Bu roman Şərif Ağayarın məğlubiyyəti idi

Bu roman Şərif Ağayarın məğlubiyyəti idi
30 aprel 2019
# 10:35

Kulis.az gənc yazar Müşfiq Şükürlünün "Şərifin "Komandir”i, yoxsa Kubrikin polkovniki?" adlı yazısını təqdim edir.

Fransız generalı Miroya alman mövqelərinə doğru irəliləmək tapşırılıb. Birinci Dünya Müharibəsinin qızğın çağları. Ölüm səngəri. İntihara imza atan əsgərlər. Səngəri dolaşan general əsgərlərindən daha artıq alman öldürməyə hazır olub-olmadıqlarını soruşur. Onlardan biri müharibənin şokundadır.

– Arvadın var?

Generalın verdiyi sualları təkrarlayan və irişə-irişə arvadını birdə görməyəcəyini dilə gətirən əsgər odlu şapalağa layiqdir. Beləcə bölükdən qovulur. Çünki "qorxaq bir çağa” intiharı qəbul edə bilmir. O, qorxaqdır və generalın cəsur əsgərlərinin ancaq düşüncələrini zədələyə bilər. Yenə də üzünün ifadəsi, isterik təbəssümü və rabitəsiz nitqi müharibə böhranının kiçik bir aynasıdır.

Amerikalı rejissor Stenli Kubrikin "Şərəf yolu” (1957) anti-müharibə filmləri arasında, yəqin ki, ilk sıralarda gəlir. Şərif Ağayarın yaxın günlərdə nəşr olunan "Komandir” romanı mənə bu filmi xatırlatdı. Çünki hər ikisi gerçək hadisələrə söykənir. Hər ikisi müharibədən bəhs edir. Onları bir-birindən ayıran səbəblər isə təkcə sujet, zaman və ifadə formaları deyil.

Hər şeydən öncə bu iki sənət əsərini sənətkarlıq baxımından müqayisə etmək Şərif Ağayara da, Kubrikə də haqsızlıq olar. Çünki Şərif Ağayarın "Komandir”i romandan çox sənədli reportajdır. Əsərin rəvan dili və sürəkliliyi bədii keyfiyyətə çevrilə bilməyib. Bunun səbəbini izah etmək isə çətindir.

Hazırki əsas şəkil

Bu mənada onları əsərdən nümunələrlə ideyalar müstəvisində tutuşdura bilərik. Ya da belə deyək, əks qütblərin mövzuya münasibəti çərçivəsində.

Yuxarıda filmindən nümunə verdiyim o kiçik səhnədən də göründüyü kimi müharibə Kubrik üçün insan faciəsindən, psxioloji təşviqat və basqıdan ibarətdir. Filmi dünya sənət tarixi üçün önəmli edən faktlar, görünür, Şərif Ağayarın gözündən qaçmaqdadır.

Şərif bu sualı aydınlaşdırmaq üçün özünə ikinci bir sual ünvanlaya bilər: "Hansımız həyatın gerçək üzünü ifşa etmək, həqiqəti aşkarlamaq iqtidarındayıq? Mən yoxsa Kubrik?”

Film döyüş zamanı "irəli” əmrinə itaət etməyib geri çəkilən üç əsgərin məhkəməsi və gülləyə düzülməsindən bəhs edir. Müharibə dövründə insan həyatı dəyər kəsb etmir. Onun mahiyyəti budur. Film savaşın suiqəsdlərə, ölümcül oyunlara, edamlara, təhdidlərə özül olduğunu izah etməkdədir.

Şərifin işlədiyi mövzuları qısaca ümumiləşdirək: vətənə bağlılıq, anaya sədaqət, ataya hörmət... Şərifi narahat edən mövzuların Kubrikin baxış açısından xüsusi çəkisi yoxdur. Bu mənada onları müqayisə etmək doğru görünmür. Ancaq ortada müharibə qurbanları və müharibənin həyatlarını dəyişdiyi insanlar var. Şərifin qəhrəmanı üçün bu bir şərəfdir. Kubrikin qəhrəmanları üçünsə ölümə bu cür məhkum olmaq qəbul edilməzdi.

Romanın vətənpərvərlik mövzusuna həsr olunduğunu göstərmək üçün sitat gətirmək belə artıqdır. Çünki "Komandir” Raquf Orucov Qəhrəmandır. Ancaq yenə də əldə sübut ziyan deyil: "İndi mən bütün var-dövlətimi, hətta öz canımı pirin torpağına basdırmağa hazır idim, təki kəndimizi, anamı qoruya biləydim”.

Müəlliflə qəhrəman arasında mükəmməl ahəng tapmaq çətin deyil. Buna düşüncə və etiqad uyğunluğu deyək. Cümlələr obrazların dilindəndir. Ancaq yazıçının baş qəhrəmana, onun şəxsiyyətinə və düşüncələrinə rəğbəti nəzərdən qaçmır: "Müharibə ilk dəfə bütün ağırlığıyla çatmışdı mənə. İndi vətən sözündən sızıltı eşidirdim və bu səs ayaqlarımdakı qəlpələrin sızıltısına qarışıb hüznlü nəğməyə çevrilirdi. Mən bu nəğməni bütün bədənimlə dinləyirdim. Bəzən sızıltılar artır, həzinlik itir, içimdə dəhşətli bir intiqam marşı çalınırdı. Qara pişiyin çığırtısı bir yandan məni vahimələndirsə də, o biri yandan qisas hissimi gücləndirirdi”.

İntiqam hissinin poetikası. Mənə daha çox belə göründü. Amma gəlin kitabın bir başqa hissəsinə də baxaq.

"Kapitan Rəşidov” başlıqlı paraqrafda Komandirlə Rəşidov arasında müharibə barədə kiçik bir polemika olur. Adam ümidlənir. Yəqin, Şərif artıq burda məsələni çözəcək.

"Kəşfiyyatçı namaz qıla bilməz”, "Günahsız insanları niyə öldürürük?” deyə düşünən kapitanı, nəhayət, Komandir susdurur: "Əsl döyüşçünün nəfəsi də ibadətdir”.

"Şərəf yolu”nun polkovniki ilə general arasında hardasa yuxarıdakına oxşar bir mübahisə olur, ancaq daha kəskin və şiddətli. "Anthil” adlı düşmən məntəqəsini ələ keçirmək üçün polkovnik Daksdan əsgərlərini fəda etməyi istəyən general hələ üstəlik itki sayını da hesablayır, əvvəlcədən ölçür-biçir. Bundan dəhşətə gələn polkovnik qəzəbini basdırmağı bacarmır və vətənpərvərliyin axmaqlıq olduğundan danışmağa başlayır. Hətta ingilis yazıçısı Samuel Consondan sitat gətirir: "Vətənpərvərlik bir xainin son sığınacağıdır”.

Məncə, bu "roman” ən azından Şərif Ağayarın bir yazıçı kimi ideyalar aləmində məğlubiyyəti idi.

artkaspi.az

# 3508 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #