Göl – Eyyub Məmmədov

Eyyub Məmmədov

Eyyub Məmmədov

17 dekabr 2021
# 11:33

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Eyyub Məmmədovun “Göl” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Nifrət edərdim ölümün gözlərimi bağlamasına və gizlənməsinə

Və mənə gizlincə xatirələri əmr etməsinə...

Nəzərə alsaq ki, bu şeirlər ağır ürək xəstəliyi olan bir uşaq tərəfindən seçilib

və bura yazılıb, onları oxumaq həqiqətən ağır və kədərli olur...

Selincer

Yüngülvari hazırlıqdan sonra dərhal yola düşdük. Hazırlıq deyirəm, əslində, hazırlıq dediyim şey kabab çəkmək üçün bir az toyuq qanadları, çörək, acı istiot turşusu, pivə, siqaret, tum və balıqları yığmaq üçün tordan hazırlanmış səbətlər xaricində elə də çox şey deyildi. Beş nəfər idik bu gün və bu beş nəfər ağır iş həftəsindən sonra istirahət etmək qərarına gəlmişdi. Düzü, müdirim və köməkçisi ora – hazırda getdiyimiz göl kənarına ara-sıra gedərdilər. Əyləncə anlayışı elə də zəngin olmayan, təmtəraqlı məclislərdən kifayət qədər uzaq, bir az özünəqapanıq, bir az da mürəkkəb xarakterli bu insan ora çatar-çatmaz köməkçisini – illərin dostu olan bu yaxın adamını yanından uzaqlaşdırar, tilovlara yem taxandan sonra gölün kənarında əyləşər, gecənin bağıryaran tənhalığında uzun müddət dinib-danışmayaraq gözlərini bir nöqtəyə dikib susar, bir növ də öz təbirincə əyləncə saydığı bu məşğuliyyətinə səhərəcən heç kimi şərik etməzdi. Gölün kənarında dümtək qalıb əylənmək – hər halda onun üçün bundan dəyərli heç bir istirahət növü ola bilməzdi. Bir də sabahın alatoranında yanına yaxınlaşmağa cəsarət edən köməkçisi oturduğu yerdə mürgüləyib qalmış müdirini ehtiyatla oyadar, balıqların yemini yeyib boş qoyduğu tilovları çəkib göldən çıxardar, gölün təmiz havası yoldaşlığında bir siqaret yandırıb yenidən geri qayıdardılar. Hər halda mən bu günəcən bu səfərlərin heç birində olmasam da, oradakı vəziyyəti aşağı-yuxarı belə təsəvvür edirdim. Zənnimdə də yanılmadığıma hardasa əmin idim, çünki köməkçisi də bir dəfə bu barədə təxminən elə mənim düşündüklərimi danışmışdı. İndi də axırıncı gedişlərinin birində gölə atdıqları toru çıxarmaq, həm də özlərinə məxsus şəkildə əylənmək üçün bu günü planlaşdırmışdılar. Aradan bir müddət vaxt keçməsinə baxmayaraq – hansı ki, tora balıq düşmüşdüsə də, artıq o balıqların orada sağ qalmaq ehtimalı çox az idi – yenidən ora getmək lazım gəlmişdi. Ən azından gedib torları yoxlamalı, boş idisə belə torları götürüb qayıtmalı idilər. Getməmişdən bir gün qabaq isə mənə də təklif etdilər. İstanbula gəlişimin üçüncü ayı idi. Bu müddət ərzində iş-ev xaricində demək olar ki, heç bir yerə getməz, axşamları isə evə qapanıb oturardım. Nadir hallarda evdən çölə çıxar, onda da zəruri ehtiyaclarımı qarşılamaq bəhanəsi ilə bir az gəzişib qayıdardım. İstanbulda darıxırdım. Odur ki, bir az əylənmək, bir az da stress atmaq, yorucu iş həftələrinin ağrısını-acısını canımdan çıxarmaq üçün təklifi məmnuniyyətlə qəbul etdim. Qabaqda müdir və köməkçisi, arxada isə biz üç nəfər yola düzəldik.

