Kulis.az Maya İmranın "Darıxmağın qoxusu..." adlı yeni hekayəsini təqdim edir.
- Bilirsən necədi? Ölümü faciə, ağrı ilə, məyusluqla qəbul etmək lazım deyil. Ölümün son olduğunu hardan bilirik ki? Osho deyir a, “Əsl sual ölümdən sonra həyatın olub-olmaması deyil. Əsl sual ölümdən əvvəl bizim canlı olub-olmamağımızdır.” Ən bəsit şəkildə düşünsək, ölüm bizi əzizlərimizdən ayırır, amma həm də çoxdandır görmədiyimiz əzizlərimizlə görüşdürür. Məsələn, mən anamı görmək üçün ölümü gülərüzlə qarşılamağa hazıram. Çünki heç sağollaşa da bilməmişdim onunla. O qədər çox darıxıram ki. Baxma ki, özüm artıq anayam. Hələ qardaşım üçün...
Gözündən süzülən yaş təbəssümünə qarışdı...
Onu ilk dəfə ağlayan gördüm. Mövzunu dəyişməyə çalışaraq dedim:
- Biz niyə ölümdən danışırıq ki?
- Bilmirəm ki... Əslində, gəlmişdim səni qucaqlayıb öpüm. Dedilər, məzuniyyətə çıxırsan. Dedim, ilin-günün bu vaxtı nə məzuniyyət? Hər şey qaydasındadır? Yoxsa bu il vaxtından əvvəl yorulmusan?
- Yox, əslində, çox yorulmamışam. Amma çox darıxmışam. Anamın yanına getmək istəyirəm. Bəzən düşünürəm ki, bəlkə, hər şey mənim planıma uyğun olmadı? Şirkətin daxili qaydalarına uyğun olaraq, yayda məzuniyyətə çıxmaq daha yaxşıdır. Amma həyatımızın, ömrümüzün planını belə rahatlıqla cızmağa necə ürək edirik? Bəlkə, hər şey başqa cür olacaq? Kim deyib ki, heç nəyə, heç kimə gec qalmayacağıq? Səhər işə vaxtında çataq, rəhbərin tapşırığını vaxtında çatdıraq, axşam evə vaxtında çataq, yeməyi vaxtında bişirək, vaxtında yataq... Hər şey həmişə belə vaxtında olacaq? Əgər bütün bunların nəhayətində bizi gözləyən ölümün vaxtını bilmiriksə, bu qədər şeyi vaxtında etmək üçün niyə özümüzü yoruruq? Gərəkdirmi?
- Doğrudur... Amma beynini belə neqativ fikirlərlə yükləmə. Get ananın yanına, əlbəttə, bu sənin haqqındır. Amma qara fikirləri özündən uzaq tut.
- Yox, bu qara fikirlər deyil. Həqiqətən. Niyə axı reallığa qara deyirik? Niyə haqqında danışmağa qorxduğumuz mövzuları görməzdən gəlirik.
- Sənin ölüm barədə danışmağın üçün hələ çox tezdir, gözəl qızım. Bu mövzunu dərindən dərk etməyin heç yaxşı deyil. Gəlmişdim sənə deyim ki, sən məzuniyyətdə olanda darıxacam.
- Darıxmayın, bir dəfəlik getmirəm ki.
- İndi gör sənə yeni bir iş təklifi gəlib eləsə mənim halım necə olar e?! Sənə yaman bağlanmışam. Elə bilirəm arabir oturub belə dərdləşməsək, nəsə yolunda getməz.
İş təklifi gəlmişdi. Amma bunu ona daha pozitiv vəziyyətimdə deməyi düşünürdüm. Ona görə dilimin ucuna gəlsə də, dilimi qatlayıb susdum.
- Siz çox yaxşı insansınız, Kəmalə xanım. Bu qədər qarma-qarışıqlığın içində həzin bir bulaq kimi, ürəkbulandıran qışqırığın fonunda eşidilən gözəl bir musiqi kimi, bir kədərin sonrasında ürəyə yayılan sevinc kimi. Kin toplusunun əridib muma döndərən xeyirxahlıq kimisiz. Sizi görəndə, ən pis halımda da ürəyim təbəssüm edir. Tanıdıqca dərya kimi qərq olur insan sizin içinizdə. Bunun adı tam olaraq nədirsə, bilmirəm. Amma onu bilirəm ki, çox yaxşısınız. Həyat belələrinə qəddar davranır, özünüzü qoruyun. Çox yaxşı olmayın.
