Xoruz kimi banlamağım, məni yeyən rəngli kirpilər, YUXULARIM-6

Xoruz kimi banlamağım, məni yeyən rəngli kirpilər,  YUXULARIM-6
26 may 2014
# 11:47

Bildiyimə görə, insanların nə üçün yuxu gördüyünü elm hələ də izah edə bilmir. Tarix boyu yuxuyozanlar da az olmayıb, lakin şəxsən mən yuxulara ciddi sistematik bir nəsnə kimi baxmamışam.

Dəfələrlə sübut olunub ki, bəzən insana yuxu vasitəsi ilə hansısa mesaj çatdırılır. Bu fikrin doğruluğuna inansaq, belə çıxır ki, insanların taleyi əvvəlcədən hazırlanır. Şəxsən mən gördüyüm yuxularda real həyatımda baş verən bəzi hadisələrin mesajlarını dəqiqliyi ilə almışam, amma bütün bunları təsadüflərə və simvolik aldanışlara yozmuşam.

Adətən yuxularım ayılandan sonra yadımdan çıxır. Lakin elə yuxular da var ki, hansısa əlamətdar elementinə, qeyri-adi süjetinə görə yadda qalır. “Yuxularım” layihəsində gördüyüm maraqlı, absurd yuxularımın yaddaşımda ilişib qalan yerlərini yuxu söyləyən adamın təhkiyəsi ilə təqdim edəcəm.

Yuxularım – VI

Məni yeyən rəngli kirpilər

Gördüm, qəbiristanlığın yanı ilə baş daşlarına baxa-baxa keçirəm. Qəfildən bir qəbir daşındakı bığlı kişi şəkli mənə əl eləyir. Mən qorxa-qorxa onun qəbrinə tərəf gedirəm. Şəkil bir az aralıda topalaşmış uşaqları göstərib mənə deyir, gör, onlar nə üçün yığışıb?

Gördüm, yaşıl otları basa-basa cığır salmış bir dəstə uşaq dövrə vurub başlarını aşağı tutaraq nəyləsə məşğuldular. Mən uşaqlardan ora nə üçün yığıldıqlarını soruşuram. Onlar çökmüş qəbir oyuğunu göstərib deyirlər ki, burda çoxlu kirpi balası var. Mən uşaqları aralayıb kirpi yuvasına baxıram. Görürəm ki, yuvada beş dənə müxtəlif rəngli kirpi balası var.

Balaca kirpilərdən birini - qırmızı rənglisini ehtiyatla ovcuma götürürəm. Onun zərif tikanları ovcumda əyilir. O biri kirpi balaları da qazma yuvadan çıxmağa çalışır, lakin yuxarı dırmaşaraq yumşaq torpaqdan sürüşüb aşağı düşürlər.

Uşaqlardan soruşuram, bəs bunların anası hardadı? Ən kiçik sarı kirpi balası ağlayaraq deyir ki, anamızı it yeyib. Onun bu sözündən çəhrayı, şabalıdı və yaşıl bacı-qardaşları ağlaşaraq yuvada ora-bura qaçışmağa başlayırlar. Mən bu xırda məxluqlara təskinlik verib deyirəm, narahat olmayın, sizin ananızı it yeyə bilməz, çünki onun nizə kimi möhkəm tikanları var.

Gördüm, qəbir daşındakı bığlı kişi o tərəfdən mənə səslənir: eey, kirpinin balalarını öz evinə apar, yoxsa quduz it gəlib onları da yeyəcək!

Gördüm, kişiyə deyirəm, birdən anaları gəlib onları tapmasa necə olacaq? Kişi bığlarını oynadaraq deyir, anaları qayıtsa deyərəm arxayın ol, balalarını yazıçı aparıb. Sonra sənə ya zəng eləyərik, ya da e-mailinə yazarıq.

Gördüm, bəzəkli kirpi balalarını qucağıma yığıb evə gətirmişəm. Onların zərif və gücsüz tikanları ovcumun içini qıdıqlayır.

Rəngli kirpi balaları getdikcə öz-özünə qaynaşıb artır. Artıq otaqda yüzə yaxın rəngarəng kirpi balası var. Gördüm, onlar üstümə daraşıb, bədənimin hər tərəfində rəngli kirpilər oynaşır. Gördüm, kirpilərin bəzilərinin tikanı azacıq bərkiyib, bədənimə hər tərəfdən tikan batır. Mən əllərimlə gözlərimin üstünü tuturam ki, gözümə toxunmasınlar.

Gördüm, rəngbərəng kirpi balaları artıb çoxalaraq bütün otağı başına götürüb. Bədənimə batan iynələrin ağrısından zarıyıb qıvrılıram.

Gördüm, qəbir daşındakı kişinin səsi deyir, qışqırmaq olmaz, çünki qışqırdıqca onların tikanları daha da bərkiyir. Mən biləyimi dişləyərək ağrılara dözüb səsimi qısmağa çalışıram. Ancaq otaqda aramsız hərəkət edən bu rəngarəng varlıqların fəvvarə kimi qaynaşması həm də xoşuma gəlir. Fikirləşirəm, görəsən, bunlar niyə qəfil belə çoxaldılar, olmaya kirpi ilidi?

Gördüm, sanki evi rəngli su basıb, artıq otaqdakı televizor və soyuducu qaynaşan kirpilərin altında qalaraq görünməz olub. Qabaran bəzəkli kirpi dalğası getdikcə yuxarı qalxırdı. Gördüm, otaq ortasına qədər limhəlim kirpilərlə dolub. Mən öz yatağımla bərabər qaynaşan kirpilərin altında qalmışam. Gördüm, kirpilər rəfdəki kitabların arasına doluşur, səhifələrdəki hərfləri kitabların içindən bayıra ataraq özləri onların yerini tuturlar. Gördüm, balaca kirpilər kitablarda rəngli hərflər kimi yan-yana düzülüb uşaqlar üçün şən hekayələr yaradırlar. Gördüm, qəbiristanlıqda gördüyüm uşaqlar həmin hekayələri oxuyub gülürlər.

Gördüm, üstümdə qaynaşan kirpilər getdikcə çoxalaraq tavana tərəf dalğalanır. Gördüm, ağırlıq altında nəfəsim təngiyir. Bu zaman otağın qapısı döyülür. Mən durub qapını açmaq istəyirəm, lakin üstümdəki ağırlığın altından qalxa bilmirəm.

Gördüm, balaca sarı kirpi: bilirəm bu anamdı, o həmişə qapını belə döyür, deyib qapını açır. Qapı açılan zaman kirpilər qışqırışaraq su kimi çölə axışır və üstümdəki ağırlıq da çəkilib gedir.

Gördüm, belində iri, qırmızı alma tutmuş yaşıl rəngli ana kirpi qapının ağzında dayanıb mənə deyir:

- Ünvanı qəbiristanlıqdakı kişinin şəklindən almışam, balalarımı xilas elədiyinə görə sənə minnətdaram.

Sonra o, almanı belindən düşürərək nəzakətlə qarşıma qoyub yoxa çıxır. Baxıram ki, bu mənim ən sevdiyim almadı.

Sonra pəncərədən görürəm ki, ana kirpi şəhərin baş küçəsi ilə gedir və onun arxası ilə minlərlə balaca rəngli kirpilər düzülüb. Gördüm, ucu-bucağı görünməyən rəngli kirpi qatarına görə maşınlar dayanıb.

Birdən görürəm, qapını açan balaca sarı kirpi yuxumdan çıxa bilməyib. Tez kirpi ovcumda küçəyə çıxıram və uzaqdan qışqırıb ana kirpini səsləyirəm. Gördüm, nə qədər çalışsam da adam kimi qışqıra bilmirəm, səsim ağzımdan çıxan kimi xoruz banına çevrilir.

Bir də ayılıram ki, dan sökülüb, xoruzlar banlayır.

Niyə hamı bizimlə maraqlanır?

Skeletdən gözlər sallanırdı

Naxışlar, alqışlar, beşillik plan

Xlorsatanın şairi ilandan xilas etməyi

Şəklimi çəkib feysbuka qoyacaqlar, biabır olacam

# 2831 dəfə oxunub

Müəllifin son yazıları

# # #