Orxan Pamukun ən yeni romanından parça - N.Əbdülrəhmanlının tərcüməsində

Orxan Pamukun ən yeni romanından parça - N.Əbdülrəhmanlının tərcüməsində
18 yanvar 2015
# 09:30

Kulis.az yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının tərcüməsində Orxan Pamukun yeni romanı “Kafamda bir tuhaflık”dan bir hissəni təqdim edir.

Mövludun məktəb illəri

Tuttəpə Atatürk Oğlan Liseyi Tuttəpəni və arxasındakı digər təpələri İstanbulla birləşdirən yolun qurtaracağındakı alçaq düzənlikdə elə yerləşmişdi ki, Poxludərə boyu düzülmüş sonrakı məhələlərdə, sürətlə gecəqondularla örtülən digər təpələrdə, həyətlərində camaşır sərən analar, oxlovla xamır yayan xalalar, çayxanalarda okey və kart oynayan işsiz kişilər məktəbin narıncı rəngli binasını, Atatürkün büstü olan böyük bağda gimnastika və din müəllimi Kor Kərimin nəzarəti altında daim gimnastikayla məşğul olan (ayaqlarında rezin ayaqqabılar, əyinlərində şalvar və qollu köynəklə) şagirdləri çox uzaqdan və mütəhərrik xırda nöqtələr kimi görmək olurdu. Qırx beş dəqiqədən bir uzaq təpələrdə eşidilməyən zəng çalınır və yüzlərlə şagird bir anda həyətə dağılışır, sonra eşidilməyən daha bir zəng çalınır, hamısı bir anda yoxa çıxırdı. Amma hər bazar ertəsinin səhəri Atatürkün büstünün ətrafında yığışan min səkkiz yüz şagirdin birağızdan oxuduqları “İstiqlal marşı” təpələrin arasında zəif əks-səda verir, o ətrafdakı on minlərlə evdə eşidilrdi.


“İstiqlal marşı” oxunmazdan əvvəl binanın girişindəki pilləkənləri qalxan lisey müdiri Fazil bəy Atatürkdən, Vətən sevgisindən, millətdən, unudulmaz keçmiş hərbi qələbələrdən (Mohac kimi qanlı və fəthli olanları sevirdi) bəhs eləyən nitq söyləyər, şagirdlərdən Atatürk kimi olmalarını tələb eləyərdi. Liseyin yaşlı və araqarışdıran tələbələri Mövludun ilk illərdə dərk eləyə bilmədiyi lağlağı sözlər söylə dikləri, bəzi tərbiyəsizlər qəribə, hətta iyrənc səslər çıxardıqlarına görə, müdirin yanında dayanan müavini Skelet bir-bir bütün şagirdlərə polis kimi diqqətlə göz qoyardı.

Müdirin Türkiyənin gələcəyi məsələsində qəlbini ən çox qıran şey min səkkiz yüz şagirdin “İstiqlal marşı”nı hamısı birgə və birağızdan oxumamalarıydı. Hər kəsin öz küncündə təkcə “İstiqlal marşını” öz bildiyi kimi oxuması, hətta bəzi “yarımçıqların” heç oxumamaları müdiri hövsələdən çıxarırdı. Bəzən məktəb həyətinin bir guşəsindəki şagirdlər marşı qurtaranda o biri guşədəkilər heç yarısına çatmamış olur, marşın hamı birgə, “vahid yumruq” kimi oxunmasını tələb eləyən müdir yağışa, qara fikir verməz, marşı min səkkiz yüz şagirdə təzədən oxudar, bəzi şagirdlər də araqarşıdıran olduqlarından və inad üzündən ahəngi pozar, bu da gülüşlərə və vətənsevər şagirdlərlə lağlağı və ümidsiz şagirdlər arasında davaya səbəb olardı.

Mövlud ilk illərdə siyasətə qarsımaq istəmədiyindən həmin davalara uzaqdan göz qoyar, arsızların zarafatlarına güləndə Skeletin nəzərinə çarpmamaq üçün ordlarını işəridən dişləyərdi. Amma az sonra ay-ulduzlu bayraq ağır-ağır göyə ucalanda günahkarlıq hissilə gözləri yaşarır və marşı səmimiyyətlə oxuyurdu. Həyatının axırına qədər harada – hətta filmlərdə belə - ucalan türk bayrağı görəndə Mövludun gözləri yaşarmağa davam elədi.

Mövlud bazar ertələri məktəbdəki bayraq mərasimindəki müdirin istədiyi kimi, “hər şei Vətən üçün üləyən Atatürk” kimi olmağı çox istəyərdi. Bundan ötrü üçillik orta məktəbi və üçillik liseyi bitirməliydi. Bunu nə ailələrindən, nə də bu yayın axırında gəldiyi kənddən indiyədək heç kəs bacara bilmədiyinə görə bu hədəf hələ məktəbin ilk günlərindən Mövludun beynində Bayraq kimi, vətən kimi, Atatürk kimi həyalı gözəl, çatılması çətin olan bir şey kimi qaldı. Tuttəpə, Quştəpə kimi gecəqondu məhəllələrindən məktəbə gələn şagirdlərin çoxu ya küçə satıcılığı eləyən atalarının və ya bir əsnafın yanında işləyir, bir az da böyüyəndə məktəbi atacağını bilir, ya bir çörəkbişirənin, kapotçunın, qaynaqçının yanına şagird düələ bilmək üçün növbə gözləyirdilər. Ataları tikintidə, birtəhər tikilmiş emalatxanalarda, yaxınlardakı fabriklərdə fəhləlik eləyənlərin çoxu da məktəbi bitirməyi yox, dərhal harasa şagird düzəlməyi arzulayırdı.

Bəzi üsyan və çaxnaşma günlərində şagirdləri məktəbə polis çağırmaqla hədələyən müdir Fazil bəyin ən böyük dərdi qabaq sırada əyləşən yaxşı ailələrin uşaqlarıyla yoxsul şagird əksəriyyəti arasında ahəng və nizam təmin eləyib məktəbdə nizam-intizamı düzəltmək idi. Bunun üçün bazar ertələri mərasimində veciz formada ifadə elədiyi fəlsəfəyə girişmişdi: “Yaxşı təhsil varlılarla yoxsulların fərqini aradan qaldıracaq!” Fazil bəy bu sözüylə kasıb uşaqlarına “Yaxşı oxuyub məktəbi bitirsəniz, siz də varlı olarsınız”mı, yoxsa “Yaxşı oxusanız nə qədər yoxsul olduğunuz bilinməz”mi deməkmi istəyirdi, Mövlud bunu başa düşə bilməmişdi.


Müdir Atatürk Oğlan Liseyində təhsilin yaxşı olduğunu bütün Türkiyəyə sübut eləmək üçün lisy komandasının İstanbul Radiosu Liseylərarası Bilik Yarışında yer tutmasını istəyir, bu məqsədinə nail olmaqdan ötrü vaxtının çoxunu yuxarı məhəllənin yaxşı uşaqlarından təşkil elədiyi komandaya (qısqanclar və tənbəllər arasında məktəb komandası “hafizlər” kimi tanınırdı) Osmanlı padşahlarının doğum və ölüm tarixlərini əzbərlətdirməklə keçirirdi. Müdir hamının yığışdığı bayraq mərasimlərində təmirçi, qaynaqçı şagirdi olmaq üçün məktəbi atan keçmiş şagirdlərin arxasınca savadlandırmağa və biliyə xəyanət eləmiş zəaif adamlara lənət eləyən kimi danışır, həm məktəbə gedib, həm də Mövlud kimi gönortadan sonra qatıq satanları danlayar, pul qazanmaq xəstəliyinə düşmüş şagirdləri düz yola çəkmək üçün qışqırırdı: “Türkiyəni plovbişirənlər, satıcılar, dönərkababçılar yox, bilik xilas eləyəcək!” Eynşteyn də kasıb olmuşdu, hətta orta məktəbdə fizika dərsindən sinifdə qalmışdı, amma üç-beş qəpik üçün məktəbi atmamış, qazanan da özü və milləti olmuşdu.

Tuttəpə Atatürk Oğlan Liseyi, əslində, Məcidiyyəköy və onun ətrafındakı yuxarı məhəllələrdə modern və avropasayağı kooperativ evlərdə yaşayan məmur, vəkil və həkim uşaqlarının yaxşı milli təhsil almaları üçün yaradılmışdı. Amma təəssüf ki, son on ildə, xüsusilə 1970-ci ildən sonra arxa tərəflərdəki boş təpələyə yayılan gecəqondu məhəllələrindən gələn anadolulu kasıb uşaq dəstələrinin işğalına məruz qalanda həmin gözəl liseyi idarə eləmək az qala qeyri-mümkün olmuşdu. Satıcılıq eləyib məktəbə gəlməyən, bir işə düzəlib məktəbdən çıxan, oğurluq, adam döymək, bıçaq çəkmək, müəllimi hədələmək və təcavüz kimi cinayətlər işlədib məktəbdən qovulan şagirdlərin çoxluğuna baxmayaraq, siniflər ağzınacan doluydu. Otuz şagird üçün nəzərdə tutulmuş modern siniflərdə əlli beş nıəfər dərs keçər, iki nəfərlik sıralarda üç nəfər şagird dirsəkləşə-dirsəkləşə oturar, tənəffüslərdə qaçanlar, gəzənlər, oynayanlar daim bir-birlərilə toqquşan maşınlar kimi çarpışırdılar. Zəng çalınan, dava başlayan, qarmaqarışıqlıq düşən kimi dəhliz və pilləkənlərdəki tünlük nəticəsində əzilib özündən gedən zəif şagirdlərə müəllimlər otağında odekolon iylədilirdi.

Birinci illə ikinci ilin yarısındakı bir il yarımlıq məktəb dövründə sinifdə harada oturacağıyla bağlı bərk qətiyyətsizlik keçirdi. Bu problemi həll eləmək üçün çalışdığı vaxtlarda “həyatda neyləməli” sualına cavab axtaran qədim filosoflar kimi “Atatürkün qürur duyacağı elm adamı” olacaqsa, dəftərləri, qalstukları, ev tapşırıqları düzgün və tam olan yuxarı məhələnin yaxşı ailə uşaqlarıyla dostluq eləməli olduğnu başa düşmüşdü. Həm özü kimi gecəqondularda yaşayan (şagirdlərin üçdə ikisi), həm də dərslərini yaxşı oxuyan bir şagirdlə Mövlud hələ rastlaşmamışdı. Özü kimi haqqında, “Amandı, bu ağıllı uşaqdı, oxusun” dediklərinə görə gecəqondu məhəlləsibndə yaşamasına baxmayaraq, məktəbi ciddi hesab eləyən bir neçə naşı şagirdlə həyətdə rastlaşmışdı, amma başqa siniflərdə oxuyan və “inək” adlandırılıb təhqir olunan həmin tənha ruhlarla lisyin məhşərsayağı tünlüyündə əlaqə yarada bilməmişdi. Bunun bir səbəbi “inək”lərin məhz onlar kimi gecəqonduda yaşadığı üçün Mövluda şübhəylə baxmalarıydı.
Mövlud “inək”lərin həddən artıq nikbin həyati görüşlərinin çürük olduğunu da sezirdi. Orta məktəbin ilk “Coğrafiya” kitabını əzbərləsə, gələcəkdə varlı olacaqlarını güman eləyən həmin “ağıllı” uşaqların, əslində, səfeh olduqlarını hiss eləyir və heç onlara oxşamaq istəmirdi.

Qabaq sıralarda oturan və tapşırıqlarını daim yerinə yetirən yaxşı ailə uşaqlarıyla dostluq eləmək, onların yanında oturmaq Mövludun özümü daha yaxşı hiss eləməsinə imkan verirdi. Qabaq sıraya keçmək üçün daim müəllimlərin gözlərinin içinə baxması, anların başladıqları, amma maarifləndirici məntiqlə axırını demədikləri cümlələri ağızlarından qapıb ucadan bitirməliydi. Mövlud dərslərdə qollarını sinəsində çarpazlayıb qımıldanıb-eləmədən heykəl kimi oturur, daim əlini qaldırır, bəzən özünü saxlaya bilməyib “Müəllimim, müəllimim, mən!” deyirdi. Bu xoşniyyətli hərəkətləri sayəsində müdirin yaxşı təhsilin varlıyla kasıb arasındakı fərqi aradan qaldıracağıyla bağlı təsəlli verən nitqlərinin sübutu kimi, qabaq sıralarda özünə müvəqqəti də olsa, yer tapa bilirdi. Amma aralarına girməyə çalışdığı yuxarı məhəllə binalarında yaşayan uşaqlar da qəribəydilər, hər an insanın qəlbini sındıra bilərdilər. Orta məktəbin birinci ilində Mövludun qabaq sırada yanında oturmaq şərəfinə nail olduğu Damad qarlı bir gündə tünlük tənəffüsdə futbol oynayan (köhnə qəzetlərdən iplə bağlanmış topla, çünki məktəbə futbol topu gətirmək qadağan idi), dəl kimi qışqıran, dalaşan, toz içində güləşən, itələşib bir-birlərini qapazlayan, təpikləyən və qumar oynayan (futbol şəkilləri və üç yerə bölünmüş siqaret parçalarıyla) tünlüyün arasında bir anlığa əzilmək təhlükəsindən qurtulmuşdu. Ani qəzəblənmiş Damad Mövluda sarı çevrilmiş “Kəndçilər bu məktəbi doldurdular, - demişdi, - atam məni başqa məktəbə qoyacaq”.


Mövlud Damadın gecəqondulardan gələn şagirdlərdən şikayət eləməsinə baxmayaraq, daim yanında əyləşən yoldaşının gecəqonduda yaşadığını heç bilmədiyini, heç bu barədə düşünmədiyini, hətta xəyalına belə gətirmədiyini həmin gen dərk eləmişdi. “Damad” ləqəbini ona qalstukunun və pencəyinin şıqlığına daim fikir verdiyi və qadın həkimi olan atasının üzünü qırxandan sonra vurduğu odekolondan bəzi səhərlər çoxlu sürtüb sinfə gəldiyinə görə vermişdilər. Odekolon vurmadığı günlər ondan soruşurdular: “Damad, bu gün toy yoxdumu?” Damad bəzilərinin hesab elədiyi kimi, zəif deyildi. Bir dəfə Damadı qadın yerinə qoyub odekolonun qoxusunu daha yaxşı çəkmək bəhanəsilə onun boynuna kinayəylə yaxınlaşdıran bir nəfərin çənəsinə ilişdirdiyi sərt yumruqla yıxmış, arxa sıralarda oturan lotuların hörmətini qazanmışdı.

Bəzən müəllimlərdən biri sinifdəki bərk gurultu müqabilində tədbir kimi bütün sinfin yerini dəyişdirirdi. Xoşagələn sifəti olan belə vaxtlarda müəllimin gözlərinin içinə həddən artıq istək və itaətlə baxa-baxa lap qabaqda əyləşə bilir, amma yenə kor tale onun geri atılmasına səbəb olurdu. Damad bir dəfə iri döşlü biologiya müəllimi Məlahətin onu arxaya göndərmək qərarına cəsarətlə etiraz eləmişdi:

“Müəllimə, qoy qabaqda otursun, sizin dərsinizi çox sevir.”

“Görmürsənmi sırık kimi boyu var, - zalım Məlahət demişdi, - arxasındakılar önün üzündən yazı taxtasını görmürlər.”

İbtidai məktəbi bitirəndən sonra atası Mövludu bir il də kənddə əbəs yerə saxladığına görə o, sinifdə yaşca ən böyük idi. Həm də bədəncə də başqalarından böyük idi. Mövlud qabaq sıradan arxaya qayıdanda utanır, yeni-yeni özünürahatlatma xasiyyətilə iri gövdəsi arasındakı başı qəribə əlaqədə olardı. Mövludun aralarına qayıtmalarını arxa sıradakılar alqışlar və “Mövlud yuvaya!” şüarıyla qarşılayırdılar.


Arxa sıralar heyvərə lotuların, quldurların, tənbəllərin, kütbeyinlərin, acından başı fırlanan ümidsizlərin, yaşlıların və yaxın vaxtlarda məktəbdən qovulacaq adamların yeriydi. Bir iş tapıb məktəbi atanlar da yavaş-yavaş arxa sıralara sürünənlər arasından çox çıxar, amma bəzi şagirdlər də - Mövluddan başqa - iş tapmadan arxa sıralarda yaşlaşırdılar. Bəziləri onsuz da günahkar, əməlli-başlı səfeh, yaşlı, ya da həddən artıq heyvərə olduqlarına görə, məktəbə gəldiyi ilk gündən özü gedib arxa sırada otururdu. Mövlud kimi bəzi başqalarısa, arxa sıraların özləri üçün pis tale heç cür qəbul eləməyən, müəllimin kürsüdən danışdığını eşidə bilməyən, heç vaxt varlı ola bilməyəcəklərini ancaq ömrünün sonunda dərk eləyən bəzi kasıblar kimi, uzun səylərdən və peşmanlıqlardan sonra acı həqiqəti başa düşərdilər.

Axırıncı iki sırada oturanların orta yaşı Mövludun bir dəfə apardığı hesaba görə (orta məktəbin birinci sinfinə on iki yaşında getməyin müqabilində) on dörd il yarım idi. Başda tarix müəllimi Ramzes olmaqla bir çox müəllim arxa sıralara müraciət eləməyin, oralarda əyləşən şagirdlərə hər şey öyrətməyə çalışmağın əbəsliyini təcrübədən bilirdilər. Başqaları isə (Məsələn, Mövludun yavaş-yavaş və özü də bilmədən vurulduğu gənc və ürkək ingilis dili müəlliməsi Eda xanım) arxa sıralarla qarşıdurmaya getməkdən, hər hansı bir şagirdlə mübahisə eləməkdən qorxduqlarından az qala o səmtə heç baxmazdılar da.


Heç bir müəllim, bəzən min səkkiz yüz şagirdi qorxutmağı bacaran müdir belə arxa sıralarla əsl qarşıdurmaya getmək istəməzdi. Çünki bu gərginliklər sürətlə qan davasına çevrilə, təkcə arxa sıralar yox, bütün sinif həmin müəllimə qarşı hücuma keçə bilərdi. Bütün sinfi qəzəbləndirən həssas məsələ gecəqondu məhəllərindən gələn şagirdlərin şivələrinin, tiplərinin, biliksizliklərinin və sifətlərində hər gün hortenziya çiçəkləri kimi açan qıpqırmızı sızanaqların müəllimlər tərəfindən lağlağı mövzusu edilməsiydi. Bəzi şagirdlər dərslərdə müəllimlərin danışdıqlarından daha maraqlı əhvalatlar söylədikləri, daim zarafatlaşdıqlarına görə müəllimlər onları xətkeşlə döyüb, təhqir eləyib hörmətdən salmaq, susdurmaq istəyərdilər. Bir vaxt hamının nifrət elədiyi gənc kimya müəllimi Fiyaka Fövzi oksidlərin formulunu yazmaq üçün hər dəfə yazı lövhəsinə tərəf çevriləndə tükənməz qələmlərin içi boşaldılmaqla düzəldilən üfürmə borularından güllə kimi yağan düyü dənələrinin hədəfi olmuşdu. Çünki sındırmaq istədiyi Şərqli bir şagirdin (o vaxt heç kəs kürd sözünü işlədə bilməzdi) şivəsi və geyimini ələ salmışdı.

Arxa sıraların lotuları bəzən məhz söz-söhbət olsun deyə, bəzən zəif saydıqları ürkək müəllimi qorxutmaqdan ləzzət almaq, bəzən də yalnız kefləri istədiklırinə görə müəllimin sözünü də kəsərdilər: “Bəsdir, müəllimə, bu dərs çox gəvəzəlik elədin, daha bezdik, bizə bir az da Avropa səyahətinizdən danışsanız!” “Müəllimə, sən həqiqətən düz İspaniyaya qədər təkcə qatarlamı getdin?”

Arxadakılar yay ayları açıq hava kinoteatrlarında göstərilən film haqqında fasiləsiz danışanlar kimi, dərsdə baş verənlər barədə elə hey ucadan danışır, əhvalatlar danışır və hamısı birgə elə gurultuyla qəhqəhə çəkirdilər ki, yazı lövhəsinin qabağında sual verən müəlliməylə ona birinci sıradan cavab verən şagird bəzən bir-birlərini eşitməzdilər. Mövlud hər dəfə arxa sıralara sürgün olunanda kürsüdə müəllimin nə danışdığını çətinliklə eşidirdi. Amma səhv başa düşülməsin, Mövlud üçün ən gözəl məktəb xoşbəxtliyi həm arxadakıların elədikləri zarafatlara gülmək, həm də Eda müəlliməni dinləməkdən keçirdi.

# 1369 dəfə oxunub

Müəllifin son yazıları

# # #