Yuxu və qarabasmaları ilham mənbəyinə çevirən sürrealizm

Yuxu və qarabasmaları ilham mənbəyinə çevirən sürrealizm
26 fevral 2020
# 18:09

Kulis.az sənətşünas Nazlı Əmirovanın “Sənət cərəyanları” silsiləsindən sürrealizm haqda yazısını təqdim edir

XX əsrdə belə bir tendensiya vardı - yeni yaranan bütün sənət cərəyanları indiyə kimi mövcud olan kanonları sındırır, qeyri-ənənəvi metodla, reallıqla əlaqəsi olmayan yeni üsulla formalaşırdılar. Yuxular, qarabasmalar, daxili qorxular, şüuraltı hiss və həyəcanlar sanki modern dünyanın sənət istiqamətlərinə ilham verirdi. İnsanların realist sənət axınlarından uzaqlaşmasının səbəbləri vardı...

XX əsr, Birinci Dünya müharibəsi, inkişaf və tənəzzülün eyni vaxtda yaşandığı dövr. Bir tərəfdən elm yeni inkişaf yoluna qədəm qoyur, insanların həyat şərtlərini, yaşayışını rahatlaşdıran texnika, sənaye sahələri, texnologiya tərəqqi edir, digər tərəfdən müharibələr, qanlı savaşlar başlayır, dünya güclərin yarış meydanına çevrilir. Belə bir qarışıq dövrdə ümidsizlik, gerçəklikdən uzaqlaşma meylləri, özünəqapanma halları bəşəriyyəti ağuşuna alır. Mənəvi problemlərin həllində, onu dərk etməkdə, insanın ruhi sarsıntılarını, baş verən qırğınların səbəb-məntiq əlaqəsini tapmaqda ağıl olduqca acizdir. Məhz modern sənət istiqamətlərinin əksəriyyəti də həmin dövrdə meydana çıxır. Onların bəzisi həyata istehza ilə yanaşır, hər şeydə mənasızlığın hökm sürdüyünü, həyatı dərk etməyin də bir mənasının olmadığını iddia edirlər. Bəzisi gələcəyə utopik ümidlər bəsləyir, kosmosla rabitədən danışırlar. Qısa müddət öncə ölüm, müharibənin dəhşətlərini görən, sonradan sürrealistlər kimi tanınacaq bir qrup rəssam, yazıçı, şair isə ağıl, məntiq və bilinən gərçəkliklə əlaqəni kəsib, xəyal gücü ilə yeni bir gerçəklik yaratmağı qarşılarına məqsəd qoyurlar.

İlk baxışda qarışıq, mənasız, absurd görünən sürreal əsərləri qavramaq olduqca çətindir.

Bildiyimiz kimi, incəsənət geniş auditoriya üçün nəzərdə tutulub. Sənətin kütləviləşməsi, hər kəs tərəfindən qəbul olunması üçün onu doğru düzgün şəkildə anlamaq lazımdır. Yalnız bu halda rəssamın, yazıçının, şairin, musiqiçinin yaratdığı nümunələri, eləcə də sürreal əsərləri qəbul etmək və qiymətləndirmək olar.

Sürrealizm cərəyanına mənsub olan əsərlərin heç də hamısı kütləvilikdən uzaq deyil. Onları əsasən iki yerə bölmək məqbuldur. Bəzi əsərlərin sadəcə adı, hər hansı bir elementi, detalı, sözü bizə onları obyektiv şəkildə mənimsəməyə imkan verir. Digərlərini isə anlamaq mümkün olmur. Əslində, sürreal əsərlərin mahiyyətində reallıq olmadığı üçün onları qavramaq prosesi də estetik zövq vermə çərçivəsindən kənara çıxa bilmir. Sürrealizmi, onun bizə bəxş etdiyi əsərlərin məğzini dərindən öyrənmək üçün cərəyanın keçdiyi tarixi inkişaf yoluna, fəlsəfi qaynaqlarına nəzər yetirmək vacibdir.

Kapitalist cəmiyyətə qarşı burjuaziyanın üsyankar qiyamı sürrealizmin sosial təməllərini qoymuş oldu. Yaradıcı insanlar dərin mənəvi və sosial təcrid vəziyyətində idilər. Onlar inqilab haqda düşünürdülər. Lakin bu etirazın özünəxas cəhətləri vardı. İlk növbədə onlar hər şeyə bazar münasibətləri nöqteyi-nəzərindən yanaşan tacirlərin, xırda alverçilərin daxili aləmini alt-üst etməyə qadir ağlın inqilabını, mənəviyyatın təmizlənməsini, zövqlərin formalaşmasını arzulayırdılar. Belə sənətkarlar usanmadan öz nihilist düşüncələrini gündəlik həyatlarına, mədəniyyətə və incəsənətə də ötürürdülər. Onların bu etirazı yaradıcılığın əsasını təşkil edən estetik dəyərlərin, ənənələrin inkarı ilə üzə çıxdı.

Başda Andre Breton olmaqla bir qrup sənətkar 1921-1922-ci illərdə Parisdə sürrealizm cərəyanının əsasını qoydular.

Şair, həkim-psixiatr Andre Breton sürrealizmin atası sayılır. O, keçmiş dadaistlərdən Hans Arp, Maks Ernst, Pol Elüar ilə birlikdə cərəyanın nəzəri-estetik əsaslarını işləyib hazırlayır. 1924-1929-cu illər aralığında sürrealizmin 3 manifesti işıq üzü görür. Cərəyanın kökündə iki qüdrətli filosofun nəzəri görüşlərinin təsiri olduqca böyükdür. Bunlardan biri fransız Anri Berqson, digəri isə avstryalı Ziqmund Freyddir.

Berqsonun fəlsəfəsində qırmızı xətlə keçən iki məsələ var. Bunlardan biri zamandır. Filosofa görə bizim həyatımızın müxtəlif dövrlərində zaman başqa-başqadır. Həyatın əvvəlində o ləng, axırında sürətlə, eləcə də tələsəndə bir cür, istirahət məqamında isə ayrı cür olur. Əslində isə insan şüurunda bütöv və bölünməz bir zaman var ki, onu ayrı-ayrı anlara bölmək qeyri-mümkündür. Anri Berqson yazır: “İnsanın daxili həyatının fasiləsiz melodiyası var, bizim bütün şüurlu həyatımız boyu səslənir”.

Berqson fəlsəfəsinin digər mühüm cəhəti intuisiya haqqında təlimdir. Alimin gəldiyi qənaətə görə, həyatın mahiyyətini yalnız intuisiya ilə dərk etmək olar. İntuisiya yüksək intellektin nəsibidir. İnsanın həyat təcrübəsi, savadı, dünyagörüşü, intellektual səviyyəsi nə qədər geniş və yüksək olarsa onun intuisiyası, hissiyyatı da bir o qədər yüksək olar.

Berqson deyirdi: “İntellekt təbii olaraq həyatın dərkolunmazlığı ilə xarakterizə edilir. Bizim ətrafımızda, eləcə də daxilimizdə olan hər şey eyni zamanda bunların heç biri bizim tərəfimizdən tam dəqiqliklə qavranmır. Təbiətlə bizim aramızda, həmçinin bizimlə idrakımız arasında adi insanlar üçün möhkəm, sənətkar üçün isə şəffaf bir pərdə çəkilib... Biz ətraf aləmdən yalnız hisslərimizin duya bildiyi və bizim davranışlarımıza aid məqamları görə və eşidə bilirik. Özümüz haqda isə yalnız üzdə olan məsələlərdən xəbərdarıq. Müvafiq olaraq bizim hisslərimiz və idrakımız həqiqət haqda təkcə praktik cəhətdən əlçatan məsələlərə dair təəssürat yaratmaq iqtidarındadır”.

Filosof təfəkkürün hadisələrin mahiyyətinin dərki prosesindəki rolunu məhdudlaşdıraraq, onun ancaq ətrafdakı hadisələrin zahiri qeydiyyatından ibarət kiçik rolunu qəbul edir. Əksinə həyatın intuitiv qavrayışı alimin fikrincə demək olar ki, sərhəd tanımır və bu, bədii yaradıcılığın xüsusi əhəmiyyətini qabardır. Həmin yaradıcılıq sırf intuisiyaya söykənir, o, bu yaradıcılığı öz mahiyyəti etibarilə həqiqətdən də yüksəkdə görür. Bununla da, bədii yaradıcılığın obyektiv xarakterinə kölgə salır.

Ona görə ki, insanlar heç də hər şeyi intuisiya vasitəsilə dərk etmək iqtidarında deyillər. Bunun üçün xüsusi təfəkkür və təxəyyül lazımdır. Həmçinin bütün insanların intuisiyası heç də eyni deyil. Bir insanın həssaslıqla qavraya biləcəyi şeyi başqa insanlar dərk etməyə bilər, yaxud da əksinə. Obyektivliyin dərki üçün təhlil etmək bacarığı da tələb olunur. Bunun üçün də savad, dünyagörüşü və intellekt olduqca vacibdir.

Berqsonun təlimlərindən çıxış edərək, sürrealistlər sənətkarın digər insanların görmədiyi, hər kəsə müyəssər olmayan intuisiyaya söykənən yaradıcı baxışını, bilincaltı dünyasının diktəsi ilə hərəkət etməsini əsas götürürdülər. Yaradıcılıq prosesi fərdin-sənətkarın dərkolunmaz ruhi vəziyyətinin təzahürüdür. Necə ki, onun istedadının, yaradıcılığının sirrinin izahı yoxdur, eləcə də daxilində baş verənlərin də məntiqi əsası bizə məlum deyil.

Anri Berqsonun düşüncələrindən ilhamlanan sürrealistlər intuisiyanın sərhədləri daxilində öz yaradıcılıqlarına incəsənətin ümumi qanunauyğunluqları nöqteyi-nəzərindən baxmırdılar, dünyanı dərkin yeni tipi kimi yanaşırdılar. Onlar həm də başa düşürdülər ki, öz irrasional düşüncələrinin, yaradıcı oyunlarının psixoloji əsasa ehtiyacı var. Bu elmi əsas isə filosof Ziqmund Freydin psixoanaliz nəzəriyyəsi olur. Andre Breton və həmfikirləri öz yaradıcılıqlarında onun psixoanalizlə yanaşı yuxu sahəsindəki çalışmalarından da faydalanırlar.

İnsan həyatının bəlkə də üçdə birini elmin qarşısında aciz qaldığı yuxular təşkil edir. Bəzi alimlərin fikrinə görə biz yuxuda olduğumuz zaman ruhumuz bədəndən ayrılıb utopik bir məkana keçir, digər bir fikrə istinad etsək, yuxular gündəlik həyatımızda qarşılaşdığımız məqamlar, başımıza gələn hadisələrin şüuraltı bizə ötürdüklərinin qarmaqarışıq təsvirləridir. Yaxud, uzun illər bundan öncə baş verən və təsirindən çıxa bilmədiyimiz hadisələri qeyri-real, yuxu şəklində görməyimizdir. Təbii ki, bu fikirlərin elmi əsası yoxdur. Ümumiyyətlə, yuxu haqda tutarlı fikirlər söyləyən alimlər olduqca azdır. Bu barədə ən dəyərli tədqiqatlar Ziqmund Freydə məxsusdur.

Alim araşdırmalarından sonra belə qənaətə gəlib ki, insanın psixoloji, nevroloji, eləcə də, bir çox əqli xəstəliklərinin müalicəsi üçün onun yuxularına, şüuraltı dünyasına nüfuz etmək lazımdır. Yenicə doğulmuş körpənin beyni və ruhu ağ kağız kimi tərtəmizdir. Böyüdükcə, həyatı qavradıqca beynimiz şüuraltı dolmağa başlayır.

İnsan həyatının bütün mərhələlərində qarşılaşdığı xoşagəlməz hadisələr olur. Onların bəzisi istəksizcə, kortəbii şəkildə beynimizə, şüuraltına ötürülür. İldən-ilə artan xətlə şüuraltına yığılan həmin zədələr xəstəlik, narahatlıq kimi bizə qayıdır. Toplanan həmin mənfi enerji nevroz, şizofreniya kimi xəstəliklərin mənbəyidir. Freydin zənnincə, yuxuların öyrənilməsi həmin problemlərin həllində əhəmiyyətli rol oynayır. Bunun üçün gördüyümüz yuxulardakı simvolları, obrazları tapmalı, onları düzgün yozmağı bacarmalıyıq. Bəzən dəfələrlə eyni nişanələr, obrazlar röyalarımızın daimi sakinlərinə çevrilir. Onları tapmaq, yadda saxlamaq, simvolların dilini öyrənmək lazımdır.

Freydə görə, incəsənətin yaranmasının əsasında da şüuraltı istəklər, xəyallar dayanır. Ruhda heç nə elə belə olmur. Psixoanalitik yuxularımızda qarşılaşdığımız rabitəsiz hadisələrin, surətlərin, hiss və duyğuların təsadüfi olduğunu düşünmür, araşdırmalara görə ən incə detalın belə bizim keçmişimizlə, şüuraltı dünyamızla mütləq şəkildə əlaqəsi var. Freyd öz xəstələrini də bu yolla müalicə edirdi. Pasientlər onları narahat edən düşüncələri, eləcə də yuxularını olduğu kimi, bütün təfərrüatı ilə danışmalı, heç bir detalı unutmamalıdırlar. Söhbət əsnasında həmin fikirlərin, hadisələrin uşaq vaxtı onları sarsıdan digər bir hadisə ilə əlaqəsini görürlər və bunu anladıqca xəstələr get-gedə sağalmağa başlayır. Freyd dərmandan istifadə etmədən, söhbət əsnasında pasientə qulaq asaraq, onu rahatsız edən məsələləri üzə çıxarır və xəstəliyin səbəbini tapır, elə söhbətlə də onları bu vəziyyətdən çıxarıb sağaldır.

Lakin sənət adamı “sağalmağa” ehtiyac duymur. Çünki məhz narahatlıq doğuran, şüurun alt qatında uzun illərdən bəri yığılıb qalan həmin zədələr sonradan yaradıcılıq prosesində rəssamın, yazıçının, musiqiçinin ilham qaynağı olur. Və sürrealizmin əsas prinsiplərindən, başlıca məqsədlərindən biri də məhz bu idi. Sürreal təfəkkürlü sənətkarlar ümidsizlik, insan itkiləri, kütləvi qırğınlar, mənəvi, iqtisadi böhranla müşahidə olunan epoxanın bütün zərərlərindən qurtulmağın yolunu incəsənətdə, yeni yaradılmış metodda görürdülər.

Onlar sənətə şüurdankənar arzular dünyası kimi baxırdılar. Buna görə də çox vaxt bu cərəyanın nümayəndələrinə “psixi xəstələr” deyirdilər. Onların nəzərində əsl sənət əsəri o halda yaradıla bilər ki, yaradıcı proses zamanı idrak öz iradəsini tamamilə itirsin. Sürrealistlərə görə XX əsrdə məntiqi yanaşma yalnız ikinci dərəcəli məsələlərin həllində əhəmiyyətli ola bilər. Buna görə də mühüm problemlərin çözümündə məntiqin və ağlın rolu minimuma endirilir.

Yaradıcılığa dadaist kimi başlayan Andre Breton bir müddətdən sonra dadaizmlə bütün əlaqəsini kəsir. Mənəvi və bədii dəyərlərin məhvinə meyl, irrasionallıq kultu onun sonrakı fəaliyyətinə silinməz bir möhür vurur. O, dağılmış dadaistlər qrupunu bir istiqamətdə toplayaraq, sürrealizm cərəyanına rəhbərlik edir. Həmin dövrdə ruhdan düşmüş sənətkarları həvəsləndirmək, onların sönmüş yaradıcılıq eşqini yenidən alovlandırmaq həkim-psixiatr Breton üçün heç də çətin olmur. O, mənəvi böhran yaşayan rəssamların, yazıçı və şairlərin qayğılarına, təşviş və narahatlıqlarına, ürək sıxıntılarına nüfuz edə, onları yeni yaranan sürrealizm cərəyanının gələcək taleyinə inandıra bilir.

Andre Breton həmin vaxt “Ədəbiyyat” jurnalında nəzəri xarakterli bir neçə yazı dərc etdirir. Dəfələrlə redaktə edərək yenidən çapa verir. Çünki dadaizm kimi sürrealizmin də əsas prinsiplərini anlamaq çətin idi. Məhz bu zaman o, hələ tələbəlik illərində, Paris İnstitutunda oxuduğu vaxt tanış olduğu Freydin psixoanaliz təlimlərini yenidən gözdən keçirir. Və öz nəzəriyyəsi üçün elmi dayaq tapır. Psixoanaliz metodu yuxuları və qarabasmaları bədii yaradıcılıq mənbəyinə çevirməyə imkan verir. Freydin nəzəriyyəsi ilə dərindən tanış olan Breton yuxulardakı mifik, simvolik obrazların, qarışıq hadisələrin böyük estetik gücə malik olacağı və sənətkar tərəfindən istifadə edilə biləcəyi qənaətinə gəlir.

1924-cü ildə cərəyanın ilk manifesti “Sürrealizm inqilabı” adı altında işıq üzü görür və dadaizmi əvəz etdiyi bildirilir. Jurnalın səhifələrində incəsənətlə bağlı bu fikirlər öz əksini tapır:

“Sürrealizm yuxusuzluqdan əziyyət çəkən adamlara yuxunun qapılarını açır. Bu zaman intellektuallıq, dərrakə artıq heç nəyə yaramır. Yalnız yuxu insana müstəsna azadlıq bəxş edir.”

Özündə mənəvi islahatları ehtiva edən sürrealizmin proqramı sosial bərabərsizlik, kapitalist münasibətləri, sinfi mübarizə məsələlərinə toxunmur. Və cərəyanın rəhbəri Andre Breton öz tərəfdarlarından qəti şəkildə sürrealizmin çərçivələrindən kənara çıxmamağı tələb edir.

Bretona görə sürrealizm insan ruhunun azad özünüifadə formasıdır. O, “Sürrealizmin manifesti” məqaləsində fikirlərini bu cür əsaslandırır: “Sürrealizm təbii psixi əlaqə vasitəsidir. Onun köməyi ilə şifahi, yaxud yazılı, həmçinin başqa yolla düşüncənin, şüurun əsl hərəkətini ifadə etmək olar. Bu, təfəkkürün, buxovlarından azad olan fikrin diktəsidir. Sürrealizm bu günə qədər laqeyd yanaşılan bəzi anlamların yüksək gerçəkliyinə, yuxunun böyük qüdrətinə, düşüncə oyunu haqqındakı inanca söykənir. Sürrealizm, bütün digər ruhi mexanizmləri tamamilə ortadan qaldırmağı və həyatın mühüm məsələlərinin həllində onları əvəz etməyi hədəfləyir.”

“Gerçəklikdən üstdə dayanan” mənasını verən sürrealizm şüuraltı dünyanın, qarışıq düşüncələr təxəyyülünün məhsuludur. İstər rəssam olsun, istər şair, yazıçı, yaxud da musiqiçi, onların hər birinin fərqli ruhi vəziyyətləri, dünyagörüşləri var, hər biri müxtəlif ictimai mühitdə böyüyüb, təhsil alıb, formalaşıblar. Eləcə də hərəsinin özünə uyğun həyat tərzi, təcrübələri və daxili yaşantıları var. Yaradıcılıq prosesində də onlar öz fərdi dünyalarının, hiss və duyğularının əsiridirlər. Sənət adamı bizə məlum olan hansısa obyektin, ya da hadisənin təsiri ilə deyil, sırf ona məxsus individual yaşantılarının təlqini ilə qeyri-real “gerçəkliyin” ötürdüyü impulslarla hərəkət edir. Buna görə də onları anlamağa ehtiyac yoxdur. Əksinə, onları olduğu kimi qəbul edib, sənətdən zövq almaq lazımdır.

Sürrealizm öz novatorluğu ilə sənətin zirvəsinə yüksələ bildi. Rəssamlıqla yanaşı, ədəbiyyat, musiqi, teatr, kino sənətinə də nüfuz etdi və dünya şöhrətli nümayəndələri meydana gəldi: Lui Araqon, Maks Ernst, Andre Masson, Xuan Miro, İv Tanqi, Hans Arp, Salvador Dali, Luis Bunuel, Rene Maqrit, Pol Delvo və başqaları gətirdikləri yeniliklərlə sənətdə qalmağı bacardılar.

# 6145 dəfə oxunub

Müəllifin son yazıları

# # #