Patriot bomj

Patriot bomj
23 iyun 2018
# 12:30

Murad Köhnəqala

O gün təmir üçün çəpərə alınmış bir binanın yaxınlığında dayanıb dostumu gözləyəsi oldum. Baxdım ki, buralar çox da darıxdırıcı olmasın deyə, çəpərin üstünə şəhərin müxtəlif görkəmli yerlərinin böyük foto şəkillərini yapışdırıblar. Vaxt ötürmək üçün yaxınlıqdakı skamyada oturub çantamdan bir qəzet çıxararaq vərəqləməyə başladım. Bu zaman binanın tinindən üzü tüklü, gözlərinin altı tuluqlamış, əzik və milli bir bomj çıxıb yerdən siqaret kötüyü götürdü və həmin kötüyü damağına qoyaraq mənə tərəf yaxınlaşdı:

“Əmoğlu, yandırmaq olarmı? Siqaretim söndü, yandırmağa bir şeyim yoxdu.”

Bomjun bu saxtakarlığına əsəbiləşməsəydim ona siqaret də verərdim. Ancaq eləmədim, alışqanımı çıxarıb saymazyana ona uzatdım. Düşündüm ki, ay zalım oğlu, bütün həyatını xərcləyib qurtarmısan, bu yaşadığını insan həyatına aid eləmək olmaz, hər şeyin göz qabağındadı, heç olmasa bu halında saxtakarlıq eləmə.

Nə isə, bomjumuz ağzındakı kötüyü yandırıb mənə çoxlu zəhlətökən minnətdarlıq elədi. Sözlərinə əhəmiyyət vermədiyimi görüb yanımdan uzaqlaşdı. Maraq üçün onun arxasınca baxdım ki, görüm, indi nə qələt qarışdıracaq. Yadıma Rusiyada gördüyüm bomjlar düşdü. Onlar çox səmimi olurdular, ta bomjluqdan o tərəfə yoxdu ki, yalan danışmaq nə üçün? De ki, siqaret almağa pulum yoxdu, yerdən siqaret kötüyü yığıram, burda nə var ki? Bütün ömrün boyu yalan danışmısan, heç olmasa bomj olanda səmimi ol daa!

Bıy, bir də baxdım bizim bu bomj yerdən bir dənə də siqaret kötüyü qaldırıb ağzındakı ilə yandırdı və tüstülədə-tüstülədə bəzəkli fotoları olan çəpərin qarşısında dayandı. Məni maraq bürüdü, bu nə eləmək istəyir? Pah, əməllicə işimiz varmış ki! Şalvarının arxası sallanan bizim bu bomj çəpərdəki foto şəkilləri sərgi salonunda rəsm əsərlərini seyr edən adamlar kimi irəli-geri gedib diqqətlə seyr edirdi.

Əvvəlcə Milli Elmlər Akademiyası binasının fotosu qarşısında dayandı. Uzaqdan hiss olunurdu ki, bomjumuz şəhərimizin görkəmli yerləri ilə fəxr eləyir. Bəh-bəh-bəh! Sən bilirsən bura haradı? Elmlər Akademiyasıdı, ee, elmlər! Burda elm qaynayır, aşıb daşır! Burda elə alimlər var, mələklərin uçma sürətini hesablayırlar. Mələklər bilirsən necə uçur? Samalyot-raket o mələklərin yanında tısbağadı, tısbağa! Mən görmüşəm o binanı, bax, bu qapıdan gündə nə qədər alim arı yuvasındakı kimi girir-çıxır, girir-çıxır. Elm də ki, qaynayır, necə lazımdı!