- Sən lap bədbinləşmisən. De görüm nə olub sənə?! Niyə belə kövrəlmisən?
- Yox, kövrəlməmişəm. Sadəcə istəyirəm, hiss etdiklərimi deyim. Gündəlik həyatımız bizi o qədər şərtlər və tələblər çərçivəsində yaşamağa, davranmağa məcbur edir ki, bəzən aylarla hiss etdiklərimizi dilimizə gətirmirik. Beləliklə, hisslər danışmağı yadırğayır, lallaşır. Elə buna görə hər kəs insanlar içində tənhalıq yaşayır. Hər kəs çoxluq içində təklikdən şikayət edir. Hər kəs danışır, amma heç kim dinləmir. Dinləyən, anlamır. Hər kəs səbəbini bilmədiyi iddiaların arxasınca qaçır. İllərlə, bir ömür, qurbanlar bahasına, yoluna çıxanı vurub, əzib, tapdalayaraq qaçır. Çatır, tutur, amma baxır ki, o qədər də lazım deyilmiş ona. İndi geri qayıtmaq istəyir. Üzünü arxaya çevirəndə ölümlə üz-üzə dayanıb, gəldiyin bu uzun yol ömür imiş. Geriyə dönüşü mümkün olmayan bir yol imiş. Ətrafına baxıb görür ki, bu yerə çatana qədər vurub əzdiyi, tapdaladığı, əlindəkiləri dartıb qopardığı hər kəs dayanıb ona baxır. Birinin qolunu yaralayıb, birinin ayağını əzib, birinin ürəyini qırıq-qırıq edib. Hər biri haqqını geri istəyir. Yolun başına çatıb adam. Başa dönmək mümkün olsa, buradək qazandığı hər şeyi geri qaytarmağa razıdır. Amma mümkün deyil. Yolun sonunda təəssüf də, xahiş də, bütün “kaş ki”lər də təsirsiz və gərəksizdir.
Bu insanlar nə istəyir? Nə uğrunda çalışır? Bu hay-küy nə üçündür? Yolun sonu hamı üçün eyni deyilmi? Bu həyatda ölümdən başqa qalib varmı? Bu qaliblik iddiası nədir belə? Sonunda hər birimiz ölümə məğlublarıq. Bu halda, böyük iddialar o qədər ağılsız görünür ki kənardan.
Mənim iddialarım yoxdur, məsələn. Sakitəm. Beynimi bu yalançı dünyanın mənasız intriqaları ilə yormuram. Məgər mənə ruhdan düşmüş deyəcəksiniz? Yox. Mən, sadəcə, məyusam. Ətrafımda böyük bir kütlənin yaşamın mənasından xəbərsiz olması üzür məni. Mən bu insanlarla nə edim bir ömür? Hətta mənə elə gəlir ki, ən xoşbəxt insanlar artıq torpağın altındadır. Amma qəribəsi budur ki, onlar da yaşadığı müddətdə həyatda məna tapmamış, olumla ölümün varlığını barədə düşünmüş, bu dünyanın sonunun ölüm, ya yaranış olması barədə xeyli fərziyyələr irəli sürüblər. Bu sualı Əbu Turxan belə vermişdi: “Ömrün sonunda bədənmi onunla daha uzlaşa bilməyən, onu hərəkətə gətirə bilməyən, tükənmiş ruhdan ayrılır, yoxsa hələ kifayət qədər yaradıcılıq gücü olan ruhmu taqətdən düşmüş və onun üçün daha vasitə, alət ola bilməyən bədəndən imtina edir?” Sizi darıxdırmıram ki?
- Yox, yox. Dinləyirəm. Sənin fikirlərin mənə maraqlıdır.
- Sizə bədbin görünə bilərəm. Amma inanırsınız mənə, yəqin ki. Mən bədbin insan deyiləm. Əksinə, çox müvəqqəti, ən böyük məna hesab etdiyimiz mətləblərin kökündə belə dərin mənasızlıq gizləndiyini bildiyimiz halda, yaşamağa güc tapa bilmək, yaşamaq, nə isə yaratmaq, gülmək, ümid etmək, məncə, qəhrəmanlıqdır. Bu mənada, özümü güclü hesab edirəm.
