Hönkürtü - Elçinin hekayəsi

Elçin

Elçin

18 iyun 2023
# 11:00

Kulis.az Elçinin "Hönkürtü" hekayəsini təqdim edir.

Olub keçənləri bir-bir çəkərkən
Sakit yaddaşımın məhkəməsinə...


Şekspir. 30-cu sonetdən


Çinarın gözü görünmür, çinarın gözü şəffafdır, çünki əslində çinar bütün gövdəsiylə, budaqlarıyla, yarpaqlarıyla görür və çinarın gözlərinin təbəssümü də yarpaqlarına, budaqlarına, gövdəsinə yayılır və mən o təbəssümü bircə yarpaqda da, nazik, uzun budaqlarda da, o hündür gövdədə də eyni cür görürdüm, o təbəssümdə eyni hərarət, eyni gizli istehza və eyni gizli tənə (bəlkə nifrət?) hiss edirdim, amma həmin tənə (ya nifrət?) gizlindən çıxanda, açıq-aşkar bilinəndə yarpaqlardan da, budaqlardan da çox gövdədə duyulurdu, çünki yarpaqlar incə idi, budaqlar zərif idi, gövdə isə bərk idi, cod idi, illər dalınca illər yola salmışdı və tənənin (ya da nifrətin) ağırlığı, tənənin çəkisi o bərklikdə, codluqda, qocalıqda adamı boğurdu, adamı sıxıb qolunu, qabırğasını sındırırdı.
İndi qışdır və indi yəqin o çinar tamam çılpaqdır, üşüyür və çinar beləcə çılpaq olanda, saç kimi nazik və uzun budaqları soyuq qış axşamı üşüyəndə çinar uzaqdan Məcnuna oxşayır.

Onda yaz təzəcə qurtarmışdı, yay idi və onda uzaqdan baxanda hündür, şumal çinar Don Kixota oxşayırdı.
Onda yay idi və biz sübh tezdən Bakıdan çıxıb, sonra Şamaxıdan keçib Ağsu dolaylarını enə-enə Tbilisiyə tərəf üz tutmuşduq, bir-iki gün Tbilisidə qalacaqdıq, sonra mehmanxanalarda qala-qala Qara dənizin sahilindən ötüb Şimali Qafqaza gedəcək, sonra da Rostov-Bakı magistralı ilə evə qayıdacaqdıq; həmişəki kimi bir aylıq yay səyahətinə çıxmışdıq, mənim məzuniyyətim idi, uşaqların da kefinin kök çağları və bütün bu səyahətdə mənə ən çox ləzzət eləyən Vüqarın, Sevilin və Solmazın sevinməsi idi, qayğısızlığı idi və əslində elə Gülərə də ən çox ləzzət eləyən bu idi.

Gülər mənim arvadım idi, Vüqar oğlumuz, Sevillə Solmaz da qızlarımız və biz dördüncü il idi ki, beləcə səyahətə çıxırdıq, Ağsu dolaylarından beləcə ötüb keçirdik.

Onda yay idi və mən həmin isti yay səhəri "QAZ-24"-ü sürə-sürə növbəti dolayı burulan kimi çinarı gördüm və özümü saxlaya bilməyib qışqırdım:
- Ode, həmin çinar!...
Vüqar soruşdu:
- Hansı çinar?
Solmaz dedi:
- Nə olsun, çinar?...
Gülər təəccüblə maşının güzgüsündən mənə baxdı və mən nə həmin yay səhəri, nə də indi, bu qədər aydan sonra başa düşmədim və başa düşə bilmirəm ki, niyə qıpqırmızı qızardım; elə bil ki, uşaqlar məni lüt gördü, və yaxud elə bil ki, camaatın gözü qabağında axmaq bir iş görürəm və xəbərim yoxdu ki, camaat mənə baxır, birdən xəbər tuturam.
Hansı çinar? Nə çinar? Nə olsun, çinar? Və doğrudan da, hə, nə olsun, çinar? Bakının həyətləri doludu beləcə çinarla və bu çinarın başqalarından fərqi nədir ki, mən beləcə həyəcanlanıram, beləcə qışqırıram?
Ona görə ki, həmin çinar mənim çinarımdır.
Yox, o çinarı mən əkməmişəm, cəmi dördüncü dəfə idi o çinarı görürdüm, amma o çinar mənim çinarım idi.

