Vilayət Rüstəmzadə: Özündən böyük adam - Nəriman Əbdülrəhmanlı

Vilayət Rüstəmzadə: Özündən böyük adam - Nəriman Əbdülrəhmanlı
26 fevral 2024
# 17:00

Kulis.az Nəriman Əbdülrəhmanlının "Vilayət Rüstəmzadə: Özündən böyük adam" adlı yeni yazısını təqdim edir.

1.O, yaddaş adamıydı...

...Onda fevralın hansı günüydüsə, “Avropa” qəzetində unudulmaz Fikrət Mursaqulov haqqında portret yazımı oxuyub redaksiyaya zəng vurmuş, xeyli dil-ağız eləmiş, minnətdarlığını bildirmişdi...

Bir neçə gün sonra da Yazıçılar Birliyində görüşmüşdük, bir daha Fikrət haqqında yazıdan söz salmış, isti sözlərini dilə gətirmişdi, həm də məlum olmuşdu ki, mursaqulovlarla yaxın qohumluqları var. Sonra Borçalıda məşhur olan o nəsil haqqında, Fikrət barədə xeyli danışmış, rəhmətliyin şeir qovluğunu saxladığını demiş, kitabını tərtib eləməyi arzuladığımı biləndə çox sevinmişdi...
Elə onda da öz yazı-pozusundan söz salmış, ikicilkdlik xatirələr kitabını çapa hazırladığını söyləmişdi, üstəlik də sovet ədəbiyyatının korifeyləriylə münasibətlərindən bir-iki xatirə söyləmişdi. O məqamda səsindəki sınıqlığı, adamlardan yeganə umacağının xoş ünsiyyət, ən çox qorxduğu şeyin isə başqalarını bezdirmək oduğunu duymuşdum. Amma söz-söhbətlərini eşidənlər yaxşı bilirlər ki, bezdirməkdən söhbət gedə bilməzdi, əksinə, o şirinlikdən, o koloritdən doymaq çətindi.

Onda Azər Abdullayla birgə bir saat söhbətlərinə qulaq kəsilmiş, vaxtın necə ötüb-keçdiyindən xəbər tutmamışdıq. Ayrılanda telefon nömrəsini bir də yazdırmış, dönə-dönə tapşırmışdı ki, məni unutma, zəng elə. O biri həftə də zənf eləməyə macal tapmamış ölüm xəbərinin soyuğu canımda gəzmişdi...

Onda 2001-ci il, fevralın 26-sıydı, üzü yaza getsə də, mənə elə gəlirdi ki, daha bu yaz əvvəlki yazlara oxşamayacaq...
Onda beynimdən keçmişdi ki, Vilayət Rüstəmzadə yaddaş adamıydı, gözəl xatirə danışmağı, yaxşıları, yaxşılıqları yada salmağı, unudulanları yaddaşa qaytarmağı vardı, özü də qəfildən xatirəyə şevrildi...

2.Ədəbi mühitin “starik”i

Vilayət Rüstəmzadə Gürcüstanda, Borçalının Bala Muğanlı kəndində doğulmuşdu. Sonralar deyirdi ki, doqquz uşaqlı ailənin yeddinci övladıdı, beş bacı, dörd qardaş olublar. Atası Məhəmməd Rüstəmoğlu məşhur mövləvilər nəslindənmiş, yazı-pozu bilməsə də, gözəl əkinçi-biçinçi kimi ad çıxarıbmış; anası Məsmə xanım Alı qızı bir yanı Qars-Ərzurum-Sarıqamış, bir yanı Başkeçid ellərində tanınmış mikayıllılar nəslindəniydi. Sərrast atıcı olduğu üçün “Kor Alı” təxəllüsüylə tanınan “qıyıqgöz” ana babası XX yüzilin əvvəllərində Türk-rus orduları arasında dilmanc işləyibmiş.

Orta təhsilini də öz kəndlərində almış, Marneuli Dövlət Pedaqoji Məktəbini bitirimişdi. Deyirdi, ilk poeziya müəllimim anam olub, onun yanıqlı bayatıları indi də ruhumdadı. Elə o çağlarda da yetərincə mütaliəsi vardı, rayon qəzetində ilk şeirləri çap olunmuş, üstəlik, dərrakəsi, fəhmiylə rus dilini əməlli-başlı öyrənmişdi.

Vilayət Rüstəmzadə 1958-cu ildə Bakıya M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olunmaq üçün Bakıya üz tutmuş, Eyvaz Borçalı, Arif Mustafazadə, Abbas Abdula, İsa İsmayılzadə, eləcə də Əkrəm Əylisli, Ələkbər Salahzadə, Tofiq Abdin, Azər Abdulla... kimi tay-tuşlarının olduğu qaynar mühitə düşmüşdü. Yaşca (1937-ci il avqustun 12-də doğulub), həm də ədəbi təcrübə (“Tut kötüyü” adlı ilk şeiri 1956-cı ildə, Pedaqoji Məktəbdə oxuyanda Marneulinin “Stalin yolu” qəzetində çap olunmuşdu) cəhətdən hamısından böyük olduğundan, kimsə ona təsadüfən “starik” demişdi, ya özünün ağlına gəlmişdi, bilmirəm, amma bu söz döşünə elə yatmışdı ki, sonralar özü də dost-tanışına, həmsöhbətlərinə, hətta sonralar sovet ədəbiyyatının korifeylərinə də bu ayamanı yapışdırırdırdı.

O vaxt ədəbiyyata can atan cavanların əksəriyyəti M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna və ikiillik Ali Ədəbiyyat Kurslarında təhsil almaq üçün yollar axtarırdılar...

Təbiətcə inadkar olan, böyük hədəfləri sevən, artıq ədəbi təcrübə qazanmış Vilayət Rüstəmzadə də belə bir fürsəti əldən buraxa bilməzdi..

Heç buraxmadı da - növbəti il rus dilinə bələdliyi sayəsində müsabiqədən uğurla keçib Moskvaya yollandı...

3.İctimaiyyətçi, təəssübkeş və yardımsevər

Vilayət Rüstəmzadənin Moskvadakı tələbəlik illəri, ictimaiyyətçiliyi və dil biliyi haqqında qələm dostu Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” xatirələr kitabında ayrıca səhifələr var...

Vilayət Rüstəmzadə təbiətcə həddən artıq təəssübkeş insan idi - bunu onunla ünsiyyətdə olan hər kəs bilir. Moskva kimi yad məmləkətdə də, şübhəsiz, belə bir xüsusiyyət daha böyük dəyər kəsb eləyirdi: “O vaxt Litinstitutda oxuyan azərbaycanlı tələbələrin arasında adına “ictimaiyyətçi” deyiləsi bircə adam vardısa, o da, heç şübhəsiz, Vilayət idi. Moskvanın harasında Azərbaycanla bağlı nə vardısa, onu Vilayət mütləq bilirdi: hansı institutda neçə nəfər azərbaycanlı təhsil alır, hansı bazarda Azərbaycandan nə qədər adam alver eləyir, hansı həbsxanada nə miqdarda azərbaycanlı məhbus cəza zəkir – hətta az qalıram deyəm ki, o adamların hansının hansı rayondan olmağı barədə də Vilayətin bəs qədərində məlumatı vardı...”

Vilayət Rüstəmzadə, əlbəttə ki, bütün bunları bilməklə qalmırdı, həm də bir-birinə “bir köynək yaxın” olan adamları bir araya gətirməyi, birləşdirməyi, ahəngdar ansambla çevirməyi özünün başlıca vəzifələrindən biri sayırdı...

“Böyük Moskvanın müxtəlif guşələrindən tar, kamança, nağara çalanları, muğamat, xalq mahnısı, saz havası oxuyanları tapıb toplayıb, Litinstitutun yataqxana klubunu ara-sıra “Azərbaycan Dövlət filarmoniyasına” çevirdiyinə görə, bəzi rus balaları Vilayətin əlindən çoxdan cana doymuşdu: bunlar, əsasən, “yazıb-pozan zümrə”nin adamları idi. Yataqxananın işçilərinə - komendantına, qapıçısına, süpürgəçilərinə gəldikə, onlar Vilayətin bütün konsertlərinə yaxşıca geyinib-keçinib gəlirdilər və çox “vajnı bir vidlə”, lap ön sırada əyləşirdilər. Rus balaları bir gün böyük qiyam qaldırıb, Vilayətin “xalq çalğı alətləri ansamblının” ayağını Litinstitut yataqxanasından həmişəlik kəsdilər...”

Yataqxanalara qəfil reyd keçirən institut rektorunu “layiqincə” qarşılaması, SSRİ Yazıçılar İttifaqının təşkilati məsələlər üzrə katibi Konstantin Voronkovun yanına gedib, “əla yerdə” tikilən o yeni binada institutu 1964-cü ildə bitirəcək bir qrup tələbədən ötrü birotaqlı mənzillərin də proyektdə nəzərdə tutulmasıyla bağlı məsələni həll eləməsi... Vilayət Rüstəmzadənin təbiətinə xas olan cizgilərdəndi...

4. “Rus dilinin atası” və “korifeylərin qənimi”

Deyəsən, Vilayət Rüstəmzadə haqqında birinci dəqiq deyimi ilk dəfə Tofiq Abdindən eşitdim. Deyirdi, zalım rusca elə mükəmməl danışırdı, elə bil, o dili dünyaya özü gətiribmiş, lap qanuni atasıymış...

Tələbəlik illərində Vilayət Rüstəmzadə artıq yaxşı tərcüməçi kimi ad çıxarmış, dövrün sayılıb-seçulən qələm adamlarının – Rəsul Həmzətov, Qaysın Quliyev, Mustay Kərim, David Kuqultinov, Çingiz Aytmatov, Rəmz Babacanın - əsərlərini dilimizə dilimizə çevirməyə başamış, Əkrəm Əylislinin təbirincə, “...bütün “müsəlman aləminin” o zaman sayılan-seçilən adlı-sanlı ədəbi simaları ilə də, necə deyərlər, lap kefin istəyən kontakt yarada bilmişdi. Məsələn, Rəsul Həmzətovla Vilayət telefonda (ya elə üzbəüz söhbətdə) təxminən belə danışırdı: “Rasul bey! Da, eto Vilayet Rustamzade! Tı çto, starina, priyexal v Moskvu i svoix druzey ne işşeş? Nu, oryol je tı, starik! Veliçina qordoy poezii kafkazskoy!.. Jdi zavtra veçerom. No ne vzdumay druzey podvesti. Derjis, derjis, starik. Znay, çto arlyata tvoi tebya tixo abajayut...” Vilayətin təkcə Rəsul Həmzətovla yox, misal üçün, Qaysın Quliyev və Çingiz Aytmatovla da eynilə bu jarqonda, bu şəkildə, bu ərk ilə danışmağının bir neçə dəfə şahidi olmuşdum. O adamları Vilayət, söz yox, özününkü sayırdı və özününkü saydığı belə məşhur adamlarla danışanda sanki Vilayət danışdığı dilin də (bu halda rus dilini) “özününkü” olduğunu bir qəribə uşaq sevinci ilə cani-dildən nümayiş etdirirdi. Vilayət rus dilini, həqiqətən, yaxşı bilirdi...”

O, Bakıya qayıdandan sonra da missiyasından qalmadı: dilimizə Rəsul Həmzətovun “Mənim Dağıstanım”, Çingiz Aytmatovun “Erkən gələn durnalar”, Rəmz Babacanın “Dirilik suyu”, eləcə də Nikolay Nekrasovun “Rus qadınları”, Aleksandr Blokun “Lay-lay” əsərlərini, Yuqoslaviya hekayələrini... qazandırdı...

Üstəlik, Vilayət Rüstəmzadənin rus dilinə bələdliyi o səviyyədə idi ki, Hüseyn Cavidin “Ana” və “Uçurum” kimi mənzum pyeslərini həmin dildə səsləndirməyə də bəs eləmişdi...

5.Ömrü boyu öz yerini axtardı...

1964-cü ildə Bakya dönəndən sonra “Azərnəşr”də tərcüməçi-redaktor kimi işə başlamışdı, həm də M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) dərs demişdi...

Bununla yetinməyib, 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuş, dissertasiya mövzusu kimi Səməd Vurğunun yaradıcılığını seçmişdi, elmi rəhbıəri də şöhrətli ədəbiyyatşünas professor Əziz Şərif idi...
Amma özü demiş, başı dünyəvi məsələlərə, yaşamın bitib-tükənməyən qayğılarına qarışmış, beləcə, hazır dissertasiya işinin müdafiəsi “tənbəl şagirdin günahı üzündən” baş tutmamışdı. O qayğılı illərdə Vilayət Rüstəmzadə Mədəniyyət Nazirliyi aparatında, M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki BDU), “Azərbaycan” jurnalında, “Yazıçı” nəşriyyatında, “Azərnəşr”də, Azərbaycan Tərcümə və Mədəni Əlaqələr Mərkəzində, “Türk dünyası” jurnalında... öz yerini tapmağa çalışmışdı...

Ömrünün ən yaxşı illərini də tərcümələrə, xalqlar arasında ədəbi-mədəni körpülər qurmağa sərf eləyirdi. Aleksandr Puşkin, Yakov Polonski, Taras Şevçenko, Yan Raynis, Konstantin Simonov, Mixail Svetlov, Zülfiyyə, Robert Rojdestvenski, Karlo Kaladze, Qalaktion Tabidze, Otia İoseliani, Yakov İliçov, Əmirxan Şomoxov, Dəniz Tanasoğlu, Qarsia Lorka, Vitezslav Nezval, Emilio Balyaqasın... ədəbi irsindən çevirdiyi əsərlər Azərbaycan tərcümə sənətinin ən yaxşı nümunələrindən sayılır..

Aylarla Çingiz Aytmatovun qonağı olurdu, ona bğışladığı sədəfli sazı ustad yazıçı əzizləyə-əzizləyə qoruyub saxlayırdı. Balkar ədəbiyyatının klassiki Qaysın Quliyevi, özbək şairi Rəmz Babacanı Azərbaycan oxucusuna tanıtmışdı, Oljas Süleymenov və Yevgeni Yevtuşenko ilə yaxın dostluq və yaradıcılıq münasibətləri vardı, onların şeirlərini dilimizə sevə-sevə çevirmişdi...

Rəsul Həmzətovla münasibətlərinin hədsiz dərəcədə yaxınlığına isə “Bəyaz durnalar” ədəbi festivalının iştirakçısı kimi, şairin ev-muzeyində olanda əminlik duydum: varisi Patimat xanım Həmzətova Vilayət Rüstəmzadəni ailə adamı kimi yada saldı...

Həmin məqamda da Vilayət Rüstəmzadınin ustalıqla çevirdiyi misralar yaddaşımdan boy verdi:

Yadıma düşəndə hərbin fəryadı,
Sanıram: cəbhələr yaran igidlər
Qardaş məzarında yatıb qalmadı -
Bəyaz durnalara döndü şəhidlər.

6.Tərcümə - şairlik haqqından oğurlamaq idi...

Bunu Vilayət Rüstəmzadənin özü də etiraf eləyirdi...

