Bağ evi - Rüstəm İbrahimbəyovun hekayəsi

Bağ evi - Rüstəm İbrahimbəyovun hekayəsi
5 fevral 2025
# 21:00

Bu gün Xalq yazıçısı Rüstəm İbrahimbəyovun doğum günüdür.
Kulis.az bu münasibətlə onun “Bağ evi” hekayəsini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.

Səhər saat səkkizə yaxın Maştağaya getmək, orada bənna tapıb Bilgəhdəki bağa aparmaq lazım idi.

“Bunu niyə məhz mən eləməliyəm axı, – o, şalvarını əyninə çəkə-çəkə beynindən keçirirdi, – bir də ki, bu, ümumiyyətlə, nəyə lazımdı?!”

Otuz yaşı vardı; bazar ertəsinəcən iqtisadi-inzibati sistemlərdə dayanıqlılıq nəzəriyyəsilə bağlı bəzi metodların tətbiqi imkanları haqqında məqaləsini başa çatdırmalıydı; son illər ərzində özünün subaylıq mənzilinə bir mismar belə vurmamışdı, buna görə də usta dalınca Maştağaya getmək, sonra onu götürüb, anasının evinin damını örtmək üçün bağa aparmaq zərurəti onu öz ədalətsizliyi ilə əsəbiləşdirirdi.

Texniki təhsilli inzibati işçi və əlilliyinə görə təqaüdçü olan, təngnəfəslikdən əziyyət çəkən, ağırgövdəli anası özünün əkib-becərəcəyi “bir parça torpaq” almaq qərarına qəfildən gəlmişdi. Xidməti borcuna görə, işlədiyi hər bir idarədə təsərrüfat qayğılarını öz çiyinlərinə götürən işgüzar qadının heç vaxt başqa işlərə vaxtı olmamışdı.

Günlərin birində o, qərarını elə inadkarlıqla həyata keçirməyə başlamışdı ki, sanki ömrü boyu bu barədə düşünüb-daşınmışdı. Həqiqət naminə demək lazımdı ki, ilk vaxtlar oğullarını da cəlb eləyə bilmişdi.

Onda hələ 4-cü Paralel küçəsindəki köhnə mənzildə – pəncərələri qonşu evin çat-çat olmuş qırla örtülü damına baxan, eyvanının taxtaları cırıldayan, “Mülbax” pianosu və dəhlizindən dünyanın bütün divarı tutmuş siyasi xəritəsi asılan o köhnə və doğma mənzildə birgə yaşayırdılar. Onun iyirmi yeddi, kifayət qədər məşhur həkim-uroloq olan böyük qardaşının isə otuz yaşı vardı.

Anası evə həyəcanlı və qətiyyətli görkəmdə gəldi, taxta sandığın üstündə, dünyanın xəritəsi altında oturdu, nəfəsini belə dərmədən, söylədiklərinə şiddətli bronxial öskürəklə ara verə-verə bağ evi tikmək barədə niyyətini bildirdi.

Bağ evləri trestindən torpaq sahəsi almaq üçün çalışdığı bir neçə həftə ərzində “artırması və ətrafında üzümlüyü olan rahat, ağappaq ev” haqqında söz-söhbət ailələrində hər gün baş verirdi. Səhərlər, hər kəs öz işinin dalınca qaçmazdan əvvəl və axşamlar, nahardan sonra dəniz kənarındakı evlə bağlı mülahizələrini həvəslə bölüşürdülər. Anası evin tikintisi, qazdırmalı və mühərrik qoydurmalı olacaqları quyu, hin düzəltməyə ehtiyac duyacaqları cücələr haqqında bütün təfərrüatı ilə danışırdı. Onlar evin layihəsini işləyib hazırladılar və təsdiqlədilər, düşünürdülər ki, isti yay günlərində bağ evinə gedəcək, hərəsi bir çolpa yeyəcək, sonra tələm-tələsik əyinlərini soyunub dənizə cumacaqlar. Amma yay özünü yetirəndə qəfildən məlum oldu ki, bağ evinin tikintisi ailələri üçün qətiyyən mümkün deyil. Aydın oldu ki, öz imkanlarını həddən artıq şişirdirlərmiş, çox şeyləri bilmir və bacarmırdılar, üstəlik, analarından başqa heç biri bağda işləmək üçün kifayət qədər vaxt tapmırdı, hər kəsin başı öz işinə qarışmışdı. Birinci böyük qardaşı “oyundan çıxdı”. Bu, sahəyə daş və sementin böyük bir hissəsi gətiriləndə baş verdi.

Daşla dolu növbəti maşın bağ sahəsinin üç yüz addımlığında quma batıb qaldı. Bir neçə saat qızmar günəş altında əlləşəndən sonra onu çıxara bildilər; sonra qaranlıq qarışanacan çatdırmaq məqsədilə daşı tikiləcək evin yanına daşıdılar. Hərəsi iki daş götürür – bundan artıq mümkün deyildi – qan-tər içində, qızmar quma bata-bata aparırdı. Təngnəfəslikdən, həm də ürək xəstəliyindən əziyyət çəkən anası da işsiz dayanmırdı. Onun gücü bircə daşa çatır, asta-asta yeriyir, tez-tez dayanırdı, amma dünyada heç bir qüvvə o daşı əlindən buraxmağa məcbur eləyə bilməzdi. O, arabir qumun üstünə çökür, başını geri atıb ağır-ağır və xırıltı ilə nəfəs alırdı. Elə həmin gün böyük qardaşı bildirdi ki, yaxın bir neçə həftə ərzində öz dissertasiya işlərilə əlaqədar həddən artıq məşğul olacaq və bağa gələ bilməyəcək.

Gecə anası ağladı – Mənsur və atası onun bir neçə addımlığında uzanmışdılar, adyalın altından gələn boğuq hıçqırtını eşidirdilər, – amma səhər dinib-danışmadı, sakitcə iki daş götürüb evin yanına apardı...

Səhəri gün isə anası yerli sakinlərdən qoca bir bənna tutub tikintiyə başladı. Qocanın on iki yaşlı oğlu sısqa, yaşlı eşşəklə daş və su daşıyır, qadın məhlul yoğurur, bənna hörgü hörür, atası – peşəcə filosof idi – onlara yemək hazırlayırdı. O, başqa bir işə qarışmırdı, buna nə düşüncə tərzi, nə də səhhəti imkan verirdi.

Gah pul, gah da material çatışmazlığı, başlıcası isə yolların əzab əziyyətli, yararsız olması üzündən bağ evinin tikintisi ləng gedirdi. İki yay ərzində anası yalnız sahənin ətrafına hasar çəkdirə, gün ərzində bir neçə vedrə su yığılan quyu qazdıra, divarları hördürə bildi...

İndi də təxminən saat səkkizdə Maştağaya getməli, ustanı götürüb evin damını örtməyə aparmalı idi...

O (rəhmətlik babasının şərəfinə adını Mənsur qoymuşdular), şalvarını əyninə çəkdi, yazı masasına yaxınlaşdı, bazar ertəsinəcən mütləq bitirməli olduğu məqaləsinin dünən yazdığı axırıncı cümləsini oxudu.

Cümlə o qədər də xoşuna gəlmədi. “Nəyə görə məhz mən eləməliyəm axı?” – o, yenə beynindən keçirib qüssəylə saata baxdı. Yeddiyə az qalırdı.

Üzünü qırxmağa on dəqiqə vaxtı vardı.

Vanna otağından kiçik əl güzgüsünü gətirib pəncərənin qabağında oturdu, elektrik üzqırxanını şəbəkəyə qoşmazdan əvvəl artıq, kim bilir, neçənci dəfə divar güzgüsü almaq barədə özünə söz verdi.

Üzünü qırxıb böyük qardaşına zəng vurdu – əlbəttə ki, o, hələ də yatırdı – saat on ikiyəcən gözləməyi xahiş elədi.

– Ustanı ora aparıb tez də geri qayıdacağam. Bütün bunlar məni də cana doydurub... – Mənsur qardaşına bağdakı işlərin vəziyyəti barədə danışdı və razılaşdı ki, xəstə olan anası orada tək yaşaya bilməz, atasına isə ümid eləməyə dəyməz, yolu şəhərə düşsə, kişini bağa, ən azı, bir həftədən sonra qaytara bilərsən.

– Tamam əbəs güc və vaxt sərfidi, – qardaşı sözünün axırında dilləndi. – O ev üzündən əməlli-başlı əziyyət çəkəcək, nəticədə də orada yaşaya bilməyəcək...

Mənsur dəstəyi qoyub fikirləşdi ki, qardaşı xoşbəxt adamdı, əlindən hər şey gəlir. Hətta bağdan qaçandan sonra belə, anası lap tezliklə onunla yaxşı münasibətini bərpa elədi, indi bağda çox nadir hallarda, axşamüstü, beş dəqiqəliyə, mənasız hədiyyələrlə peyda olur, qadını öpür, həddən artıq məşğul olduğunu söyləyir, sonra şəhərə qayıdır. Hə, özünə hörmət qazanmağı bacarır...

Maştağaya rastına çıxan yol avtobusu ilə getdi. Ustanı da çətinlik çəkmədən tapdı.

Günəş yanını yandırır, düz qulağına vururdu. Usta gülməli tərzdə atıla-atıla, arabir tozdan dümağ ağarmış ayaqqabılarının tozunu çırpa-çırpa böyrüncə səkirdi. Mənsur dayanır, usta yenidən yoluna davam eləyənəcən gözləyirdi. Onun gödək, enli barmaqlarının çoxdan kəsilməmiş dırnaqları qalın, az qala, dördkünc və Mənsurun eynəyinin buynuzdan düzəldilmiş tünd çərçivəsi rəngindəydi.

Mənsur öz işləri barədə düşünürdü. Saat ikiyəcən mütləq şəhərə qayıtmalıydı. Qardaşı dostları ilə birgə artıq çoxdan son işlərindən birini ona bağışlamağa söz vermiş Səttarzadəyə qonaq getmək istəyirdi. Həkim uroloq rəngkarlıqla maraqlanmırdı, buna görə də onların yanında olmalı, orda, yerində Səttarzadəyə öz vədini xatırlatmalıydı. Çünki ikinci belə bir fürsət əlinə düşməyəcəkdi.

Onlar çatanda anası üzümlüyü belləyirdi.

– Hə, gəldiniz, – o, nəzakət xətrinə, ustanı tənqidi nəzərlə gözdən keçirə-keçirə dilləndi, görünür, yenə kefi yox idi.

Atası taxtadan düzəldilmiş talvarın altında uzanıb kitab oxuyurdu. Onun əlinin altında başqası olmayanda eyni kitabı dəfələrlə oxumaq qabiliyyəti vardı. Bütün məsələlərdə arvadına sözsüz-sovsuz tabe olan və artıq, heç olmasa, ən əhəmiyyətsiz məsələdə belə öz fikrinin olduğu vaxtları unutmuş bu orta boylu, arıq adam bir cəhətdən qətiyyətli idi – onu burada işləməyə məcbur eləmək mümkün deyildi. Gördüyü yeganə iş yemək bişirmək və qabları yumaq idi.

Mənsur yorğun halda köks ötürüb talvarın altındakı iki dəmir çarpayıdan birinin üstünə çökdü; orada, talvarın kölgəliyində qəfildən bu istidə Maştağadan Bilgəhə gəlməyin onu haldan saldığını hiss elədi.

Usta və anası artıq evin damına qalxırdılar.

– Əvvəlcə bu taxtaları qoyarsan, – anası narazı halda izah eləyirdi, onun ustalarla danışıq tərzi həmişə beləydi, – sonra üstündən tol çəkərsən, mismarla bərkidərsən, axırda üstünü sementləyərsən. Başa düşdün?

– Niyə başa düşmürəm, bacı? Burda çətin bir şey yoxdu, bundan da çətin damlar düzəltmişəm.

– Əvvəllər necə damlar düzəltdiyini bilmirəm, amma bunu yaxşı düzəltmək lazımdı.

– Əvvəlcə xırda daşla dolduraram, sonra üstünü sementləyərəm.

– Düzdü, – anası razılaşdı, – amma daş əvəzinə qum doldurmaq fikrinə düşmə. Özüm hər şeyi yoxlayacağam.

