Dərmansız - Təvəkkül Boysunar

Təvəkkül Boysunar

Təvəkkül Boysunar

23 noyabr 2022
# 20:03

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Təvəkkül Boysunarın "Dərmansız" hekayəsini təqdim edir.

Təbii ki, məndən dərman alanlar arasında hər cür adam olur və mən çalışıram ki, dərman soruşduğu zaman müştərilərin üzündəki ifadəyə, onların əhval-ruhiyyəsinə fikir verim. Bu mənə çox maraqlı gəlir. Məsələn, bəzən kimsə fikirli-fikirli, qorxa-qorxa resepti mənə uzadıb, siyahıdakı dərmanların qiymətini hesablamağımı gözləyir və mən qiyməti hesablayıb başımı reseptdən qaldıranda, asta səsimlə:

- Yüz on iki manat altmış qəpik, - deyəndə bütün diqqətimlə adamın reaksiyasına fikir verməyə, içində keçirdiyi, amma üzə vurmadığı hissləri müəyyənləşdirməyə çalışıram. Hərçənd bəzən heç buna da gərək olmur. Müştəri qapıdan içəri girəndə mən onsuz da onun geyim-kecimindən, yerişindən, səsindən rahatlıqla anlayıram ki, adamın maddi durumu necədir və reseptdəki yüz on manatlıq dərmanları görəndən sonra bilirəm ki, indi qarşımda məzlum və çarəsiz bir insanın siması canlanacaq.

Hərdən də elə müştərilər gəlir ki, onların bu qiymət qarşısında çox düşünmədən əllərini rahat-rahat ciblərinə atacağını bilirəm. Çünki o müştərilərin zəngin olduqlarını aptekin şüşə qapısından çöldə saxladıqları hündür və bahalı maşınlardan anlayıram.
Qızımın da mənim kimi aptekçi olmağını istəyirdim, amma o, başqa sahəni seçdi və mən məcburən buna razılaşdım. Arabir fikirləşirəm ki, məsələn, mənim yerimdə o olsaydı, aptekdən bəzi dərmanları alan müştərilərin qarşısında utanardımı?
Keçən dəfə hardasa otuz yaşlarında bir oğlan qəşəng bir maşından düşüb içəri girdi və kassaya yaxınlaşıb nəzakətli bir səslə, yeniyetmə oğlanlardan fərqli olaraq heç utanıb çəkinmədən:

- Prezervativ varmı? – deyə soruşdu.

Hərdən bu cür müştərilərin aldıqları o şeyləri kiminlə istifadə edəcəklərini düşünəndə istər-istəməz mənə maraqlı gəlir ki, görəsən, bu adam evlidirmi, görəsən, birlikdə olacağı o qızla harda və necə tanış olublar. Bilirəm, belə şeylər, çox adamı heç maraqlandırmır da, amma mən nədənsə bunların hamısını beynimdən keçirirəm, öz-özümə ssenarilər qururam. Bir dəfə o oğlan həmişəki kimi yenə məndən qoruyucu istəyəndə telefonuna zəng gəldi. Onun istədiyini kassaya gətirənə qədər bir qulağım da telefondakı söhbətdə idi:

- Nə danışırsan?
- ...
- Niyə axı?
- ...
- Bəhanə eləyirsən. Nəysə, yaxşı. Oldu.

Zəngi bitirəndən sonra həmişəki kimi ödəniş edəcəyini gözləsəm də o, kassaya gəlib:

- Xanım, üzrlü hesab edin, gərək qalmadı, - deyə dilləndi.
Heç nə demədim, qoruyucunu əvvəlki yerinə qaytarmaq istəyəndə, təzədən üzünü mənə tərəf döndərib:
- Yaxşı, verin, verin, - dedi və pulu ödəyəndən sonra küçədə saxladığı maşınına minib getdi.

***

Mənim yaşım artıq əlli birdir. Otuz ilə yaxındır, bu işdə işləyirəm və əvvəlki illərə baxanda görürəm ki, indi, doğrudan da, hər şey xarablaşıb. Bu gedişlə axırımız necə olacaq, təsəvvür eləyə bilmirəm. Əvvəllər adamların abır-həyası var idi. Amma indi hərdən elə qızlar məndən hamiləlik testi soruşurlar, sir-sifətlərinə baxanda asanca hiss eləyirsən ki, vur-tut on dörd, on beş yaşları olar, ya olmaz. Belə olanda həmişəkindən daha diqqətlə onların üzünə baxıram. Necə qorxduqlarını və necə həyəcanlı olduqlarını pulu mənə uzadanda əsən əllərindən də hiss eləyirəm.

Bu cür şeylərlə rastlaşanda fikrim istər-istəməz öz qızıma gedir. İndi ikinci kursda oxuyur. Onu atasız böyütmüşəm. Mənim üçün asan olmayıb. Buna görə də, hərdən sözümə baxmayanda, cavab qaytaranda, üstümə qışqıranda içimdə elə qırılıram ki, nə deyəcəyimi bilmirəm. Amma onu o qədər çox istəyirəm, sərt davranmağı, ağır qadağalar qoymağı da heç cür bacarmıram.

Belə şeylər görəndə isə istər-istəməz beynimdən keçir ki, görəsən, onun da danışdığı, görüşdüyü oğlan var, ya yox. Bütün bu işlərin necə olacağını, qabağına yaxşı biri çıxıb-çıxmayacağını bilmirəm, biləmmirəm və hərdən bu şeyləri o qədər düşünürəm ki, özümü çox narahat hiss eləməyə başlayıram.

Onu Allah çox gec verib mənə. Neçə il uşaq həsrəti çəkmişəm. Amma onu verəndən sonra da yoldaşımı alıb. Elə bil, bunlar bir-birinin əvəziydi. O vaxt nədənsə özümü inandırmışdım ki, əgər uşağımız olmasaydı, yoldaşıma heç nə olamayacaqdı, cavan yaşda dünyadan köçməyəcəkdi. Elə bil, Allah əvvəldən yazmış imiş ki, bizim evdə ən çox iki nəfər yaşaya bilər.

İndiki hesablamama görə isə, qızım ərə gedəndən sonra evimizdə cəmi bircə nəfər – mən qalacam.

Hərdən fikirləşirəm ki, əgər qızım yaxşı bir oğlana ərə getsə, xoşbəxt olsa, mən də həyatdakı ən böyük arzuma çatmış olacam. Ondan sonra Allah istəsə, məni də ala bilər və evimiz bomboş qalar.

Bəlkə də, elə bütün bunları düşünmək, olanları-keçənləri yada salmaq, gələcək haqqında fikirləşmək məni bu qədər yorduğu üçün son zamanlar fikrimi müştərilərə, onların həyatına, dərdlərinə yönləndirirəm. Belə olanda özüm də bir mənada təsəlli tapıram ki, həyatda daha bədbəxt adamlar var. Məsələn, keçən dəfə bir nəfər, hansısa yaxını üçün bahalı bir dərman almışdı. O dərmanları adətən xərçəngin axır mərhələlərində, heç olmasa ağrıları azaltmaq üçün atırlar. Kimsə o cür dərmanlar alıb dərdli-dərdli aptekdən çıxanda başa düşürəm ki, artıq bu dünyadan bir adam köçmək üzrədir. Yaxud o günlərdə bir nəfər məndən beyin iflicinin müalicəsində istifadə edilən dərmanlar aldı. Belə xəstəliyi olan adamlar rahat hərəkət edə, gəzə, özlərini idarə edə bilmirlər. Dərmanın kim üçün alındığını düşünəndə, o adamın indi evdəki ümidsiz halını təsəvvürümə gətirəndə, qeydinə qalan yaxınlarının çəkdiyi əziyyəti xəyal edəndə anlayıram ki, əslində təkcə mən yox, elə küçədə ayaq üstə gəzə bilən hər kəs xoşbəxtdir və bizi narahat edən şeylər əslində bu cür dərdlərin yanında çox-çox kiçikdir.

***
Son zamanlar aptekə tez-tez bir qadın gəlib-gedirdi və deyəsən, bu qadın o qədər də yaxşı işlərlə məşğul olmurdu. Düşündüklərimin yanlış olmadığına məni inandıran, onun təkcə qaş-gözü, şişirdilmiş dodaqları, açıq-saçıq geyimi yox, həm də hər dəfə məndən paçkalarla prezervativ almağıydı. Deyilənə görə, üzbəüzdəki binaya təzə köçmüşdü. Kirayədə qalırdı.

Amma bir dəfə aptekə girəndə məndən həmişəki kimi qoruyucu almadı. Ağrıkəsici aldı və bir də uzun müddət aptekə gəlmədi. Onu günlərin birində yaxınlıqdakı marketdə gördüm. Dəyişilmişdi, geyimi daha qapalı və abırlı idi, üz-gözündəki bəzək-düzəyi və qaşlarının forması da dəyişmişdi. Axırıncı dəfə isə o, aptekə təxminən qırx yaşı olan bir kişi ilə girdi. Adamın əynində kostyum və qalstuk var idi. Ödənişi kartla etdilər. O vaxtdan sonra o qadını bir də görmədim.

Son vaxtlar diqqətimi çəkən müştərilərdən biri də təxminən on doqquz-iyirmi yaşlarında olan cavan bir oğlandır. Əvvəllər o, adi dərmanlar alardı, tez-tez məndən “aksenford” soruşardı. Amma o gün aptekə girəndə utana-utana məndən hamiləlik testi aldı. Necə istifadə edilməli olduğunu soruşdu, izahımı diqqətlə dinlədi və bir neçə sual verib hər şeyi dəqiqləşdirəndən sonra, ödəniş eləyib çıxdı. Bir saat keçməmiş yenidən gəldi və bu dəfə başqa növ hamiləlik testi aldı. Onun da istifadə tərzini diqqətlə öyrənib telefonuna qeyd etdi.

Sifətini ona görə yadda saxlamışdım ki, oğlanın üzündən sanki nur yağırdı, ağ, yaraşıqlı, nurani siması var idi və abırlı-həyalı birinə bənzəyirdi. Ona görə də, mənə istər-istəməz onun o çəkingənliyi, utancaqlığı və narahat halı maraqlı gəlirdi. Yaşının azlığına görə evli olmadığını fikirləşirdim. Bu testi hansısa qohum qadın üçün almağı da o qədər ağlabatan görsənmirdi. Bir neçə gün sonra o yenə gəldi. Bu dəfə də çox narahat görsənirdi. Yenə hamiləlik testi soruşdu və bu səfər həmişəkindən fərqli suallar verdi:

- Bu testlər səhv göstərə bilər?
- Çətin ki. Çox vaxt düz göstərirlər, - dedim, - çalışın, səhər acqarına etsin.
- Bunun ən bahalısı və dəqiqi hansıdır? – deyə soruşdu.

Ona ən bahalısı da daxil olmaqla üç növ hamiləlik testi verdim. Yeni aldığı testin istifadə qaydasını soruşanda həyəcanlı halından istifadə edib ondan söz almağa çalışdım:

- Neçə yaşı var yoldaşınızın?

Oğlan mənim tələmə düşüb bir az da qorxaq və təlaşlı səslə:

- Yoldaşım deyil, - dedi.

Sonra səhvə yol verdiyinin fərqinə varıb vəziyyəti düzəltməyə çalışaraq:

- Başqası üçün alıram, yaşı on səkkizdir, - deyə dilləndi.

Aldığı hamiləlik testlərinin cavabı, deyəsən, müsbət çıxmışdı ki, bir neçə həftə sonra məndən “misoprostol” istədi. Bu dərman hamiləliyin ilk vaxtlarında uşaqları abortsuz aldırmaqdan yana istifadə edilirdi. Aptekə gəlmədiyi həftələr ərzində o, dəhşət arıqlamış, çirkinləşmiş və sanki yaşlanmışdı. Sonra uzun müddət onu görmədim.

***

Axşamlar mən evə qayıdanda qızım artıq dərsdən gəlmiş olur. Onun mənimlə mehriban olmasını istəyirəm. Amma indi o, həyatının elə qaynar vaxtlarındadır ki, mənim varlığım onu elə də maraqlandırmır. Bu məni çox incidir. Bəlkə, ondan başqa da uşaqlarım olsaydı, bəlkə, yoldaşımın vəfatından sonra ikinci dəfə ailə qursaydım, indi onun laqeydliyini çox da hiss etməyəcəkdim. Amma bu dəqiqə həyatda mənim bircə varım-yoxum qızımdır. Gecələr bəzən əlində telefon, otağının işığı yanılı halda yuxuya gedir. Üstünü örtürəm, telefonu əlindən alıb bir kənara qoyuram, üzündən öpmək istəsəm də, oyanacağından qorxuram, öpmürəm və işığı söndürüb çıxıram.

Onun gənc və gözəl üzünə, bədəninə baxanda, ya da hərdən hansısa cavan, gözəl qız aptekdən cinsi həvəsi artıran dərmanlar alanda istər-istəməz öz gəncliyim yadıma düşür, aynanın qabağına keçib özümə diqqətlə baxmaq istəyirəm. Başa düşürəm ki, daha bu həyatdan elə şeylər ummaq üçün çox gecikmişəm.

Yoldaşım öləndə otuz dörd yaşım var idi. Düzdür, gəncliyimin ən gözəl illərini onunla keçirmişdim, buna görə xoşbəxt idim, amma onsuz keçən illərim də asan olmadı. Uzun müddət hər gün qəbri üstünə getdim. Ağladım, sızladım. O öləndən sonra anlamışdım ki, onu, düşündüyümdən də çox sevirmişəm. Anasıgilin sözünə baxmamışdı, məndən ayrılmaq istəməmişdi, inanmışdı ki, bir gün uşağımız olacaq, bunun üçün əlindən gələni eləyib məni ən bahalı xəstəxanalara aparmışdı. Uşağın bir yaşı tamam olmamış isə özü bizi qoyub getmişdi.

Əvvəllər elə sanırdım ki, o ağrılar heç vaxt keçməyəcək, həmişə o cür əzabla, ağlaya-ağlaya yaşayacam, amma illər ötdükcə yaram qaysaq bağladı. İllər ötdükcə qəbrinin üstünə də hər həftəsonu getməyi yavaş-yavaş tərgitdim. Ancaq hər dəfə onu ziyarət eləyəndə yenə ağladım, yenə onu ən birinci gördüyüm gündən, ən son gördüyüm günə qədər az qala hər şeyi bircə-bircə xatırladım.

O öləndən bir müddət sonra atamgilə köçdüm. Uşaqlığımı keçirdiyim bu evdə, ərə gedəndən bəri ilk dəfə idi ki, bu qədər uzun müddət qalırdım. Əşyalarımı qapıdan içəri daşıyıb evə girəndə məni ağlamaq tutdu. Anam da mənə qoşulub ağladı.

Evdəki hər əşya, elə bil ki, yaralarıma toxunurdu, çünki onlara baxdıqca tələbəlik illərim, qız vaxtlarım, hələ həyat yoldaşımı tanımadığım zamanlar yadıma düşürdü və bunlardan sonra istər-istəməz yenə yoldaşımı xatırlayıb ağlayırdım.

Bəzən süfrə üstündən qalxıb mətbəxdən nəsə gətirməyə gedəndə, əlimi yuxarı qaldırıb şkafın üst gözündən nəsə götürmək istəyəndə, qız vaxtı bu mətbəxdə iş gördüyüm günlər yadıma düşürdü və həmin an o qədər qəribə duyğular keçirirdim ki, elə o vəziyyətdəcə dayanıb kənardan xəyalən özümə baxmağa başlayırdım. Şkafın qarşısında dayanan və əlini yuxarı qaldıran bəxtsiz və dul qadın, keçmiş illər yadıma düşdükcə, əvvəl gənc, subay bir qıza, sonra çılğın, şən bir yeniyetməyə, axırda da balaca, xoşbəxt bir uşağa çevrilirdi. Və şkafın üst gözünə o xoşbəxt uşağın daha əli çatmırdı...

***
...Qızım məktəbə təzə-təzə gedəndə atam da vəfat elədi. Qardaşımgili narahat eləmək istəmədim, kirayə verdiyim əvvəlki evimizə qayıtdıq.

***
...Dünən qızımın ad günüydü. Fikrimdə tutmuşdum ki, qəşəng yeməklər bişirim, qardaşımgili çağırım və axşam birlikdə ad gününü qeyd edək.

Ancaq istəmədi.

- Belə şeylərdən xoşum gəlmir, mama, bilirsən axı, - dedi.

Qardaşımgili çağırmaqdan vaz keçdim, amma özümüz üçün də olsa, bir gün əvvəldən salat hazırladım, tort bişirdim. Növbəti gün işdən evə tez gəldim. Süfrəni hazırlamağa başladım. Bir az sonra qızım zəng elədi. Dostları ona sürpriz edibmişlər və ad gününü birlikdə restoranda qeyd edəcəkmişlər. Çox pis oldum. Ayağa qalxıb süfrəni yığışdırmağa başladım. Sonra fikirləşdim ki, ən azından tək də olsam, özüm yeyim. Bir anlıq dayanıb hiss etməyə çalışdım ki, görəsən acammı?

Boşqabları yığışdırıb mətbəxə apardım. Orda oturdum və iştahım olmasa da, yeməyimi yedim.

Belə şeylərə görə, özümü pis hiss eləsəm də, büruzə verməməyə çalışıram. Fikirləşirəm ki, əgər o, öz ad gününü burda, bu darıxdırıcı və boş evdə mənimlə birgə qeyd etsəydi, onunçün elə də maraqlı olmayacaqdı...

Axşam öz bişirdiyim tortla təkcənə çay içəndə qızımın şəklini votsapa qoymaq istədim. Əslində, o, belə şeyləri xoşlamır və mənə həmişə möhkəm-möhkəm tapşırır ki, onun şəklini heç vaxt paylaşmayım. Qalereyamda bir az gəzinəndən sonra, universitetdə qeydiyyatdan keçdiyimiz gün elə universitetin həyətində çəkilmiş şəklimizi votsapda storiyə qoydum və altda:

- Ad gününü təbrik edirəm, canım, qızım, - yazdım.

Amma iki dəqiqə keçməmiş peşman oldum və sildim. Bir az sonra isə sildiyimə peşman oldum və yenə eyni şəkli paylaşıb, eyni sözləri yazdım.

Qızım evə gələndə mən divanda yuxulamışdım. Şəklini paylaşdığıma görə mənə əsəbiləşdi, səsini ucaltdı və tez o şəkli silməyimi istədi. Dediyini elədim.

Ona aldığım hədiyyəni də verəmmədim. Heç nə demədən otağıma keçib yatmağa çalışdım, amma gözümə yuxu getmədi. Təxminən bir saata yaxın yerimdə qurcalana-qurcalana qaldım. Yata bilmədiyimi görüb, gözlərimi açdım. Yerimdə uzanılı halda qaranlıq tavana baxdım. Bir az sonra göz yaşlarım gözümün kənarları ilə gicgahıma sarı axmağa başladı. Damcıların gicgahım üstündəki hərəkətini hiss etməyə çalışdım. İndi, yəqin, o da yerinin içindəydi, amma məndən fərqli olaraq, yəqin ki, yatmağa çalışmırdı, əksinə, bayaqdan bəri gözləsəm də, mənim otağıma ayaq basmayan yuxu, indi, çox ehtimal ki, onun qapısı ağzında yalvara-yalvara qalmışdı, onunsa bütün fikri-zikri əlindəki telefonda idi.

Bir az sonra göz yaşlarım daha da çoxalmağa başladı. Üzümü əllərimlə qapayıb, böyrü üstə çevrilmək, bükülmüş şəkildə uzanaraq hönkürmək istədim. Bu evdə, bu yataqda bir vaxtlar məni sevən bir adam var idi. İndisə çox tək idim. Kimsəsiz idim.

Ağlayıb ürəyimi boşaldandan və bir qədər rahatlaşandan sonra yuxuya getdim. Yuxuda qızımın ad gününü restoranda qeyd etdiyimizi görürdüm. Amma qonaqların hamısı bizə yad adamlar idi və mən kənardan onlara bir az tamaşa edəndən sonra başa düşürdüm ki, onlar hər gün məndən müxtəlif-müxtəlif dərmanlar alan aptek müştəriləridir. Qızım yekə bir tortun arxasında dayanıb onu kəsməyə hazırlaşırdı və mən onun sağ-solunda dayanan adamlar arasında, məndən hər dəfə fərqli növ hamiləlik testi alan on doqquz-iyirmi yaşlarındakı o cavan uşağı, aptekin üzbəüzündəki binada kirayə qalan qadını, həmişə öz nəzakətli səsiylə qoruyucu istəyən otuz yaşlarındakı varlı oğlanı və başqalarını görürdüm. Bu vaxt içimə pis qorxular, narahatedici hisslər dolurdu və mən qızıma sarı qaçıb onu ətrafındakılardan uzaqlaşdırmaq istəyirdim, amma mən onlara çatmağa çalışdıqca onlar məndən uzaqlaşırdı, sanki restoran getdikcə genişlənirdi, böyüyürdü və onlar restoranın uzaq künclərinə tərəf çəkilirdilər.

Yuxudan narahat ayılıb yerimdən qalxdım. İşığı yandırdım. Saat dördə işləyirdi. Əynimi yüngülvarı geyinib otaqdan çıxdım. Qızımın otağındakı işıq hələ də sönməmişdi. Həmişəki kimi özündən xəbərsiz yuxuya getdiyini sanıb qapıya yaxınlaşdım. Amma o, oyaq idi, yerində uzanmışdı və telefonla oynayırdı. Başını qaldırıb mənə baxdı. Heç nə demədən qapıdan uzaqlaşdım.

Su içmək üçün mətbəxə girdim. Otağıma qayıtmaq istəyəndə dəhlizdə qarşılaşdıq. Bir anlıq duruxub qaldıq. Sonra mən öz otağıma tərəf istiqamətləndim. Hiss elədim ki, o, nəsə demək istəyir, ancaq çətinlik çəkir.

Bir neçə addım atıb uzaqlaşmışdım ki, arxadan səsini eşitdim:

- Mama!

Səsə tərəf dönənəcən, onun nə deyəcəyini düşünüb tapmağa çalışdım.

Üzünə baxdım. Heç nə demədim. Sözünə davam etməsini gözlədim.

- Bir şey demək istəyirəm sənə, - asta səslə dilləndi, susdu, sonra yenidən danışmağa çalışdı, amma tərəddüd keçirib sakitcə dayandı və mən onun nə deyəcəyini gözləyərkən hiss etdim ki, ömründə, bəlkə də, heç zaman gecənin bu saatında iki insanın söhbətinə şahid olmamış bu cansız divarlar da indi mənim kimi həyəcan və narahatlıq içindədir.

***

...Hərdən də, aptekdə heç bir iş olmayanda, bekar qaldığım vaxt, başımı asta-asta çevirib, vitrinlərdəki, taxçalardakı, şkaflardakı saysız-hesabsız dərmanlara baxıram və düşünürəm ki, görəsən, niyə bu qədər dərmanın arasında mənim üçün bircə dərman da yoxdur...

# 1616 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
#
#
# # #