İstəklilər yalnız adamlar arasında olmur, hərənin təbiətdə də bir istəklisi var və bəlkə bundan adamların özünün də xəbəri yoxdu: biri dumanı sevir, o biri yağışı, bir başqası meşəni, ya qıpqırmızı çiçəkləmiş nar ağacını, yaxud da ki, qıjıldaya-qıjıldaya yarğanın dibi ilə axan dağ çayını; mən dedim ki, bəlkə heç adamın özünün də bundan xəbəri olmur, yəni onu demək istəyirəm ki, misal üçün qar yağır və sən heç özün də bilmirsən ki, bu qar sənin təbitdə istəklindir, amma hər tərəf ağappaq ağarır və sən özün də o ağlıq içində tərtəmiz təmizlənirsən, qar yağır və sən qarın altında dayanıb hər tərəfi bürümüş həmin ağlığa, ləkəsizliyə baxırsan, baxırsan və o qar yağan müddətdə dünyada səndən təmiz, səndən pak adam olmur, amma qardan əvvəl belə deyildi və qardan sonra da belə olmayacaqdı.

Atamla, anamla, bacılarımla birlikdə o balaca həyətdən köçüb Bakıya gələndə müharibə təzəcə qurtarmışdı və mən lap balaca idim. Sonra illər keçdi, mənim balacalığım, uşaqlığım fikirləşəndə məni qəhərləndirən bir uzaqlıqda, həm də əbədi uzaqlıqda qaldı və mən o balaca həyətdə qoyub gəldiyimiz evimizin də, balaca həyətimizin quruluşunu da, yan-yörəsini də tamam yadımdan çıxartdım, təkcə boy-buxunu ilə o balaca həyətimizə və ümumiyyətlə, bütün həyətimizə meydan oxuyan çinar ağacını yadımdan çıxartmadım və həmin çinar ağacı həmişəlik mənimlə qaldı.

Bütün adamların ağzı var, əlləri-ayaqları var, bütün çinarların da gövdəsi, budaqları, yarpaqları var, amma çinarlar bir-birinin eyni deyil, çinarlar da adamlar kimidir, bir-birindən fərqlənir və onların da arasında həmişəlik keçmişdə qalmış tanışına, dostuna, əzizinə oxşayanını görəndə həyəcanlar, hisslər səni götürüb aparır, nə qədər edirsən də özünü ələ ala bilmirsən.
Bəlkə, özünü ələ almaq istəmirsən?

Dolaylar bir-birini əvəz edirdi, amma mənə elə gəlirdi ki, biz çinara yox, çinar bizə yaxınlaşır və o çinar bizə yaxınlaşdıqca həmin Don Kixot uzunluğu daha da böyüyürdü, budaqlar, sonra da yarpaqlar tək-tək seçilməyə başlayırdı və mən keçən il olduğu kimi, ondan əvvəlki illər olduğu kimi o çinarın yarpaqlarının səsini eşidirdim; əlbəttə, mən başa düşürdüm ki, bu ola bilməz, bu uzaqlıqda, yayın bu küləksizliyində maşının içində, özü də maşın gedə-gedə, özü də Vüqarın səsinə güc verdiyi maqnitofonda Demis Russos, ya da bir başqası oxuya-oxuya çinarın səsini eşitmək mümkün deyil, amma bunu başa düşsəm də, çinarın səsini eşidirdim və hətta hiss edirdim ki, o adi yarpaq səsi deyil, bu çinar səsində adam kimi danışmaq vəhi var və bu hiss yenə də məni qorxudurdu, ürküdürdü və mən yenə də geri dönmək istəyirdim, uzaq başı, maşını saxlayıb buralardan qaçıb getmək istəyirdim, amma dolaylar bir-birini əvəz edirdi, Demis Russos, ya da bir başqası oxuyurdu, o çinar sürətlə bizə tərəf gəlirdi və mən daha çinar yarpaqlarının adicə səini yox, dediyi sözləri eşidirdim.