Qaziosmapaşa ilçəsindən yola çıxan maşınımız İstanbulun labirintvari küçələrindən dolaşıb Hadımköy istiqaməntində şəhərin kənarına çıxdı. İndi nisbətən boş və rahat şosedə maşınımız şütüyürdü. Nədənsə mənə daim elə gəlmişdi ki, İstanbulda getdiyin hər yer başlanğıc nöqtəsinə uzaq olduğu kimi, elə həm də yaxındır. Çünki burada yol yaddaşı zəif olan istənilən insan üçün nəinki maşın sürmək, hətta piyada belə gəzmək belə əsl zülmə çevrilir. İstanbulla bağlı ən böyük xəyal qırıqlığım da məhz bu olmuşdu bura gələndə. Nəhəng meqapolisin ürəkburxunduran tənhalığında bu qədər insan sıxlığı məni çox əzirdi ilk vaxtlar. Çoxluğa öyrəşə bilməmək bir yana, bir də bu insanların qara qarışqa kimi darısqal və iç-içə keçirilmiş küçələrində, gedişi və dönüşü bir bir-birinə bağlı səmtlərində addımbaşı qələbəliyi dar küçəli İstanbulu daha da darıxdırıcı və çətin edirdi. Odur ki, bu şəhərlə heç vaxt ulduzumun barışmayacağı fikri ilə barışmalı oldum. Və nağılları diyarı olan bu sevgili şəhər bir zamanlar xəyallarımın ən ümdə və müqəddəs bir hissəsi olmuşdusa da, indi artıq mənim üçün işləyib pul qazandığım bir yerdən başqa bir mənaya gəlmirdi. İstanbul heç bir zaman sönməyən işıqlarının fonunda daim qaranlıq görünən nəhəng bir şəhərə çevrilmişdi.

Beş nəfər idik. Və bu beş nəfər bəxtəxuda bir araya gəlmişdisə də, bəzən həyatın bu kiçik sürprizlərinə boyun əymək lazımdır, - deyə düşünürdüm. Yoxsa mənim kimi davamlı olaraq nigaranlıq və təlaş içərisində yaşayan biri üçün düşdüyü bu kimi vəziyyətlərə öyrəşmək mümkün deyildi. Pisi ilə, yaxşısı ilə bu insanları olduğu kimi qəbullana bilir, bəzənsə uyğunlaşa bilməyənin məhv olduğu bu cəfəng dünya qanunlarını da bir zərurət kimi dərk edirdim. Hər halda bizi birləşdirən yeganə dəyər bu günlərdə sadəcə və sadəcə iş həyatımız idi. Günü sabah mən o mühitdən ayrılsam bu münasibətlər də anındaca bitəcək, keçmiş nə vaxtsa yaşanmış, ancaq daha o günlərin mənasız bir xatirə yığınından başqa bir şey olmadığı abstrakt bir şeyə çevriləcəkdi. Nə xoş həyatını istədiyi an yenidən başlaya bilənlərin halına! Həyatın ən gözəl yanı da elə bu deyilmi? Gördün bacarmırsan, hər zaman imtina edib gedə bilərsən. Bu sənə verilmiş yeganə seçim azadlığıdır bəlkə də. Ancaq hazırda mənim hansısa qərar vermək kimi bir məcburiyyətim yox idi. Sadəcə maşının yan şüşəsindən anlıq kadrlar kimi görünüb, sonra da gəldiyi kimi yoxa çıxıb itən İstanbulu seyr etmək, bu şəhərin tanımadığım, bilmədiyim yanlarını kəşf etmək istəyirdim. Şəhərdən uzaqlaşdıqca şəhər sürətlə kiçilir, bürokratiyanın izləri yavaş-yavaş silinib itirdi. Heç vaxt təbiətlə bağlı düşüncələrində pafosa yuvarlanmayan bir insan kimi, nə yalan deyim, İstanbulun təbiəti məni əsla maraqlandırmırdı. Qəlbimin sərinlik tapdığı hər yer mənim üçün yaşamaq baxımdan məqbul olduğundan, təbiətin İstanbul bürokratiyası önündə məğlubiyyəti məni elə də sarsıtmamışdı. Sadəcə zamanla insanın mənfəət ehtirasına qurban getmiş bu gözəlliyə acımaya bilmədim. Axı insan öz içindəki kasıblığını bu qədər yüksək binalarla, yüksək mərtəbəli tikililərlə ört-basdır etmək ümidi ağılsızlıq idi. İndi bu şəhərin simasında bu cür insanların – öz mənəvi yoxsulluqlarını şəhərin nəhəng göydələnləri arasında gizlətməyə çalışanların halına yanmamaq mümkün deyildi. Olsun! Özləri bilər. Amma təbiətə bu formada qənim kəsilmək də bir yerdə bizdən heyifini alacaqdı, sadəcə gecikirdi hələ ki.

