"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?
16 yanvar 2025
# 09:00

Kulis.az Əliheydər Qarayevin Hüseyn Cavidin müdafiəsi üçün yazdığı məqaləsini Xəyal Bayramlının ön sözüylə təqdim edir.

İnsanın yaşadığı mühit onun şəxsiyyət kimi formalaşmasına mühüm təsir edən amillərdən biridir. Haqqında söz açacağım gələcəyin alovlu inqilabçısı olmuş şəxsiyyəti də yetişdirən məhz əlverişli mühit olub. Dayısı tanınmış maarif xadimi, yazıçı Sultanməcid Qənizadə, müəllimi Abbas Səhhət olan Əliheydər Qarayev hələ gənclik illərindən yaşadığı cəmiyyətin problemlərini mətbuat səhifələrində işıqlandırmağa başlayıb. Həmyerliləri olan Mirzə Ələkbər Sabir və Abbas Səhhətin təsiri altında “Molla Nəsrəddin” jurnalında məqalələr dərc etdirib. “Nicat” xeyriyyə cəmiyyətinə verdiyi töhfələrə görə cəmiyyətin Şamaxı şöbəsi rəhbərliyi tərəfindən ona təşəkkür edilib. Rusiyada təhsil aldığı illərdə yazıçı Əli Səbri ilə dostlaşıb, Əliqulu Qəmküsarın ailəsinin sevimli qonağı olub. “Tartan-partan” satirik jurnalının, “Al bayraq” menşevik qəzetinin redaktoru olub. İnqilab yolunda canını ortaya qoymuş bu inqilabçı sonda inqilabın qəddarlıqla yediyi balası olub. Bu gün bu şəxsiyyətə qarşı əsassız bir çox iddialar səsləndirilir, yazılar qələmə alınır. Həyatı ağ-qara ekran kimi görənlər ağ-qaradan da başqa rənglərin olacağını düşünmürlər. Sabir, Abbas Səhhət və Sultanməcid Qənizadə kimi ziyalıların təsiri ilə böyüyən Əliheydər də repressiya illərində Azərbaycanın dəyərli ziyalılarını müdafiə edərək onları gedər-gəlməzdən xilas etməyə çalışacaqdı. Axı bu ziyalılar ziyalı qıtlığı yaşanan bir ölkədə ideoji görüşlərindən asılı olmayaraq, peşəkar kadrlar idilər. Kimlər var idi onların arasında? Ali Pedaqoji İnstitutun direktoru olmuş Pənah Qasımov; pedaqoq, yazıçı, Azərbaycan himninin sözlərinin müəllifi Camo bəy Cəbrayılbəyli; görkəmli dramaturq Hüseyn Cavid; ilk “Kitabi- Dədə Qorqud” tədqiqatçılarımızdan Atababa Musaxanlı... Sən saydığını say, gör fələk nə sayır. Əliheydər Qarayevin müdafiə etdiyi ziyalılardan Camo bəy çıxmaq şərtilə, digərləri repressiya qurbanı oldular. Əliheydər Qarayevin taleyi isə daha da faciəvi oldu. Repressiya təkcə onu yox, ailəsinin əksər üzvlərini məhv etdi.

Sizə təqdim etdiyimiz Əliheydər Qarayevin bu məqaləsi 1929-cu il 15 fevral tarixində “Kommunist” qəzetində dərc edilib.

Böylə tənqid olmaz

“Molodoy Raboçi” qəzetəsinin 15-ci nömrəsində maarif xadimləri ittifaqı sədri Pənah Qasımov yoldaş haqqında böyük sərlövhə ilə bir məqalə yazılaraq özünü əks-inqilabçılarla əhatə etmiş olduğu göstərilmişdir. Həmin məqalədə Ağa Hüseyn yoldaş Pənah Qasımov və onu əhatə edən müəllimləri təsvirlə soruşur ki, böylə bir adamı bundan böylə Pedaqoji texnikumu və Maarif xadimləri ittifaqı başında və firqə sırasında saxlamaq olarmı?

Bu işi yoxlamaq üçün xüsusi bir komisyon yaradılmışdı.

Komisyon bu və ya digər müəllimin əks-inqilabçı olub-olmadığını aydınlaşdırmalı idi. Komisyonun vəziyyəti pək ağır idi. Bu məsələyə necə yanaşmalı, bu və ya digər müəllimin əks-inqilabçılığını nə gibi əlamətlərlə təyin etməli? Ağa Hüseyn yoldaş gibi yanaşılarsa böylə çıxar ki, köhnə müəllimlərin hamısı, ümumiyyətlə, əks-inqilabçıdır. Lakin bu doğrudurmu? Xayır, doğru dəyildir. Ağa Hüseyn yoldaş gibi düşünmək hətta zərərdir.

Şura Azərbaycanının böyük nailiyyətlərindən birisi budur ki, əməkçi müəllimlərin ən çoxu namuskaranə bir surətdə sosializm quruluşu faydasına işləyirlər. Azərbaycanda müəllimlərin əsas kadrosu ixtisaslı müəllimlər-köhnə müəllimlərdir, köhnə müəllimlər bizimlə korkudan yok, vicdan üzərinə işləyirlər. Ona görə köhnə müəllimləri əks-inqilabçı adlandırmaq doğru dəyildir. Doğrudur, köhnə müəllimlərin də arasında yabançı ünsürlər olduğu danmaq olmaz. Lakin müəllimlər özləri də yakalarını böylə ünsürlərdən kənarə çəkirlər. Və biz böylələrini təmizləyiriz. Gələcəkdə təmizləyəcəgiz də.

İmdi Ağa Hüseynin göstərdiyi müəllimlərdən bəhs edəlim. Bunlar əks-inqilabçıdırlarmı və onları Şura hökumətindən uzaklaşdırmak lazımdırmı?

Camo bəy Cəbrailbəylini alalım. Köhnə pedaqoqdur. O, mülkədardırmı? Xayır! Əməkçi ziyalıdır. O, müsavatçı olmuşmudur? Xayır! Müsavatda olmamışdır. Bizə hüsn-rəğbəti olan əməkçi ziyalılardan idi. Şura hökumətinə xidməti keçmişdirmi? Keçmişdir. Bunu danmaq olmaz. O, bizimlə bərabər osmanlı ləhcəsilə mübarizə edənlərdən birisi olub, Azərbaycan şivəsilə bir çok dərs kitabları yazmış və məktəblərin milliləşdirilməsində aktiv iştirak etmişdir. Onu əks-inqilabçı adlandırmaq olarmı? Olmaz. Onu əks-inqilabçı adlandıran şura hökumətilə həmrəy olan bir adam bizdən uzaklaşdırıb düşmənlərimiz sırasına atır. Böylə hallar Şura hökumətinə fayda dəyil, zərər verir.

2-cisi Musaxanlı yoldaşdır. O, yeni yetişməkdə, artmakda olan gənc müəllimlərdən birisidir. Musaxanlı əks-inqilabçıdırmı? “İnkilab və mədəniyyət” məcmuəsində onun məkalələrini okuyanlar, onun yazıları ilə tanış olanlar təsdik edərlər ki, o, işçi-kəndli hökumətinə xidmət edir. Məfkurəcə bizə yakın bir adamdır.

Onu uzaklaşdırmak dəyil, daha yakın çəkmək, yardım etmək lazımdır.

İmdi Hüseyn Cavid hakkında. Ağa Hüseyn yoldaş eşitmiş, lakin öyrənməmişdir. Doğrudur, 14-15-ci firqə konfrasında biz onun xırda burjua məfkurəsini göstərdik, bizə yabançı məfkurəsini ifşa etdik. Proletar ədəbiyyat cəmiyyətindən kənarlaşdırdık və sıkışdırdıq. Lakin imdi islah olunmakdadır. O, özü-özlüyündə müsavatçı dəyildir. Biləks müsavatçılar öz ağalıqları zamanı onu təqib edirdilər. Ancaq özü dərk etmədən müsavatçılara xidmət edirdi. Nöksanlarını göstərmək, proletar ədibləri cəmiyyətindən kənar etməklə bərabər, eyni zamanda biz onun səhvlərini boynuna almasına, nökteyi-nəzərini dəyişdirməsinə, məfkurəsini düzəltməsinə yardım edirdik. Hüseyn Cavid böylə etdimi? Etdi. Onun son əsərlərinə, qiymətli əsərlərinə bələd olanlar deyərlər ki, Hüseyn Cavid qabaqlarda havada gəzərək yerə enmək istəmirdisə, imdi aşağılara yakınlaşır-fabrikaları, zavodları gəzir və dimağ fəaliyyətini aşağı təbəqələrə xidmət etdirməyə çalışır. Hüseyn Cavid islah olunur, bizim tərəfə keçir. Hüseyn Cavid böyük bir ədib olduğundan biz onu tənkid etməli, nöksanlarını göstərməliyiz ki, qəti surətdə bizə yakınlaşsın, öz əlilə bütün körpüləri yandırsın, məfkurəcə bizim tərəfə keçsin.

Ona görə Ağa Hüseyn yoldaşın məkaləsinə qayıdaraq deyiriz, o, bəzi müəllim və ədibləri bizdən uzaklaşdırmak istəyir. Bu isə şübhəsiz firqəyə də, şura hökumətinə də zərərdir.

Dutalım, köhnə və yeni müəllimlər arasında bəzi başqa ruhlu adamlar vardır. Onları kimlə əvəz etməli? Öz adamımız azdır, yokdur demək məktəbləri bağlamakmı lazımdır?

Bağlamak lazım və mümkündürmü? Xayır. Mövcud qüvvələrdən bacarıklı bir surətdə istifadə etmək lazımdır. Məktəbdə xırda burjua məfkurəsilə mübarizə etmək için xəstədən götürüb sağlam içinə atmak olmaz. P. Qasımov yoldaşı “sağ uklon” da töhmətləndirmək, ona yaramaz kommunist gibi baxmaq insafsızlıkdır. Çünki Qasımov yoldaşın Maarif xadimləri ittifaqında fəaliyyətinin ən məsuliyyətli bir firqə vəzifəsi ifa edən ən sabit bolşeviklərdən birisi olduğunu isbat etmiş. Doğrudur, onun səhvləri də olmuşdur. Lakin yaramaz adlandırmak dərəcədə dəyildir. Ona görə Qasımov yoldaşa atılmış töhmətlərin hamısı əsassızdır. Burada əsil məsələ Qasımovda yaxud onun “sağ uklonu”nda dəyil, məktəbli gənclər arasında lazım fəaliyyətdədir.

Bunun için də məktəblərdə firqə və komsomol özəklərinin fəaliyyətini yüksətmək lazımdır.

Təəssüflə demək lazımdır ki, məktəblərdə firqə və komsomol özəklərinin fəaliyyəti aksayır. Doğrudur, Pedaqoji texnikumda şovinizm ruhlu ünsürlər vardır. Doğrudur, orada bir çok sayir normal olmayan şeylər vardır. Lakin burda təksir firqə və komsomol özəklərindədir. Onlar lazımınca iş aparmağı bacarmırlar.

Məktəblərdə gənclərə məfkurəcə təsir edə bilmirlər. Bu surətlə komsomolun bugünkü vəzifəsi məzkur məktəblərdə fəaliyyətə artık dikkət vermək, onu qüvvətləndirməkdir. Bu vəzifə yalnız komsomola aid olmayarak firqə təşkilatlarına da aiddir.

Məfkurə cəbhəsində mübarizə komsomol və firqə özəklərinin ən çok diqqətlərini cəlb etməli, şovinizm əleyhinə amansız mübarizə- komsomol özəklərinin əsas vəzifələrindən birisi olmalıdır.

Ağa Hüseyn yoldaş məsləni böylə qoymalı idi, lakin böylə etməmişdir. Bitərəf müəllimlər barəsində böylə qoymaq lazımdır ki, şura hökuməti faydasına işləyən ünsürlərə hər vəchlə yardım göstərilsin, onların arasında siyasi və mədəni işlər aparılmasına kömək edilsin, onlar uzaklaşdırılmak dəyil yakına çəkilsinlər.

Eyni zamanda məktəblərdə az mikdarda olan ictimai cihətdən yabançı və muzur ünsürlərdən xilas olmak için yeni müəllimlər kadrosu hazırlamağa dikkət verilməlidir.

# 355 dəfə oxunub

Oxşar xəbərlər

Mahmudun ahı var - Tural Cəfərlinin hekayəsi

Mahmudun ahı var - Tural Cəfərlinin hekayəsi

16:39 15 yanvar 2025
Gülçöhrə və Əsgər - Kamal Abdullanın pyesi

Gülçöhrə və Əsgər - Kamal Abdullanın pyesi

15:00 15 yanvar 2025
Qayçı - Lətifə Talibin hekayəsi

Qayçı - Lətifə Talibin hekayəsi

16:00 14 yanvar 2025
Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

09:00 14 yanvar 2025
Arvadını xəyanət etməyə məcbur edən məşhur yazıçı - Onun ailəsi niyə siflisə yoluxmuşdu?

Arvadını xəyanət etməyə məcbur edən məşhur yazıçı - Onun ailəsi niyə siflisə yoluxmuşdu?

11:15 13 yanvar 2025
Ramiz Rövşənin şeirini Salam Sarvan deyərsə... - Rüstəm Kamal

Ramiz Rövşənin şeirini Salam Sarvan deyərsə... - Rüstəm Kamal

15:00 12 yanvar 2025
#
#
# # #