Ərafın dərin qatlarında – Yeni hekayə

Ərafın dərin qatlarında – Yeni hekayə
22 avqust 2022
# 13:20

Kulis.az Məmməd Məmmədlinin “Ərafın dərin qatlarında” hekayəsini təqdim edir.

Sonu görünməyən, qaranlıq bir tunellə gedirdim. Tək deyildim, amma canımda qorxu vardı. Mənimlə bərabər bir dəstə adam iti addımlarla tunelin sonuna çatmaq istəyirdi. Hara getdiyimizi, başımıza nələr gələcəyini bilmirdik. Sadəcə bizi bura gətirən əcaib məxluqlar dedilər ki, sona qədər getməliyik. Başqa çarəmiz yox idi. Yalnız bir istiqamət vardı, o da irəli. Bizim bu zülmətin içinə buraxanlara qarşı müqavimət göstərməyə gücümüz də yox idi. Bir də başqa hara gedə bilərdik ki…

Yan-yörəmdəkilər adam cildində olsalar da, dəriləri şəffaf idi. Sümükləri görünürdü. Uzun saçları vardı. Amma rənglərini seçə bilmədim. Onları elə bil rentgen şüalarında görürdüm. Tələsirdilər… Heç kim bir kəlmə də kəsmirdi. Hiss edirdim ki, onlar da mənim kimi qorxur. Nə deyim, heç kimin cınqırı belə çıxmırdı. Tam səssizlik…

Paralel olaraq gözümün önündən bütün həyatım keçirdi. Kəndimizi görürdüm. Mələk cildində evimizin başına dolanırdım. İri qanadlarım vardı. Hamını görürdüm, amma mənə fikir verən yox idi. Uçmaq necə də gözəl bir hissdir! Mənə elə gəldi ki, tuneldəkilər də öz doğmalarını mənim kimi görürdü.

Xeyli yol getdik. Nəhayət, tunelin sonu göründü. Ordan işıq gəlirdi. Sürətimizi artırdıq. Yaxınlaşdıqca işıq get-gedə gurlaşır, böyüyürdü. Axırda o qədər gücləndi ki, gözlərimizi qamaşdırdı. Bir qədər sonra işığa alışdıq. Buna baxmayaraq, tuneldən çıxmağa can atırdıq. Qarşıda çoxlu adam gördük. Onlar da bizim kimi bu zülmətdən qurtulmaq istəyirdi. Sonra basabas yarandı. Adam əlindən tərpənmək mümkün deyildi.

Kimsə gur səslə bizim sıraya düzlənməyimizi əmr etdi. Həmin o kimsə elə nərildədi ki, qorxumuzdan bir-birimizin arxasına keçdik və növbəmizi gözləməyə başladıq. Nə başınızı ağrıdım, çox gözlədik… Həmin o məxluqat əlində tutduğu uzun siyahıdan bir-bir adları oxuyurdu. Saçları uzun, boyu da bizdən hündür idi. Mən onu adama oxşatmadım. Kim olduğunu da bilmirdim. Amma növbə mənə çatanda başa düşdüm. O, adları çəkdikcə sıradakılar “mən” deyib bir addım qabağa çıxır, sonra da işıq gələn tərəfə qaçırdılar. Cəhənnəmə düşmək istəmirdim. Bu sözü eşitmək qorxusu ayaqlarımı əsdirirdi. “Hüseynli Həsən” deyəndə dilim ağzımda dolaşdı. Çaşqınlıq içində dedim ki, mən Həsənəm, amma Hüseynli deyiləm. Mən Həsənli Həsənəm. O, bir qədər mənə baxdı, sonra nəzərlərini siyahıda gəzdirdi və dedi ki, “hə… düzdü… Sən qayıt geriyə, amma çalış ki, vaxtında çatasan!”

Gəldiyim yolu dəli kimi qaçmağa başladım. Adamların arasından keçib əvvələ qayıdırdım. Təngnəfəs olmuşdum. Hiss edirdim ki, yan-yörəmdəkilər mənə həsədlə baxırlar. Amma mən onlara fikir vermirdim. Məqsədim gecikməmək idi.

Birdən hardansa qabağıma bir it çıxdı. Mən qaçdıqca, o da mənə qoşulub ayağıma dolaşırdı. Gah qabağa keçir, gah da arxadan məni çağırırdı. Ayağımla ona bir təpik ilişdirəndə heyvan dil açıb: “Mənəm e, Akif, noolar, vurma”, – deyib, yazıq-yazıq zingildədi. Adını eşidəndə iti tanıdım. Keçən il kanalda boğulan Akif idi. Amma Ərafda nə gəzirdi, niyə it cildindəydi, bilmirdim. “Səni bu kökə kim salıb?” soruşanda mənə tutarlı bir cavab verdi. Dedi, filankəslərə pul borclu olduğum üçün məni itə çeviriblər. Dönə-dönə yalvardı ki, qardaşları onun adam cildinə qayıtmağını istəyirlərsə gərək borcunu qaytarsınlar, çünki Ərafda it ən alçaq heyvan sayılır.

Nə başınızı ağrıdım, axır gəldiyim yerə çatdım. Qabağıma üç təpəgöz çıxdı. Torpaq rəngində idilər. Ucaboy, bizim kimi iki əlləri, iki ayaqları vardı. Mənimlə türkcə danışırdılar. Kim olduqlarını onlardan soranda, “size nereden geldiğimizi söylersek, bir şey anlıyacak mısın?” deyə cavab verdilər. Belə başa düşdüm ki, bu yadplanetlilər kainatın uzaq bölgələrindən gəliblər. Amma mənimlə şüuraltı formada ünsiyyətə girirdilər. Ağızları tərpənmədiyindən belə qənaətə gəlmişdim. Üçü də eyni anda cavab verirdi. Dediklərinə görə, bu, toplu düşüncə tərzidir. Bir beyin olaraq düşünürdülər. Bunu anlamağa çalışanda az qala adamın gözü kəlləsinə çıxır! Beynim qarışdı bir az… Soruşdum, bəs mən evə necə qayıdım? Vaxtında çata bilməsəm, məni torpağa tapşıracaqlar. “Endişelenme, eve zamanında varacaksın”, dedilər. Bir də onu dedilər ki, dünyalar arasında mübadilə aparırlar. Amma hansı mübadilədən bəhs etdiklərini ta onlardan soruşmadım. Hiss edirdim ki, yavaş-yavaş havalanıram…

***

Hava işıqlanar-işıqlanmaz Kosalı kəndinin camaatı artıq yuxudan oyanmışdı. Bir azdan kəndə çaxnaşma düşəcəkdi, amma gəlin hadisələri qabaqlamayaq. Deməli, günəş öz zərrin şəfəqlərini asta-asta evlərin, ağacların, tozlu-torpaqlı yolların üzərinə çiləyirdi. Kimisi mal-qaranı örüşə çıxarmağa hazırlaşır, kimisi də toyuq-cücəyə dən səpirdi. Səhərin bu çağında Matı vay-şüvən salıb kəndi ayağına almışdı:

– Evim yıxıldı, ay camaat! Evim yıxıldı…

Matının qabağınca qaçan it onun həşirini duyurmuş kimi hürə-hürə yatanları şirin yuxudan eləyirdi. Çox keçmədi kəndin o biri itləri də ağız-ağıza verib hürüşməyə başladılar. Gəlinin səsini eşidən Əntiqə nənə təzəcə yandırdığı siqaretini yerə atıb tələm-tələsik ayağındakı qaloşla üstündən basdı. Çəpərdən boylanıb nə baş verdiyini öyrənmək istədi:

– Matı nolub, səhər tezdən niyə haray qoparmısan?

– Ta noolasıdı. Həsən keçindi… – deyib, dizlərinə döydü.

– Boy, başıma xeyir! Nejə yanı keçindi? – deyib qonşusunun çəpərinə tərəf boylandı. – Eliş, ay Eliş!

Traktorunu təzəcə xodlayan Eliş bu xəbəri eşidən kimi çəpərin o tayında yaşayan qardaşının həyətinə addadı. Obaşdan durmağa adət etmiş Mamed müəllim çiynində pencək, səhərin təmiz havasında ağacların arasında gəzişirdi. Eliş qardaşına yetişən təki Həsənin qara xəbərini ona çatdırdı… Mamed müəllim kəndin ağsaqqalı sayılırdı. Qonşu kənddə məktəb direktoru işləyirdi. El-obada böyük hörmət-izzət sahibi idi. Kişi bu acı xəbəri eşidən kimi Elişə bəzi tapşırıqlar verdi. Dedi ki, bir azdan kənd camaatı Həsənin qapısına axışacaq. Odur ki, mağar qurub, yasa tədarük görmək lazımdı. Sonra iki kök erkəyi qabağına qatıb evin böyründəki ərik ağacına bağladı. Qardaşına heyvanları Həsənin qapısına sürməyi tapşırıb, məzar qazdırmaqdan ötrü qəbiristanlığa sarı yollandı…

Həsənli Həsən üçün kəndin qırağındakı məzarlıqda qəbir qazıldı, qapıda üzüm çardağının altında mağar quruldu. Kəndin arvadları iki-bir, üç-bir gəlib Matının başına yığışırdılar. İki kötəlli arvad da halva tədarükünə başladı. Bir azdan kişilər də həyətə girib, bir tərəfdə yığnaq oldular. Amma ki, mağara keçməyə tələsmirdilər, ağsaqqalı gözləyirdilər. Mamed müəllim ayağını doqqazdan içəri basan kimi, rəhmətliyin oğlu balaca Mişkaya yaxınlaşdı. Səhərin gözü açılmamış anasının səsinə oyanan uşaq əynini geyinib həyətə düşmüşdü. Balaca da olsa, atasının öldüyünü başa düşürdü. Boynunu büküb, yazıq-yazıq babasına sığınmışdı. Baba əyilib nəvəsinin nəmli yanağından öpdü, özünə sarı çəkib, başını sığalladı. Qucağına alıb bağrına basdı. Gözləri dolmuş babanın dodaqları əsirdi, öz-özünə deyirmiş təki astadan dilləndi: “Ə, Həsən, sənin ölən vaxtınıydı, bu tifili kimin umuduna qoydun… əjələ bax e…” Sonra da uşağı ehmalca yerə qoyub, “get nənəən yanına, durma burda”, deyib ağır addımlarla oğulları Asiflə Vaqifin başına yığışmış kişilərin arasına keçdi. Bu arada kəndin mollası da özünü çatdırdı və tezcə Mamed müəllimə yaxınlaşıb başsağlığı verdi. Qabaqda molla, arxasınca da Mamed müəllim və kişilər mağara keçdilər.

Məclis əhli halvadan dadır, çaydan içə-içə mollanın söhbətlərinə qulaq asırdılar. Molla bu dünyanın faniliyindən, axirət barədə eşidib bildiyi hadisələrdən, hədislərdən danışır, məclisi qaydasında idarə edirdi. Arada kişilər rəhmətliyin qəfil ölümünə heyfsilənir, ağız-ağıza verib dünyanın etibarsızlığını dilə gətirirdilər.

– Nər kimi oğul idi, – oturanlardan biri dedi.

– Ailəsi başsız qaldı, – başqa birisi dedi.

– Rəhmətlik Akif də cavan getdi. Nə qədər dedik kanalda çimmə, boğularsan, sözümüzə baxmadı. – Vaqif qardaşını belə xatırladı.

– Bəs Həsənin şəklini niyə mağardan asmamısız? – Mamed müəllim qəfildən xəbər aldı.

Gəlinin yaşca böyük qaynı əlindəki armudu stəkanı ehmalca nəlbəkiyə qoydu:

– Həsən şəkil çəkdirməyi sevmirdi. Ona nə qədər deyirdik, adamın ən azından bir-iki şəkli olar, o da hər dəfə yaxşı kostyumda çəkdirmək istədiyini bəhanə gətirirdi.

Mamed müəllim kəllə qəndi çayda isladaraq ağzına qoyub, stəkanı əlinə aldı:

– Bəs başdaşının üstündə kimin şəkli olajax, bala?

– Narahat olma, Mamed müəllim, indi bir adam tapıb, Həsənin şəklini çəkdirərik, – kiçik qayın hazırcavablıq elədi.

– Ləyaxlı danış, bala. Ölən adam haqqında belə deməzlər. Həsən mərfətdi kişiydi. Hansısa bir işdən ötrü heç kimə ağız açmazdı. Ailəsini də yaxşı dolandırırdı. – Çaydan bir qurtum alıb, – hə, bir dəfə məndən kitab istəmişdi. Oxumağı sevirdi. Mişkanı savadlı görmək istiyirdi. Deyirdi böyüyəndə universitetə qoyajam. Heyif, əjəl mafar vermədi. Allah rəhmət eləsin…

– Düz deyirsən, Mamed müəllim. Oxumaq yaxşı şeydi, – böyük qayın dedi.

– Həsənə qırxınacan baş daşı düzəltmək lazımdı, – Mamed müəllim sözünə davam etdi. – Şəkil olmasa da olar, – deyib, cibindən çıxartdığı onluq paçkasını böyründə oturan böyük qayına uzatdı…

Meyiti evin arxasında yudular. Molla cənazə namazını oxuyandan sonra üzünü ətrafındakılara tutub, “mərhumun əziyyətini çəkənlər gəlib halallıq versinlər” deyəndə, Matı dizi üstə çöküb tabutun üstünə əyildi: “Bu illərdə saa nətəər baxmışam hamısı halalın olsun”, deyib başına, sinəsinə döydü. Arxadan bacıları qoluna girib onu güclə tabutdan araladılar. Elişin traktoru doqqazın ağzında idi. Vaqif, Asif və mərhumun iki qaynı cənazəni həyətdən çıxarıb lafetə qoydular. Kişilərdən bir neçəsi lafetə minən kimi Eliş kabinəyə keçdi. O, traktoru kəndin tozlu yolları ilə yavaş-yavaş sürüb qəbiristanlığa istiqamət aldı. Mamed müəllim, molla və bir dəstə adam traktorun arxasınca buraxdığı tozanaqdan uda-uda rəhmətliyi son mənzilə yola saldılar. Onlarla bərabər, kəndin itləri də Həsənli Həsənlə vidalaşırmış kimi hürə-hürə traktorun böyrünə düşdülər.

Eliş kişi traktorunu qəbiristanlığın ağzında saxlayan kimi kişilər tez lafetdən atılıb cənazəni köməkli düşürdülər. Hərəsi mafənin bir tərəfindən yapışıb onu yenicə qazılmış qəbrin yanına qoydular. Molla bir yanda dayanıb Yasin surəsini oxumağa başladı. Salavat çevirəndən sonra cəsədi qəbirə qoydular. Elə üstünə təzəcə bir-iki “lopatka” torpaq tökmüşdülər ki, Vaqif qışqırdı:

– Tərpənir!

Onun sözünə fikir verməyən camaat fikirli-fikirli başını yerə dikmişdi ki, Vaqif yenidən qışqırdı:

– Tərpənir e! Meyit tərpənir! – deyib özünü qəbirə ataraq dartıb baş tərəfdən kəfəni cırmağa çalışdı.

Həsəni qəbirdən çıxarıb üzünü şapalaqladılar. Həsən ayıldı. Kişilər hərəsi bir yandan kəfəni cırıb, əl-qolunu açdılar. Xortdamış gözlərini açıb başının üstündə kölgə kimi görünən adamlara baxdı. Atasının dirildiyini görən Mişka “dədə” deyib qışqırdı, boynuna sarıldı. Üz-gözündən öpdü, ağladı…

– Qaç kəndə Matını çağır, cəld ol! – Vaqif hıçqırığını boğa bilməyən Mişkanın qolundan yapışdı.

Mişka sevincək ayağındakı rezin şəp-şəpləri əlinə alıb üzüaşağı, kəndə sarı götürüldü.

– Ona bir qurtum içməyə su verin, – Mamed müəllim sözünə ara verib, – sənin rəngin niyə yaşıllaşıb, bala? – deyib xəbər aldı.

Həsən suyu başına çəkəndən sonra lüt bədənini gizlətmək üçün kəfəni üstünə çəkdi. Canı titrəyirdi, təlaşın, həyəcanın içindəydi. Bir neçə dəqiqədən sonra özünə gəldi və başına gələnləri nağıl etdi:

– Ərafdaydım. Sonu görünməyən, qaranlıq bir tunellə gedirdim… İnanmazsınız, hamınızı görürdüm. Cənazəmin altına kimlər girdi, məni qəbiristanlığa kimlər gətirdi…

Başına toplaşanlar həyəcanla ona qulaq asırdı. Həyatlarında belə bir şey eşitməmişdilər. Söhbət Akifdən düşəndə Mamed müəllim qəzəblə dedi:

– Vaqif, Asif, eşidirsiniz, tez qardaşınızın borcunu qaytarın!

– Bəs sonra nə oldu? – Vaqif dözməyib xəbər aldı.

Həsən sözünə davam etdi. Təpəgözlərdən danışdı… Onun arada türk sözləri işlətməsi eşidənlərə qəribə gəlirdi. Axı o, heç zaman türkcə danışmamışdı. Başına gələnləri nəql edəndən sonra Vaqif yenidən soruşdu:

– Sonra nə oldu?

– Qarşımızda qapqara bir kosmik aparat endi. Ona baxanda adamı lap vahimə basırdı. Həmin o təpəgözlər məni gəmiyə mindirib, yaşıl mayenin içinə atdılar. Bütün yolu çabalaya-çabalaya gətirdilər. Yadımda qalan elə bunlar oldu…

Araya sükut çökdü. Mamed müəllim kürəkənə ürək-dirək verirmiş kimi əlini çiyninə qoydu:

– Keçmiş olsun, bala…

Bir də gördülər budu, Matı dizinə-başına döyə-döyə, arxasınca kəndin arvadları, onlardan da arxada kəndin itləri tozanağın içində qəbiristanlığa çataçatdılar. Onlardan bir az arxada asta yerişlə Əntiqə nənə gəlirdi. Özlərini çatdıran arvadlar kişilərdən həyalanıb bir tərəfə çəkilərək matı-qutu qurumuş təki Həsənə baxırdılar.

– Başına dönüm, ay Həsən, – Matı ərini qucaqlayıb yaşıllaşmış yanağından öpdü.

Əntiqə nənə irəli yeriyib qoltuğunda gətirdiyi şalvar-köynəyi üstünə atdı:

– Əynini geyin ə, yekə kişisən. Bu nə oyundu başımıza açırsan, – əyilib onu öpmək istəyəndə diksinəntəhər oldu. – Bala, səndən niyə it iyi gəlir? Gedək evə, Matı səni çimizdirsin.

Bir də gördülər Mişka haray-həşirlə qəbristanlığa tərəf qaçır. Uşağın “Həsən öldü” xəbəri hələ özlərinə qayıtmayan adamlara daha bir şok yaşatdı. Yaxındakı qəbrin arxasına keçən Əntiqə nənə yandırdığı siqareti göyərmiş dodaqlarının arasına təzəcə almışdı ki, tezcənə yerə atıb Mişkanın qabağına çıxdı:

– Boy, hansı Həsən, a bala? Dədəni deyirsən?

– Yox, ay nənə, kəndin ayağındakı Həsəni deyirəm, Totuşun dədəsini. İndicə rəhmətə getdi, – deyib güldü.

Sən demə, Əzrayıl kəndin qırağında yaşayan Hüseynli Həsənlə bu biri Həsəni səhv salıb, özü ilə Ərafın dərin qatlarına aparmışdı. Əslində, əcəli çatan elə o, idi, Hüseynli Həsən…

– Heç nə olmaz, artıq qəbirimiz də var, qəbir daşımız da. Nə fərqi var, baş daşın üstündə kimin adı yazılıb, – kiçik qayın zarafatından burda da qalmadı.

İndi bütün kənd Hüseynli Həsənin evinə axışdı. Kəndin əyrim-üyrüm yollarında bir basabas düşdü ki, gəl görəsən. Axşamın çökməsinə hələ vardı. Bu qovhaqovda yekə bir it Həsənin ayağına dolaşır, onu yeriməyə qoymurdu. Həsən ayağıyla itə bir təpik ilişdirib “rədd ol burdan!” deyəndən sonra it bir daha ona yaxınlaşmadı. Çünki itlər artıq kosalıların gözündən birdəfəlik düşmüşdü. Bu hadisədən sonra kənddə onları günahlarına görə it cildində yaradan Allahın ən sevmədiyi heyvan hesab edirdilər.

2022

# 2033 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
#
#
# # #