– Niyə qumla doldurum axı? – Usta təəccübləndi.

– Sizi tanıyıram, – anası damdan enməyə başladı.

Heç bir usta anasının xasiyyətinə bir gündən artıq dözmürdü. Mənsur üç həftə əvvəl, axşama yaxın gəlib Maştağadan özü gətirdiyi yekəpər Göyçayevin evin arxasında əllərini göyə qaldırıb yalvardığını görmüşdü:

“Ay Allah, məni bu arvadın əlindən qurtar!”

– Hə, yaxşı, – Mənsur dilləndi. – Mən daha gedim.

– Hara gedirsən? – Atası təəccübləndi; talvarın yarığından onun daz kəlləsinə nazik gün şüası düşür, sanki yaxşı cilalanmış sümüyün üstündə əks eləyirdi.

İkisi də evə sarı baxdı. Ana taxtanı ləzgi ustaya uzadır, o da damdan əyilib yuxarı çəkir, yanına yığırdı.

“Əsl aradan çıxmaq vaxtıdı”, – Mənsurun beynindən keçdi.

– Hüseynbala gəlir, – atası dilləndi; o, uzağı pis görsə də, çox şeyi hamıdan tez seçirdi. – Qalmaqal olacaq.

– Niyə?

– Çəkic itib.

Hüseynbala buralardakı bütün bağların gözətçisiydi.

– Salam-əleyküm! – O, məftil çəpərə yaxınlaşıb qışqırdı.

Anası dillənmədi. Atası da guya eşitmədi.

– Əleyküm-salam! – Mənsur da salamı ucadan aldı.

Hüseynbala çəpərin yanında ayaq saxladı, dəvət gözləmədən üstündən həyətə keçdi. Evə çatanda bir də salam verdi. Anası yenə də taxtaları ustaya uzadırdı, dönüb heç üzünə də baxmadı.

– Otur, – Mənsur ayaqlarını çəkdi ki, Hüseynbala çarpayının küncündə otura bilsin.

Atası az sonra qalmaqal başlayacağını dərk eləyə-eləyə gözlərini kitabdan çəkmirdi.

– Qəribə yuxu gördüm, – heç nədən şübhələnməyən Hüseynbala dilləndi, – evdə təkcə yatmışam, qəfildən kimsə məni yuxudan oyadır. Oyanıb görürəm ki, Əzrayıldı. Çiynimdən tutub silkələyir. “Qalx, deyir, bəsdi köpdün, Hüseynbala, mənimlə gedəcəyik, bu dünyada çox qaldın”. Ürəyim ayağımın altına düşdü. Hə, fikirləşirəm, vəssalam – axırın çatdı, Hüseynbala. Əl-ayağım quruyub, meyittək uzanmışam. Bilmirəm, haradan güc aldım, qəfildən düz Əzrayılın üzünə qışqırıram: “Yaşasın Sovet Ordusu!” Bunu eşidəndə dik atılıb qapıdan güllə kimi çıxdı, çox tələsdiyindən başı qapının üst tirinə dəyib “dap!!!” elədi. Elə bu vaxt da ayıldım...

– Elədiklərindən sonra da arın-arxayın gəlib heç nə olmamış kimi, səfeh-səfeh şeylər danışır... – Ana ataya dedi.

– Ana! – Mənsur tənəylə dilləndi. – Bəsdi.

Amma anası artıq qəti hücuma keçmişdi, Hüseynbalanı çəkici və taxtaları oğurlamaqda günahlandırırdı.

– Dur görüm! – Ana qəfildən qışqırdı. – Çəkici və taxtaları geri gətirməmiş buralara ayaq basma!

– Məni nahaq yerə incidirsən, Dilarə xanım, – Hüseynbala dilləndi, – sənin çəkicini mən götürməmişəm, kimin götürdüyünü bilirəmsə, balalarım bir tikə çörəyə həsrət qalsın.

Bu, həqiqətə oxşayırdı. Hətta anası da öz ittihamının ədalətli olub olmadığı ilə bağlı tərəddüd elədi, amma artıq iş-işdən keçmişdi, Hüseynbala əhvalı pozulmuş halda həyətdən çıxdığı müddətdə də ana sanki özünə haqq qazandıra-qazandıra gözətçinin əliəyriliyini sübuta yetirən çox şübhəli dəlillər gətirdi.

Hüseynbala əhvalatı Mənsurun çıxıb getmək niyyətini tam qətiləşdirdi. Anası lap dözülməz olmuşdu. Bir il idi ki, gözətçiylə ülfət bağlamış, çay içmiş, öz dərd-sərini bölüşmüş, uşaqlarını işə düzəltmiş, indi isə bir vecsiz çəkicə görə hər şeyin üstündən xətt çəkmişdi.

– Ana, sən özünü əldən salacaqsan! – Mənsur qəfildən anasına doğru qaça-qaça qışqırdı.

O, az qala, anasını itələdi, həmləsindən də beli sancdı, ağır taxtanı alıb ustaya uzatdı.

– Özüm öhdəsindən əməlli-başlı gələrdim, – anası inadla dillənib başqa bir taxta götürdü.

– Nədi, məni qəsdən hirsləndirmək istəyirsən? – Mənsur soruşdu.

– Niyə? – Anası təəccübləndi. – Sənə neyləyirəm axı?

Onun dərinliyindən gördüyü bütün işlərin düzgünlüyünə və cəzasızlığına heç bir əsası olmayan, az qala, patoloji inam fışqıran qəhvəyi giləli gözlərindən inadkarlıq duyulurdu.

Mənsur söyüb-söylənməkdən özünü güclə saxladı – bu məqamda anasını görməyə gözü yox idi.

Xasiyyətcə astagəl olan Hüseynbala nahaq yerə tənəyə məruz qaldığına görə, əməlli-başlı ağırlaşmış, uzaqlaşmağa macal tapmamışdı. Arxasınca gələn Mənsuru görüb yoldan bir neçə addım uzaqlaşdı.

– Özüm ölüm, çəkici mən götürməmişəm, – o, and içib əllərini qorxa-qorxa irəli uzatdı. Mənsur onu bacardığı qədər sakitləşdirib anasının hərəkətinə görə üzr istədi.

O, dərhal, ləngimədən şəhərə çıxıb getmək, bir daha da buralara üz çevirməmək barədə qəti qərara gəldi. Beynində dəlil-sübutlarını bir daha saf-çürük elədi: bağ evinin tikintisi anasının ağlını başından tamam çıxarmışdı, onun bu fanatizmini, gücü çatmayan işlə belə qızğın məşğul olmasını başqa cür izah eləmək mümkün deyildi. Axı anası heç kəsin – nə ərinin, nə də oğullarının – burada, onunla birgə yaşamayacağını yaxşı bilir, xəstə olduğuna görə, bağda tək qalması isə təhlükəlidi, həkimlər də, ətrafındakı adamlar da bu barədə hey özünə deyirlər. Bununla belə, anası tikintidən əl çəkmir. Özünü əldən salır, boğazınacan borca girib, amma axırda həyatına son qoyacaq bu lənətəgəlmiş evi inadla, hətta nümayişkaranə tərzdə tikir.

Buna görə də qətiyyətli olmalı, qardaşı kimi hərəkət eləməli, anasının ölümünə səbəb olacaq bu məsələdə iştirak etməməliydi. Heç olmasa, iştirak etməməliydi!...

Atası hələ də kitab oxuyurdu. Anası qumun üstündə oturub iri, boz rəngli daşı çəkiclə sındırmağa çalışırdı. Tərə qarışmış toz qadının sifətində tünd-boz, yayğın məhlula çevrilmişdi.

Mənsur evə girdi. Usta artıq damın taxtasını döşəmişdi. Hətta dəlmə-deşik olmayan bəzi yerlərin tolunu da çəkmişdi. Mənsur küncdə, qaz pilətəsinin yanında üst-üstə qalanmış şeylərin arasından köhnə şalvarını tapıb qəzetə bükdü. Atası başını qapıdan uzadıb soruşdu:

– Neyləyirsən?

– Çıxıb gedirəm.

– Ona kömək eləməyəcəksən?

– Yox.

Atası kədərlə gülümsündü. Mənsur şalvar bağlamasını iplə bağladı.

– Yemək istəmirsən?

– Yox. Bilmirsən çəkələklərim haradadı?

– Artırmadadı.

Atası çəkələkləri gətirməyə getdi. Mənsur pəncərəyə yaxınlaşıb bayıra baxdı: anası hələ də çəkiclə daşı döyəcləyirdi.

– Nədi, gedir? – O, ərindən soruşdu.

– Şəhərdə təcili işləri var. – Kişi izah elədi.

Anası dinmədən daşa daha güclü zərbə endirdi. Sonra bir daha güclü zərbə vurdu. Daş yarıyacan quma batdı. Altına başqa bir daş qoymaq ağlına gəlmirdi. Bəlkə də daşın sınıb-sınmayacağı ilə heç maraqlanmırdı. Ola bilsin, sadəcə daşa zərbə endirmək xoşuna gəlirdi. Xoşuna gəlməsə də, buna ehtiyac duyurdu. Ana hər bir neçə zərbədən sonra da ağzını gen açır, daha çox hava udmaq üçün iri, qara köynəyin yırtıqlarından çıxan gövdəsini geri əyir, ağır-ağır nəfəs alırdı. Mənsur üç il əvvəl onun yanı üstə uzanıb ağır daşı qumun üzərilə necə sürüdüyünü görmüş, əməlli başlı qorxmuşdu: “Sənə nə olub, ana? Niyə yerdə uzanmısan?” – “Belə rahatdı, – o yazıq-yazıq gülümsəyib izah elədi, – onda ayaqlarım ağrımır”.

Anası ömründə ilk dəfə onun qarşısında öz zəifliyini boynuna aldı. O məqamda Mənsur, az qala, ağlayacaqdı. Amma indi ona o qədər də yazığı gəlmirdi. Amma yenə də anasının öz gücsüzlüyünü və övladlarına qarşı incikliyini gizlətmək üçün daşı döyəcləməsinə kədərlə göz qoyurdu.

– Ana, – Mənsur pəncərədən dilləndi, – düz eləmirsən. Altına daş qoymaq lazımdı.

– Qoymuşdum, – anası, görünür, cavab verib-verməməklə bağlı tərəddüd keçirib bir qədər sonra dilləndi, – sürüşür.

Mənsur evdən çıxıb anasına yaxınlaşdı. Qadın əl saxladı, çəkici yerə qoymadan gözünü oğluna zilləyib susdu, onun nə deyəcəyini gözlədi.

“Sən istədiyin kimi hərəkət eləyə bilərsən, – ananın bütün görkəmindən bunu başa düşmək olardı. – Mən övladlarımdan hər şey gözləyirəm”.

Mənsur yenə beynindən keçirdi ki, getmək istəyirsə, bunu elə indi, dərhal söyləməlidi, sonra gec olacaq.

– Yuxarıda neyləyir? – Mənsur anasının üzünə baxmadan dilləndi.

– Heç bilmirəm, – ana yenə bir qədər susub cavab verdi, – indi çıxıb baxaram.

– Mən aşağıdan baxmışam. Taxtaları pis düzməyib.

– Əsas odu ki, xırda daş əvəzinə qumla doldurmasın.

– Nə danışırsan? O, elə adama oxşamır...

Sonra Mənsur daşları xırdaladı, məlum oldu ki, ən azı, əlli vedrə daş lazımdı, ardınca məhlul hazırlamaq üçün qum daşıdı, axşama yaxın isə dama məhlul qaldırdı. Vedrəyə bir neçə kürək palçıq doldurur, divara söykədilən taxta nərdivanla yuxarı dartıb ustaya verir, usta da məhlulu xırda daşların üstünə töküb yayırdı. Mənsur əl saxlayan kimi, anası iş dayanmasın deyə, ya vedrəni, ya da kürəyi götürürdü.

Gün artıq günorta yerinə çatmışdı, şaquli vəziyyətdə düşən amansız şüaları hər şeyi yandırıb-yaxırdı. Usta o şüalardan qorunmaq üçün köynəyini başına dolamışdı.

