir. Mən azad bir ölkənin azad dilini hara gəldi özümlə “aparıram”, özümlə “gəzdirirəm” və bütün dünya mənim özümə də, dilimə də ali bir hörmət içində bulunmalıdır. Bu aydın məsələ. Yəni birgəyaşayışın qanunu budur və bizim dilimiz artıq rus dilinin kölgəsində gizlənmir. Hərçənd mənim müstəqil dilim də Azərbaycan müstəqilliyini danışmağa və yazmağa, onu daşımağa və izah etməyə, onu içində əritməyə, onunla birgə böyüməyə, tənləşməyə qabil olmalıdır, müstəqilliyin epik genişliyinə çıxmalıdır.

Müstəqillik dövrümüzün dili indi tariximizin lokomotividir və mən elə fikirləşirəm ki, heç bir zaman Azərbaycan dili bu son dönəmlərdə olduğu qədər güclü inkişaf prosesi keçməmişdir, bu dərəcədə sərbəst, rahat olmamışdır. Lakin hələ bunlar da dilin ifadə qüdrətinin tam artması üçün kifayət etmir. Neyçün ki, hələ də şəhərdə yol gedə-gedə rusca danışanların, övladlarına rusca əzizləmə nəğmələri oxuyub rusca nağıl söyləyənlərin sayı günbəgün artır. Busa etnomədəni mühitin erroziyasına gətirib çıxaracaq faktordur. Nədəbn ki, etnomədəni mühit avtoxton (aborigen) dilin ətrafında formalaşır.
Odur ki, gərçi dilimizin təəssübünü çəkiriksə, o zaman hamımız azərbaycanca danışıb fikrimizi aydın və rahat ifadə etməyi bacarmalıyıq. Oxşar vəziyyət Pribaltika xalqları üçün də səciyyəvidir. Onlar Avropaya yaxın olsalar da, ingiliscədən bol-bol yararlansalar da, öz dillərinə böyük qayğı ilə yanaşırlar. Halbuki Hind-Avropa dillər dənizində onlar bapbalaca qayıqlar kimidirlər.

Hərçənd elə dillər var ki, və bu inkar edilmir, Seyid Əzim demişkən, “bilməsək, dil əlacımız yoxdur”. Məsələn, ingilis, rus dili. Bu dillərin fonunda istər-istəməz Azərbaycan dilinin imicinə bir kölgə düşür. Çünki dil ehtiyacdır; hansı dilə ehtiyac böyükdürsə, o dil güclüdür. Maraqlısı budur ki, bugün dünyanın hər yerində hətta ən müxtəlif millətlərin nümayəndələri ingiliscə yazmağa başlayıblar. Çünki bilik və mədəniyyət bu dildə istehsal olunur. Buna yetərincə misal çəkmək mümkün. Vallah, mən də ingilis dilini mükəmməl, tutalım, Nabokov kimi bilsəydim, ingiliscə yazardım.

Deməli, həqiqətən, Azərbaycan dilinin sabahı üçün narahat olmağına dəyər və odur ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında” (2012) verilmiş Prezident sərəncamı daim diqqət mərkəzində saxlanılmalıdır; belə ki, ictimai dinləmələr, elmi-ədəbi müzakirələr, siyasi-kulturoloji debatlar üçün bir meydan açır, Azərbaycan dili barəsində daha cəsarətli fikir yürütmək şansını dəfələrlə artırır.
Mən əbəs yerə “cəsarətli” sözünü işlətmədim. Məsələ bu ki, dilimizlə əlaqəli hansısa bir yeniliyi gerçəkləşdirməyə cəhd göstərəndə həməncə ordan-burdan neqativ rəylər eşidirsən: səni dili korlamaqda suçlayırlar; nə var, nə var, sən hansı bir səhifədəsə kiminsə mənasını bilmədiyi, hansısa bir ləhcədən götürüb rəsmiləşdirməyə, dil dövriyyəsində aktivləşdirməyə çalışdığın [tutalım, “şəl”(ağacın yarpaq örtüyü), “muşqu” (mişarın kiçik forması)] bir söz işlətmisən. Ya da bir də görürsən ki, anadolu türkcəsindən alıb işlətdiyin sözlərə qarşı bir təpkilə, acıqla yanaşdılar, mətndə istifadə etdiyin “nəsnə”, “bulmaq”, “yapmaq”, “ilişikli”, “yansıtmaq”, “eyləm”, “törən”, “gələnəksəl” və sair bu kimi sözləri bəyənmədilər. Nədir bu sözlərdə bizi qorxudan? Niyə ana dilimizin sınırlarını genişləndirməyək? “Təht əl-şüur”u təhtəlşüur edib deməyə hazırıq, ancaq “şüuraltı”, “altyapı” deməkdən eymənirik, “anlamadıq” modusuna köklənirik. Hələ mən onu söyləmirəm ki, nədənsə biz Azərbaycan dilinin zənginliyini görükdürən, artıq lüğətlərdə çoxdan fiksə edilmiş işgənə, sulquncuq, posa, çiləkən, urup, cıvata, lığırsa, xərəzi və onlarla bu kimi digər orijinal sözləri dil dövriyyəsinə aktivcəsinə daxil etməmişik, sanki onlardan utanmışıq, onları leksikonumuzdan çıxdaş eləmişik.

