Aya aparan yol - Gülşən Adışova

Gülşən Adışova

Gülşən Adışova

9 dekabr 2021
# 19:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Gülşən Adışovanın “Aya aparan yol” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Zülmət gecə kəndin yoxsul küçələrini ağuşuna almışdı. Təkcə pəncərələrdən süzülən işıq qaranlığı pozurdu. Cığırın digər ucundakı hasarlara yoldaş olan lampalardan başqa heç nə sonunun hansı məsafədə olduğunu bilməyə imkan vermirdi. Divarlardan tutaraq müvazinətini saxlamağa çalışan bu adam işıqları izləyərək evinə sarı gedirdi. Yox, yox, siz elə bilməyin ki, o həmin evlərdən birinə yollanırdı. Ətrafında işıqlara bürünən dəbdəbəli evlər olmasa, yoxsul komalar qaranlıqda görünməz olur... Yorğunluq və sərxoşluq komasına yollanan bədbəxt kəndliyə ayaqlarını yerdən ayırmağa imkan vermək istəmirdi. Hər dəfə addım atanda gecənin bir vaxtında istiliyini saxlamış daşlar və qumun rezin çəkələklə ayağının arasına dolması işi daha da çətinləşdirirdi.

Kənd itlərinin hürməsi ətrafa hakim kəsilən səssizliyi pozurdu. Əvvəlcə biri hürməyə başladı, sonra növbəti birinciyə səs verdi. Bununla da xora başlayan itlər kəndə yad heyvan girdiyini xəbər verirdilər. Bu adam üçün isə onların nəyə hürdüyü maraqlı deyildi. Əsas o idi ki, küçələrdəki tənhalıq azalırdı. Kənddə tək oyaq o deyildi. İtlər və susmaq bilməyən qurbağalar da özlərinə məxsus səbəblərdən yatmamışdılar. Ev keşikçiləri müəyyən vəzifəni yerinə yetirirdilər. Bəs qurbağalar?! Onların da öz səbəbləri, bəlkə də, problemləri var idi .Lakin mövcudiyyətindən və əlamətlərindən bixəbər olduğumuz bu problemlər onunku ilə müqayisə edilə bilərdimi? O da sərxoşluğun verdiyi filosofluq, yoxsulluğun verdiyi qısqanclıqla bunu düşünürdü: “Görəsən, hansısa qurbağa qızının həftələrdir istədiyi gəlinciyi almadığı üçün evə o yatandan sonra getmişdimi? Ya da oğlunun istədiyi velosipedi ala bilmədiyi üçün onu hər gün aldatmalı olmuşdumu?”

Qurbağalar bir ağızdan quruldayır, acıq veririmiş kimi bir yandan o biri yana hoppanırdılar. Bəs o niyə bu qədər rahat deyildi? Həyatda bəziləri tikanlı yollarla addımlayarkən, nəyə görə bütün xoşbəxtliklər və naz-nemətlər digərlərinə hazır gəlib çatır. Bəlkə də, müqayisənin dünyadan bixəbər suda-quruda yaşayanlar ilə aparılması bir qədər gülməli idi. Amma onun qarşısında olduqca rahat və şən qurbağalar, düşüncəsində isə hər kəsə və hər şeyə qarşı nifrət var idi. Madam ki o özü bu rahatlığı tapa bilmirdi, nəyə görə çarəsizcəsinə digərlərinin rahatlığına tamaşa etməli idi?! Döyüş elan edən sərxoş müvazinətini güclə saxlayaraq aşağı əyildi, yıxılmamaq üçün bir əlini yerə dayaq edib digəri ilə bir ovuc daş götürdü. Dırnaqlarının arası qumla dolmasını eyninə almadı. Çətinliklə qalxaraq daşlardan birini digər əlinə aldı və var gücü ilə gölməçəyə tolazladı. Bir neçə qurbağa səsdən və suyun sıçramasından hürküb hoppanaraq yerlərini dəyişdilər. Digərləri yerlərindən tərpənmədilər və qaranlıqda görünməz oldular. O nişan alıb bir neçə dəfə də bəxtini sınasa da, məqsədinə çata bilmədi və daha da hiddətləndi. Əlindəkilərin hamısını gölməçəyə sovurdu. Amma inadkar heyvanlar yenə də hoppanıb yerlərini dəyişdikdən sonra dayandılar.

Təhlükənin keçdiyini düşünüb quruldamağa davam etdilər. Bu onun səbir kasasını daşıran son damla oldu. “Alçaq” qurbağaların rahatlığını pozmaq üçün daha iri bir şeyə ehtiyacı var idi. Özü kimi... O düşünmədən özünü kiçik su hövzəsinin ortasına atdı. Gölməçənin dibi lil olduğundan ayağı sürüşdü və....gözlənilən nəticə.

Məğlub döyüşçü gecənin bir vaxtı yalnız özünün bildiyi səbəbə görə gölməçənin ortasında oturmuşdu. Bura da həyatı kimi çirkli, narahat və qaranlıq idi... Su hələ də dalğalanarkən gölməçədə özünə baxırdı. Onun əksi də Ayla birlikdə dalğalanmaqda idi. O həmişəki kimi öz qaranlıq çuxurunda, Ay isə xəyallarında belə çata bilməyəcəyi qədər yüksəkdə idi. Amma ikisinin də əksi yan-yana idi. Aralarında heç bir məsafə yox imiş kimi. Doğrudanmı, hər şey belə sadədir?! Ən yüksəkdəki dünyanın başına fırlansa da, ən aşağıdakı ilə gəlib eyni yerdə görüşür?! Bəs bu qədər fərq? Onlar nə olacaq?

Əlini uzatsa, əli çatmayacaqdı, bəlkə də. Lakin ayağa qalxmaqla məsafəni az da olsa, qısalda bilərdi. Sonrasını isə başqa vaxt düşünər. İndi vacib olan ayağa qalxaraq yola başlaması idi... Əvvəlcə əllərindən birini yerə dayaq edib qalxmaq istədi. Gölməçənin dibi lil olduğuna görə sürüşdü və azca sudan yuxarı qalxan bədəni yenidən palçığın içində yaratdığı çuxuruna düşdü. Bu cəhd etinasızlıqla edilmişdi. Sədəcə bir şeyə çatmaq istəmək kifayət deyildi, bunun üçün güc sərf etmək də lazım gəlirdi. İkinci dəfə qalxmaq üçün tutacaq yer axtardı. Suyun kənarındakı söyüdün budaqlarından biri sol tərəfi boyunca uzanmışdı. O ağacdan yapışdı və qalxmağa çalışdı və yenidən öz çuxuruna düşdü. Bu dəfə də ayaqlarına təkan verməmişdi. Sadəcə kənar bir əlin yardımı ilə qalxmağa çalışmış və yerləyeksanolmuşdu. Bədəninin sağ tərəfi saçına qədər islanmışdı. Amma atalar üçdən deyib axı. O bir də budağa əl atdı, ayaqlarını yerə sıxaraq özünü yuxarı çəkdi. Hər şey düzgün olsa da, yenə nəsə səhv getmişdi. Çarəsizlikdən gözləri yaşla dolmuş, sadə bir şeyi edə bilməmək qüruruna toxunmuşdu… Uğursuz döyüşçü sağ qolunun quru olan hissəsi ilə gözlərinin yaşını siləndə gölməçənin kənarında ona baxan iri parlaq gözləri gördü. Onlar hələ də orda idilər. Qorxub qaçmamışdılar. Dağ boyda kişi isə üç dəfə yıxılmışdı deyə uşaq kimi hönkürəcəkdi. Yox, bu qədər aciz ola bilməzdi. Kiçik bir gölməçənin içindən çıxa bilməyən adam Aya çatmaq xəyalları qururdu. Bu fikir dodaqlarında kiçik bir təbəssüm yaratdı. Beynindəki bütün bədbin fikirləri kənara qoyub dərindən nəfəs aldı və budaqdan yapışdı. Sol ayağı ilə yerə möhkəm təkan verdi. Əvvəlcə ayağı lilin içində sürüşdü, sonda çöküntünün möhkəm yerinə çatdı. Əgər birinci cəhddə etdiyi kimi ayağı sürüşərkən özünü itirsə idi, heç vaxt onu ayaqda saxlayan möhkəm zəminə çata bilməzdi. Qalib döyüşçü ayağa qalxdı. Atalar yanılmışdılar... Başını qaldırıb Aya baxdı. Gölməçədəkindən tam fərqli, qalibiyyət baxışları ilə. Bu onun Aya qarşı ilk zəfəri idi. İlk və ən əsas. Qarşıdakı zəfərlərinin başlanğıcı. İrəlidə belə kiçik gölməçələr yox, dəryalar var idi. Amma qurbağalardan öyrəndiyi inad onda olduğu müddətdə göl, yoxsa okean heç fərqi yox idi. Məsafənin çox olması onun yolçu olduğu həqiqətini dəyişmirdi. Bunun öhdəsindən gəlmişdisə, digərləri Aya aparan yolda kiçik maneələr idi.

# 1988 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
# # #