Bomjumuz Elmlər Akademiyasının binasını dərindən seyr etdikdən sonra fəxrlə növbəti şəkilin qarşısına keçdi. Bu da Azneft meydanındakı Bəhram Gurun heykəlidi. Bah-bah-bah! Bu kişi neynir, ala? Əlindəki qılınca bax ee, sən! Adamı tutsa ortadan iki bölər. Nədi ee, bu tutduğu? İlandı? Hə, yadıma düşdü, o vaxtlar deyirdilər əjdahadı. Əjdahanı tutub ee! Gör ee, biz Qarabağı ala bilmirik, bu, əjdaha tutub! Özü də əynində paltarı-zadı yoxdu, haa! Əşi, düz eləyir, nə paltar ee? Qınamasaydılar mən də soyunub atardım bu zir-zibilləri üstümdən! Hələ elələri var, paltar azmış kimi, üstündən qalstuk da bağlayır.

Nə isə, əşi, qalstuku buraxaq, keçək şəklə. Həə, bu tərəfdə “Çinar” kafesi var, orda əla yemək verirlər. Oturmuşuq orda, bəs nədi? Çaxır içmişik, kababnan suxoy çaxır! Faiq Rusetdən gələndə aparmışdı bizi ora. Yaman da bahaçılıqdı haa! Kabab əla şeydi! Gör, nə vaxtdı kabab yemirəm ee! Erməni də bu yandan deyir, kabab bizim yeməkdi, adam yanıb-tökülür! A kopayoğlu, sən kabab bişirə bilərsən? Səninki donuz otarmaqdı, get donuzunu otar! Hi-hi-hi, donuzdan kabab olar? Sənə bir erkək toxlu verərəm, deyərəm, al, kəs, kabab çək, görüm, necə çəkəcəksən? Sən heç qoyunu yıxıb üzü qibləyə tuta bilməzsən, qalmışdı hələ kabab çəkməyin! Rus kömək eləməsəydi sən heç Qarabağ ala bilərdin? Qəhrəman çıxıb mənimçün! Əşi, başını burax ee, erməninin, gör, burdakı nədi? Həə, funikulyor! Minmişəm, ona da minmişəm. O vaxlar Şəhidlər Xiyabanı yox idi ki! Orda yekə bir park vardı. Zadın da, nədi bunun adı? Hə, Kirovun da iri çəkməli heykəli vardı parkın üstündə. Əlini irəli, dənizə tərəf uzatmışdı, yəni burdan çıxan nöyüt, qaz, ikra – hamısı mənimdi. Getdi ee, o günlər, heyf o günlərdən!

Baxdım ki, bomjumuz yanı-yanı addımlayıb növbəti fotonun qarşısına keçdi. Baa! Bura haradı? Əlbəttə, Qız Qalasıdı! Kim tanımır bizim Qız Qalasını? O vaxt uşaqlar dedi, gəlin, gedək Qız Qalasının başına çıxaq, dedim, mən qalxmaq istəmirəm. Oturub iki bakal pivə içdim, onlar Qalanın başına çıxıb qayıtdılar. Gərək mən də çıxaydım! Qorxdum, daa, prosto! Dedim, birdən kulək əsər, ordan başıaşağı gələrəm yerə. Görəsən, bunu kim tikib ee? Yəqin dünyada ən hündür qala bizim Qaladı. Gərək bunun yanında bir dənə də Oğlan Qalası tikəydilər, bəh-bəh-bəh, ləzzət eləyərdi! Xaricdən gələnlər bu Qalaya baxıb həsəd aparırlar, deyirlər, nə olaydı, bu Qala bizim olaydı. Nə yaxşı, erməni demir, Qız Qalası bizimdi? Deyə bilməz axı, görmürsən adı Qız Qalasıdı? Erməninin olsaydı Axçi Qalası olardı daa! Bəlkə də indi İrəvanda deyirlər ki, bizim Qız Qalası Bakıda qalıb, azərbaycanlılar Qalamızı əlimizdən alıb.

Bomj növbəti fotonun qarşısına addımlayanda dostum gəlib çıxdı. Çəpərdəki şəkillərə baxdım ki, kişinin hələ orda axşamacan seyr eləməyə materialı var.

# 4083 dəfə oxunub

Müəllifin son yazıları

# # #