"Bir qadın sizdən imtina etmək istəyirsə..." - Nadir Yalçın

"Bir qadın sizdən imtina etmək istəyirsə..."  - Nadir Yalçın
11 mart 2026
# 10:00

Kulis.az Nadir Yalçının "Cem Karacanın göz yaşları"na" essesini təqdim edir.

Bir qadın sizdən imtina etməkdə qərarlıdırsa, ən düzgünü ona şərait yaratmaqdır...

Göz yaşıyla durulursa,

Durulsun ayrılıqları...

(Əhməd Oğuz)

İmtina etməyi bacardığın kimi, imtina edilməyi də qəbul etmək lazımdı, hətta səndən imtina edən öz qadının olsa belə!

Nəhəngliyin düsturlarından biri də budur. Sözsüz, bu imtinaların mənzərəsində təəssüf var. Bütün ayrılıqlar kədərlidir. Hətta bəzən çox sevdiyin köynəyindən belə ayrılmaq qəribə gəlir. Amma Əhməd Oğuz demiş, “təzədən sevmək öyrətdi, var olsun ayrılıqları!”

...Bəli, nəhənglik çətindir – Cem Karaca olmaq qədər çətin. Axı əzəmətli dağlar, geniş hövzəli sular da böyük relyef hadisələrinin nəticəsi ilə hasil olur.

Atası azərbaycanəsilli, anası erməniəsilli, Türkiyənin səsinə çevrilməyi bacaran Cem Karacananın həyat və yaradıcılığından bəhs edən “Cem Karacanın göz yaşları” tammetrajlı bədii filmini izləyəndən sonra o nəhənglik düsturunun bir hissəsini əyani görürsən; filmin bəzi epizodlarından hər şey məlum olur.

Yenicə səhnələrə çıxıb Avropa havası ilə rok mahnılar oxuyan Cem günün birində ata-anasından xəbərsiz əlində nikah kağızı, bəy qiyafəsində, yanında ağappaq gəlinlikdə bir qızla evə gəlir. Ailəsi onu təəccüblə qarşılayır. Elə həmin günün səhəri Cem Karacanı hərbi xidmətə aparırlar. Hərbi xidmətdə olarkən uzun müddətdən sonra aldığı məktubda bir günlük həyat yoldaşı onu tərk etdiyini deyir. Cem geri qayıdır, həyata olduğu yerdən davam edir. Sevir, sevilir və oxuyur.

Cem Karaca ən parlaq dövrlərində Türkiyənin səsinə çevrilməyi, əməkçi təbəqənin aktual problemlərini musiqiyə gətirməyi qət edir. Onun fikrincə, sənətkar təkcə bəstələrlə kifayətlənməməli, günün musiqisini, zamanının ritmini öz ifasında əks etdirməli idi. Etiraz dalğalarında konsertləri, inqilaba çağırış nəğmələri onu ilkin mərhələlərdə ötəri siyasi qısnamalarla üzləşdirir. Elə ilk problemlərdən sonra qurduğu ansamblın üzvləri onu tərk edirlər. O, qətiyyən dayanmır və dərhal yeni qrup yaradıb davam edir. Və sonrakı illərdə dəfələrlə ayrı ansambllarda çalışır. Hər dəfə onu yarı yolda qoyurlar, birlikdə işləməkdən imtina edirlər. Bunlara baxmayaraq Cem Karacanın yeni albomları və mahnıları fasiləsiz ərsəyə gəlir.

Cem Karacaya “1 may” valı və konsertindən sonra siyasi qısnamalar artır, haqqında məhkəmə başlayır. Belə demək mümkünsə, ovaxtkı Türkiyə hökuməti də Cem Karacadan imtina edir. O isə ailəsindən və Vətənindən ayrılıb Almaniyaya mühacirət edir. Orada da musiqidən, sənətdən əl çəkmir, yeni albomlar ərsəyə gətirir.

Almaniyada yaşayarkən ikinci həyat yoldaşı (əslində, üçüncü) oğlu ilə birlikdə xeyli müddət onun yolunu gözləyir. Amma sonda Cem Karacadan növbəti dəfə imtina edirlər – həyat yoldaşından ona ayrılıq məktubu gəlir. O, məktubu alır, oxuyur... oxuyur... tarixdə isə həmin həyat yoldaşına yazdığı məşhur “Bekle beni” mahnısı qalır.

Cem Almaniyada olarkən atasının da ölüm xəbərini alır və Türkiyənin ovaxtkı prezidenti Turtuq Özalla Almaniyadakı görüşündən sonra Vətənə qayıdır.

Hamının imtinası ilə barışır, Vətənin imtinası ilə yox.

Vətənə qayıdır və yenə də qaldığı yerdən başlayır, sevir, sevilir, oxuyur.

İmtina etdikcə, imtina edildikcə sənəti böyüyür. Çünki məqsədi Türkiyənin səsinə çevrilmək idi və bu yolda heç bir məhrumiyyət onu geri atmır, əksinə yeni əsərə səsləyir.

Rejissor Yüksel Aksunun bu tammmetrajlı bədii filmini izləyəndən sonra öz-özümə niyə bu ekran işinə kövrək yanaşdığımı düşündüm. Çünki artıq sentimentalizmin hissləri tarıma çəkmək dövrü bitib. Xüsusən, yaradıcı adam sənət əsərinə daxildəki hərarəti ilə yanaşsa da, soyuqqanlı qiymət verməlidir. Əks halda ciddi və dəqiq qənaət əldə etmək çətin olacaq. Bu səbəbdən “Cem Karacanın göz yaşları”ndan sonrakı mütəəssirliyimin niyəsini fikirləşəndə qəti bir fikir formalaşdı: filmdəki ata-oğul, valideyn-övlad, övladdan uzaqda qalan ata, atanın ölüm xəbərini qürbətdə eşidən oğul məsələləri kimi ağır həyati məqamlara yox, sənətin və sənətkarın təntənəsinə kövrəldim.

Ümumiləşdirib belə demək olar: bu süjet təzəlikcə vəfat edən atamı yada salmadı, sadəcə Cem Karacaya və bu nəhəngliyə belə nəhəng film həsr etmək addımına heyrətləndim... Daha nəhəng məqamlarla qarşılaşanda öz həyatındakı – sənin üçün böyük və dərin görünən neçə-neçə məqam mikroskopik formaya keçir.

Bu, parodiya, təqlid, yamsılama, daha kəskin desək, karikatura deyil. Çünki bioqrafik ardıcıllıqdan daha çox “Bir sənətkarın ərsəyə gəlməsi üçün hansı mərhələlər mütləqdir?” sualına cavablar göstərilir. Türkiyənin İstanbuldan ibarət olmadığını dərk edəndə sənətkar kimi üslubu formalaşır, türk xalq musiqisi ilə Avropa musiqisini sintez edə bilir. İctimaiyyətin müxtəlif təbəqələrinin həyatlarına nüfuz etdikdən sonra mahnılarının və bəstəkar kimi yaradıcılığının qayəsini müəyyənləşdirir.

Və ondan imtina edən qadınlarına, dostlarına, məmləkətinə nəğmələr oxuyaraq dildən dilə, ağızdan ağıza dolaşa bilir.

Cem Karacaya həsr edilmiş filmi izləyəndən sonra bir əlahiddə fikir də formalaşdı:

Bir qadın sizdən imtina etmək istəyirsə və bu istəyində qərarlıdırsa, ən düzgünü ona şərait yaratmaqdır, əsas odur, siz özünüz nədən imtina etməli olduğunuzu vaxtında müəyyənləşdirəsiniz.

# 151 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər