Orxan Fikrətoğlu nə yazıb?-CƏLİL CAVANŞİR

Orxan Fikrətoğlu nə yazıb?-<span style="color:red;">CƏLİL CAVANŞİR
15 noyabr 2014
# 09:30

Orxan Fikrətoğlunun “Tək” romanı Qarabağ müharibəsindən sonrakı dövrdə insanların yaşadığı mənəvi boşluğu, mənəvi böhranı oxucuya çatdırması baxımından normal bədii əsərlərdən biri sayıla bilər. Romanın bədii keyfiyyəti haqqında heç nə yazmaq istəmirəm. Bu tənqidçilərin işidir və qoy zəhmət çəkib əsərin təhlilini onlar boynuna çəksin. Mən sadəcə bir oxucu kimi oxuduğum əsər haqqında oxucuları xəbərdar etmək, əsərin qısa məzmununu, özətini sizinlə bölüşmək istəyirəm.

“Tək” romanın qəhrəmanı təkgöz, Dağlıq Qarabağın kəndlərinin birində tarix müəllimin ailəsində anadan olan, sonradan terrorçuya çevrilən qaçqın uşağıdır. Əsər Təkgözün – Bakıda gizli fəaliyyət göstərən mədrəsədə terrorçu kimi yetişən və sonradan Cəfər adlandırılan Qarabağ müharibəsi qurbanın dilindən nəql edilir. Təkgözün atası sadəlövh, kitablar arasında reallıqla uydurmaları qarışdıran, ruhi nizamını itirmiş tarix müəllimidir. Hərdən olmayan hadisələri olmuş kimi görür, uydurmaları gerçəkliklə qarışdırır. Əsərin ilk səhifələrindən Təkgözün atasının ağlını itirdiyini anlamaq o qədər də çətin olmur :

“Tarixi onun qədər çək-çevir edən ikinci bir adam olmazdı. Atam Heredotun altı böyük səhvini tutmuşdu. O, Makedoniyalı İskəndərin bir çox yürüşlərinə şübhə ilə baxan yeganə tarix müəllimi idi. Şahmat oyunu üçün iki yeni fiqur icad eləsə də, onu hansı xanaya qoyacağını bilmədiyindən bu icadını o zaman kənddə heç kimə deməmişdi. Bu sirri bir mən bilirdim, bir də nənəm.”

Təkgözün atası öz xəyallar aləmində yaşayır, hadisələrə öz yozumu ilə izah verir. Hətta Qarabağ savaşının başlamasını belə özünəməxsus şəkildə şərh edir:

“Atam Qarabağ savaşının səbəbini də kənddəki ala qarğaların iki qış sərasər qarıldamasından bilirdi”.

Təkgözün faciələrinin kökündə Qarabağ savaşı ilə yanaşı reallıq hissini itirmiş, həyatı uydurmalarla, kitablardan oxuduqlarıyla qarışdıran atasının yanlış qərarları dayanır. Təkgözün atası ermənilərin kəndə hücumunu bilsə də, kəndin boşaldığını görsə də “...kəndin “tarixi ərazilərini”” tərk etmir:

“Mən müəlliməm, düşmən qabağından qaçsam sabah uşaqlar tarixə hörmət etməz”.

Təkgözün valideynləri hücumdan əvvəl kəndi tərk etmədiyi üçün erməni silahlılarının mühasirəsinə düşür. Ermənilər kişilərə məscidə toplaşmağı tapşırıb, qadınlara qaçmağa şərait yaradacaqlarını vəd edirlər. Təkgözün nənəsi öz oğlunu – Təkgözün atasını tək buraxmır və onunla məscidə gedəcəyini bildirir. Belə olanda Tarix müəllimi 11 yaşlı oğlunun əlinə tapançanı verir və ermənilərə əsir düşmək təhlükəsi yaranarsa, anasını və özünü öldürməyi tapşırır.

Kəndi tərk etmək istəyən qadınlar və uşaqlar ermənilərin hiyləsiylə mühasirəyə düşür. Ermənilərin anasını zorlayacağını anlayan Təkgöz qucağına qısıldığı anasını güllələyir. Anasını öz əli ilə öldürdükdən sonra onun qolların qurtulmağa, qaçmağa çalışır. Qorxudan və vahimədən anasının qolları arasından xilas ola bilmir. Öldürdüyü anasının soyuq cəsədi israrla ona sarılıb onu qorumaqda davam edir.

Daha sonra qonşu kənddən bir çoban Təkgözü xilas edir və ona kəndlərinin işğal olunduğunu və kəndin kişilərinin məsciddə yandırıldığını xəbər verir.

Üzü faciələrə doğru...

Artıq Təkgöz faciələr dünyasına qədəm qoyub və onu qarşıda həyatın amansız sınaqları gözləyir. Çoban onu Ağdamda yerləşən uşaq evinə təhvil verir və Təkgöz həyatda tamamilə tək qaldığını başa düşür.

Uşaq evinə təhvil verilən Təkgözün faciəsi daha da dərinləşir. Müharibənin gətirdiyi faciələrin dərinliyi elə Təkgözün diliylə açılır:

“O zamankı qarışıqlıqda uşaq evləri hökumətin yadından çıxmışdı. Yeməyi də bizə insaflı şəhər camaatı gətirərdi. Uşaqların onda elə bil qorxudan iştahları açılmışdı. Evdə yemədikləri yeməkləri burda gözlərinə təpirdilər”.

Ancaq Təkgözün faciəsi bununla bitmir. Ağdam işğal olunur və uşaq evinə nəzarət edən yeganə qapıçı da yoxa çıxır. Aclıq və erməni əsgərlərinin mühasirəsi Təkgözü qorxutsa da, ac uşaqlar üçün çörək gətirmək məqsədi ilə ağdamlı qıza qoşulub gecə vaxtı internatı tərk edir. Yolu azdığı üçün İran sərhədinə gəlib çıxır və yenə də atasının xəyalpərəstliyinin qurbanı olur. İranda azərbaycanlıların yaşadığını, onların silahının çox olduğunu deyən atası, o dövrdə İrana pənah yeri kimi baxan sadəlövh insanların ümumiləşdirilmiş obrazıdır. Atasının sözlərindən ürəklənən Təkgöz Arazı keçir və İran həbsxanasına düşür. Həbsxanada olmazın işgəncələrini görür. Həbsxana rəisi ağdamlı qızı zorlayır və Təkgözü Naxçıvandan İrana mis alverinə gələn bir polisə satır.

Təkgözün yeganə çıxış yolu yaşadığı faciələri unutmağı, daha doğrusu xatırlamamağa çalışmasıdır. Naxçıvanlı polis onu Bakıya, Maştağadakı əqli cəhətdən az inkişaf etmiş uşaqların müalicə olunduğu xəstəxanaya təhvil verir.

Həmin illərin ağırlığını əsərin qəhrəmanı daha yaxşı nəql edir:

“ O illər insanları birləşdirəcək bircə fikir vardı: Yaşamaq. Hamı yeni hadisələrə uyğunlaşır, baş verənlərin içindən öz xeyrini axtarıb-tapmağa çalışırdı. Mənim kimi kəndlərindən qovulmuşlar belə, geri qayıdıb intiqam almaq əvəzinə yaxşı yaşamaq üçün yardım paylarını satıb pullanırdılar...

...Hamı ancaq yeyirdi. Mənə elə gəlir ki, mən onda “Tarixi”də yedim. Tarixi yemək mənim üçün o illər asan idi. Çünki öz tarixini yemək səndən o qədər də ağıl və güc tələb eləmir. Tarixdir, gözünü yumub udursan gedir.”

“Tək”in bir üstünlüyü də ondadır ki, müəllif tarixi də bu əsərin obrazlarından birinə, canlı orqanizmə çevirib.

Həyatın növbəti sürprizi onu Maştağa kəndində yaxalayır. Samir adlı biznesmen oğlu ilə tanışlığı, onların evinə yerləşməsi, Samirin atasının onu məktəbə yazdırması Təkgözün ümidlərini artırır. Təkgöz bu evdə yaşadığı müddətdə tarix dərslərində böyük nailiyyətlər qazanır, dərslərini yaxşı oxuyur, ətrafdakılardan fərqlənir. Amma yenə onun bəxti gətirmir.

Samirin bacısı Dilarəyə aşiq olur. Bu aşiqlik onu xoşbəxt etmir. Dilarənin hiyləgərliyi onun Samir tərəfindən bıçaqlanması ilə nəticələnir.

Təkgöz Cəfərə çevrilir...

Xəstəxanadan çıxdıqdan sonra Samirin atası onu Bakıda gizli fəaliyyət göstərən mədrəsəyə təhvil verir və Təkgöz bu mədrəsədə Əmir Tarik adlı bir əfqan terrorçusunun nəzarəti altında din təhsili alır və terror təşkilatı üçün xüsusi olaraq yetişdirilir. Dindən və allahdan xəbərsiz olan təkgöz, mədrəsədən xilas olmağa, əvvəlki həyatına qayıtmağa qorxur.

Sovet dövründə ucqar dağ kəndində doğulmuş əksər uşaqlar kimi Təkgöz də allahdan və dindən bixəbərdir:

“Kəndimizdə Allahı yalnız nənəm yaxşı tanıyırdı. O da hər gecə atamı ona tapşırmaqla kifayətlənirdi. Nənəmin Allaha bundan başqa sözü olmazdı.”

Müəllif qəhrəmanın diliylə dindən bixəbər xalqın yad təsirlərə tez düşməsinin bir səbəbinin də mənəviyyatdakı boşluqla, gələnəklərdən uzaq düşməklə bağlayır.

Mədrəsədə əsil kimliyi unutdurulan Təkgöz əfqan pasportuyla Pakistanda və Əfqanıstanda terror aktlarında iştirak edir, yaralanır, amerikanlara əsir düşür və Əmir Tarik tərəfindən xilas edilir. O artıq etdiyi hər cinayətin allahın istəyi olduğuna inanan zavallı bir terroristdir.

Türkiyə - sonuncu ümid yeri...

Cəfər Əmir Tarikin amerikanlarla əlbir olduğunu anladığına görə Əminə adlı bir qızla Türkiyəyə terakt törətmək üçün göndərilir. Əminəyə aşiq olması onun həyatını dəyişir. Yaşlı bir iş adamı onları evləndirir və yanında saxlayır. Təkgöz dəyişir. Etdiyi əməllərə görə çəkdiyi peşmançılıq onu dürüst, terrora nifrət edən bir adama çevirir. Çalışdığı oteldə Türkiyənin baş nazirinə qarşı “Ləşkəri İmam” terror təşkilatı tərəfindən təşkil olunan teraktın qarşısını alır və Əmir Tarik onun yaşadığından xəbər tutur.

Əmir Tarik Əminəni və Təkgözə dəstək olan iş adamı qoca Əvrəni öldür, oğlunu isə qaçıraraq ondan “canlı bomba” kimi istifadə edir.

Bütün həyatını məhv olan Təkgöz hazırladığı bomba ilə həm Əmir Tariki, həm də özünü məhv edir. Müəllif qəhrəmanın dilindən onun faciəsini sonda daha aydın, daha təsirli formada açır: “Son anda ötəri olsa da illərlərdir içimdə pıçıldanan pıçıltını da aydın eşitdim. O, səssiz pıçıldanan səs, sən demə, atamın səsi imiş. Mənə -“Bəs sən hardasan? O dünyada da yoxsan. Burda da deyilsən. Tarixə də düşmədin. Bəs sən harda yaşadın, necə oldun, mənim padşah balam?” – deyirdi.”

Müəllifin Qarabağ savaşına və savaşın fəsadlarına toxunub, müharibənin yaratdığı faciənin travmalarının nələrə səbəb olduğunu anlatmağa hesablanıb. Bəli, Tək heç də tək deyildi...

Qarabağ savaşından sonra Təkgöz kimi minlərlə insanın “harda yaşaması və harda ölməsi” bilinmədi...

# 1707 dəfə oxunub

Müəllifin son yazıları

# # #