Maşının açıq şüşəsindən içəri dolan toz kütləsi burnumu qıcıqlandırırdı. İki dəfə asqırdım.

- Çox yaşa!

Ard-arda bir neçə dəfə təkrarlanan bu xitaba cavab vermədim. Doğrusu, həvəsim olmadı. Ona görə yox ki, bu insanlara qarşı nəsə soyuq bir münasibətim vardı, ya da tutalım ki, həyatla haqq-hesabını üzmüş biri idim. Yox, əksinə, bu insanlar dediyim kimi, elə də pis insanlar sayılmazdılar mənim üçün. Ən azından ünsiyyət qurmaq mümkün idi. Həyatı da doya-doya yaşamaq kimi istəyim olmuşdu zaman-zaman ki, özümü çox yaşa xitabına cavab verməyəcək qədər bədbin biri də saymazdım. Di gəl ki, yaşadığımız dünyanın əksər qaydaları kimi bu da mənə ağlabatmaz bir şey kimi görünürdü deyə, hərdən düşünürdüm ki, adını həyat qoyduğumuz bu şey nədirsə, sanki o yanlış dizayn olunub, onu təşkil edən elementlər, onun detalları səhv yerləşdirib. Odur ki, həyat – başdan-ayağa təmirə ehtiyacı olan bir nəsnə kimi gəlirdi mənə. Və bu cəfəngiyyatın qarşısında hisslərimi, emosiyalarımı bəlli edəcək qədər zəif düşmək istəmirdim. Qoy onlar bu “çox yaşa!” xitabı önündə mənim reaksiyamı bilməsinlər. Bilməsələr də olar, ancaq mənim öz-özlüyümdə əmin idim ki, mən özümü də, həyatı da az- çox anlayıram və bu həqiqətin qarşısında istər “çox yaşa” olsun, istərsə də “az yaşa” – heç biri mənim yaşamaq eşqimə yetəcək arzu ola bilməzdi.

Adətinə xilaf olaraq göl kənarına bu dəfə günün günorta çağı gələn müdirimizin ətrafdakı insan qələbəliyini görüb məyus olmasını hamımız sezdiksə də, səsimizi çıxarmadıq. Bilirdik ki, müdir elə bir insandır ki, nə atdığı addımı müzakirə edər, nə də bundan şikayət edər. Həm də xaraktercə deyingən insan deyildi. Və bu da onun xoşladığımız xüsusiyyətlərindən biri olduğu üçün onu olduğu kimi qəbullanmağa alışmışdıq. Bizi də məmnun edirdi. Özümüzlə gətirdiklərimizi maşından düşürtməyə başladıq. Müdir ağır addımlarla iri adyalını alıb qızmar günəşin altında yayxanmaq üçün özünə yer axtarmağa başladı. Hava istidir demək olmazdı. Sadəcə bəxtimizdən günəş çıxmış və bizim dayandığımız yerdə elə də çox ağac olmadığından açıq bir ərazidə günəşlənmək üçün ideal bir zamana təsadüf etmişdik. Yaşca ən böyüyümüz olmasa da, hamımızın “dayı” deyə çağırdığı Əlican kişi manqalı və əti götürüb kənarda kabab bişirməyə getdi. Pivələri və tum paketlərini isə mən yığıb müdirin adyalı sərdiyi yerə gəldim. Müdir uzanıb günəşlənirdi. Yanına yaxınlaşdım. Pivənin birini açıb ona, digərini isə köməkçisinə verdim. Özüm üçün də birini açıb onlarla bərabər uzandım. Səmanın ənginliklərinə tamaşa etməyə başladım. Gölün ətrafında insanlar olsa da, təsviri mümkünsüz bir sakitlik vardı. Sanki hamı bir-birinin istirahətinə mane olmamaq üçün xəfifdən danışır, daha çox isə lal suyun oxuduğu nəğmə dolu hüzur və dinclikdən zövq almağa çalışırdı. Müdir pivədən bir qurtum alıb siqaret yandıranacan mən artıq şüşəni yarılamışdım. Gərgin idim. Və bu gərginliyimi hamıdan çox müdir hiss edibmiş kimi sakit-sakit, çox da ciddi bir şeydən danışmırmış kimi soruşdu:

- Cavan insan idi?

Düzü, təəccüblənmişdim. Müdirin bu barədə nəsə bildiyini zənn etməmişdim. Axı ona bu barədə heç nə deməmişdim də. Hətta iş o yerə çatmışdı ki, Əlican dayı sırf icazə alıb evə getməyim üçün bunu müdirə demək istəyəndə belə razılaşmamışdım. Eybi yoxdur, qoy bilməsin. Əksinə, bəlkə də elə işlədikcə bir az başım qarışar, nisbətən rahatlaşaram deyə düşünüb özümü evə - təkliyə məhkum etməmişdim. İndi üstündən aylar keçsə də, görünür müdir nə unutqan, nə də diqqətsiz insan deyildi. Mənim isə üzümdən kədərin, yoxsa vecsizliyin doğurduğu donuq ifadəni rahatlıqla oxuya bilmiş, əslində isə, bu donuqluğun altında özü boyda nəhəng bir gərginliyi görən bir insan kimi, sırf elə bəlkə də bu səbəbdən məni özü ilə bura gətirmişdi ki, bəlkə bu yolla fikirim bir az dağılar.

- Heç otuz yaşı olmamışdı, - deyə cavab verib, mən də bir siqaret yandırdım. Artıq nəsə danışmaq, ümumiyyətlə isə, heç bu barədə bir kəlmə belə kəsmək istəmirdim. Müdir də sağ olsun, adam incidən xüsusiyyəti yox idi deyə məsələni kökünəcən irdələməyə lüzum görmədi. Odur ki, kabab bişsəydi yeyərdik, deməklə kifayətlənərək ağzı aşağı çöndü, kürd dilində oxuduğu sevimlisi mahnını zümzümə edə-edə yuxulamağa başladı.

Zaqros! Nə dediklərini anlamasam da təxmin edirdim ki, məmləkətinin yaraşığı olan “Zaqros dağlarını” tərənnüm edirdi bu mahnıda. Çünki tez-tez yanımızda oxuyar, hər oxuyanda isə yeganə anladığım ifadə olan “Zaqros” sözünü xüsusi tonla vurğulayar, bəzənsə uşaq kimi kövrələrdi. “Zaqros” onun üçün bir dağ silsiləsindən ziyadə həm də nəhəng bir kədər abidəsi idi.