Bu səbəbdəndi ki, sağlığında “Oxu, bülbülüm” (1996), “Qəlbimin gözü ilə” (1979), “Ağlama, məhəbbətim” (1989) adlı cəmi üç poetik toplusu işıq üzü gördü, bildiyim qədər Haqqa qovuşandan sonra da şeirləri latın əlifbasıyla çap olunmayıb...
Poetik yaradıcılığı haqqında yazmış filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadənin təbirincə desək, Vilayət Rüstəmzadənin xalq şeirinin çeşidli janrlarında qələmə aldığı nümunələr yalnız qoşmalarla məhdudlaşıb qalmır, bu sırada gəraylılar və bayatılar mövzunun daxili tələbatından irəli gələn forma müxtəlifliyini, həm də fikrin əsas ideya-bədii siqlətini kifayət qədər nəzərə çarpdırmaq gücündədir. “...Milli və dünya xalqlarının ədəbiyyatlarına belə fəal maraq bir şair kimi Vilayət Rüstəmzadənin orijinal yaradıcılığını keçici təsirlərdən, ömrü çox olmayan ədəbi təmayül və cərəyanlara, modernist axınlara pis mənada meyilləndirmir, onu ifrat aludəçiliyə gətirib çıxarmır, bunun əksinə olaraq, yaradıcılığında mənsub olduğu xalqın poeziya ənənələrinə qırılmaz tellərlə möhkəm bağlılığa gətirib çıxarır”.

Mən əcəldən qorxmuram,
O nə edəcək mənə?!
Mən öləndən sonra da
Yaşayacağam yenə.

Bu misralar Vilayət Rüstəmzadənin könül verdiyi Sözə sevgisindən və yaşadığı ömrün düzgünlüyünə əminliyindən qaynaqlanır…

7.Öz ömrünün yiyəsiydi…

Vilayət Rüstəmzadə öz ömrünün yiyəsiydi, istədiyi və bacardığı kimi yaşayır, qarşılaşdığı bütün qadağaları imkanı çatan qədər dəf eləməyə çalışırdı…

Böyüklüyü sadəlikdə tapmışdı, amma bəzən mənə elə gəlirdi ki, sadəlikdə belə, izafiliyə yol verir, bəlkə də öz məqamını, miqyasını, böyüklüyünü yetərincə dərk eləmir, əslində, göründüyündən də, elə özündən də çox-çox böyük şəxsiyyətdi...
Şairliyindən də, tərcüməçiliyindən də, tədqiqtçılığından da oğurlayıb ictimai işlərlə məşğul olur, daha çox özünün yox, qələm dostlarının qeydinə qalırdı; qələm dostları oturub onları şöhrətə çatdıran əsərlərini qələmə alanda meşin qapılar açır, səlahiyyət sahibləriylə münasibətlər yaradır, ədəbiyyat naminə vaxtına və sağlamlamlığına qızırğalanmırdı…
2001-ci il fevralın son günlərinin birində aldığımız o acı xəbərin labüdlüyünü də, əslində, onu tanıyan hər kəs duyur, həyatın Olacağı kimi gözləyirdi: axırda da vaysınıb əllərini dizlərinə çırpdılar, acılı-şirinli xatirələrə daldılar, sonra da… hər şey unuduldu…
Artıq neçə illərdi ki, Vilayət Rüstəmzadə cismən bu dünyada yoxdu, amma adı, şeirləri, tərcümələri, bir də onunla bağlı xatirələr hələ yaşayır…

Şübhəsiz, insana, illah da yaradıcı insan ölümündən sonra dəyər vermək şakərimiz özünü göstərsə, Vilayət Rüstəmzadəni yenidən tanıyacaq, indiyəcən üzə çıxarmadığı yazılarını oxuyanda yaddaşımızdakı portretini təzələyəcəyik…

2023, sentyabr

# 2059 dəfə oxunub

Müəllifin son yazıları

# # #