Həmin qorxu, ürkü mənim bütün içimi bürüdü və hətta bir göz qırpımlıq çaxan şimşək kimi, belə bir ehtiras beynimi yedi ki, qabaqdan gələn döngəni dönməyim, maşın düz getsin, maşın uçuruma getsin və ürəyimdə də belə bir dəli ümid oyandı ki, qorxma, uşaqlara heç nə olmaz, nə olacaqsa, təkcə sənə olacaq, qorxma, dönmə bu döngəni, amma döngəni döndüm, çünki o qorxu, ürkü ilə bir yerdə mənim ürəyimdə gizli bir əmin-amanlıq duyğusu da var idi və bu əmin-amanlıq duyğusu deyirdi ki, o çinardan qorxma, o çinarın xislətində yumşaqlıq var, mülayimlik var, çünki mərhəmətlidir və o çinar adamın ətini yesə də, sümüyünü tullamaz və elə bil ki, o mülayimlik, o yumşaqlıq mənim bədənimə toxundu və o mülayimlikdə, yumşqalıqda bir həzinlik də hiss etdim – mənim bütün bədənim, ürəyim, beynim bir mərhəmət həsrətində idi.

Mən bilirdim ki, çinar bizə çatan kimi maşına minəcək, amma o hündürlükdə, o cür qollu-budaqlı ağac bu “QAZ -24”-ə necə sığışacaqdı?
Mənim ürəyimdə gizli, ağlasığmaz bir istək də var idi və mən bunu bilirdim: mən istəyirdim ki, o çinar maşına minsin, amma bu dəm mənim ürəyimdə aşkar bir ümid də yarandı: mən ümid edirdim ki, o çinar maşına sığışmayacaq, minə bilməyəcək maşına və mənim yanımda oturub mənə baxmayacaq.
Doğrudan da, o, maşına necə sığışacaqdı axı, illər keçirdi və o çinar daha da böyüyürdü, daha da qollu-budaqlı olurdu, amma o, maşını saxlayanda və yaşıl yarpaqlı budaqları ilə qabaq qapını açıb mənim yanımda oturanda tamam matım qurudu: o boyda ağac yenə də maşının içinə rahat sığışdı, düzdü, yarpaqlar, budaqlar maşının bütün içini tutdu, amma hər halda, sınmadı, qırılmadı, qopmadı və özü ilə həmin yay səhəri maşınnın içinə bir sərinlik gətirdi, maşının içində yüngülcə bir meh əsməyə başladı və yaxşı ki, bu meh əsməyə başladı, yoxsa mən bu dəfə boğulacaqdım.

“Bu nə musiqidi belə?” – onun səsi həm cavan idi, həm qoca idi və mən deyə bilməzdim ki, o qışqırırdı, yoxsa pıçıldayırdı.
“Nə bilim... Vüqarın xoşuna gəlir...”
Çinar susdu, heç nə demədi və mən çox gözəl başa düşürdüm ki, mənə yazığı gəldiyi üçün susmur, çünki o mülayimliyi ilə, yumşaqlığı ilə, həmin həzinlik gətirən mərhəməti ilə bərabər, onun içində bir qəddarlıq da var idi.
“Qorxma”.
“Nədən qorxacam?” və həmin an mən onun gözlərindəki (yaxud gözündəki) şəffaf təbəssümü gördüm və həmin təbəssüm get-gedə onun cod gövdəsinə, bütün yarpaqlarına, budaqlarına yayıldı və mən gözümü yoldan çəkib diqqətlə ona baxdıqca, əvvəlcə ən çox həmin istehzanı hiss etdim, sonra yavaş-yavaş bir neçə qat altından sezilən tənəni (ya nifrəti) gördüm və həmin istehzadan da, mülayimlikdən də fərqli olaraq o tənə (ya da nifrət) şəffaf bir şirə kimi idi və həmin şəffaf şirə elə bil ki, hərdənbir mənə yapışırdı, əlimə, sifətimə yapışırdı.
“Axı nə üçün, niyə?”
O bütün yarpaqları ilə, budaqları ilə, gövdəsi ilə gülümsədi.

“Başqaları məndən yaxşıdı guya?” – və düzdü, bu sözləri dedim, amma o saat burasını da başa düşdüm ki, mənasız sözlər dedim, çünki bu dəm bizim söhbətlərimizin dünyada heç kimə dəxli yox idi, çünki bu dəm düyada, ümumiyyətlə, heç kim yox idi, təkcə mən idim, bir də ki, o idi və bir də ki, onun şəffaf təbəssümü idi; düzdü, mən indicə dediyim sözlərin mənasızlığını başa düşdüm, amma həmin anda da içimdən bir ehtiras baş qaldırdı, onun yarpaqları ilə, budaqları ilə, gövdəsiylə beləcə gülümsəməyi məndə dəli bir intiqam hissi oyatdı və mə istədim, düz onun gözünün (ya gözlərinin) içinə baxa-baxa qışqırım ki, hə, rüşvət alıram mən, hə, imzasız məktub yazıram mən, hə, məşuqələr saxlayıram mən, hə, hə, hə, hər şey eləyirəm mən, amma heç nədən də qorxmuram, bax, bu saat düz gedəcəyəm, bax, bu döngəni dönməyəcəyəm və sən də mənimlə birgə o uçuruma yuvarlanacaqsan, amma mən qışqıra bilmədim, heç nə deyə bilmədim, çünki birdən-birə özümü uçurumdan yuvarlanan maşının içində hiss etdim və bütün bədənimi soyuq tər bürüdü.
O yenə də bütün yarpaqları ilə, budaqları ilə, gövdəsilə gülümsədi.
Ağsu dolayları daha qurtardı və düz magistral yol həmin yay səhəri uzandıqca uzanırdı.
“Mən səni çox istəyirəm, yarpaqlarını da, budaqlarını da, qartımış gövdəni də çox istəyirəm. İstəyirsən öldür məni... Dola budaqlarını boynuma, qabırğalarıma, sıx, öldür məni, kim biləcək ki, sənin işindi bu, kimin ağlına gələcək?...”
“Bədbəxt adamsan...”
“hə...”.
“Amma keçən il belə demirdin, soruşurdun ki, niyə?”.
“Keçən ildən on iki ay ötüb. On iki ay üç yüz altmış beş gündü. Üç yüz altmış beş günün üç yüz altmış beş də gecəsi var...”
“Hesabı yaxşı bilirsən. Pul saymaqdandı. Nə qədərin var indi?”.
“Nə bilim? Day saymıram. Atıram bir tərəfə, elə eləcə qalır...” – və mən özümlə heç nə eləyə bilmədim, mənim ürəyim çırpınmağa başladı, uşaqlıqda dərsi bilməyəndə və gözləyəndə ki, müəllim indicə məndən soruşacaq – beləcə çırpınırdı ürəyim; mənim ürəyim çırpınmağa başladı ki, o bütün yarpaqları, budaqları, qoca, cod gövdəsi ilə soruşacaq: neçəsi halaldı, neçəsi haram? – və bu söhbət də qarşıdakı bu magistral yol kimi uzanacaq, mən özüm ucunda tutub uzunluğuna gedəcəyəm və mən qorxdum ki, birdən onun özü ilə birlikdə maşının içinə gətirdiyi bu yüngül meh dayanar və mən ölməkdən yox, həmin havasızlıqdan dəhşətə gəldim, amma o, başqa söz soruşdu:
“Gülər də saymır?”
“O da bezib, saymır daha...” – və bu dəfə yəqin ki, mənim də sifətimdə bir istehza var idi, amma mənim bu istehzam da mənim özümə aid idi və düzdü, mən güzgüyə baxa bilmirdim, amma bilirdim ki, belədir ki, var.
“Ver uşaqlar saysın”.
“Onlarla işin olmasın”.
“Niyə?”
“Sən belə şeyləri başa düşməzsən axı. Bəlkə heç insan olsaydın da başa düşməzdin, çünki insanların da arasında insanı başa düşən ancaq həmin insanın özüdü, başqası deyil...”.