Acmışdım. Və bu aclığın səbəbini də kəsdirə bilmirdim. Çünki yola çıxmamışdan qabaq bir xeyli yemək yemişdim. Bəlkə ağrıdan idi, bəlkə acıdan, bilmirdim, amma nə idisə, bu hiss yaşadığım digər hisslər qədər həqiqi və əsil idi. Kababın bişməyinə isə hələ bir xeyli vardı. Çünki göründüyü qədər Əlican dayı ocağı təzə qalamağa başlamışdı. Pivədən bir qurtum da alıb maşına tərəf yaxınlaşdım. Gətirdiyimiz boxçanı eşələdim. Çörəkdən başqa yeməli bir şey tapmadım. Bir də suda turşu edilmiş acı istiot. Bərk acdığımdan kababı gözləməyə də halım yox idi. Həm də acqarnına spirt qəbul edəndə daha tez tutur deyə asanlıqla sərxoş olurdum. Ona görə də iki gilə istiot turşusunu çörəyin arasına qoyub yeməyə başladım. Dəhşət acı idi. Bir müddət sonra dodaqlarımın yandığını hiss edib pivədən bir qurtum daha aldım. Gəlib yerimə uzandım. Ətrafda artıq nəinki sakitlik, hətta deyərdim ölü sükutu var idi. Yeganə eşitdiyimiz dayının səsi idi ki, köməksiz qalmağından şikayətlənə-şikayətlənə tikələri şişə çəkirdi. Bir də gölün o biri sahilindən ara-sıra çığıra-çığıra uzaqlaşan durnalar. Biz isə sanki onu eşitmirmişcəsinə yerimizdə uzanıb qalmışdıq: müdir yuxulamış, köməkçisi ilə mən isə pivədən içərək siqareti siqaretə calayırdıq.

Bir azdan yenə acmağa başladım. Lənətə gələsən, dayı, bir az cəld ol! – deyib yenidən maşına tərəf, boğçanı eşələməyə getdim. Hər dəfəsində guya boğça sehirli qutu imiş kimi onu eşələyir, içərisindən yeməyə nəsə tapacağıma ümid edirdim. Yenə də istiot turşusundan və çörəkdən başqa bir şey tapa bilmədim. Düzü, birinci dəfəsində dodaqlarımı yandırsa da, tamı xoş gəlmişdi deyə bu dəfə də yeyəcəkdim. Yenə iki dənə istiotu çörək dilimin arasına qoyub mədəmə ötürdüm. Ağzım daha da şiddətlə yanmağa başladı. Budəfəki acı hissi birincisinə nisbətən daha dəhşətli idi. Sanki ağzımdan alov çıxırdı. Amma bu dəfə tez də ötüşdü. Ardınca bir dilim çörəklə yenə də eyni qaydada iki istiot yedim. Bu dəfə həqiqətən həddimi aşmışdım. Gözlərim yaşardı. Qulaqlarımdan qaynar alov çıxırmışcasına qızardı. Qaça-qaça gəlib pivəni başıma çəkdim. Bilmirəm, ikinci, yoxsa üçüncü butulka idi, amma onu bilirdim ki, artıq sırf su əvəzinə içmişdim pivəni. Yanımızda kifayət qədər pivə olduğundan özümüzlə su gətirməyi ağlımıza gətirməmişdik. Pivədən sonra ağzımın acısı nisbətən ötüb keçsə də, bu dəfə başım gicəllənməyə başlamışdı. Dəqiq kəsdirə bilməsəm də, amma təxmin edə bilirdim ki, iki şüşə pivə məni sərxoş edəcək gücdə deyil. Yerə əyləşib dayını çağırdım. Az qalmışdı. Bir az da səbir etməyimizi, bu dəqiqə bişəcəyini söyləyirdi. Dayıdakı səbrə və fədakarlığa heyranlıq duyurdum. İncimək bir yana, əksinə, ona kömək etməyən bizlərə kababı tezliklə bişirib çatdıra bilmədiyi üçün təlaşlı görünürdü. Növbəti siqareti yandırıb dirsəkləndim. Ürək – deyib susdum. Ahh, xain ürək!