– Abşeron istisi çox təhlükəlidi, – o, kürəklə məhlulu yaya-yaya Mənsura deyirdi. – Adamı dəli eləyə bilər. Mənə bir sürücü danışıb. O, yerlidi, Goradildəndi. Özüboşaldan maşınla karxanadan qum daşıyırmış. İstidə hər gün iyirmi-otuz reys eləyirmiş. Bəzən yolüstü evə baş çəkirmiş. Onda anasıyla yaşayırmış, subaymış... Bir dəfə evə gələndə görür ki, anası yoxdu, qapı da qıfıllıdı. Maşını küçədə saxlayıb, özü də hasarın kölgəsində oturub. Bürkü, isti yandırıb-yaxır, ətrafda sakitlik, dümağ qumdu, heç kəs gözə dəymir. Yalnız übəüzdəki qonşunun qapıya bağlanmış eşşəyi gözlərini ona zilləyib. Kişi xeyli oturub, sonra birdən yerindən qalxıb, eşşəyi maşının banına qaldırıb və sürüb gedib. Lap başını itiribmiş, neylədiyini bilmir, özü öz əməlinə təəccüblənirmiş. Qonşu maşının dalınca qaçır, o da sürəti artırırmış... Eşşəyi düz Maştağa bazarına gətirir. Köhnə pulla səkkiz yüz manata satır. İndiyəcən də nəyə görə elə elədiyini özü də başa düşə bilmir... Onu gün vurubmuş...

Axşama yaxın, Günəş, demək olar, yarıdan çox dənizin arxasına enəndə vedrələrdən birinin qulpu qopdu. Usta qulpu bərkidənəcən damda işləyən Mənsur bir qədər dincəlməyə imkan tapdı. O, damın qırağında, üz tərəfindən tolun əyri-üyrü kənarları görünən, yeni hörülmüş daş köbənin üstünə uzandı. Yorğunluqdan od tutub yanan sifətini artıq soyumuş daşın kələ-kötür səthinə sıxmışdı. Daha doğrusu, taqətdən düşmüş boynu başını saxlaya bilmirdi, sifəti sanki öz ağırlığı altında daşa sıxılmışdı.

Usta vedrə ilə əlləşirdi. Anası yanında, qumun üstündə oturub onun işinə göz qoyurdu. Bu məqamda o, yuxarıdan lap rəhmətlik nənəsinə oxşayırdı. Usta qulpun öhdəsindən gələ bilmirdi, onu bərkitməyi çox uzun sürdü. Yorğunluğun doğurduğu keylik tədricən ötüb-keçirdi; Mənsur anasına göz qoya-qoya qəfildən uzun illər əvvəl nənəsilə Pirşağıda, elə bu cür, damı olmayan bir evdə yaşadıqlarını xatırladı. Müharibə gedirdi. Anası gecələr şəhərdən piyada gəlir, onlara yemək gətirirdi. Bəzən də gəlib çıxa bilmirdi. Belə vaxtlarda nənəsi çörək bıçağına yapışmış qırıntıları yığır, iki qardaş arasında bölürdü...

Nənəsi bu yaxınlarda rəhmətə getmişdi, amma nədənsə onu müharibə illərində, Pirşağıda keçirdiyi yay günlərində olduğu kimi xatırlamışdı. Anası indi nənəsinə çox oxşayırdı. O illərdə isə gözəl idi. Bəlkə də onda ona elə gəlirdi.

Anası onlara kitab oxumağı sevirdi. İndi Mənsur artıq onun o qədər də savadlı olmadığını bilirdi. Amma onda bunu dərk eləmirdilər. Anasının bir neçə sevimli kitabı – “Balaca səfil”, “Rob-Roy”, “Oliver Tvist” və “Böyük evin kiçik sahibəsi”... – vardı. Onlar şəhərdəki binaların birinin ikinci mərtəbəsindəki mənzillərinin uzun, üstü açıq, pilləkəni aşağı enən eyvanında otururdular. Anası onun daş pillədə əyləşməsinə icazə vermirdi, buna görə də eyvanın pilləkənə bitişik kiçik taxta meydançasında büzüşüb oturur, saatlarla zavallı Oliver Tvistin tarixçəsini dinləyirdi...

Görünür, qısa müddətə mürgüləmişdi, gözlərini açanda anasının yanında olduğunu gördü. O da damın qırağında oturmuşdu.

– Nə olub? – Anası soruşdu. – Bir yerin ağrımır ki?

– Yox, – dedi, – elə-belə yuxulamışdım.

Anası azca susdu, sonra bir qədər inamsızlıqla, onun üzünə baxmadan dilləndi:

– Başın ağrımır ki?

– Bir az ağrıyır.

Anası utanırdı, yəqin, buna görə də dərhal deyil, bir qədər tərəddüddən sonra, sanki qərara gəlib qəfildən onun başını daşın üstündən götürdü və dizlərinin üstünə qoydu.

– İstəyirsən gicgahlarını ovuşdurum? – Anası yenə bayaqkı kimi bir qədər susub, üzünə baxmadan soruşdu.

– Ovuşdur, – Mənsur gözlərini yumdu.

Anası ehtiyatla gicgahlarını və alnını ovuşdurmağa başladı. Onun barmaqlarının ucunun dərisi kobudlaşmışdı. Anasının nəfəsi xırıldayır, Mənsurun qulağının dibinə söykədiyi iri, sallaq qarnı xırıltıya uyğun qalxıb-enirdi. Fikirləşdi ki, son illərdə, nəsə qəfildən və hiss olunmadan qocalıb.

– Ana, mənə “Oliver Tvist”i oxuduğun yadındadı? – Mənsur gözlərini açmadan soruşdu.

– Yadımdadı.

Ana hələ də Mənsurun gicgahlarını və alnını ovuşdurur, o isə gözləri yumulu halda uzanıb düşünürdü. Əlbəttə, bəziləri kimi möhkəm xarakterə malik olmaq yaxşı şeydi, – o, beynindən keçirirdi, – amma xeyirxah olmaq da o qədər pis deyil, necə deyərlər, hər kəsin öz bildiyi yaxşıdı, insanın bütün əməllərinin məntiqli və öz nöqteyi-nəzərindən düzgün məqsədli olması heç də vacib sayılmır; axı bəzən səndən ötrü mənasını çoxdan itirmiş bir işdən əl çəkmirsən, çünki sevdiyin adamlar həmin işə inanır və sənin dərk elədiyin həqiqəti başa düşmürlər; sənin fikrincə, onlar səhv eləyirlər, cidd-cəhdləri də faydasızdı, amma o adamları sevirsənsə, tək qoya bilməzsən axı? Bir də ki, onları necə sevməyə bilərsən?

Öz bağ evinin damında başını doğma anasının dizləri üstünə qoyub uzandığı, qəddar Abşeron günəşisə artıq uzaqlarda, dənizin arxasında batdığı məqamda adamın ağlına çox gözəl fikirlər gəlir!..

# 264 dəfə oxunub

Oxşar xəbərlər

Bulağın nağılı - İmarət Cəlilqızının hekayəsi

Bulağın nağılı - İmarət Cəlilqızının hekayəsi

12:17 5 fevral 2025
Təkcə Əkrəm Əylislinin ürəyi yoxdu ki... - Ulucay Akif

Təkcə Əkrəm Əylislinin ürəyi yoxdu ki... - Ulucay Akif

14:00 1 fevral 2025
Adamı nəğməsindən tanımaq olmur - Filip Rotun hekayəsi

Adamı nəğməsindən tanımaq olmur - Filip Rotun hekayəsi

12:09 30 yanvar 2025
Səbinənin Arzusu - Günün hekayəsi

Səbinənin Arzusu - Günün hekayəsi

17:03 29 yanvar 2025
Divardakı yazı - Mahir Rəsuloğlunun hekayəsi

Divardakı yazı - Mahir Rəsuloğlunun hekayəsi

13:26 28 yanvar 2025
Qarğalar danışanda adamlar susar - Kəmalə Mirzəyevanın hekayəsi

Qarğalar danışanda adamlar susar - Kəmalə Mirzəyevanın hekayəsi

15:00 26 yanvar 2025
# # #