Tatarıstanda “Novruz” teatr festivalının açılış törənində olduğum zaman bir xakas səhnədə saza oxşar bir aləti sinəsinə basıb dınqıldadırdı və boğazında “qaynatdığı” qarqar oxumaların həzzini duydururdu bizlərə. Konsertdən sonra mən ona yaxınlaşıb soruşanda ki, “bəs bu alətin adı nədir”, mənə “döşbulur” söylədi. Desəm ki, sözün gözəlliyi məni uşaq kimi yerimdən oynatdı, məni sevindirdi, inanmayacaqsınız. Mənanı, eyləmi nə qədər konkret, dəqiq bildirən və asanca anlaşılan bir ifadə! Fenomenal bir şeydir: türk hərəkəti, eyləmi, əməli, fəaliyyəti sözdə necə aydın göstərib və burada əməl poetikləşib, dönüb musiqi alətinə ad olub! Hələ mən “döşbulur” sözündəki sakitliyi, harmoniyanı, insaniliyi, mehribanlığı demirəm! Mən “açar” sözünə də beləcə vurğunam: eyləm sözə yüzdə yüz transformasiya olunur.

Dilimiz bəyan eləyir ki, qədim oğuz tayfaları sözü hərəkətin, eyləmin içindən çıxarıb danışıblar, sözü əməldə tapıb danışıblar, yəni feilləri ismə çevirib danışıblar, feillərdən isim yaradıb danışıblar, eyləmlə dili maksimal bir yaxınlıqda və qarşılıqlı əlaqədə götürüblər; hər şeyi eyləm prizmasından dəyərləndirib onu dil qatında modelləşdiriblər, dili eyləmin güzgüsü eləyiblər. Təsadüfi deyil ki, əməlinə görə, işinə görə, igidliyinə görə Dədə Qorqud gəlib cavanlara ad verib: Qazan, Buğac, Basat. Və hətta müəyyən prinsipi pozduğu üçün, ayrana doyuran, gəlinə ayıran, iynəyə tikən, tikana sökən demədiyi üçün heyifsilənib. Bu baxımdan türk dili özündə həmişə dinamik eyləm enerjisini, kişi enerjisini, köçəri enerjisini, döyüşçü enerjisini qapsayır.

İnsanlar yolun və dilin rahatlığını, qısalığını sevirlər. Onlar ibarəli, səlis, pafoslu nitqdən xoşhallana bilərlər, amma heç vaxt belə danışmazlar gerçək həyatda: çünki sərfəli və praqmatik sayılmır; çünki insan danışmaqdan da yorulur, sözdən də yorulur, səsdən də... Odur ki, məişət kontekstində insanlar qısa, aydın və sərrast danışmağa üstünlük verirlər: şüuraltı insanı əlavə enerji itkisindən həmişə çəkindirir; özü də aktivcəsinə çəkindirir. İnsan rahat getmək istədiyi kimi rahat da danışmaq istəyir. O zaman danışmaq rahat olur ki, sözlər mənanı sərrast ifadə edə bilir. O zaman danışmaq rahat olur ki, dil sənə fikrini qısaca şəkildə anlatmaq imkanı verir. Bu da tariximizin, yaddaşımızın bir faktı ki, “kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz” (Füzuli). Uzunçuluq dinləyicini konkret ideyadan yayındırıb onu fikirlər spektrinə doğru sürükləyir. Busa əlavə iş, izafi yorğunluq deməkdir resipiyent üçün. Dil konkretliyi iradə konkretliyidir, iradə konkretliyi isə eyləm konkretliyinə gətirib çıxarır.

Gəlin, razılaşaq ki, Azərbaycan türkcəsinin özündə bir yayqınlıq, təxminilik var: sözlər əksərən mənanın konkretliyini görükdürmür, mənalar bolluğunda sayrışır. “Türkün sözü” ifadəsi də yəqin dildə bu boşluğu doldurmaq ehtiyacından aktuallaşıb. Azərbaycan dili izahat dili deyil, şərh dili deyil, kəşf dili deyil. Çünki onun plastikası az, mimikriyası isə çoxdur. Sözlərin özlərinə xas bu mimikriya isə poeziya cəfəngliyinə yol açır. Dil qatındakı aşırı mimikriya resursları göstərir ki, bu dil tarixən özgə dillərin dominantlığı şəraitində özünə yaşamaq yolları arayıb: məcbur qalıb ki, türk dilinin korpusuna əvvəlcə ərəb və fars, sonra isə rus və ingilis sözlərindən ornamentlər düzsün. Busa türkcənin Azərbaycan variantında dinamik eyləm enerjisini, kişi enerjisini, köçəri enerjisini, döyüşçü enerjisini bir xeyli “əridib”. Təsadüfi deyil ki, Azərbaycan dilində feil həmişə sonda gəlir: isim öndədir, dominantdır və yanında daim sifəti gəzdirir, özünü şərh eləmək, aydınlatmaq, təriflətmək üçün. Dil necə də millətin xarakterinə oxşayır? Bəlkə də əksinə... millətin xarakteri bu cür “qafiyələnən”, “pərvazlanan” dil yaradıb?

Düzmü yazdım, səhvmi yazdım, bilmirəm. Amma bir ümidlə yazdım: yazdım ki, bəlkə hansısa bir Azərbaycan dilşünası bu ideyaların ucundan tutub getdi mətləbin elmi, sosial-kulturoloji dərinliyinə.

Bununla belə... Sovetlər Birliyində yaşamış türkdilli xalqlar arasında rus sözlərilə rəsmi şəkildə çirklənməmiş ən təmiz dil Azərbaycan türkcəsidir. Özbək, türkmən, qırğız, tatar, qazax, xakas, tıva dillərinin içində bolluca rus kəlmələri qaynaşır. Hətta o qədər qaynaşır ki, ayırd etmək olmur, məsələn, bu xakaslardır, rus dilində danışırlar, yoxsa ruslardır, xakas dilini öyrənməyə çalışırlar.

Şükr ki, bizim bir çoxlarımızın bəyənmədiyi və nələrdəsə suçladığı Sovet dönəminin ziyalıları Azərbaycan türkcəsini özlərinə vətən bilib qoruyublar, dili vətəndən ayırmayıblar, dillərini din kimi qəbul eləyiblər, dilə dil qatmayıblar, dili horra eləməyiblər, amorflaşdırmayıblar: hərçənd zaman-zaman dili “ütüləyəyərək” təzələyiblər, onu sanki süni nəfəs aparatına qoşaraq yaşadıblar.
Bir gün, haradasa 90-cı illərin astanasında, biz ayılıb gördük ki, bizim “ütülü” bir dilimiz var və onunla yalnız yaxşı trafaret şeirlər yazmaq olur. Onda Ramiz Rövşən, Vaqif Bayatlı, Mövlud Süleymanlı, Kamal Abdulla, Niyazi Mehdi, Rahid Ulusel, Tehran Əlişanoğlu, Rüstəm Kamal, Orxan Fikrətoğlu, Həmid Herisçi və digər qələm əhli, içi mən qarışıq, “ütü” altında öz-özünə mumiyalanmış dili, Azərbaycan maarifçilərinin təhkiyə üslubundan, Mikayıl Müşfiq, Rəsul Rza, Əli Kərim şeirlərinin diskursundan, 60-cı illər prozasının və poeziyasının yenilikçi ruhundan bəhrələnmək, dil qatında müxtəlif oyunlar qurmaq, ora gözlənilməz desantlar çıxartmaq şərtilə, başladılar dili diriltməyə, yazı diliylə danışıq dili arasındakı məsafəni qısaltmağa. Sonradan çoxsaylı cavan qəzetçilər də, cavan yazarlar da biz getdiyimiz istiqamətə yol aldılar.

Biz çox vaxt ədəbi dildən, natiqlik sənətindən, ictimai-siyasi leksikondan danışarkən unuduruq ki, dilin gəlişdiyi yaşantı müstəvilərindən biri də məişətdir. Aktyor səhnədə yaxşı ədəbi dildə danışanda biz onlara həməncə irad tuturuq ki, həyatda belə danışmırlar. Faktiki şəkildə, biz kimin evdə necə danışdığını bilmirik: amma bilirik ki, küçədə, bazarda, dükanda camaat arasında bir dil doğmalığı mövcuddur. Və insanlar, əgər müşahidə etmisinizsə, bazarda daha çox komplekssiz olurlar; evdə bulduqları dil rahatlığına maksimal şəkildə yaxın olurlar.

Fransız Jak Derrida özünün “Qrammatologiya üzrə” əsərində deyir ki, danışıq dilində yazı dilinə nisbətən daha çox bütövlük, tamlıq var və danışıq zamanı dil ilə danışan arasında fərq silinir. Əgər Derridanın həqiqətini ciddi qəbul eləsək, bu, o demək olacaq ki, “mən” danışanda dil “bədənləşir” və ya “mən” dilin sınırları içində “əriyir”.

Buradan da belə çıxır ki, danışan fərd dilə, dil materialına yazan fərddən daha çox yaxındır. Mən danışanda dil haqqında düşünmürəm; yazanda isə dili fikirləşib yazıram. Mən danışanda dil mənim təbiətimin, varlığımın bir hissəsi olur: mən yazanda və ya müəyyən nəşri oxuyanda isə dili mədəniyyətdən borc “alıram”. Bu zaman dillə mənim aramda hərflər, başqa sözlə, işarələr dayanır və mənlə dil arasındakı məsafə böyüyür.

Biz danışanda səsik: sözlər içimizdən çölə axır. Onda sözlər və fikirlər diri olur. Yazanda isə ölü hərflərdən yararlanıb onlara can verməyə çalışırıq. Hərflərin təbiətlə artıq heç bir əlaqəsi yoxdur: hərflər dil yaratmır; dili imitasiya eləyir. Hərflər sözlərin, sonucda dilin lüğətlərdə konservasiya formasıdır. Onların vasitəsilə dil mədəniyyətdə fiksə ediləndə statik bir vəziyyətə düşür. Dilin şəcərəsi təbiətdən gəlir, səsdən gəlir, hərflər isə mədəniyyətə mənsubdur, quru qrafikadır.

Məncə, burada problem dilin təbiət – mədəniyyət marşrutundakı əngəlləridir: beyindən dilə və dildən qələmin ucuna qədər olan “sehrli” məsafədə. Biz danışdığımız sürətlə yaza bilmirik. Deməli, qavrayış və ifadə ziddiyyətləri qaçılmaz. Biz danışanda jestlərimizi, baxışlarımızı da köməyə çağırırıq və bununla da təhkiyəni, şərhi bütövləşdiririk, tamlaşdırırıq, məsələni bir-birimizə daha doğru izah edirik. Yazı isə bu imkanı insana vermir. Yazıda hər şeyi hərflərdən quraşdırılmış sözlər bəyan eləyir.

Danışanda dil çaşır, yazıda isə hər şey düppədüzdür. Odur ki, yazmaq danışmaqdan, yazını başa düşmək danışanı başa düşməkdən daha zordur. Ona görə öz doğma dilini vətənin, dinin, dövlətin kimi duymayınca yazıya başlamaq günahdır. Vətən torpaq uğrunda, mədəniyyət dil uğrunda mübarizə ilə güclənir, möhkəmlənir!!!

# 486 dəfə oxunub

Oxşar xəbərlər

"Bir qəribə adam haqqında hekayə" - Elçin

"Bir qəribə adam haqqında hekayə" - Elçin

17:16 17 mart 2025
Duman - Səma Muğannanın hekayəsi

Duman - Səma Muğannanın hekayəsi

13:30 13 mart 2025
"Ata ürəyi" və "Sifət" - Alpay Azərin iki qısa hekayəsi

"Ata ürəyi" və "Sifət" - Alpay Azərin iki qısa hekayəsi

12:00 9 mart 2025
Divar - Azad Qaradərəlinin hekayəsi

Divar - Azad Qaradərəlinin hekayəsi

15:30 5 mart 2025
İtirilmiş insanlıq - Sara İbrahimin yeni hekayəsi

İtirilmiş insanlıq - Sara İbrahimin yeni hekayəsi

15:30 4 mart 2025
Sirr - Kənan Hacının hekayəsi

Sirr - Kənan Hacının hekayəsi

11:00 3 mart 2025
#
#
# # #