İçimdə ünvanını, səbəbini bilmədiyim hüznlə yaşayıram. Hər zaman dərin bir darıxmaq hissi çökür sinəmə. Kim üçün, nə üçün darıxdığımı bilmirəm. İllərin qoxusu gəlir bəzən burnuma. Arabir köhnə bir mahnının hansısa sətirlərində tapıram xatirələrimi. Tutub qucaqlamaq istəyirəm. Qırıldığım hər yerdə bir az özündən qoparılmış hiss edirəm. Yaşım artdıqca, dünyanın dərin bir kədərdən ibarət olduğunu anladıqca, sevincə bəhanələr axtarıram. Ən çox da köhnə “mən”i axtarıram. O, illərin arasında itib-batdı. Kədərli olan da budur- hər şeyi tapdıqca özündən daha çox itirmək. Ən sadə duyğuları “ən böyük uğur” saydıqlarıma dəyişməyə hazır olanda başa düşdüm nələri itirdiyimi. Xatirələrin də qoxusu olarmı heç? Bəzən o qoxu gəlir burnuma. Yolumu dəyişirəm, gedəcəyim yolu unuduram, keçmişə doğru qaçıram, insansızlaşıram. Geridə qoyduğum hər küçədə uşaqlığımı, gülüşlərimi axtarıram. Anamın yanına gedirəm uşaqlığımı axtarmağa. Böyümək, dərk etmək üzür məni, çox üzür. Uşaqlaşmaq istəyirəm. Anamın yeməklərindən yeyəcəm, o köhnə çarpayımda yatacam. Arabir o üzüm tənəyi sarmaşmış pəncərəmizdən həyətimizə baxacam. Özümü axtaracam orda. Bəlkə səbəbini bilmədiyim bu darıxmaq hissim bir az səngiyə.
- Sənin üçün çətin olar bu həyat. Bu günə köklənməyən, bu andan zövq ala bilməyən insan üçün həyat cəhənnəm kimi əzablıdır, gözəl qızım. Niyə bu qədər əziyyət edirsən özünə? Səncə, sevinə bilənlər bu yolun sonunu bilmədikləri üçünmü gülməyi bacarırlar?
- Bəs başqa necə mümkün ola bilər?
- Daxilini həbs etmə bu qədər. Özünə düşmən olma. Bizə əmanət edilən ömrü əlindən gəldiyi qədər gözəlləşdirməyə çalış. Özünün və ətrafındakılarının həyatına işıq saç. Bunun üçün günəş olmağa ehtiyac yoxdur. İnsanın günəşi təbəssümüdür. Güləndə həm özümüzün, həm də ətrafımızdakıların ürəyi isinir. Bu an üçün sənə xoş olanları et. Qəlbini isti tutan işlər gör. Bu, həmişə maddiyyata bağlı deyil. Vallah, elə deyil. Gözəllik üçün pul ən sonda lazım olandır. Hər şey düşüncəmizdən başlayır. Hər kəs bir gün yox olmaq üçün yaranıb. Bunu müzakirəsiz qəbullan. Bizim öhdəmizə düşən bacardıqca yaxşı olmaq, yaxşı yaşamaq, yaxşı hisslər, duyğular ötürmək, yaxşı söz, əməl, fikir sahibi olmaqdır. Bu qədər sadədir. Təbii ki, bu ölüm faktını dəyişmir. O bizim iradəmizdən kənarda olan və bizim boyun əyməli olduğumuz qanundur. Tanrının qanunudur, müzakirəsi bizə düşməz. Keçmişdən qopma və ona həbs olma. Gələcəyi düşün, bu gününü xoş edəcək şeylərə köklən. Böyümək, həyatı dərk etdiyin halda, gülməyi bacarmaqdır. “Böyümək güclənməkdir” ifadəsi boşuna deyil. Əsl güc elə budur- bir gün olmayacağını bildiyin halda, olduğun hər gün gözəl düşünmək, gözəl işlər görmək, gözəl sözlər demək. Ölməyi də gözəl bacarmaqdır güclü olmaq.
Sonuncu cümləsini iki zəif göz yaşı müşayiət etdi. Yaş yanağına düşməmiş əli ilə sildi. “Mənim öyrəndiklərim bunlardı.” - deyib, yenə gülümsədi.
- İndi gedək mənim otağıma ,məzuniyyətqabağı qəşəng çay dəmləyim sənə. Bir az oturaq. Sənin otağına günəş düşmür, bəlkə bir az da ona görə bədbinləşirsən. Mənim otağım gündoğan tərəfdədir deyə bütün gün günəş üzümə gülür.
Mənim üçün insanlığın ölmədiyini təbəssümü ilə sübut edən bu qadın son illər nəinki işdə, hətta həyatda danışa bildiyim nadir insanlardan biri olmuşdu. Bu doğmalığın harda başladığını özüm də unutmuşdum.
Otağı da özünə bənzəyirdi- hər yanda dibçəklər vardı. Stolunun üstündə ürəkaçan səliqə, rəngarənglik vardı. İşin ən sıx zamanında da təmkinini itirmir, hər kəsə mehribanlıqla cavab verir, bağışlana bilən bütün iş xətalarını “təki canınız sağ olsun”a qurban edirdi. O səsi, təbəssümü, davranışı ilə böyük bir tele-şirkətin sakitlik, rahatlıq yeri idi. Heç kim onu əsəbi halda görməmişdi. Bu bir televiziya işçisi üçün nadir tapılan xüsusiyyətdir. Amma görünür, bu xüsusiyyət onun həyata qarşı davranışı idi. Nizamlı, səliqəli, təmkinli gördüyü heç bir iş üçün təşəkkür gözləmir, bacardığı qədər kömək edir, bacardığından daha artıq təbəssüm bəxş edirdi. Bir insandan tələb olunan bəşəri missiyanı yerinə yetiməyin bu qədər sadə olduğunu onu tanıdıqca anlayırdım.
- Hə, bir də ki, təbəssüm təkcə insanlara yox, bax mənim bu güllərimə də gərəkdir. Mən hər səhər işə gələndə, otağa girəndə mütləq onlara təbəssümlə cavab verirəm. Bilirsənmi əvəzində nə olur? Mütləq həmin gün hansısa çiçək açır. Elə bilirsən zarafat edirəm?
- Yox, inanıram. Sizin təbəssümünüz qışda ağacı bar verdirər.
Səsli güldü.
- Yox, ağ eləmə. Amma, bax səninlə inandıqlarımı bölüşürəm. Kainatın günəşi səmadadır, vücudumuzun günəşi isə bax burda- ovcunu sinəsinə sıxdı. Qəlbimiz güləndə bahar olur bizə. Qəlbini qapqara buluda qərq elədikcə bəhanə axtaracaqsan ağlamağa, yəni yağış olub yağmağa. Özünü dinlə. Sənə təbəssüm bəxş edən şeyləri tap. Onları özündən gen salma. İnan. Həmişə ən yaxşıya inan. Yaxşılığın qalib gələcəyinə inan. Ölümü düşünmək səni bədbinləşdirməsin. Axı ölüm də son deyil. Sən düşün ki, ölüm başlanğıcdır. Və ya düşün ki, ölüm ruhumuzun azadlığıdır. Ölümü də gözəl edən nə çox səbəb var. Görürsənmi, ölümdən də təbəssümlə danışan tapıldı.
Gözlərimin düz içinə baxaraq yenə siması təbəssümə qərq oldu. Ölümə duyduğu bu sevginin səmimiyyətinə şübhəm yarandı. Mənə elə gəldi ki, qərəzsiz söylədiyi bu fikirlərə acizliyini bələyib. Amma təbəssümü gerçək idi.
- Yetər ki, gülümsə. Qoy qəlbin çiçək açsın. İçin həmişə isti olsun. Bax tənha insanlar hər zaman üşüyür. Bilirsənmi niyə? Onları üşüdən havanın soyuqluğu deyil, qəlbinin təkliyidir. Qəlbi üşüyür onların. Nə qədər büksən də, içi üşüyən insanın vücudu heç zaman isinməz.
- Məzuniyyətə çıxdığım gün onun günəşli otağında sağollaşdıq. Otağından çıxanda qəlbinin yavaş-yavaş isindiyini hiss edirdim.
Məzuniyyətimin ilk həftəsi iş saatlarında “işdə olsan, səni çaya dəvət edərdim” mesajları ilə başlayan söhbətimiz davamı günün sonuna qədər uzanırdı.
Anamın yanında olmaq, deyəsən, mənə yaxşı təsir etmişdi. Səhərlər zəngli saatsız oyanır, günü tələsmədən yaşayırdım. Oğlum da nənə-babasının yanında əsl uşaqlıq edirdi. Tez-tez qohumlardan kimsə bizə qonaq gəlir, ya da biz hansısa qohuma qonaq olurduq. Sadə süfrə ətrafında uzun-uzun söhbətlər edirdik. İnsanların görüşməsi üçün dəbdəbəli süfrəyə, bər-bəzəkli təamlara da ehtiyac yox imiş. Sadə süfrələrdə ürək daha çox doyurmuş. Burda günlər daha uzun, gecələr daha sakit idi. Babamın illər əvvəl pəncərəmizin qabağına əkdiyi tənək böyüyüb, pəncərə boyu şaxələnmişdi. Mövsümdə yetişən üzümlərdən həyətin bütün sakinləri dadırdı. Ona görə onun gündəlik sulanmasına bütün qonşular eyni qədər can yandırırdılar. O tənəyin əkildiyi günü xatırlayıram:
Yazın əvvəlləri idi. Babam yenicə köçdüyümüz evin pəncərəsinin düz altına balaca bir üzüm ağacı əkdi. Ucaboylu idi babam. Uşaqlıq hafizəmdə elə qalıb ki, onun başı göyə dəyirdi. Sözün bütün mənalarında böyük idi o - əməlində, sözündə, davranışında, boy-buxununda. Tənəyi torpağa əkəndən sonra dedi ki, su ver, yaxşı bax, səninlə bərabər o da böyüsün.
Mən də böyümüşəm, tənək də. Böyüməyin qorxusu canımı bürüdü. Tənək böyüyüb, babam artıq həyatda yoxdur, anam qocalıb. Kaş tənək əkildiyi gündəki kimi balaca qalardı...
Gecə yuxuda iş otağımı gördüm. Pəncərə açıq, stolun üstündəki bütün kağızlar yerə səpələnmiş halda idi. Otaqdakı pərakəndəlik insanı boğurdu. Pəncərənin qarşısına bir dibçək qoyulmuşdu. “Günəşsiz otaqda heyif olar ki bu yazıq” deyərək, dibçəyə yaxından baxdım. Yarpaqlarının arasından tumurcuqlar görünür. Dibçəyin üzərinə çəhrayı vərəq parçası yapışdırılıb. Gözümü qıyıb, xırda yazılmış sözləri oxumağa başladım: “Darıxmağın da qoxusu var, Mayacan. Bəzi darıxmaqlar gül qoxuludur...”
Yerimdən atıldım. Həzin külək tənəyin yarpaqlarını astaca xışıldadır, ayın işığı bütün həyəti aydınlığa boyamışdı. Telefonda saat 03:47 göstərirdi. Pəncərəyə yaxınlaşdım. Narın yağışla yuyulmuş asfalt bərq vururdu. Gecə elə gözəl görünürdü ki, bu mənzərəyə göz yumub yatmaq günah sayılardı. Pəncərədən xeyli baxdım. Torpağın qoxusunu ciyərlərimə çəkdim. Bəlkə bu da darıxmağın qoxusudur...
Səhərə qədər dolaşıq yuxular gördüm, tez-tez oyandım. Hava işıqlaşana qədər bir neçə dəfə pəncərədən baxdım, dua etdim.
Səhərə yaxın dərin yuxuya getdim. Mən yuxudan qalxanda anam oğluma nahar yedirdirdi. Ev şirniyyatı ilə yenicə dəmlənmiş çay içdim. Telefonuma göz gəzdirdim. İş yoldaşlarımın bir neçəsi eyni şəkili sosial şəbəkələrində paylaşıb “Dualarımız sizinlədir...” yazmışdılar. Onun şəkli idi- təbəssümün ən çox yaraşdığı qadının...
İş yoldaşlarımdan birinə yazdım:
- Nə olub?
- Gecə saat 4-də insult olub. Səhər işə gəlməyincə, işdən zəng ediblər, telefonuna qızı cavab verib. “Gecə qəflətən təzyiqi qalxıb, xəstəxanaya çatdıranda artıq özündə deyildi. Gecədən komadadır” deyib. Ancaq dua etmək gəlir əlimizdən. Əgər möcüzə olsa, üç gün ərzində oyanacaq. Möcüzə olmasa....
Dilim söz tutmadı. Telefonu söndürdüm.
- Mən yuxunu görəndə? Yuxudan oyananda? Bu təsadüf ola bilməz. İlahi, bircə dəfə görüşmək şansı nəsib elə. Bu yuxunu ona danışmağı nəsib elə.
Oğlum çaşqın halda gözlərimə baxanda eyni sözləri təkrarladığımı anladım.
Üç gün ərzində “oyananda oxuyar” deyə mesajlar yazdım ona. Sonuncu mesajım belə idi: “İnanıram ki, tezliklə mesajıma səsli formada cavab verəcəksiniz. Yenə gülə-gülə. Çox darıxdım sizin üçün! Siz çox, lap çox yaşamağa layiqsiniz. Mənim üçün nə qədər dəyərli olduğunuzu ən çox indi anlamışam... Başdan-ayağa sevgi qadın. Bilirəm, siz heç kimi üzmək istəməzsiniz, bizə qayıdacaqsınız. Gözləyirik.”
O mesajım əbədi olaraq oxunmadı. Üç günün tamamında iş yoldaşımdan “Möcüzə olmadı.” cümləsindən ibarət mesaj gəldi. Ölümün çox yaxında olduğunu ilk dəfə o an başa düşmüşdüm. Ölüm illərin arxasında qalmayıbmış, elə buralarda imiş- uzun-uzun söhbətləşdiyim insanın həndəvərində. Mən görməmişdim. Heç ağlımın ucundan da keçməmişdi. Ölüm mənə həmişə çox uzaq görünmüşdü. Ta ki onun iş otağına girib, onu tapmayınca...
Hər səhər eyni təbəssüm və isti səs tonu ilə söhbətləşdiyim insan xatirələrə dönmüşdü. Bir xeyli iş dəftərçəsinə, qələminə, komputerin kənarlarına yapışdırdığı qeydlərə baxdım. Zaman donmuşdu, sanki. Həyat yarıda dayanmışdı. Anidən. Xatırlatma üçün etdiyi bütün qeydlər, fincanı, yanında yarımçıq qalmış şokolad, stolüstü salfet...toxunduğu hər bir əşyası ona bənzəyirdi sanki. Hər şey gözümə o qədər gözəl görünürdü ki. Mən özümdən biixtiyar onun otağına təbəssümlə nəzər salırdım. Çevrilib pəncərənin önünə, yerə sıra ilə düzdüyü dibçəklərinə baxdım. Əksəriyyəti çiçək açmışdı. Otağın işıqlı ab-havasına bu güllər yaz əhvalı gətirirdi, elə bil. Hələ indi fikir verdim: otaqda hər şey ona bənzəyir. Qulağıma səsi gəlir:
“Hər şey düşüncəmizdən başlayır. Hər kəs bir gün yox olmaq üçün yaranıb. Bunu müzakirəsiz qəbullan. Bizim öhdəmizə düşən bacardıqca yaxşı olmaq, yaxşı yaşamaq, yaxşı hisslər, duyğular ötürmək, yaxşı söz, əməl, fikir sahibi olmaqdır. Bu qədər sadədir. Yaxşılığın qalib gələcəyinə inan. Ölümü düşünmək səni bədbinləşdirməsin. Axı ölüm də son deyil. Sən düşün ki, ölüm başlanğıcdır...”
Dibçəklərinə sığal çəkdim. Yolda içmək üçün aldığım suyu dibçəklərə verdim. Dibçəyin torpağı suyu içdikcə, onu təxəyyülümdə güllərə çevirib, hafizəmə, xatirələrə hopdurdum. Stolunun lap yanına qoyduğu, dəfələrlə gözümün önündə su verdiyi dibçək çiçək açmışdı. Əyilib qoxladım.
Darıxmağın da qoxusu varmış. Bəzi darıxmaqlar gül qoxuludur...