G.M. - Qustav Mayrinkin hekayəsi

G.M. - Qustav Mayrinkin hekayəsi
19 yanvar 2024
# 14:00

Gerçək adı-soyadı Qustav Mayer olan Qustav Mayrink avstriyalı ekspressionist nasir, dramaturq, tərçüməçi və bankir olub.

1914-cü ildə işıq üzü görən "Qolem" romanı öz müəllifinə ümumdünya şöhrəti gətirməklə bərabər, XX yüzildə meydana çıxan ilk bestsellerlərdən də biri sayılır.

Onun yaradıcılıq üslubunda ezoterik və mistik məqamlar ekspressiv bir vəhdət halındadır. Q.Mayrinkin - Frans Kafka və Leo Peruts ilə birgə - Praqa ədəbi məktəbinin məşhurlaşmasındakı rolu isə danılmazdır.

Kulis.az onun "G.M" hekayəsini təqdim edir.


G.M.



- O it oğlu it Makintoş yenə buralardadır!

Bu xəbər alov kimi, bircə anın içində bütün şəhəri bürüdü.

Corc kimi də tanınan, alman mənşəli amerikalı sayılan Georq Makintoş hələ beş il bundan əvvəl yerli camaatla vidalaşmaqla, şəhəri tərk eləmişdi. Bununla yanaşı,onun buralarda durğuzduğu hoqqaları - eynilə o sərt cizgili, qarabuğdayı sir-sifəti qədər - unutmaq müşkül məsələ idi. Və bu gün o hərif təkrar Qrabendə (qədim Praqanın mərkəzi küçələrindən biridir - A.Y.) zühur eləmişdi.

Görəsən, indi o tülkü bu yerlərdə niyə sülənirdi axı?

Keçən səfər yerli camaat aşkar nifrət bəsləməklə, yavaş-yavaş burunlamaqla onu buralardan və öz başından rədd eləmişdi. Həm də hər kəs bu işə bacardıqca öz töhfəsini vermiş sayılırdı: kimisi özünü ona dost kimi sırımış, kimisi onun barəsində saxta, amma nifrəti körükləyəcək şayiələr uydurub yaymışdı, ancaq yenə də hər kəs bütün hallarda ehtiyatlı davranmış, onunla qurduğu münasibətləri də tamam korlamaqdan çəkinmişdi. Bütün bu xırda-xuruş əclaflıqlar üst-üstə qalananda adama necə böyük görünürdüsə, hər hansı dəqiq hədəfə qarşı yönəldikləri təqdirdə onlar istənilən insanı əlli-ayaqlı yıxıb-sürüməyə yetərdi, bircə bu amerikalıdan başqa. Elə buna görə də o hərif buraları birdəfəlik tərk etmək qərarına gəlmişdi.

Makintoşun sifət quruluşu bir bıçaq qədər iti, ayaqları isə hədsiz dərəcədə caydaq idi. İrqçilik təliminə məhəl qoymasalar belə, bir çoxları onun bu zahiri cəhətlərinə yetərincə dözümsüz yanaşırdılar.

Çoxlarının onu görən gözü yox idi, o isə bu nifrəti hər nə cürsə yatırtmaqdan ötrü yerli əhalinin hakim rəyilə hesablaşmaq əvəzinə, adətən camaatdan uzaq durur, qısa fasilə sonrası yeni bir hoqqa ilə insanları təkrar cırnatmağı bacarırdı: bu səbəblər isə gah hipnoz, gah spiritizm (o biri dünyadakı ruhu bu dünyaya çağırma seansları - A.Y.), gah da hiromantiya (əl və ya ovuc falı - A.Y.) ilə bağlı olurdu. Hətta bir dəfə o, "Hamlet" əsərini simvolizm ruhunda yozmağa, araşdırmağa da girişmişdi. Aydın məsələdir ki, bütün bu sadalananlar bizim nəcib vətəndaşları, xüsusilə də "Gündəlik qəzet"də işləyən və tam da o ərəfədə "Şekspir barədə nələr düşünürəm" adlı öz kitabını çapa hazırlayan cənab Tevinger kimi sütül dahiləri qıcıqlandırmaya bilməzdi.

Və budur, hamının gözünə batan bu tilişkə indi təkrar üfüqdə peyda olmuş və öz hindu əsilli nökəri ilə "Qızıl günəş" mehmanxanasında məskunlaşmışdı.

Köhnə tanışlarından biri sırf ağzını aramaq məqsədilə maraqlanmışdı:

- Yəqin, bura bəlli bir müddətə gələrsiniz?

O isə belə demişdi:

- Əlbəttə ki, bəlli bir müddətə, çünki öz evimə ancaq avqustun on beşində köçə biləcəyəm. Yeri gəlmişkən, axı mən Ferdinandştrassedə özümə bir ev almışam.

Bunu öyrənən şəhər əhlinin mısmırığı yamanca sallandı. Sən demə, bu hərif harada-harada, ta Ferdinandştrassedə özünə ev alıbmış! Bu fırıldaqçıda o qədər pul nə gəzərdi axı?! Nə isə, baxaq görək, bu dəfə nə qədər davam gətirəcək o?..

Gözlənildiyi kimi, bu səfər də Makintoş öz növbəti hoqqasıyla buralara qayıtmışdı: onun özüylə gətirdiyi elektrikli cihaz torpağın alt qatındakı qızıl yatağını təyin eləməyə yarayırdı və bir mənada yeraltı su məcrasını nişan verən üzüm tənəyinin elmi cəhətdən işlənmiş bir versiyası sayılırdı.

Aydın məsələdir ki, böyük əksəriyyət bunun mümkünlüyünə dərin şübhə ilə yanaşırdı. Əgər indiyədək belə bir icad mümkün olsaydı, başqaları ço-o-x-dan bunu sınaqdan çıxarardı, əlbəttə.

Ancaq bir faktı da danmaq olmazdı: ötən beş il ərzində bu amerikalı özünü əməlli-başlı tutmuşdu. Bunun məhz belə olduğunu, ən azından, "Şpik və kürəkəni" firmasının məlumat bürosu tam əminliklə təsdiqləyirdi. Həqiqətən də, elə həftə olmurdu ki, bu hərif bizim şəhərdə özünə yeni bir ev almasın.

Həm də bunları plansız-zadsız və harada gəldi alırdı: bir evi Tərəvəz bazarı tərəfdə, digəri Gerrenqassda yerləşsə də, bütün evlər şəhərin məhz köhnə hissəsində idi.

İlahi, bəlkə bu gedişlə o, şəhərin bələdiyyə rəisi-filan olmaq niyyətinə düşmüşdü?

Heçcə kim onun əsl niyyətini anlamırdı.

- Siz heç onun vizit kartlarını görübsünüz? Alın, baxın: adamın sırtıqlığı artıq heç bir hədd-hüdud tanımır! Sadəcə monoqramması (insanın ad və soyadının baş hərflərindən ibarət şrift kompozisiyası - A.Y.) var burada, adı-soyadı isə ümumiyyətlə göstərilməyib! Hətta deyirmiş: "Mənim malım-pulum o dərəcədə artıb ki, daha mən ada-soyada da bir gərək duymuram!"

Bir müddət sonra Makintoş Vyanaya yollandı. Şəhərimizdə dolaşan şayiələrə əsasən, orada o, bir dəstə deputatla vaxtaşırı görüşürmüş və onlar da bu hərifin başına lap pərvanələr kimi dolanırmışlar.

Onun bu deputatlarla hansı işləri düzüb-qoşduğunu öyrənmək, əlbəttə ki, heç kimə nəsib olmadı, ancaq heç şübhəsiz, bu hərif yeraltı filizlərin kəşfiyyatı üzrə hüquqi sənədlərdə dəyişikliklər edilməsi barədə yeni qanun layihəsinin hazırlanması işinə girişmişdi.

Hər gün qəzetlərdə bununla bağlı təptəzə xəbərlər verilirdi, müzakirə və səsvermələrin ardı-arası kəsilmirdi, həm də belə görünürdü ki, xüsusi istisna hallarında şəhərlərin ərazisində mədən-axtarış işlərinin sərbəst şəkildə aparılmasına ən yaxın zamanda qanunla rəsmən icazə veriləcək. Kənardan bütün bu vurnuxma insanda qəribə təəssürat doğururdu və ümumi rəy belə idi ki, bu kampaniya hansısa nəhəng kömür emalı şirkətinin mənafelərinə xidmət edir.

Yəqin ki, bu işdə sırf Makintoş, həm də bu dərəcədə maraqlı ola bilməzdi - görünür, o, hansısa bir qrupun sadəcə təmsilçisi qismində çıxış edirdi...

Tezliklə o, bizim şəhərə qayıtdı. Kefinin kök olması bütün davranışlarından açıq-aşkar sezilirdi. Onun bu dərəcədə istiqanlı davranışları hələ heç kəsin xatirinə gəlmirdi.

Şəhərin Kadastr xidmətində yüksək vəzifə tutan bir cənab kazino masası arxasında ikən öz oyun yoldaşlarına bu səmimi etirafı eləmişdi:

- Onun bütün işləri yağ kimi gedir. Dünən adam şəhərdə növbəti, sayca on üçüncü daşınmaz əmlakı öz adına qeyd elətdirdi. O binanı yaxşı tanıyırsınız - "Üç dəmir parçası" heykəli ilə üzbəüzdəki küncdə, həm də o çəpinə duran "Bakirə ana" adlı binanı deyirəm. Hazırda orada Su Daşqınlarına Nəzarət üzrə Əyalət Təftiş Komissiyası fəaliyyət göstərir.

İnşaat işləri üzrə dövlət müşaviri işləyən cənab dilləndi:

- Vallah, bu tip gec-tez öz fırıldaqlarının güdazına gedəcək. Cənablar, heç bilirsiniz, indi də o, nəyə nail olmağa can atır? Satın aldığı üç evi sökmək niyyətinə düşüb: bunlar Perlqassedəki, Barıt qülləsinin sağ cinahındakı dördüncü ev və bir də 47184/11 nömrəsi altında qeydə alınmış evdir. Həm də yeni inşaat işləri üzrə plan da artıq rəsmən təsdiqlənibdir!

Bunu eşidən hər kəs dilini dişlədi.

Küçələrdə payız küləyi əsirdi: axı təbiət də yuxuya getməzdən öncə dərindən əsnəyir.

Səma necə soyuq və göyümtül, buludlar isə necə toppuş və şairanə idisə, sanardın tanrı özü onları bu cür yaratmağı məhz maestro Vilhelm Şultsa (1865-1952-ci illərdə yaşamış alman rəssamı və qrafikidir - A.Y.) həvalə edibdir.

Qəlbi məhz yıxıb-dağıtmaq eşqiylə çırpınan bu amerikalı yerləbir etdirdiyi kərpic divarların tozunu göy üzünə bülənd eləməsəydi, bir Tanrı bilir ki, bu şəhərin havası nə dərəcədə təmiz və gözəl olardı. Ancaq o, bu işləri görməkdən ötrü də rəsmi dairələrdən gərəkli icazələri almışdı!

Yaxşı, deyək ki, o, bu üç evi sökdü, axı özünün qalan on üç evini də sökməsi faktı indiyədək görünməmiş bir qalmaqala yol açasıydı!

İndidən bütün əhali öskürəkdən əziyyət çəkir, o lənətəgəlmiş toz adamın gözlərinə dolanda isə həyat lap dözülməz olur...

- Görünür, bütün bunların yerində o, sarsaq nə isə bir obyekt tikdirəcək. Mərc gələrəm ki, bu da bizim üçün olacaq növbəti "Seçession"! Deyəsən, hərif lap ağlını itirib! Yeni inşaat planını o, niyə təsdiqlənməyə veribmiş axı?!

(Seçession - modern üslubu təmsil edən rəssamlar qrupunun Vyanada inşa etdirdiyi və öz qruplarının adını verdiyi məşhur sərgi salonunun adıdır - A.Y.)

- Ərazidəki köhnə binaları sökməyə izn almaqdan ötrü!

- ??????

Baş memarın köməkçisi Viskoçil nəfəsi tamamilə daralmış bir halda o məkana girib, bildirdi:

- Cənablar, xəbəriniz var xəbərdən? Şəhərimizin ərazisində qızıl yatağı varmış! Hə, hə, qızıl yatağı! Bəlkə də o, indi, elə buradaca, düz ayaqlarımızın altındadır.

Hamının nəzərləri o an cənab Viskoçilin laklı çəkmələr taxdığı yastıhal, yuxanı xatırladan ayaqlarına zilləndi.

Tezliklə bütün Qraben sakinləri oraya axışdı.

Ticarət işləri üzrə dövlət müşaviri Levenşteyn bağıraraq soruşdu:

- O qızıl söhbətini axı kim ortaya atıb?

Şəhərin inşaat işləri şöbəsinin rəhbəri də deyilənləri təsdiqlədi:

- Mister Makintoş etiraf eləyib ki, Perlqassedə sökdürdüyü o evin altındakı ərazidə, həm də yerin təkində qızıl yatağı tapıb. Vyanadan komissiya gəlməsi üçün artıq teleqraf da vurdurub.

Bir neçə gündən sonra Corc Makintoşun adı şəhər əhlinin dilindən heç düşmədi. Bütün dükanlarda onun fotoları asılmışdı: nazik dodaqlarının kənarındakı qırış onun bıçaq qədər kəskin profilinə istehzalı bir ifadə verməkdəydi.

Qəzetlər onun keçdiyi həyat yolunu işıqlandırırdılar, idman şərhçiləri isə təcili qaydada onun çəkisini, döş qəfəsinin və bisepslərinin həcmini, hətta ağ ciyərlərinin hava tutumunu da dəqiqləşdirmişdilər. Çünki ondan müsahibə almaq sən deyən də çətin bir iş sayılmırdı.

Hərif hələ də "Qırmızı günəş" otelindəki nömrəsində yaşayırdı, yanına rahatca gedib-gələn hər kəsi bahalı siqarlara qonaq edir, haqqında şayiələr dolaşan evləri sökmək və onların yerindəki inşaat ərazilərində qızıl yatağı axtarışları fikrinə necə düşdüyü barədə niyyətlərindən hamıya ürəkaçıqlığı ilə danışırdı.

O qızılaxtaran cihaz ideyası da bu hərifin məhz özünə aid imiş: elektrik cərəyanının gah artıb, gah azalması hesabına bu cihaz yerin təkində qızıl yatağı olub-olmadığını siqnalların köməyilə xəbər verirmiş. Makintoş gecə vaxtı təkcə özünə məxsus evlərin deyil, gizli yolla daxil olmaqla, qonşu evlərin zirzəmilərində də axtarış işləri aparırdı. O, belə deyirdi:

- Baxın, Dağ-mədən Nazirliyinin rəsmi hesabatı, Vyanada yaşayan və bu sahədə nüfuzlu ekspert kimi ad çıxaran köhnə dostum, professor Perpendikulyariusun rəyi də artıq əlimin altındadır.

Həqiqətən də, göstərdiyi sənədlərdə bu dedikləri nəinki açıq-aşkar vurğulanmış, hələ rəsmi möhürlə təsdiqlənmişdi də:

"Amerika vətəndaşı Corc Makintoşun alqı-satqı yoluyla yiyələndiyi on üç evin yerindəki inşaat sahələrində ənənəvi şəkildə, yəni qumla qarışıq olmaqla, qızıl yatağı tapılıb. Əldə olunan örnək miqdar həmin ərazidəki nisbətən dərin süxurlarda qızıl ehtiyatının daha bol olacağının danılmaz sübutu sayıla bilər. İndiyədək bənzər hallara yalnız Asiyada və Amerikada rast gəlinsə də, uzun götür-qoy etmədən mister Makintoşun belə bir fikriylə razılaşmaq olar ki, tarixöncəsi dövrdə bu ərazi hansısa çayın qədim məcrası imiş. Əlbəttə, əldə ediləcək gəliri tam dəqiqliyi ilə hesablamaq hələlik mümkün olmasa da, buradan çıxarılacaq qızılın ən yüksək keyfiyyətlərə malik olduğuna hər hansı şübhə bəslənə bilməz və çox yəqin ki, indiyəcən belə yatağa ümumiyyətlə rastlanmayıbdır".

Qızıl yatağı boyunca bu amerikalının qazdıracağı şaxtaların təxmini düzülüş planı da hamıda dərin maraq doğururdu və bu plan nüfuzlu ekspert komissiyası tərəfindən artıq yekdilliklə bəyənilmişdi.

Plana baxanda aşkar görürdün ki, qədim çayın məcrası amerikalının satın aldığı evlərdən birinin altından başlanır, sonra qəliz bir şəkildə burulur, irəlidə ona aid digər evlərin altından keçməklə, yenə də Makintoşa məxsus olan və Çeltnerqrasse küçəsinin küncündəki evin altına qədər uzanır.

Bununla bağlı bütün dəlil və sübutlar o dərəcədə aşkar və bəsit idi ki, şübhəyə hər hansı yer qalmırdı, hətta elektrik metalaxtaran cihaza sən deyən inanmayan şəhər sakinləri də bunun başqa cür yox, məhz belə olduğuna asanlıqla inanırdılar.



...Xoşbəxtlikdən o ərəfədə yerin təkində kəşfiyyat işləri barədə qanun da yürürlük qazandı.

Bu amerikalının bütün işləri necə ehtiyatla və səssizcə düzüb-qoşması şəhərdə hamını heyrətə salmışdı!

Ona satdıqları ərazilərdə bir dünya sərvətin yatdığını öyrənən şəhər sakinləri kafelərdə oturarkən daha öncə əsassız yerə qaraladıqları amerikalını bu cür qoparağına görə tərifləyir, hətta bunu özləri üçün bir fəxarət də sanır:

- Tanrı özü o böhtançıların cəzasını versin! - deyirdilər.

Cənablar hər axşam bu olub-bitəni müzakirə edir, yaratdıqları komitənin vəkilinə hadisələrin bundan sonra necə cərəyan edəcəyinə dair suallar ünvanlayırdılar.

Vəkil onlara deyirdi:

- Çox sadə! Hər barədə siz eynilə mister Makintoş kimi davranmalısınız. Qanunvericiliyə uyğun olaraq, inşaat işləriylə bağlı sənədlərinizi təsdiqə göndərməli, sonra isə yeraltı qızıl yatağına bir an əvvəl çatmaqdan ötrü hər şeyi söküb-dağıtmalı, qazıb-tökməlisiniz. Başqa cür iş gedə bilməz, çünki həm mövcud zirzəmilərdə qazıntı işi aparmaq mənasızdır, həm də bu cür fəaliyyət müvafiq qanunun XXIII maddəsinin V bəndinin 47a paraqrafı ilə yasaqlanıbdır.

Onlar da bu deyilənləri etdilər.

Özünü hədsiz çoxbilmiş göstərən xarici bir mühəndis həmin cənablara deyəndə ki, bəlkə elə bu Makintoş komissiya üzvlərini sırf yanıltmaqdan ötrü torpağa gizlicə qızıl qırıntıları qarışdırıb, hamı o zavallını əsl hoydu-hoyduya götürdü.

Çəkic səsləri və daşların tappıltısı artıq bütün küçəni başına götürmüşdü, yerə düşən tirlərin qopartdığı gurultu, fəhlələrin hay-həşiri, inşaat zibili daşıyan arabaların cırıltısı, bütün bunlardan əlavə, qatı toz buludlarını havaya qaldıran o lənətəgəlmiş külək!

Bunlar adamı lap dəli-divanə edirdi!

Bütün şəhər camaatının gözləri iltihab bağlamışdı, göz xəstəxanasının qəbul otağı belə xəstələrlə dolub-daşırdı, krakovlu professor Yeji Nedelnikin "Müasir şəraitdə inşaat işlərinin insan gözünün buynuzlu qişasına vurduğu zərərlər barədə" başlıqlı broşyurası isə sayılı günlər ərzində satılıb qurtarmışdı.

Vəziyyət durmadan ağırlaşırdı.

Nəqliyyatın hərəkəti tamam dayanmışdı. Şəhər əhalisi böyük dəstələr şəklində "Qırmızı günəş" otelinə hücum çəkirdi - hər kəs o amerikalı ilə danışmağa can atırdı: yəni doğrudanmı o, hesab edir ki, planda göstərilənlərin xaricində, yəni qonşu evlərin altında qızıl yatağı heç yoxdur?

Küçələrdə hərbi patrullar dolaşırdı, hər küncə-bucağa elanlar yapışdırılmışdı ki, bəs nazirliyin növbəti sərəncamı qüvvəyə minənə qədər bu şəhərdə ev sökmək qadağan edilibdir.

Polislər orda-burda siyirməqılınc dolaşsalar da, bunun bir faydası nəzərə çarpmırdı.

Əhali arasında dəhşətli dəlilik vaqeələrinə də rast gəlinirdi. Şəhər kənarında hansısa dul qadın gecə vaxtı, tək alt paltarındaca öz evinin başına çıxaraq, dam örtüyünü təşkil edən kirəmitləri qorxunc bir cırıltı ilə qoparıb, birbəbir üzüaşağı tullamışdı.



Gənc analar, eynilə sərxoşlar kimi, orda-burda dolaşırdılar, onların südəmər çağaları isə evlərdə yiyəsiz qalmışdılar.

Şəhərin üzərinə tüstünü xatırladan bir çən qatı çökmüşdü - sanki sarı iblis öz idbar qanadlarını bu bölgənin üzərinə gərmişdi.

Və budur, ən nəhayət, o böyük gün gəlib yetişdi. Vaxtilə göz-könül oxşayan bütün o evlər yerlə-yeksan oldu - sanki onları kökündən çıxarıb bir kənara atdılar, bunun ardınca isə daş ustalarının yerini mədənçilər ordusu tutdu.

Bellər və külünglər işə düşdü, nə düşdü.

Qızıldan isə əsər-əlamət yox idi! Belə çıxırdı ki, o, təxmin olunandan daha dərin qatlarda yatırmış.

Və qəflətən!

Qəzetlərdə qəribə və heyrətamiz dərəcədə iri elanlar peyda oldu:

Georq Makintoş özünün bütün əziz tanışlarına və dərin rəğbət bəslədiyi şəhər əhalisinə bu müraciəti edib:

"Yaranmış şərait məni hamınızla birdən vidalaşmağa məcbur edir. Bu gün Yozefplatsda ilk dəfə görəcəyiniz hava şarını mən bu şəhərə öz xatirə hədiyyəm kimi qoyub gedirəm, siz isə istənilən vaxt ondan yararlana bilərsiniz. Çünki o, sizə həmişə məni xatırladacaq. Hər bir cənaba ayrı-ayrılıqda baş çəkib, vidalaşmağı özüm üçün əziyyətli bir iş saydığım üçün mən bu şəhərə özümdən sonra cəmi bir dənə, amma nəhəng vizit kartı qoyub, gedirəm".

- İndi belə çıxır ki, o hərif zır dəli imiş də!

- Bəyəm şəhər əhlinə də vizit kartı təqdim edərlər?! Əcəb sayıqlamadır bu!

- Bütün bunlar nə deməkdir axı? Siz bundan nə isə anladınız?

Hər tərəfdən bu məzmunda etiraz səsləri yüksəlirdi.

Ən qəribə və naxoş məqam isə o idi ki, bir həftə əvvəl buralardan çıxıb-gedən o amerikalı özünün bütün ərazilərini əlüstü başqalarına satmışdı!

Məsələnin əsl məğzini fotoqraf Angel Malox ortaya çıxartdı. O, elanda sözügedən hava şarı ilə ilk uçuşu gerçəkləşdirdi və quş uçuşu səviyyəsindən şəhərdə aparılan dağıntıların fotosunu çəkdi.

Fotonu çap edib, öz dükanının vitrinindən asdığı andan etibarən həmin şəklin tamaşasına yığışanların ardı-arası kəsilmədi. Bəs o fotoda nə əks olunmuşdu, görəsən?

Evlərin sıx şəkildə sıralandığı fonda əsl xarabazarlığı xatırladan bəyaz rəngli evlərin yerində əyri-üyrü bir cüt hərf aşkar şəkildə seçilirdi:



GM

Hə-ə, bunlar amerikalının ad və soyadının baş hərfləri idi də!

Bunu öyrənən ev sahiblərinin əksəriyyəti dərindən sarsılsa da, ticarət üzrə müşavir Klyuçikingerin heç tükü də tərpənmədi. Çünki onun evi istənilən halda söküləsiydi.

İltihablı gözlərini ovuşduran həmin cənab burnunun altda donquldanaraq belə dedi:

- Mən axı həmişə sizi inandırırdım ki, o Makintoş heç vaxt ciddi bir işə girişə bilməz.

Tərcümə: Azad Yaşar

# 1113 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
#
#
# # #