Azyaşlını zorlayanın cəzası

Azyaşlını zorlayanın cəzası
24 sentyabr 2013
# 11:44

Mirmehdi Ağaoğlu yazır...

LAYİHƏ: Kulis-Cinema

Bir neçə il əvvəl adını unutduğum türk köşə yazarlarından birinin yazısında təxminən belə bir fikrə rast gəlmişdim: Hüququn imkanlarının bitdiyi yerdə xalqın hüququ başlayar. Səhv etmirəmsə gündəmi sarsıtmış hansısa bir tükürpədici hadisəylə bağlı idi yazı.

İnformasiya əsrində olmağımızdanmı, yoxsa cinayət hadisələrinin çoxluğundanmı kütləşmiş yaddaşımızı qurdalayıb bir müddət əvvəl baş vermiş bir hadisəni xatırlayaq. Bakı kəndlərindən birində bir oğlanı azyaşlı uşağa təcavüz etməkdən ittiham edən kənd camaatı onu ölümcül döymüşdülər.

Adətən insanlar, qatili, ya oğrunu tutub polisə verərlər, amma bu kimi hallarda, polis sistemini gözləmədən cəzanı özləri kəsərlər. Daşqalaqla, döyməklə, təpikləməklə... Belə olan halda cəza verən obyekt də sanki o daş parçaları kimi, təpiklər, yumruqlar kimi parçalanır, konkret adamı ittiham etmək olmur. Cəza verən rolunda cəmiyyət çıxış edir.

Bu cür hadisələri çox eşitmişəm. Hətta bir tanışım Ukraynada baş vermiş analoji hadisədən bəhs etmişdi. Orda cəza verənlərin baş rolunda məhəllə keşişi çıxış edibmiş, İsanın dediyi ilk daşı o atıb, ilk təpiyi o vurubmuş.

Türmədə bu cür adamların cəzası lap ağır olur. Onları üzdəniraq edirlər. Yolu-yolarağası hamıya bəllidir.

Məşhur “Xaç atası” filmi də oxşar hadisə ilə başlayır. Qızını zorlamış iki əclafa məhkəmə elə iş kəsir ki, onları elə ordanca açıb buraxırlar. Kişi acı-acı iki əclafın onun üzünə baxıb dişlərini ağartmalarını xatırlayır. O, Don Karlionedən xahiş edirdi ki, məhkəmənin layiqincə cəzalandırmadığı bu adamları mafiya babası xalq qanunları ilə cəzalandırsın.

Amma biz bu dəfə “Xaç atası”ndan yox, 1931-ci ildə məşhur alman rejissoru Frits Lanqın çəkdiyi ilk səsli filmi, həm də ilk triller olan “M”, ya da başqa adıyla “Şəhər qatilin axtarışında” filmindən danışacayıq.

Hadisələr bir alman şəhərində baş verir. Məktəbli qız uşaqlarının manyak tərəfindən aldadılaraq qətlə yetirilməsi bütün şəhəri vahiməyə salır. Öz əməlləri ilə qürrələnən bütün silsilə qətllər törədən cinayətkarlar kimi o da məktub yazaraq qətllərinin bitməyəcəyi barədə cəmiyyəti hədələyir.

Şəhər bir-birinə qarışır. Psixoloqlar məktubdakı xətdən manyakın xarakterini açmağa çalışırlar. Polis izləri axtarır. Camaat küçədə gördükləri hər kişi ilə qız uşağını potensial qatil hesab edirlər. Atalar qızlarını belə məktəbə apara bilmir.

Bundan ən çox əziyyət çəkənlər isə şəhərin oğruları, dilənçiləri, cibgirləri, səfilləridir. İndi cəmiyyət onları daha çox dışlayır, polis daha çox təqib edir. Belə olan halda onlar çıxış yolunu gildiya, birlik yaratmaqda görürlər. Beləcə qatilin axtarışına çıxırlar...

Oğrunu qatillər polislərdən qabaq tapır. Və biz müflis olub dağılmış bir zavodun zallarından birində öldürülmüş qızların anasını, oğruları və onların başçılarını görürük. Məhkəmə qurulub. Qatilin cəzası ölümdür. Lakin qatilin səfillərdən seçilmiş şərti vəkili və qatil çıxış edib iddia edirlər ki, qoy qatil polisə təslim edilsin. Məhkəmə qərarını verər. Lakin zala toplananlar bunla razı deyillər. Axı məhkəmə nə edəcək? Onun xəstə olması qərarını verib xəstəxanaya salacaqlar. Bir neçə il sonra isə guya sağalıb deyə azadlığa buraxılacaq. Axı kim qarantiya verə bilər ki, bundan sonra da o cinayət törətməyəcək? Kim?

Bax bunu heç kəs bilmir. Qərar qətidir. Buna görə də öldürülməlidir. Lakin bu an qapı açılır və əksər filmlərin sonunda olduğu kimi polis içəri daxil olur.

Filmin sonunda səhnə: Məhkəmə. Uşaqları ölmüş analar sırayla oturublar. Onlar deyirlər: “Bu (məhkəmə) uşaqlarımızı qaytarmayacaq. Sadəcə onlara daha da diqqətlə nəzarət etmək lazımdır. Ey siz!... ”

Filmə baxıb təəssüflə düşündüm: Heç bir hüquq sistemi ədalətli qərar çıxartmağa qadir deyil. İstər 1930-cu illərin Almaniyasında olsun, istərsə də indinin Azərbaycanında. Bu bütün dövrlərdə belə olub.

# 7557 dəfə oxunub

Müəllifin son yazıları

# # #