Ağ yağış - Günün hekayəsi

Ağ yağış - Günün hekayəsi
10 iyun 2024
# 17:48

Bu gün görkəmli qırğız yazıçı Çingiz Aytmatovun anım günüdür.

Kulis.az "Günün hekayəsi" layihəsindən onun "Ağ yağış" hekayəsini təqdim edir.

Yüksəkliklərdə soyuyan külək boğazın qapqara dərinliklərindən sürətlə keçərək, dağın ətəklərinə enirdi. Orada - lap aşağıda, kənd yuxuya getmək üzrəydi.

Pəncərələrdə işıqlar bir-bir sönür və ay naməlum gümüşü şüalarını partlamaqda olan tumurcuqlara vururdu. Tumurcuqların üzərini bahar şehi örtmüşdü. Ətraf sakit idi. Təkcə küləyin tərpətdiyi qamışların və yuxulu köpəyin xorultusu eşidilirdi. Uzaqdan tarlada işləyən traktorların mühərrik səsi və çayın yüngül şırıltısı eşidilirdi....

Qaranlıqda iki insan kölgəsi kəndin kənarına doğru sürətli addımlarla yaxınlaşdı. Sonra yavaşıyıb hər ikisi dayandı.

- Daha özüm gedərəm, sağ ol.... - bir qadın səsi idi.

- Daha bir az gəlim, itlər tuta bilər - kişi səsi idi.

- İtlərdən qorxmuram...

- Olsun, gəlim bir az.

- Olmaz Qasımcan, işə gecikərsən.

- Çataram, hələ vaxta çox var. - Qasımcan bir kibrit yandırdı. Bir anlıq titrək kibrit alovunda başına damalı baş örtüyü bağlayan bir gənc qızla, əynində zəncirli dəridən idman pencəyi və ayağında dəri çəkmələr olan gənc oğlanın üzü işıqlandı. -Oo, Səadət, hələ iki saat yarım var... - o, saatına baxaraq dedi.

- Belə etmə, Qasımcan, get. Kimsə görsə dedi-qodular başlayacaq. Həm də mən anamdan çox nigaranam, məni niyə çağırsın?.. Bəlkə xəstələnib?..

- Həə, əgər xəstələnibsə, tək buraxmaq olmaz. Sən qüssələnmə, bir çarə taparıq...

Orda qısa bir müddət dayandıqdan sonra ayrıldılar. Səadət evlərinə, Qasımcan isə dağlara doğru getdi. Oğlan bir neçə addım atdıqdan sonra sürətlə geri döndü:

- Nəsə lazım olsa xəbər elə... gözləyəcəm...

- Yaxşı - Səadət batıq səslə cavab verdi...

O, bir az gedəndən sonra dayandı və çevirlib arxaya baxdı. Qasımcan artıq gözdən itmişdi. Qaranlıq idi. Səadət evə tələsdi. Evə yaxınlaşdıqca addımlarının sürətini artırdı. Axırda özünü saxlaya bilməyib qaçmağa başladı. Ağlına pis fikirlər gəlirdi. Qapını açanda anasını yataqda, xəstə, gözləri batmış vəziyyətdə görməkdən qorxurdu. Həmin anda “Apa! Şirin Apam mənim!” deyərək bağırmaq istədi, amma səsi çıxmadı. Nəhayət, bağçanın qapısını açdı və bir qaraltının ona doğru gəldiyini gördü:

- Səadət, sənsən? - anası soruşdu.

- Apa, nə olub?

- Gecə vaxtı tək gəldin bura?

- Bəli - Səadət yalandan dedi.

-Ay Allah, ola bilməz! - Zeynəb apa qollarını yuxarıya qaldırdı.

- Yox, tək deyildim, yoldan keçən bir at arabasına mindim. - Səadət dərhal özünü toparladı.

Zeynəb apa qızını qucaqlayaraq ağlamağa başladı:

- Yoxluğuna dözə bilmirəm artıq, səni gözləməkdən gözlərim qaraldı... Az qala gecə yarısı olub hələ də gəlib çıxmamısan. Yolda başına nəsə gəlməyindən qorxdum. Arxanca gəlməyə hazırlaşırdım....

- Niyə narahat olursan, apa? Biz keçən həftə görüşməmişdik?

Səadət traktor qrupunda qoşquçu işləyirdi və demək olar bütün yazı iş düşərgəsində keçirirdi. Onun evə hər gəlişi Zeynəb apa üçün bir bayram sevinciydi. Təklikdən o qədər sıxılırdı ki, qızının bir addım belə olsun yanından ayrılmasını istəmirdi. Ocağı birlikdə yandırar, evin işlərini birlikdə görərdilər. Biri xəmir yoğurar, o biri ət bişirərdi. Səadət inəyi sağar, onun başının üstündə anası heyvanlara su içirərdi. Söhbətləri heç bitməzdi. Həm Zeynəb apanın işlədiyi kolxozdan, həm də Səadətin işlədiyi düşərgədən söhbət edər, bitib tükənməyən xəbərlər ötürərdilər bir-birilərinə. Səadət dərəyə su gətirməyə gedəndə Zeynəb apa həyət hasarının yanında dayanıb arxasınca baxardı. Balasının böyüdüyünə, böyük qız olduğuna inanmaq istəməzdi. Onun dik və yumşaq çiyinlərini şəfqət və qürurla seyr edərdi. Ucunda vedrələr olan çiyin sırığını, biləyində gümüş bilərziklər olan günəşin yandırdığı güclü qolları ilə tutar, yüngül və çevik addımlarla gəzərdi. Həm də necə gözəl gəzərdi! Nəfəs alması da çox nizamlı idi. Hər nəfəs almasında paltarının ucları yüngülcə yuxarı qalxardı.

- Ay gözəl qızım, gözümün nuru, Allah səni nəzərdən qorusun, sənə gələcək bəlalar mənə gəlsin! - deyərdi.

Bu gün hər ikisi çox xoşbəxt, bir-birlərinə qarşı çox mehriban idilər. Səadət anasının onu boş yerə çağırmadığını, ona deyəcək önəmli nəyinsə olduğunu təxmin etmişdi. Zeynəb apa da açıq-aşkar özünü edəcəyi söhbətə hazırlayırdı.

Son vaxtlar qızında bir dəyişiklik hiss edirdi. Bunun səbəbi nə ola bilərdi axı?

Yazın ilk günləri idi, qar hələ yenicə ərimişdi. Məhz o günlərin birində Səadət, təngnəfəs qaçaraq evə gəlmişdi.

- Apa! Apa! Komsomollar qrupu gəldi! -deyə həyəcanla qışqırmışdı bayırdan.

-Hansı qrup?

-Aa, deməli bilmirsən? MTS komsomollarının qrupu. Yeni qurulacaq tarlalarda işləyəcəklər. Dəyirmanın yanından maşınlarla, traktorlarla keçərkən onları gördüm. Özləri ilə kotan və səpən aparırdılar.

Zeynəb apa başa düşmürdü, - gəlirsə-gəlsinlər, burda təlaşlanacaq, həyəcanlanacaq nə var? - öz-özünə deyirdi.

Amma qızı coşmuşdu və izah etməyə davam edirdi:

- Hansı ərazini əkəcəklərini bilirəm. Bizə çox da uzaq deyil, Tokay ağa onların bu il “Qədim oba” torpaqlarını tamamilə sürüb işləyəcəklərini deyir.

Bir neçə gün sonra Səadət anasından həmin qrupda qoşquçu işləmək üçün icazə istədi. Zeynəb apa icazə vermək istəmədi, amma Səadət müqavimət göstərdi. Getməyə qərarlı idi. Bunu başa düşən anası istəməsə belə razı oldu.

