Dünya qaçdıqca çirklənir - Loğman

Dünya qaçdıqca çirklənir - Loğman
27 dekabr 2024
# 16:50

Kulis.az Loğmanın "Üfüqlərin çiçək açması..." adlı yeni yazısını təqdim edir.

Yağışlar başlayanda hamı içinə yığılır.

Ümidlərinə bürünür.

Yalnızlığına qısılır.

Taleyinin ən ucqar kəndinə pünhanlanır.

Həyatının ən uzaq küncünə çəkilir.

Dünyaya boylanır həyatının ən uzaq küncündən.

Yağışlar başlayanda hamı hamını unudur, yaddaşından salıb itirir.

Hamı özünə dönür, hamı özünü özünə qaytarır.

Hamı günahsızlığına pənahlanır.

Özündən başqa yeri, yurdu olmur.

Özündən başqa sevgisi, dərdi olmur.

Özündən başqa əli hər şeydən üzülür.

Təpədən dırnağacan özü olur.

Özündə özündən başqa heç nə saxlamaq istəmir heç kim...

Yağışlar başlayanda hamı içindəkiləri səpir xatirələr tarlasına, həsrət şumuna.

Bir kövrək pıçıltıya təşnədi hamı – hər şeyi unudub yenidən həyata sarılmağa.

Bir isti nəfəsə bənddir hamı – yenidən pöhrələməyə.

Bir zərrə işartıya möhtacdır hamı – baş alıb getməyə.

Bir həzin aha, bir köks ötürməyə, hənirə tutqundu hamı – içindən xatirə cücərtməyə.

Hamı – cütçü, hamı – rəncbər, hamı əkdiyini biçir əvvəl-axır.

Tarla da, toxum da sənsən.

Əkinçi də, kotan da, şum da özünsən.

Özün əkib, özün biçirsən.

Özün özünə səpilirsən.

Özün özündə itirsən.

Özün özündə bitirsən.

Təzələnirsən.

Yağışlar başlayanda sirr saxlamaq – çətin.

Yağışlar başlayanda adamlar sirrinə sığınırlar.

Sirrini açmağa yer axtarır, üz axtarırlar.

Sirrini umud olmağa ürək gəzir, göz axtarırlar.

İçində sirr saxlayanların ağlamağı gəlir nədənsə.

Nədənsə yağışlar yağanda ağlamaq asan olur hər şeydən.

Adamlar sirr tökürlər gözlərindən yağışlar başlayanda.

Adamlar dürr tökürlər gözlərindən – yağışlara oxşayan.

Yağışlar quş yuvasının, quş yumurtasının istisini əlimin yaddaşından soyub aparır – ən uzaq, ən uşaq xatirə kimi...

Üşüdür məni – saçımın ağlığında.

Yağışla yuyulmuş günəş işığında adamlar unutduqlarını gəzirlər.

Haçansa itirdiklərini soraqlayırlar.

Bu yağış bugünü cücərdə bilər.

Bu yağış dünəni göynədə bilər, amma göyərtməz.

Göyərtsəydi, insanlar ömür boyu göz yaşı tökərdilər...

Yağışlara yoldaş olmaq sevdası payız axşamları çəkilən qu naləsi kimi hüznlü olsa da, əriyib yağışlara qoşulmaq bələkdəki körpə təbəssümü kimi yaşamağa çağırır məni.

Məsumluğun gücünə heyrət edirəm.

Dünyanın köhnəliyindən çox, körpəliyinə inanıram.

Üzümü dünyanın məsum üzünə söykəyirəm.

Nə böyük səadət!

Qoşulub yağışlara duruluğa axmaq.

Qoşulub yağışlara damları dəlmək.

Düşüb yağışların yanına ürəklərə gəlmək.

Özünü maşınların şüşəsinə atıb "intihar" eləmək.

Düşüb yağışların dalınca xatirələrə girmək.

Bir yağış ömrü sürmək.

Dünyanı yumaq əsgərliyi...

Dünyanı tanıyandan onu yumağım gəlir – yolayrıcında dayanmış maşınların şüşələrini silməyə can atan uşaqlar kimi.

Amma dünya bir an belə yerində durmur...

Dünya qaçır, qaçdıqca çirklənir.

Dünya çirkləndikcə yağışlar yuyur.

Hər yağışdan sonra dünyanın safa çıxmasına gümanım qalıb hələ də.

Hələ də inanıram ki, göyqurşağı yağışdan sonra üfüqlərin çiçək açmasıdır...

# 43816 dəfə oxunub

Oxşar xəbərlər

Cümə gününə hazırlıq - Mübariz Örənin yeni hekayəsi

Cümə gününə hazırlıq - Mübariz Örənin yeni hekayəsi

10:00 28 aprel 2026
Vətən yaraları - Mir Cəlalın hekayəsi

Vətən yaraları - Mir Cəlalın hekayəsi

15:00 26 aprel 2026
"Sənin qıyıb öpmədiyin dodaqları o murdarladı" - Toy gecəsi üstü açılan dəhşətli sirr

"Sənin qıyıb öpmədiyin dodaqları o murdarladı" - Toy gecəsi üstü açılan dəhşətli sirr

10:00 25 aprel 2026
Bir çamadanlıq ömür - Kəmalə Mirzəyevanın essesi

Bir çamadanlıq ömür - Kəmalə Mirzəyevanın essesi

11:30 23 aprel 2026
Qəbiristanlıqda – Seymur Baycanın hekayəsi

Qəbiristanlıqda – Seymur Baycanın hekayəsi

15:00 22 aprel 2026
Məkanın fövqündə - Orxan İsmayılovun hekayəsi

Məkanın fövqündə - Orxan İsmayılovun hekayəsi

14:20 22 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər