Həmin gecə - Saray Cəlilova

Saray Cəlilova

Saray Cəlilova

14 dekabr 2021
# 18:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Saray Cəlilovanın “Həmin gecə” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ağlamaqdan qızarmış gözlər diqqətlə mənə zillənmişdi. Nə edəcəyimi bilmirdim. Gördüklərim qarşısında dəhşətə gəlmişdim. Niyə heç kim dillənmirdi? Niyə əngəl olmurdular? Birdən qışqırtı eşidildi:

- Susun! Ağlamağı kəsin! Onsuz da xeyri yoxdur.

Gözləri vahimə bürümüşdü. Cəsarətimi topladım. İnamla irəlilədim və sözə başladım:

- Mən sizi başa düşürəm, ancaq...

- Sən kimsən?

- Mən bu uşaqların müəllimiyəm. Adım...

- Bu məsələnin sənə dəxili yoxdur. Get məktəbə, sənin işin oradadır. Bizim işimizə qarışma.

- Şagirdlərim haradadırsa, mənim işim də oradadır.

Təəccüblü baxışlar mənə çevrildi:

- Deyəsən, sən kimlə danışdığını bilmirsən.

- Bilirəm. Deyim siz kimsiniz? Özünü uşaqları yaşındakı şagirdlərə dərs verirmiş kimi göstərən, amma əslində gücünü nümayiş etdirən, eyiblərini bu yolla örtməyə çalışan bir qorxaq!

Hər kəs heyrətlə mənə baxırdı. Birdən üzərimə atıldı və məni divara sıxışdırdı:

- Belə görürəm ki, şagirdlərini belə tərbiyəsiz sən yetişdirmisən. Ona görə onlardan öncə sən cəzalanacaqsan.

Qulağına doğru əyildim və sakitcə pıçıldadım:

- O gecə nə etdiyini bilirəm, əgər iyrənc əllərini üstümdən çəkməsən buradakı hamı da mənim kimi biləcək.

Gözlərini heyrətlə mənə dikdi. Əlləri boşaldı. Kəkələyərək dedi:

- Siz... siz məni səhv başa düşdünüz. Mə... mən sadəcə haqqımı almaq istəyirdim...

İnsanların gözlərindəki təəccüb daha da artırdı. Dedim:

- 10 yaşında uşaqdan? Həm də bu şəkildə? Ömür boyu onları utandıracaq bir iz ilə?

O susurdu. Bayaqkı tükürpərdici səslə bağıran və "güclü" görünən o adamdan əsər qalmamışdı. Uşaqların yanına qaçdım. Əllərini və ayaqlarını kəsən iplərdən onları xilas etdim. Çox qorxmuşdular. Əsirdilər... həm soyuqdan, həm də qorxudan. Bu vaxt Cahan yetişdi. Yanımıza qaçdı. Qorxu ilə dilləndi:

- Nə edirsən burada? Bu uşaqlara nə olub?

- Sonra danışarıq. Gəl indi onları aparaq.

- Yanında bir şey var? Onlar üşüyürlər.

- Gözlə, bu saat gətirərəm.

Bizi gördükdən sonra yolun o başında tulladığı əşyalarının yanına qaça-qaça getdi. Lazım olan isti geyimlərdən bir neçəsini seçdi və geri döndü. Bu vaxt uşaqlar qorxu ilə məni qucaqlamışdılar. Mən onları geyindirdim. Birlikdə Cahangilin qaldığı evə yola düşdük. Yol boyu irəlilədikcə heyrətlə zillənmiş nəzərlər də bizi izləyirdi. Evə çatdıq. Qorxu sanki uşaqların içində yuva salmışdı. Mən onları sakitləşdirməyə çalışırdım. Güvəndə olduqlarını hiss etməklərini istəyirdim. Cahan bizə çay hazırlamaq üçün mətbəxə keçdi. Mən uşaqlardan soruşdum:

- Siz bir mənə deyin görüm bu hərəkəti niyə edibsiniz?

- Bi... biz bilmədik... bilmədik belə olar

- Nəyi bilmədiniz?

- Bilmədik ki, başa düşərlər.

- Yəni başa düşməsələr heç bir problem olmayacaqdı?

- Xeyr, müəllim. Onda heç kəs bilməyəcəkdi biz etmişik.

- Amma siz biləcəkdiniz. Ürəyiniz biləcəkdi.

Kövrələrək dedi:

- Bəs onun ürəyi bilmir bizə nələr etdiyini?

- Biz hamımız etdiyimiz hərəkətlərə cavabdehik. Sizin etdiyiniz bu əməl təkcə ona yox, həm də günahı olmayan başqa adamlara da ziyan vura bilərdi.

Başlarını aşağı dikdilər. Ürəyim dözmədi. Onları qucaqladım:

- Biz haqsızlıqla mübarizə aparmalıyıq, özümüzü, ailəmizi müdafiə etməliyik. Mən sizi anlayıram. Amma haqsızlıqla mübarizə yolu heç vaxt başqa birinin haqqını tapdalayaraq onun üzərindən keçə bilməz.

Bu vaxt Cahan otağa girdi. Çayları masaya qoydu. Mən ayağa qalxdım. Otaqdan çıxdım. Cahan da mənim arxamca gəldi:

- Hara gedirsən? Danış görüm nə olub?

- Sonra danışaram. İndi getməliyəm. Sən uşaqlardan muğayat ol. Gəlib onları evlərinə aparacağam.

- Gör necə ürəyimi partladır e...

Evdən cəld addımlarla çıxdım. Meydana doğru irəlilədim. Məni barmağı ilə göstərən bir nəfərə yaxınlaşıb Yalçının harada olduğunu soruşdum. Bir qrup insanla söhbət edirdi:

- Onlara yazığım gəldi, buraxdım. Yoxsa hamı bilir ki, mən bir adamdan çəkinən deyiləm.

Əlimlə çiyninə toxundum. Diksindi. Həyacanla dedi:

- Sə... sən getməmisən?

- Sizinlə işim hələ bitməyib. Danışmalıyıq.

- Nə? Nə danışacağıq ki?

- Gəl. Burada danışmamağımız sənin üçün daha yaxşı olar.

Qorxu ilə titrədi və mənimlə gəlməyə başladı.

***

Məktəb həyəti. Üç şagird həyətdə söhbət edirlər. Pilləkəndə duran müəllim onları izləyir.

- Bilirsən, dünən Yalçın bizə gəlmişdi.

- Həə.. bizə də. Etdiklərinə görə üzr istədi atamdan. Düzdür, atamı vurarkən yaranmış həmin zədələr hələ sağalmayıb. Amma indi atam daha dik gəzir. Hamı bilir ki, o oğru deyil.

- Biz yandırdığımız məhsulun da xərcini o qarşılayacaqmış.

Uşaqlar gülüşdülər.

Mən onları sakitcə izləyirdim. Gülməkdən yaşarmış o gözlər mənə zillənmişdi. İndi o gözlərdə ağrı, qorxu yox idi.

Cahanın gəldiyini gördüm. Maraqla və həyəcanla yanıma yaxınlaşırdı. Təngnəfəs halda dedi:

- Ay qız, de görüm, nə olub axı. Bütün kənd danışır. Gecə boyu səni gözlədim.

- Uşaqları evə apardıqdan sonra çox gec oldu. Dedim ki, səhər danışarıq.

- İndi danışacaqsan nə olub? Onu bilirəm ki, Yalçın bu uşaqların atalarını hamının içində döyüb, onları oğurluqla ittiham edib. Uşaqlar da atalarının heyfini almaq üçün məhsulların bir hissəsini yandırıblar. O da uşaqları cəzalandırmaq üçün dəmiri qızdırıb bədənlərində ömürlük iz saxlamaq istəyirmiş. Yəni oğru kimi damğalamaq...

Deyilənə görə sonra sən xilas etmisən uşaqları. Hətta bu gün Yalçın ailələrdən üzr istəyib.

Gülümsəyərək dedim:

- Hər şeyi bilirsən ki, daha nəyi öyrənmək istəyirsən?

- Onu öyrənmək istəyirəm ki, bu necə oldu? O vəhşi bir anda necə insana çevrildi. Bunu necə etdin?

- Ona dedim ki, o gecə nə etdiyini bilirəm. Əgər uşaqları buraxmasa, hamıya deyəcəyəm.

Heyrətlə məni dinləyirdi. Dayandığımı görüb səbri tükənmiş şəkildə soruşdu:

- Hə, danış. O hansı gecə idi? Nə etmişdi o?

- Bilmirəm.

- Necə yəni bilmirəm?

- Bilmirəm mən o hansı gecə idi və onun belə çəkinməsini gərəkdirəcək nə baş verib həmin gecə.

- Bəs? Bəs niyə elə dedin orada?

- Həmin anda sadəcə bu ağlıma gəldi.

- İşə yarayacağını haradan bilirdin?

Gülümsədim:

- Belə adamların həmişə elə gecələri olur, Cahan. Hamıdan gizlətdikləri. Gecənin qaranlığı ilə öz qaranlıq tərəflərini ört-basdır etdikləri həmin gecələr...

# 1620 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
#
#
# # #