-Bu il qoşquçu olacam, sonra gələn il bizə traktor sürməyi də öyrədəcəklər. Komsomolların toplantısında verdiyim sözü də geri götürə bilmərəm.

Əgər Tokay ağa araya girməsəydi, Səadətin irəli sürdüyü fikirlər Zeynəb apanı fikrindən döndərə bilməyəcəkdi.

Gəncləri özbaşlarına buraxaq, nə edəcəklərini bilirlər onlar - anasına məsləhət vermişdi.

Səadət getdi və anası bir müddət sonra çox peşman oldu. Başqa bir qüvvənin onu hər gün özündən bir az daha uzaqlaşdırdığını hiss edirdi.

Bəzən ona elə gəlirdi ki, Səadət özündən daha ağıllı olub. Gənc bir qız üçün bunun qədəri çox deyilmiydi? Amma Səadətin gizli bir qayğısı var idi və anası bunu başa düşə bilmirdi. Nəyə görə evə gələn vaxtlarda anası üçün çox darıxmasına rəğmən hələ gün çıxmadan qrupa qayıtmaq üçün yola çıxırdı?

Qəribə idi. Bəzən birdən ciddiləşir, fikrə dalır, bəzən də o günə qədər görünmədiyi şəkildə mehriban olurdu. Mahnı oxuyar, gülər, coşardı.

Zeynəb apa bunun fərqində deyilmiş kimi soruşardı: - İşindən razısan, Səadət? Kimlər işləyir qrupda?

-Çox razıyam, - deyə hər zaman qızı cavab verərdi və böyük bir həyəcanla yoldaşlarından danışardı. Onlar uzaqlardan gəliblər və alətlərdən çox yaxşı başları çıxır. Onlardan bəziləri fabrikdə bu alətləri özləri düzəldiblər. “Ah, mən də onlar kimi ola bilərdim!” - Səadət deyirdi. Belə deyəndə gözləri parıldayardı. Məhz bu anlarda anasının tanımadığı yad adam olurdu. Səadət anasının gözlərindəki qayğıları başa düşmədən, coşqu ilə komsomolların toplantısını, divar qəzetində pis işləmiş traktorçunun necə tənqid edildiyindən və başqa məsələlərdən danışırdı. Zeynəb apanın isə bunlardan başı çıxmırdı.

Çaylarını içdilər. Səadət süfrəni yığışdırdı, qabları yuyub quruladı, onları rəfə yığdı. Yatmaq vaxtı gəlmişdi. Amma Zeynəb apa yer keçəsinin üstündə oturub diqqətlə qızına baxırdı.

- Gəl bura, yanımda otur, - yanında əliylə yer göstərdi. - Səninlə bir az danışmaq istiyirəm...

Danış, apa, səni eşidirəm...

Zeynəb apa deyəcəklərini bir müddət fikirləşdi. Sözə necə, haradan başlayacağını bilmirdi.

-Səadət, sən mənim tək övladımsan, - o qızının gözlərinin içinə baxaraq dedi. -Həm qızım, həm də oğlumsan. Səndən başqa mənim heç kimim yoxdu. Evdə tək-tənha qalmaq asandır səncə? - Anasının gözlərindən yaşlar axmağa başladı. -İşdə təkliyimi unuduram amma evə gələr-gəlməz.. ürəyim sıxılır... Haralardasan? Yaxşısan, pissən?.. Səadət, qızım, gördüyün iş qadın işi deyil. Bir gənc qızın işi qoşqunun arxası ilə getməkdir? Çıx o işdən, evə qayıt... İşləmək istəyirsənsə kolxozda iş çoxdur...

Zeynəb apa gözlərinin yaşını silərək dərindən ah çəkdi. Deyəsən Səadətin anasını başa düşməsi üçün bu qədər yetərli idi. Amma Səadət hiss edirdi ki, anası onu ən çox nəyin narahat etdiyini demədi.

Apa, elə fikirləşirsən ki, düşərgədə işləyən tək qız mənəm? Bizim kolxozdan gələn qızlar da var. Onlardan bir çoxu bizim qrupda işləyir. Oğlanlardan heç də pis işləmirlər. Niyə mən hər şeyi atmalıyam axı?

-Özünü onlarla bir tutma! -Zeynəb apa hirsləndi. -O ailələrin başqa uşaqları da var.

Səadət anasını özünə sıxaraq qucaqladı və sakitcə dayandı. Anası ilə razılaşmamaq mümkünsüz idi.

Yaxşı, apa, sənin dediyin olsun. Amma orada bir az da işləməyimə icazə ver. Yaz əkini tezliklə bitəcək. Əkin işi bitən kimi dərhal qayıdacam. Çox az qalıb, bir az səbr et, apa...

Anası sakitləşdi. Daha yatıb yuxuya gedə bilərdi.

Gözlərini tam yummuşdu ki, asta bir səs eşitdi. Gözlərini açanda Səadətin yavaşca qalxdığını və pəncərəyə doğru getdiyini gördü. Ayın göy rəngə çalan işığı qızın başına və çiyinlərinə düşürdü. Səadət narahat şəkildə çevrilib anasına baxdı, sonra sakitcə pəncərə çıxıntısının üzərində qollarıyla dizlərini qucaqlayıb oturdu. Görünürdü ki, nə haqqındasa düşünür. Əlləriylə sinəsinə enən saç hörüklərini əsəbi halda sıxıb qarışdırırdı.

“Niyə yatmır bu qız?” -Ana ürəyi sızıldamağa başladı.

Səadət üzünü şüşəyə söykəyərək gözlərini qırpmadan dağlara baxırdı. Dağların az mailli yamaclarında hərdən traktorların işığı bərq vururdu. Lap uzaqlardan mühərrik səslərini də sərxoş kimi dinləyirdi. Bu səslər bəzən artır və daha yaxına gəlmiş kimi olur, bəzən də zəifləyir və qız o gurultunu eşitmək üçün qulaqlarını şəkləyirdi.

“Traktor səsinə qulaq asır.” - Zeynəb apa təxmin etdi və özünün də həmişə o səslərə qulaq asdığını xatırladı. Çünki qızı evdə olmadığı vaxtlarda orada, o tarlalarda işləyirdi. O olmayanda bu səslər ona bir rahatlıq verərdi. Amma qızın o pəncərənin kənarında oturması səbəbsiz deyildi. Zeynəb apa qızının qəlbinin burada deyil, orada, o sürülən tarlada olduğunu başa düşmüşdü.

Səadət uzaqdakı işıq zolağına işığına baxır, kotan bıçaqlarının parıldadığını, boş torpaqları dərindən yarıb çevirdiyini görürdü. İllərdən bəri o torpaqlara əl dəyilməmişdi. Məhz indi onun qızı və Qasımcan o torpaqları ilk dəfə əkirdilər. Yaxın zamanda orada buğda yetişəcək, bu yerlərdən yollar keçəcək, “Qədim oba” vadisində evlər tikiləcək, kəndlər qurulacaqdı. Və buranın yerli camaatı yeni gələnlərə, bu torpaqlarının sahibi olduqlarını bildirən səs tonu ilə deyəcəkdilər: “Bu torpaqları keçincə böyük bir ferma həyəti, bir az irəlidə yollar görəcəksiniz. Bizim kolxoz oradır!” -“Bəli, bütün bunları biz edəcəyik!” -düşünürdü Səadət. Belə düşünəndə bir sevinc dalğası təpilirdi içinə. Həqiqi xoşbəxtlik bu deyildimi? Bu işə ömrünü həsr etməyə dəyməzdi?

İndi xəyalında yeni sürülmüş torpaqlardan nəmli bir qoxu yayılırdı. Gözəl bir qoxu!

İşlədikləri sahədə Səadət kotanın lövhələrini qaldırar və güzgü kimi parıldayan kotan dəmirləri də qalxardı eyni anda. Kotanın hər dəmirində bir kiçik günəş işıldayardı.

Qasımcan taraktoru döndərəndə arxaya - ona baxıb gülüməsəyər və Səadət onun üstünə qışqırardı:

- Sür, Qasımcan, sür! Bu gün biz birinci olacağıq!.. Haydı, irəli!

“Qasımcan... Nə yaxşı ki biz qarşılaşdıq, nə yaxşı ki, birlikdə işləyirik! Səninlə dünyanın o biri başına getməyə hazıram!” - Səadət ürəyində deyərdi.

Zeynəb apa qayğılı idi. Nə edəcəyini, qızına nə deyəcəyini bilmirdi. O biri tərəfə çevrilib bir ah çəkdi. Səadət diksindi. Amma yenə də bir müddət oturdu pəncərənin çıxıntısında. Sonra sakitcə yatağına uzandı. Nə onun, nə də anasının gözünə yuxu getmirdi. Hər ikisi dərin düşüncəyə dalmışdı.

Zeynəb apa fikirləşirdi ki, artıq qızı yetkin bir gəncdir və onun gələcəyini fikirləşməyin vaxtı gəlmişdi. Öz kəndlərindən hörmətli bir igidlə evlənsə nə yaxşı olardı! - Onda Saədət həmişəlik yanında qalardı. Gələcək kürəkənin ailəsi olmasa daha yaxşı olardı. Yeni ailə quranlar bu evdə həmişəlik yaşayardılar. Qızı cehizinin artıq hazır olduğundan xəbərsiz idi. Təkcə ipək yataq örtükləri çatmırdı....

Səadət isə Qasımcanla ilk görüşləri haqqında fikirləşirdi. O vaxt eyni qrupda işləyirdilər. Traktor hər dəfə dayananda Qasımcan yanına gəlir və soruşurdu:

- Səadət, yorulmamısan? Bir az istirahət elə.

“Niyə yanımdan heç uzaqlaşmır! -Səadət əsəbiləşirdi. “Balaca uşağam mən?!”

Amma Qasımcan heç nə soruşmayanda da əsəbiləşirdi: “Niyə heç nə soruşmur? İnciyib, yoxsa məndən bezib?”

Bir gün, dağın yüksəkliklərində olduqları bir vaxt, oradakı ən yüksək təpəyə dırmaşmağa qərar verdilər. O günü Səadət heç vaxt unutmayacaqdı. Yamac dik idi, yaxşıca yoruldular, amma yenə də dincəlmədilər. Sanki nəyin bahasına olursa-olsun o təpənin başına çıxmağa and içmişdilər. İkisi də o təpənin başında bir-birinə çox önəmli bir şey deyəcəklərini düşünürdülər. Orda deyəcəklərini özlərindən başqa kimsə eşitməyəcəkdi. Çünki kilometrlər boyu ətrafda onlardan başqa heç kim yox idi. Amma təpəyə çıxdıqdan sonra hər ikisi ürəklərindən və ağıllarından keçəni deməyə cəsarət etmədilər. Yalnız enən zaman diqqətsizlikdən Səadətin ayağı sürüşdü. Elə o vaxt Qasımcan onu tutdu və sonra özünə çəkib dodaqlarını onun dodaqlarına toxundurdu. Səadət geri çəkilmədi, hirslənmədi. Əksinə, o günə qədər heç zaman olmadığı qədər xoşbəxt olmuşdu....

***

Zeynəb apa açıq qalan qapının arxasına söykənərək, otağa baxırdı. Ümidsiz bir səssizlik içində... Bəlkə də qorxunc bir şey görmək qorxusuyla içəri doğru addım atmağa qorxurdu. Və yaxud bir şey xatırlayıb dayanmışdı. Bəlkə hələ də küləyin fasilələrlə gətirib çatdırdığı dağdakı o mühərrik səslərini dinləyirdi. Paltarının uzun, geniş qolları çiyinlərindən sallanmışdı. Düz yanında dolu vedrələr və su daşımaq üçün sırıq var idi. Zeynəb apa o vaxt dərədən gəlmiş və əlində su gətirmişdi. Dərənin başında ona Səadətin evləndiyi xəbərini vermişdilər. Ən çox qorxduğu şey başına gəlmişdi. İndi bu evdə tək-tənha idi. Əslində hər şeyi var idi, çatışmayan bir şeyi yox idi. Amma qızının gedişi ilə var olan hər şey birdən-birə öz mənasını itirmişdi. Əgər həmin vaxt Tokay ağanın gəlini Ceydəgül gəlməsəydi, bilmək olmaz nə qədər o vəziyyətdə gözləyəcəkdi. Zeynəb apa onu görən kimi başladı ağlayıb-sızlamağa:

- Qızın varsa belə olar axırda! Necə talesiz bir qadınam mən! Allah məni cəzalandırdı, bir oğul vermədi. Oğul ailəsini tərk edib getməz, əksinə, evə gəlin gətirər.

Ceydəgül hər zaman sakit, səbirli və güclü görünən, amma indi bitkin, əzgin bir vəziyyətdə olan bu qadına qorxuyla baxırdı.

Zeynəb apa çarəsiz şəkildə danışmağa davam etdi:

- Səadət məni biabır etdi. Bir oğru kimi, şərəfsizcəsinə və heç kimə xəbər vermədən bir avara ilə evdən qaçdı. O avara onu alıb aparacaq və mən bir daha qızımın üzünü görməyəcəyəm...

- Nə deyirsiniz, Zeynəb apa! Səadət buradadı, düz yaxınımızda! - Ceydəgül dedi.

- Sus! Mənim bu vəziyyətə düşməyimdə, bu dərdləri çəkməyimdə sizin də günahınız var. Səadətin həmin qrupda işləməyi Tokaya görə oldu. Və mən də ərimin qardaşı olduğu üçün ağılsız kimi ona qulaq asdım... Get ona de ki, əgər qardaşına hörməti varsa, ailəmizin şərəfini fikirləşirsə, Səadəti götürüb gətirsin evə. Get!...

Həmin gün Tokay ağa ailənin böyüyü kimi arvadını Zeynəb apanın evinə göndərərək onu evinə çağırtdırdı.

Yerə sərilmiş qoyun dərisinin üzərində bardaş quraraq qaşqabaqlı sifətlə baldızını gözlədi. Burada onun böyük ailəsi əyləşmişdi. Otağın içi isti idi. Qazanda ət bişir, samovarda su qaynayırdı.

- Mən hər şeyi bilirəm, Zeynəb, - Tokay bir fincan çay süzüb ona verərək sözə başladı. - Və mən sənin bu davranışından utanıram. Əgər Səadət pis bir şey etsə, bu saat atlanar, onun saçlarından sürükləyib gətirərəm bura! - Qocanın gözlərindən hirs qığılcımları çıxırdı. -Amma bunu etməyəcəyəm. Onu döyməkdənsə əllərim qırılsa daha yaxşıdı.... “Qədim oba”nın torpaqları uzun illərdən bəri sənin qızın kimi insanları gözləyirdi. Zeynəb, sənə təsəlli verməyə və ya razı salmağa çalışmıram. Amma bir şeyi unutma. - Tokay ağzına bir büküm tütün qoydu, fikirli-fikirli bığlarını eşdi. - Bu gün onlar “Qədim oba” torpaqlarını sürürlər. Yaxşı bilirsən ki, bir vaxtlar o işi biz də etmək istədik amma edə bilmədik. Edə bilməzdik də. Dağın düz ətəyində əkilən torpaqlarımızın olacağını ağlımıza belə gətirə bilməzdik. Bəylər (varlılar) bizi ora buraxmırdı. Nəhayət, bizi kənarlaşdırdılar ordan. Bizi “Qədim oba”ya göndərdilər. Orada torpağı qazımaq və sulamaq çox çətin idi.

Qardaşıma vurulduğun və bura gəldiyiniz günləri xatırlayırsan? Acından ölməmək üçün kiçik bir torpağı sürməyə və əkməyə qərar vermişdik. O bir qarış torpağı əkmək üçün, yararlı vəziyyətə gətirmək üçün daşları əlimizlə necə daşıdığımızı, dağın yamacına necə çətinliklə arx çəkdiyimizi unuda bilməzsən. İlan dərəsindən ora suyu çıxara bilməmişdik.

Bütün bunları xatırlayırsan, Zeynəb? Yalın əllə o qayanı yarmağa çalışmaq ağlabatan iş idi? Bütün zəhmətimiz boşa getdi, əkinlər məhv oldu. O vaxt necə ağladığını yadına sal. Biz kişilər belə göz yaşlarımızı güclə saxlaya bilmişdik. O dövrdə “Qədim oba”da bir ovuc içi qədər torpağı əkmək mümkün deyildi. Daha çoxunu istəmirdik ki. İstəyimiz sadəcə aclıqdan ölməmək idi. Və uşaqlarımız da özlərini bu “Qədim oba” torpaqlarına həsr etdilər. Get bir gör onların nə etdiklərini! İşləyirlər orda, bilikləri var, alətləri var….

Zeynəb apa susurdu.

- Sən ağıllı qadınsan, - Tokay davam etdi, - Səadətin başqa cür davranmayacağını qəbul etməyə, başa düşməyə məcbursan. Qasımcan da ailəsi olmayan avara deyildir, tam bir igiddir. Qrupun ən yaxşı traktor sürücüsüdür. Ailəsi şəhərdə yaşayır, deyilənə görə yaxşı və hörmətli adamlardır.... Səadətə qaldıqda o heç vaxt anasını unudan, tərk edən qızlardan deyil. Bazar günü onlar sizə gələcəklər və payızda adətə uyğun olaraq sən onlarla görüşməyə gedərsən. İlk məhsul yığılanda toy edib yeni evlərinə köçəcəklər.

Zeynəb apa Tokayın dediklərinə dinməzcə qulaq asdı. Sonra sakitcə durub qapıya doğru getdi. Qaynının dedikərinə haqq verib-vermədiyini heç kim başa düşmədi.

Qaynı durub onu yola saldı. Çöldə elə şiddətli yağış yağırdı ki, nə dağ, nə çöldəki ağaclar nə də ki, uzaqdakı evlər görünürdü. Hər şey yağışın qaranlığında qalmışdı.

Bax, hər yerə necə yağır! Bu ağ yağışdı. İki-üç gündür ki dayanmadan yağır....

-Deyirsən, ağ yağış hə? -sakit səslə Zeynəb apa soruşdu və cavabı gözləmədən getdi.

***

Zeynəb apa evə çatanda yuxulu idi. Otağın bir küncündə oturub yağış suları ilə yuyulan pəncərəyə baxdı.

- Ağ yağış!... -nəyisə xatırlayaraq təkrarladı.

Zeynəb apa qayıdarkən yolda Tokayın bəlkə də haqlı olması ilə bağlı nəticəyə gəlmişdi. Amma qapıdan evə girən kimi, əl-ayağı boşalmış və yenə də özünü tənha hiss etmişdi. Başını qatmağa bir şey axtardı, amma heç nəyin ləzzəti qalmamışdı artıq. Daim bir çatışmazlıq hiss edirdi, amma nə olduğunu tam başa düşə bilmirdi. Nəhayət, birdən tapdı: artıq mühərrik səsi eşidilmirdi... Traktor səsi ona əminlik verirdi, çünki bu səs qızının gələcəyi ilə bağlı idi. Birdən Zeynəb apanı vahimə basdı: Traktorların səsi gəlmirdi, ağ yağış yağırdı və şübhəsiz, yağışlı hava iki-üç gün hələ davam edəcəkdi. Yazıqlar görəsən indi çadırların içində nə vəziyyətdədirlər? Hava soyuq, nəmli, orada sobaları da yoxdur. Gənclərə yazığı gəldi. Necə də olsa indi onlar bal ayında sayılırdılar. Bazar günü gəlsəydi!..

Zeynəb apa barmaqları ilə bazara neçə gün qaldığını saydı. Dörd gün var idi. Dörd gün hələ uzun müddət idi. Dərhal Səadət və Qasımcanı görmək istəyirdi. Bir az oturdu, sonra böyük bir əminliklə ayağa qalxdı. Sandıqdan bəyaz bir qumaş çıxarıb kişi köynəyi biçdi. Sonra sobanı yandırdı. Soba yanan kimi otaq isinməyə başladı. Ocaqda ət bişəndə Zeynəb apa biçdiyi köynəyi maşında tikirdi. Köynəyin ancaq qolunun ucları qalmışdı, əlini saxlayıb qazanın yanına getdi. Qazanda qaynar yağda bağırsak qızarırdı. Üzü istidən qıpqırmızı olmuş, tərləmişdi. Gözləri xoşbəxt bir gələcəyin gözləntisiylə parıldayırdı. Kənardan birisi görsəydi böyük bir hadisəni qeyd etməyə hazırlaşdığını dərhal başa düşərdi və həqiqətən də elə idi. Dərhal “Qədim oba”ya getməyə qərar vermişdi. Hazırlığını bitirdi. Gedib diqqət çəkən rəngli bir şal götürdü. Səadətin cehiz boxçasına bağlamaq üçün bu şalı saxlamışdı. Şalla köynəyi heybənin bir gözünə, ət və bağırsakları qablara yerləşdirib o biri gözə qoydu. İndi çıxa bilərdi, amma birdən fikrə getdi. Yeni evlənmiş qızın evinə dəvətsiz getmək adətə görə düzgün sayılmazdı. Tokay ona bazar gününü və payızı gözləməsini demişdi. Yox, o qədər gözləyə bilməzdi. Səadət və Qasımcan həftənin sonunda, bazar günü gələcəkdilər. Amma hələ dörd gün var idi həftənin sonuna və bu da ona uzun gəlirdi. Uşaqlarını ziyarət etmək, “Qədim oba”da baş verənləri öz gözlərilə görmək istəyirdi. Birdən ona lağ etsələr? “Kim ittiham edirsə-etsin, mən gedəcəm” - dedi.

Zeynəb apa yeni ipək paltarını geyindi. Yeni qaloşunu ayağına keçirdi. Heybəni çiyninə atdı və islanmamaq üçün böyük bir çuvalı üstünə örtdü.

Çöldə ağ yağış yağırdı.

***

Tutqun, nəmli, yağışlı bir havada tarlanın kənarı ilə atlı bir qadın gedirdi. Tokay doğru demişdi: dənizlər qədər böyük ərazi açılmış, əkilmiş, böyük su arxları qazılmış, yazın ilk günlərində əkilən buğdalar, yamyaşıl və sulu başlarıyla torpağı sakitcə dəlmişdi. “Qədim oba”nı tanımaq mümkün deyildi. Hanı məhsul verməyən o bir ovuc torpaq parçası? Hardadı yuxarıya su çıxara bilməyən o kiçik arx?

Zeynəb apa atından endi, bir daşın üzərində oturdu və ağladı. Amma bu dəfə sevinc və qürurdan göz yaşı tökürdü. Uşaqlarının uğuru ilə öyünən bir ananın sevinc və qürur dolu göz yaşı....

Tərcümə: Mehman Həsən

# 1801 dəfə oxunub

Oxşar xəbərlər

İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

15:17 5 dekabr 2024
Adaşlar - Kamal Abdullanın hekayəsi

Adaşlar - Kamal Abdullanın hekayəsi

18:00 4 dekabr 2024
# # #