Xatırlayırdım. Bir dəfə demişdi ki, “həyat heç bir zaman insanın sifətinin yerə gəlməsinə imkan vermir. İllah ki, gəlib çatacağın bir anda əllərini yerə dirəyib dikələ bilirsən”. Sevimli aktyorunun sözü idi. Məni motivasiya etmək üçün demişdi. Halbuki ikimiz də bilirdik ki, özü həyatın dibinə vurmuş bir insandır. Və mənim ona axmaqcasına verdiyim “qorxursan?” sualına: “Qorxmaq deyəndə ki, bir az ağciyərləşmişəm. Bilirsən yaşlanmaq elə şeydi ki, səni az-çox ölümə hazırlayır. Cavan ölüm isə kinoya baxdığın yerdə qəfil şəbəkənin itməsi, kinonun yarıda kəsilməsi kimi bir şeydir” – deyə cavab vermişdi. Yarımçıq qalmış bir maraqlı film kimi izləmişdim onun həyatını. Bilmirəm, bəlkə də infarkt bəhanədir, onun ürəyi nəhəngliyindən qorxduğu enerjisini daşımaqdan imtina etmişdi. Bəlkə də o ürəyi ilə köməkləşib intiharını gerçəkləşdirmişdi, amma hərdən də düşünürdüm ki, həyat onun sifətini yerə həm də əllərini yerə dayamağa füsrət tapmamışkən vurmuşdu.

Müdir xoruldamağa başlamışdı artıq. Fürsətdən istifadə edib pivə şüşələrini bir-birinin ardınca boşaldırdım. Əslində maşında pivə çox idi. Müdir də pivə içməyimizlə bağlı hansısa bir məhdudiyyət qoymamışdı. Sadəcə istəmirdim ki, yanında çox içib özümü alkaqol düşkünü kimi göstərim. Amma həqiqətən çox istəyirdim içmək. Hətta o dərəcədə ki, içib-içib həyatdan qopmaq, sanki sırf bu anlıq da olsa duyğularımı öldürəcək intiharı gerçəkləşdirmək istəyirdim.

Bir azdan dayı əlində bişmiş kabablarla qayıtdı. Süfrəni düzəltdik. Müdir də artıq oyanmışdı. Günəş öz tövrünü pozmadan şüalanırdı. Başımın hərlənməsi şiddətlənsə də, aclıqdandır deyib yeməyə girişdim. Kabab dadlı bişməsinə baxmayaraq dəhşət acı idi. Buranın mətbəxin əsas özəlliyi olan acılı yeməklərə tam öyrəşə bilməmişdim. Amma dadlı idi. Acı kabab bir yandan, üstünə turşu kimi yediyimiz acı istiot və pivə. Artıq çox getməyəcəyini bilib növbəti siqareti yandırdım. Və süfrədən uzaqlaşıb adyalın üstünə uzandım. Günəşin şüuası gözlərimi deşsə də, bu vəziyyətdən xoşhallanmışdım. Ayağa qalxmağım demək olar ki, mümkün deyildi. Çünki başımın ağrısı azalmaq əvəzinə, əksinə daha da şiddətlənir, ürəyim bulanır, getdikcə taqətsizləşirdim. Balıq üçün bir həftə qabaq gölə atılmış torları hamımız unutmuşduq sanki. Hərə öz işində idi, yemək yeyən yeyir, yeməyən pivə içirdi, mən isə adyalın üzərinə yıxılıb qalmışdım. Birazdan yuxumun gəldiyini hiss etdim. Şüurumun alaqaranlıq dərinliklərindən boğuntu kimi səslərdən tam kəsdirə bilmədiyim cümlələrdən təxminən anlayırdım ki, birazdan torları çıxarmaq üçün bir xeyli uzağa - qayıqla gölün o biri sahilinə doğru gedəcəklər. Olsun, eybi yoxdur, onsuz da taqətim yox idi. İndi heç kim məni nəinki harasa tor çıxartmağa apara, heç yerimdən belə qaldıra bilməzdi. Hətta özüm istəsəm belə.

Küləyin dalğalandırdığı gölün səsi.