Bu dəfə onun yarpaqlarında da, budaqlarında da, qoca, cod gövdəsində də açıq-aşkar bir nifrət var idi və mən onu sancmaq istədim, istədim soruşam ki, bu qədər nifrətin ünvanı tək mənəm, yoxsa yer üzünün bütün insanlarıdı? – amma soruşmadım, çünki bu nifrət mənim ürəyimin cızdağını çıxarırdı, çünki mən o çinarı həqiqətən sevirdim, onun yarpaqlarını, budaqlarını, qoca və cod gövdəsini ürəyimdən gələn bir məhəbbətlə sevirdim.
“Mən ki, səni bu qədər istəyirəm, deməli, mən tamam pis adam ola bilmərəm. Deməli, mənim içimdə də nəsə yaxşı bir şey var. Bilirəm, sənin məndən zəhlən gedir, sən məndən iyrənirsən, yenə də öz həmişəki yerinə qayıtmaq istəyirsən, darıxırsan bu maşının içində, azad olmursan burda, sığışmırsan bu maşına, amma niyə başa düşmürsən ki, mən də sığışmıram bu maşına, mənim də hisslərim var, mənim də duyğularım var, qanmaz deyiləm mən və ümumiyyətlə, qanmaz insan yoxdur. Sənin məndən zəhlən gedir, amma Vüqar məni istəyir. Sevil məni istəyir, Solmaz məni istəyir, mən onlara lazımam, gərəyəm və əgər onlar məni istəyirlərsə, mən onlara lazımam, gərəyəmsə, deməli, məndə də yaxşı nəsə var...”.

“Onda bəs nə istəyirsən? Bir halda ki, hər şey belə gözəldir, onda məndən niyə əl çəkmirsən? Mən insan deyiləm, bəlkə ona görə bir şey başa düşmürəm?...”.
“Ya da ki, heç nə yoxdu məndə?”.
“Üç yüz altmış beş günün üç yüz altmış beş gecəsi var, düz deyirsən, bəs o üç yüz altmış beş gecənin neçəsini rahat yata bilirsən?”.
“Heç birinin... Gündüz adamın başını qatır, gündüz adam hər şeyi yadından çıxarır, yaxşılııq eləyir, pislik eləyir, dərd gecənin dərdidi. Heç nədən qorxmuram mən, nə tutulmaqdan qorxuram, nə biabırçılıqdan qorxuram, təkcə gecədən qorxuram... Qurtar məni gecədən, qurtar məni özüm özümlə tək qalmaqdan, qurtar... Axı mən səni bu qədər istəyirəmsə, deməli, nəsə yaxşı bir şey var məndə, qurtar məni gecələrdən, bir yol göstər mənə...”
“Yol? Budey, yol. Birbaş Tiflisə aparacaq səni. Dostlar gözləyir orda, əla keçəcək orda sizinçün. Sonra Qara dəniz, sonra...”
“Axı sən gərək belə cəllad olmayasan...” və bilmirəm nə üçün birdən-birə uşaq vaxtı eşitdiyim bir rəvayət (bəlkə rəvayət deyildi, doğrudan da olmuşdu?) mənim yadıma düşdü: o vaxt ki, bütün yer üzünü su basdı və o vaxt ki, Nuhun gəmisi üzməyə başladı, bir nəfər suda çabalaya-çabalaya qışqırdı: “– Ya peyğəmbər, kəndir at, məni də gəminə qaldır. Yadına gəlirmi, bir zaman sənin çörək bişirmək üçün unun yox idi, ac qalmışdın, mən sənə çuval-çuval un verdim”. Nuh özünü eşitməzliyə, görməzliyə vurdu, dünyanı su basmış o məqamda belə fikirləşdi ki, bu adamı sudan çıxararam, xilas edərəm, sonra mənə verdiyi unu geri istər...
Bu rəvayət hardan gəlib mənim yadıma düşdü?

Bu yol, yox, Bakı-Tbilisi yolu deyildi, bu yol əslində mənim həyatımın yolu idi və mən anadan olduğum gündən bu yolun yolçusu idim, gedirdim, gedirdim və gedirdim; hamının əvvəli ilə axırı birdir, amma əvvəldən axıra aparan bu yollar bir-birinin eyni deyil, daha doğrusu, hamı bir yolla, bir magistralla gedir, amma o yol, o magistral hərənin öz yoludur, öz magistralıdır, hərənin öz gecəsinin, öz təkbətəkliyinin yoludur.
Suda çabalayan o adam gərək peyğəmbəri aldadaydı, gərək Nuha deyəydi ki, mən sənə yox, sən mənə çuval-çuval un vermişdin, onda yəqin Nuh həmin adamı dartıb sudan çıxarardı, çünki yəqin Nuh fikirləşərdi ki, qoy bu adamı xilas edim, mənim çörək borcumu qaytarsın.

Amma bu yaşıl yarpaqlar, bu budaqlar, bu qoca və cod gövdə Nuh peyğəmbər deyildi, çinar ağacı idi və çinar ağacları uzadqan Don Kixota oxşayır.
“Bəlkə sən mənə inanmırsan? Bəlkə elə bilirsən ki, mən sənə də yalan deyirəm? İnan, inan mənə... Mən səni çox istəyirəm, sənin yarpaqlarını da çox istəyirəm, budaqlarını da, qartımış gövdəni də. Düz deyirsən, mən Güləri də aldadıram, düz deyirsən, dostları da aldadıram, özümü də aldadıram, amma sənə düz deyirəm, çox istəyirəm səni, inan mənə, inan...”.
– A-a-a!.. Nolub sənə? Nolub belə? Niyə ağlayırsan?
Gülərin səsi idi və Gülər qorxu və heyrətlə maşının güzgüsündən mənə baxırdı.
Vüqar da, Sevil, Solmaz da təəccüblə mənə baxırdılar.
Mən də maşının güzgüsündən özümə baxdım və qızrmış gözlərimin yaşını tələsik sildim, burnumu çəkdim və bir balaca toxtadım.
Sonra uşaqların üzünə gülümsədim.
Demis Russos, ya da kimsə başqası – mən onları bir-birindən yaxşı seçmirdim – oxuyurdu və Vüqar da gözlərini məndən çəkib maqnitofonuna qapandı.
Gülər əvvəlcə çox narahat idi, sonra yavaş-yavaş sakitləşdi və mürgüləməyə başladı.
Qızlar o yay səhəri, yolboyu ötüb gedən gül-çiçəyə, dağlara, yamaclara baxırdı.
O yaşıl çinar çoxdan arxada qalmışdı və görünmürdü.
Məni qəhərləndirən uzaqlıqda, həm də əbədi uzaqlıqda qalmış çinar isə yenə də mənim ürəyimdə idi...

1983-cü il

# 2424 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
#
#
# # #