Kulis.az "Günün şeiri" layihəsindən Nadir Yalçının "Sərçələrin iyunu" şeirini təqdim edir.
Günəş pərdəni ram edib
şığıdı yazı masasına.
Hardasa bir qoca
baxarkən əsasına
hovuza tullanan uşaqlar
əl elədi səmaya.
Yuxarı mərtəbədəki qonşu
eyvana çıxıb palaz çırpanda
radiodakı nəğməyə səs verdi.
Gurultuyla gələn leysan
tez səngidi.
Kim isə çağırır kimsəni
Kim isə salam verir
əvvəlkindən daha tez.
İndi səhər tələsir,
yubanır gecə.
Xəzri əsir…
İyundu.
Qaldırımlar rəngini dəyişir,
Tut boyayır səkini.
Küçələr məst,
insanlar sərməst,
günlər, saatlar xoş.
Payıza qalmayan toyların səsi
təzə ayın bağrından qopur.
Açıq havadakı çayxanalar
söhbətgaha çevrilir.
Fatmayi bağlarında sayrışır meynələr.
Gözləyir qonağını dənizkənarı restoranın
gənc
yaraşıqlı
universitetin qiyabisində oxuyan ofisiantı.
Fəvvarələrin ecazkar fantanı
çiləyir damcılarını öz kölgəsinə.
İyundu.
Sərçələr tut ruzisini dadıb cikkildəşir,
Boğazlarını qamaşdırır şirə.
Sərçələr gölməçələrdə çimişir,
elə yaraşırlar şəhərə…
Sərçələr yad ölkələrdən qayıdan quşları
doğma nəvazişlə qarşılayır;
daimi sakin kimi…
Bu tut ağacları Allahın sərçələrə ehsanıdı.
İyun sərçələrin iyunudu,
hər yer sərçələrin…