Burada boulinq topları yoxdur. Ancaq mən suda nəyisə axtarırmış kimi üzürəm. Qəribədir, bu üzməyi harada, nə vaxt öyrənmişəm belə, xatırlamıram. Amma üzürəm. Hərçənd yaxşı üzə bilməməsəm də, hər halda suya hakim olmağa çalışıram. Batıb çıxmağımdan, yöntəmsiz şəkildə o tərəf-bu tərəfə səyriməyimdən yəqin ki məni seyr edən hər kəs bunu asanlıqla görə bilər ki, mən təcrübəsiz bir üzgüçüyüəm. Amma məsələ burasındadır ki, ətrafda bir inli-cinli yoxdur. Nəinki bura istirahətə gəlmiş insanlar, hətta bizimkilər belə. Təəccüblənsəm də, az sonra balığa getməklərini xatırlayıb - yəqin balıqdan hələ də qayıtmayıblar - deyə rahatlaşıram. Əvəzində isə üzməkdən həzz alıram. Olsun, qoy bir az gec gəlsinlər. Onlar gələnə qədər bir xeyli də üzə bilərəm hələ. Əsas odur ki, mən bunu edirdim. Üşüsəm də may ayı suya girmək üçün elə də əlverişli vaxt sayılmaz – qıc olmaq riskinə girsəm də, hətta bu işin sonunun ürək infarktı ola biləcəyini yaxşı dərk etsəm də, soyuğu vecimə almadan o yana-bu yana çırpınıram. Görəsən necə olmuşdu ki, suya girmişdim? Heç nəyi xatırlamırdım. Bir onu xatırlayırdım ki, kəsik-kəsik qulağıma gələn səslərdən anladığım qədər, onlar balığa gedərkən məni oyatmamaq qərarına gəlmişdilər. Bəs mən necə suya girmişdim? Yenə də xatırlamırdım. Amma əsas olan o idi ki, üzürdüm. Heç bir soyuğun, heç bir iflicin, qıc olmağın qorxusu məni bu istəyimdən vaz keçirə bilməmişdi. Boulinq topları ilə dolu okeanda imiş kimi üzürdüm. Bir azdan yorulduğumu hiss etməyə başladımsa da, heç cür içimdəki üzmək təşnəsini dindirə bilməmişdim. Sahildən nə qədər aralandığıma da fikir verməmişdim. Arxaya çevriləndə dəhşətə gəldim. Bir xeyli məsafə qət etmişəmmiş. Üstəlik ayaq damarlarımın sıxılmasını, qollarımın zəiflədiyini, gücdən düşdüyümü hiss etdikcə təlaşlanmağa başlayırdım. Təşvişlə çabalamağa çalışsam da deyəsən gecikmişdim. Özüm də bilmədən necə olmuşdusa bu qədər məsafə qət etmiş, üstəlik də nəinki yaxınlıqda, heç sahildə də insan görməmişdim bu müddət ərzində. Tək qaldığımı zənn etdim bir anlıq. Bir neçə dəfə batıb suyun altında az müddətlik boğulsam da, ölümə heç cür yaxın düşməyəcəyimə inanırmış kimi yenidən suyun üzərinə çıxır, yaşadığıma dair olan inamım şiddətlənə-şiddətlənə bunun hələ ölüm olmadığını dərk edirdim. Həm də ona görə ki, hər dəfə boğulma anında ağrılarım bir az da şiddətlənir, daha çox üşüyürdüm. Üşüdükcə də tir-tir əsir, birazdan kiminsə gəlib məni sudan çıxaracağını deyil, sadəcə üstümə üşüməyim deyə nəsə atacaqlarına dair bir xurafata qapılırdım. Qəribədir, kiminsə məni xilas etməsini deyil, üşüməməyi arzulayırdım sanki. Qışqırmaq istədim. Gücüm çatmadı. Nəinki gücüm çatmaq, hətta nitqimi belə itirdiyimin fərqinə vardım. Və bu an artıq ölümlə üzbəüz olduğumu dərk edib, nə onların bura gələcəyinə, nə də mənim buradan çıxa biləcəyimə olan-qalan inamımı da itirib bir daha suyun altına daldım.

Sahildə dayanıb gölün həzin şırıtlısına qulaq asa-asa siqaret çəkən müdir bizimkilərin qayıtdığını görüb məni çağırıbmış, mən eşitməmişəm.

- Oyan hey, gəldilər!

Bir yanı üstə maşının arxa oturacağında neçə saat yatmışdımsa, oyananda bütün bədənim ağrıyırdı. Axşam düşmüşdü. Hava yavaş-yavaş qaralmağa başlamışdı. Xəfif rüzgar, suyun şırıtılısı və yüngülcə üşüyərək çiynimə gödəkçəmi atıb maşından çıxdım. Maşının qapısı açıq qalıbmış deyə yatakən bir xeyli üşümüşdüm. İlahi, bu nə idi belə? Olanların yuxu yoxsa gerçəklik olduğunu tam kəsdirə bilmirdim hələ də. Amma onu bilirdim ki, çox əzgin bir vəziyyətdəyəm. Qəribədir, mən axırıncı dəfə yatanda yerdə adyalın üstündə uzanmışdım. Necə oyanmışdım, necə maşına gəlmişdim və üstəlik yenidən necə yatmışdım, daha bunları xatırlamırdım. Bir onu bilirdim ki, yuxunun təsirindən hələ də çıxa bilməmişəm. Bir azdan iş yoldaşlarım qayıqla gəlib sahilə çatdılar. Bir xeyli balıq vardı qayıqda. Balıqları maşına doldura-doldura müdir maşında yatarkən bir xeyli sayıqladığımı, bəzənsə uşaq kimi mışıl-mışıl gülümsədiyimi dedi. Özümü həqiqətən uşaq kimi həyata yenidən gələn, amma bir yaşlı kimi də həyatdan yorulmuş hiss edirdim. Bir azdan hər şeyi yığışdırıb maşına qoyduq. Hərkəs maşına əyləşdi. Özümü əzgin hiss edirdim. Bir az yerimək istəyirdim deyə gölün ətrafına çəkilmiş hasarlar boyunca, qoruğun qapısına qədər piyada gedəcəyimi, qapının yanında onları gözləyəcəyimi dedim. Maşın yolu əsas yoldan fərqli olaraq bir az uzun idi. Maşın o yolu qət edib qapıya çatanacan mən gölün kənarı ilə, sahil boyu qapıya doğru addımlamağa başladım. Suyun rəngi tündləşmiş şırıltısı isə hazır ki sükutu xüsusi bir ahənglə pozurdu sanki. Xırda addımlarla gölün kənarı ilə gedirdim. Elə bu an qəfil içimdən bir hiss qopdu ki, sanki özümə yalvarırdım - nə olar, icazə ver paltarlı-zadlı girəm bura. Paltarlı-zadlı girəm gölə, doyunca çiməm, sonra çıxam. Olsun ki, sonunda infarkt filan, ya da bir iflic olma qorxusu olsun, sonra da qapanıb getsin bu söhbət, ancaq fikrimdən daşındım nədənsə. Çünki mənim də pisdən-yaxşıdan özümə görə öz həqiqətlərim var idi. Birincisi, bura adicə bir göl idi. Ucsuz-bucaqsız boulinq topları ilə dolu okean yox. İkincisi də, bundan sonrakı ömrüm üçün mütləq etməli olduğum şeylər üçün xəyallarımdan ibarət siyahımdakı bütün arzular kimi, bu da gerçəkləşsəydi, dərhal öz mənasını itirəcəkdi. Və ən nəhayət nəyisə etməklə etməmək arasındakı fərq bəzən bax, bu cür itir. Bir zamanlar bir hekayənin müəllifi yazmaqla onu vaxtsız tərk edib getmiş qardaşının gedişinə kömək etdiyini düşündüyü kimi mən də, artıq düşünürdüm ki, edə bilməyəcəyim şeylər qoy yazı olaraq qalsın. Onsuz da bizi tərk edib getmiş hər kəs nə vaxtsa qayıdıb gələcək. Ya da biz onlara gedəcəyik. Amma bilirəm ki, istər boulinq topları ilə dolu okean olsun, istərsə də adicə bir göl – bir gözüm daim onu axtaracaq. Hələlik isə özüm getməliyəm. Dözə bilmirəm artıq, getməliyəm.

# 2788 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #