Əhməd kişi – Şahsənəm

Şahsənəm

Şahsənəm

14 dekabr 2021
# 13:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Şahsənəmin “Əhməd kişi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Yaşı yüzü ötmüş qoca içəridə can çəkişirdi. Ürəyi o qədər sağlam idi ki, bütün bədənini sarmış xəstəliyə yenilmək bilmirdi. Huşu gedir-gəlir, arada sayıqlayır, hərdən də kimisə haraylayırdı. Arvadları, qızları, oğulluğu, nəvələri qulluğunda dursalar da bu xınanın o xınadan olmadığı bəlli idi. Son günlər “qardaş” deyə sayıqlamaları artmışdı. Qoca sanki içində haqq-hesab çəkirdi kiminləsə. Bir neçə il əvvəl böyük qardaşı dünyasını dəyişəndə artıq bu dünyada tay-tuşunun qalmadığını anlamışdı. O gün bu gün “qardaş” deyib qəm çəkirdi. Uzun ömürlü olmağın nəyi yaxşı imiş ki? Bircə tay-tuşu qalmamışdı. Qardaşı nəvələri zarafatla ağsaqqala öz aralarında sonuncu mogikan deyirdilər.

Bir zamanlar atın belində, əli silahlı gəzən, zəhmli, ağır xasiyyətli, zəhər tuluğu Əhməd kişi sayıqladıqca, haqq-hesabı davam etdikcə qohum-əqrəba bir-bir ziyarətinə gəlirdi.

İki kənd o yandan piyada Əhməd kişini yoluxmağa gələn, gənc yaşından kəndin ağsaqqalı kimi hörmət qazanmış qardaşı oğluna Əhməd kişinin “qardaş” deyib sayıqladığını xəbər verəndə fikrə getdi.

- Qağamı çağırmır, əmimi çağırır. Günahını...

İllərin o üzündə qalan, gənclərin çoxunun xəbəri olmayan qardaş faciəsi nəslin taleyini dəyişmişdi.

Çox tərs adam idi Əhməd kişi. Həmçinin qadın düşkünü idi. Kənddə, eldə, obada yeganə kişi idi ki, bir damın altında 3 arvadı birdən saxlayırdı. Arvadları da Əhməd kişinin qorxusundan bir-birləri ilə mehriban dolanırdılar. Atının tappıltısı gələndə qadınlar bir-birinə dəyə-dəyə təlaşla qabağına qaçar, biri yüyəni tutar, biri qamçısını alar, biri buzlu suyunu verərdi. “Ay uşaq” deməyi ilə hərəsinin bir yana yoxa çıxması bir olardı. O evə girəndə samovar qaynarda, ət bişmişi, yanında da nazik yuxa çörəyi süfrədə hazır olmalı idi.

...Əhməd kişi Gülsümü çoxdan gözaltı eləmişdi. Gülsüm qardaşının baldızı idi. El dağa köçəndə qohumların alaçıqları yanaşı qurular, eyni bulaqdan su içər, mal-heyvanları bir yerdə otlayardı. Qardaşının baldızına gözü düşəli hey qızı nəzarətdə saxlayırdı. Gizlicə gecələr evinin arxasında pusquda durur, evini güdürdü. Artıq evli olsa da Gülsümlə də evlənəcəyinə qərar vermişdi.

Bu gecə digər gecələrə bənzəmirdi. İçinə bir narahatlıq dolmuşdu. Ağ atını xeyli uzaqda, yoldan kənarda çidarlayıb buraxmış, aynalısı əlində yenə Gülsümü güdürdü. At ayaqlarının tappıltı səsini eşitdi. Ətrafı dinşədi. Bədirlənmiş ayın işığının nazik zolaq şəklində əks olunduğunu görcək qaraltıya atəş açdı. Göydə uçan durnanı gözündən vurması ilə fəxr etdiyindən rəqibinin canını tapşırdığına əmin idi. Başqa hənirtinin olmadığını görüb kimin canını aldığını, qurbanının kim olduğunu bilmək üçün ona tərəf getdi. Bu an içində sanki nəsə qırıldı. Sanki bir anda milyonlarla şüşə çiliklənib başından aşağı yağdı.

"Ay qardaaaaaaş”... Naləsi yeri-göyü lərzəyə gətirdi...

Baldızının həndəvərində kiminsə dolandığından qardaşı duyuq düşüb, baldızının evini güdürmüş sən demə. Ataların misalı var: “Qan qancıq üstə düşər”...

Qardaşlar el-obada hələ yeniyetməlik çağlarından vurub-tutmaqları ilə ad qazanmışdılar. Atdıqları güllə boşa getməzdi. El aləm yığılsa, bu qardaşlara bata bilməz, hətta kimsə yan baxa bilməzdi.

Ağsaqqallar cəm olmuş, ortancıl qardaşa bu işi özlərinin yola qoyması üçün xəbərdarlıq göndərmişdilər. Məhəmməd kişi neçə saatdır hərəkətsiz, çənəsini qurğuşunlu çomağına söykəyərək oturmuşdu. Ölən böyük, öldürən kiçik qardaşı idi. Camaat qatil qardaşın üzə çıxmasını, təslim olmasını tələb edirdi. Bir qardaşını itirmişdi, ikincinin də həbsxanada məhv olmasını qəbul edə bilməzdi. Qərarını vermişdi: "Ona deyin ki, başını götürsün, çıxsın getsin buralardan, yoxsa türmələrdə çürüdəcək hökümət. Yaxşı olar ki, heç kimin gözünə görünməsin!

Həmin gecə Əhməd arvad-uşağını da yığıb kənddən köç elədi. Amma çox uzağa yox, iki kənd aralı bacısının gəlin köçdüyü kəndə yerləşdi. Burda yerini bərkidəndən sonra sevimli Gülsümünü də unutmadı. Hamı Əhmədin Gülsümlə münasibətindən xəbərdar idi artıq. Hətta Gülsüm onun üçün bir qız da doğmuşdu. Hər gəlişində şəhərdən onun üçün o zamanlar kəndlərdə çoxunun nə olduğunu bilmədiyi kremlər, şampunlar, ətirli sabunlar, müxtəlif geyimlər alardı. Uğrunda qardaş qatili olduğu Gülsümü ölənə qədər gözünün üstündə saxladı.

...Cavan vaxtlarında günlərin bir günü Əhməd kişi qonağı ilə həyətdə oturub çay içib, söhbət edirdilər. Payızın ilk günləri idi. Göydən durna qatarı keçirdi. Qonaqla kimin daha sərrast güllə atmağından danışırdılar. Bu dəm Əhməd kişi:

- Bax o keçən durna qatarı var ha... Qatarı çəkənini gözündən vuraram.

- Ay Əhməd, onu vursan qatarın pərəni pozular, yolu bilən başda gedəndi. O olmasa bütün qatar məhv olar. Etmə, eləmə! Günahdı!

- Nə günahı?!

Güllə açılan kimi qatarın başını çəkən durna daş kimi göydən yerə, düz həyətə düşdü. Qatarın pərəni pozuldu, quşların fəryadı səmanı bürüdü, qatar dağıldı, həmin gün pərəni pozulmuş durnalar kəndin üstündə saatlarla dövrə vurdular. Sonra hərəsi bir yana dağıldı...

Əhməd kişi isə qonağına durnanın gözünü göstərib qürurlanmaqda idi. Ev əhlinin səsi çıxmır, Allaha dua edirdilər. Həmin günün axşamı gün əyiləndə Əhməd kişinin 14 yaşlı oğlu partlamaya düşüb qəfil öldü. Digər oğul övladları da hərəsi bir səbəbdən tələf olurdular. Beləliklə, özü demiş yurdu boş qalmışdı. Üst-üstə neçə arvad alsa da, “bəlkə bu oğul doğar” desə də, bir daha oğul atası olmadı.

Qatili olduğu qardaşının uşaqlarını-oğlunu və qızını övladlığa götürmək istəmişdi. Qardaşı oğlu atasının qatilinə övlad olmaqdan imtina etmişdi. O biri qardaşının oğlunu yanına gətirmiş, ağır xasiyyəti ilə onu da bezdirmişdi. Uşaq gecə ilə qaçıb anasına sığınmışdı. Qardaşının doqquz oğlundan üçüncüsü çox gənc yaşında dünyasını dəyişmişdi. Bir oğlu qalmışdı. Hələ heç 20 yaşı tamam olmamış dul qalan gəlini oğlundan ayırıb “hələ gəncsən, get evlən, həyatını qur” deyə atası evinə geri göndərmişdilər. Uşaq 7 yaşına çatanda Əhməd kişi bir gün atını minib üz qoymuşdu qardaşının evinə. Əhməd əmilərinin gəldiyini görən uşaqlar sevincək atın qabağına qaçanda kişi atdan enmədən uşağı qaldırıb yəhərə otuzdurmuş, aparmışdı. Qardaşına Əhmədin uşağı apardığını deyəndə sükutla qarşılamış, “Əhmədə söz deyə bilmərəm, bu uşağa o məndən yaxşı baxar” demişdi.

Əhməd qardaşı nəvəsini rəsmi şəkildə də övladlığa götürmüş, soyadını da dəyişmişdi. Qızları oğlanı səmimiyyətlə qəbul etmiş, doğma qardaş kimi sevmişdilər. Əhməd kişinin ağır xasiyyətindən zaman-zaman oğlan çox əziyyət çəkmişdi. Min bir əziyyətlə baxıb əmələ gətirdiyi cöngəni satmaq istəyəndə məlum olurdu ki, Əhməd kişi cöngəni kiməsə bağışlayıb. Kənddə hamı 2-3 mərtəbəli evlər tikib, gözəl şərait qururdular. Oğulluğu yeni ev tikmək üçün gecə gündüz çalışır, pullarını atalığına verirdi ki, yığsın. Öz hesabı ilə müəyyən bir məbləğə çatdığını düşünəndə atalığından evin tikintisi üçün material almağa pul istəyəndə Əhməd kişi əsəbləşmiş, “Qalmağa evinmi yoxdu? Məndə pul-zad yoxdu!” deyə acılamışdı. Gəldiyi gündən babası evinə geri qayıtmağa çalışan oğulluğu getmək istəyəndə kişi vəziyyətin ciddi olduğunu görüb yeni evin tikintisinə başlamağa razılıq vermişdi.

Üst-üstə nə qədər ah almışdı, kim bilir? İndi isə tikintisinə razı olmadığı evin ağ otağında ölümlə əlləşirdi, ölə bilmirdi...

İsmayıl Şıxlının “Dəli Kür” romanını çox sevirdi Əhməd kişi. Hər yay tətilində kəndə qonaq gələn qaynı oğluna kitabı təkrar-təkrar oxudardı. Şıxlı kəndinin həmin günlərinə dönər, gəncliyini xatırlayırdı. Axı Şıxlı kəndində bütün hadisələr gözünün qabağında baş vermişdi. Cahandar ağanın sağ əli olmuşdu bir vaxtlar... Nağıl kimi qeyri-real gəlirdi Əhməd kişiyə o günlər indi. Sövet hökuməti qurulandan sonra özü demiş, kişilik zəmanəsi sona çatmışdı. Çox çətin günlər yaşamışdı. Amma heç vaxt silahını əlindən yerə qoymamışdı.

Mərd və səxavətli adam idi Əhməd kişi. Gələn qonağa mütləq erkək kəsərdi. Əgər qonaq üstünə qonağı gəlsə, "ayıbdır" deyər, əvvəlki qonağa kəsilən heyvanın ətindən ona verməz, ikinci qonaq üçün də ayrı bir heyvan kəsərdi. Üstünə xahişə gedən olsa, son qəpiyini fikirləşmədən verərdi.

Sevgisi uğruna qardaş qatili olan Əhməd kişi gənclərin sevgisini heçə sayardı. Nəsildə kimin qızını kimin oğluna layiq bilsə, gənclərin fikrini soruşmadan evlənrirər, ərə verərdi. Hətta ən sevimlisi, kiçik qızını özü qonşunun oğluna ərə vermişdi. Başqasına nişanlı olan oğlanın atasını çağırıb: "qız məndə, oğlan səndə, niyə qırağa çıxırıq ki?"- deyib məcbur gəncləri evləndirmişdi. Sözünün qabağına sözmü demək olardı?!

Yüz ildən artıq ömür sürmüşdü. Son aylarda uzun ömrün haqq-hesabını verir, ölmək bilmirdi ki, bilmirdi. Qardaşını çağırırdı gecə-gündüz. Qulluq edənlər kişinin ağ divara baxıb kimlərləsə söhbət etdiyini görür, vaxtın daraldığını hiss edirdilər.

Əhməd kişi gözünü açanda qardaşlarını ayaq ucunda cavan vaxtlarındakı kimi geyim-gecimli, çiyni tüfəngli, beli tapançalı gördü.

- Ay gidi dünya, Şıxlı Əhmədə bax sən. Yerin içində yatır. Biz heç yatmaq nə olduğunu bilirdikmi? – ortancıl qardaşı böyük qardaşı ilə söhbət edirdi.

Böyük qardaşı dipdiri, sappasağlam qarşısında dayanmışdı. Amma yarasından qan axmaqda davam edirdi. Əhmədin gözünü açdığını görüb böyük qardaşı:

- Dur ayağa, gedək. Qağam bizi gözləyir. Sən getməyincə mənim yaramın qanı da quruyan deyil – dedi.

Uzun müddətdir yerindən tərpənməyə halı olmayan Əhməd kişi quş kimi ayağa qalxdı. Qardaşlarının arxasınca bayaq ağ divar olan, indi isə baxdıqca uzanan yol görünən evin küncünə doğru addımladı.

...Qadınların ağlaşma səsi evi başına götürmüşdü. İki kənd o yana, Əhməd kişinin qohumlarına xəbər çatanda qardaşı oğlu “əmim axır ki, hesabını verdi” deyib, dərindən nəfəs aldı.

# 4560 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
# # #