"Santa-Barbara"nın aktyoru ANS-in filmində-REPORTAJ

"Santa-Barbara"nın aktyoru ANS-in filmində-<span style="color:red;">REPORTAJ
16 dekabr 2014
# 14:07

Kulis.Az Vahid Mustafayevin “Qanlı Yanvar” filmindən reportajı təqdim edir.

“Ay oğraş, sən kişi olsaydın səninlə başqa cür danışardım”- Vahid Mustafayevin ucadan, bir az da artistizmlə dediyi sözlər, səhv başa düşməyin, konkret heç kəsə ünvanlanmayıb. Sadəcə filmdə növbəti səhnənin çəkilişlərinin məşqi gedir...

Pirəkəşkül qəsəbəsi “N” saylı hərbi hissəsinin ərazisindəyik. Açıq ərazidə film çəkilişləri gedir. “ANS” şirkətlər qrupunun prezidenti Vahid Mustafayev növbəti filmi – “Qanlı Yanvar”ı çəkir.

Pavilyonda 90-cı illərin o məşum meydan səhnəsi qurulub. Bir tərəfdə “Alabaş” dediyimizi avtobus, köhnə maşınlar, məktəb partalarından, taxta-tuxtadan, dəmir-dümürdən barrikada qurulub. Ocaq qalanıb. Avtobusun böyründəki masanın ətrafında isə bir dəstə cavan oğlan-qız əyləşib-gənc inqilabçılar. Masadakı süfrədə konserv qabları, isti çay, kolbasa dilimləri qara çörək var.

Hərbi hissəyə gələrkən yolda yamanca yağışa düşdük. Maşındakı uşaqlardan kimsə dedi: “Yağış yağır, yəqin çəkilişləri dayandırarlar”. Sonra təəccüblə əlavə elədi: “Yoxsa həmin gün yağış yağırdı?”

Uşaqlığı 90-cı illərə təsadüf edən bizlər üçün o illəri xatırlamaq həqiqətən çətindir. O gün yağış yağmışdımı? Yoxsa sakit bir hava idi. Bəlkə qar yağırdı? Xatırlamaq çətindi. Şəxsən mənim üçün o illər, şahidi olduğum hadisələrdən çox televizorda gördüyüm kadrlarla yada qalıb. İndi də dəqiqləşdirə bilmirəm, yaddaşımın “20 Yanvar” xatirələri mənim gördüklərim idi, yoxsa televiziyanın bizə təqdim elədikləri.

Hər dəfə 20 Yanvarı yadıma salanda o gün heç nə göstərməyən televizorumuzdakı, xalqın taleyinə bənzəyən ağ-qara xətlər yadıma düşür, bir də meydan hərəkatının liderlərinin televiziya dalğasına düşmüş qarmaqarışıq səsləri...

Biz çəkiliş meydançasına çatanda yağış kəssə də havadakı soyuqluq o dəqiqə canımıza işləyir. Amma çəkiliş heyəti havanın soyuqluğuna, palçığa, yağışa baxmayaraq işlərinə davam edir. İranlı çəkiliş heyəti öz yerlərini tutub, texniki işləri həyata keçirir, kameraların obyektivlərini hazırlayır, dəyişirlər. Bəzən isə filmin rejissoru Vahid Mustafayevlə də məsləhətləşirlər: “Vahid müəllim, əlliliyi qoyub çəkmağa eliyə bilmaruğ, bəyəm? Sonrada bi da yüzlüklə çəkərux”.

Vahid müəllim elə uzaqdanca operatora bir kəlmə “hə” deyir, daha əlavə şərh vermir. Çünki başı qarışıqdır. Çəkiliş üçün hazırlanmış süfrənin kolbasalarını dilimləyib aktyorlara verir. Deyəsən aktrisalardan kimsə qabağındakı kolbasa diliminə dişləm vurmaq istəmir. Kolbasalar elə necə qoyulubsa o cür də qalası deyil ki, ona görə Vahid Mustafayev zarafatla gənc aktyorlara irad tutur: “Yeyin yeyin, halal rus kolbasasıdı, əlim də təmizdi”.

Ssenari müəllifinin də Vahid Mustafayev olduğu “Qanlı Yanvar” filminin çəkilişləri artıq iki aydır ki, davam edir. Rejissor deyir ki, çəkilişlərin tamamlanmasına 15 epizod qalıb: “Cəmi 145 epizoddur. Bu günə qədər artıq 170 dəqiqəlik, yəni iki bədii filmlik material çəkmişik. Sözsüz ki, bədii film bir dənə olacaq. Əlimizdə qalan zəngin materialdan isə əlavə olaraq serial hazırlayıb tamaşaçılara təqdim edəcəyik.

Filmdə hadisələr 19-dan 20-ə keçən gecəni və 21-i tarixini əhatə edir. Ssenarinin hazırlanmasında arxiv materiallarından, sənədlərdən istifadə olunsa da hadisələrə bədii nöqteyi-nəzərdən baxış var. “Qanlı Yanvar” reportaj janrında çəkilib”.

Filmdə Azər Aydəmir, Mina Sovetski kimi yerli aktyorlarla yanaşı ABŞ, Türkiyə, Rusiya, İran aktyorları da iştirak edir. Vahid Mustafayevin sözlərinə görə çəkilişi əsasən İran çəkiliş qrupu həyata keçirir: “Azərbaycan tamaşaçısının “Santa-Barbara” serialındakı Meyson rolundan tanıdığı Leyn Devids, Türkiyənin məşhur meqastarı, son illər “Aşkı-Məmnu” və “Möhtəşəm yüz il” seriallarında çəkilmiş Nehabat Çehre də “Qanlı Yanvar”da çəkilib. İş orasındadır ki, bu tək Azərbaycana aid olan problem deyil. Bu beynəlxalq hadisədir. Müstəqillik hadisədir. Müstəqillik hadisəsi hər bir ölkədə eyni cür cərəyan edir. Buna görə də beynəlmiləl yanaşma sərgiləmişik”.

Filmin döyüş səhnələri yekunlaşsa da Yanvarın 19-dan 20-ə keçən gecə, inqilabçıların rus əsgərlərinə qarşı mübarizə səhnələri bu gün çəkiləcək. Hərbi hissə rəhbərliyi tanklarla baş tutacaq səhnələr üçün heyəti lazımı texnikalar ilə təmin edib. Həmin çəkilişlərin gecə aparılması nəzərdə tutulub.

Vahid Mustafayev filmin məhəbbət barədə olduğunu deyir: “Kimsə bu filmə baxanda vətənə məhəbbəti, kimsə qadına məhəbbəti tapacaq. Filmdə əsas rolda oynayan Mehdinin qəhrəman olaraq transformasiyasını görürük. Onun nişanlısına olan məhəbbəti sevgilisi öldürüləndən sonra vətənə məhəbbətə çevrilir. Mehdi Əfqanıstanda döyüşmüş əsgər olduğundan bütün bu inqilab hərəkatına başçılıq eləməyə başlayır”.

O dövrdə meydan hərəkatında iştirak etmiş ictimai-siyasi xadimlərin obrazları filmdə məcazi mənada təqdim olunsa da rejissorun sözlərinə görə buna baxmayaraq bir çox ictimai-siyasi xadimlər tamaşaçıya tanış gələcək: “Hava şəraitinin çətinliyinə baxmayaraq çəkilişləri dayandırmırıq. Çox çətin şəraitdə işləyirik. Səhərdən axşama kimi soyuq, palçıq, suyun içindəyik. Aktyorlar xəstə-xəstə çəkilişlərə gəlir.

Film çəkildikcə montaj prosesi və prodakşn işi də görülür. Vaxtımız çox azdır. Filmin jurnalistlər üçün baxışını 19 Yanvarda, qalasını isə bir gün sonra təşkil etmək fikrindəyik”.

“Qanlı Yanvar” filmində 20 Yanvar hadisəsinə fərqli baxış sərgiləndiyini söyləyən rejissor ağlayan adamlara, qurbanlara yer ayırmadıqlarını bildirib: “Bu film Azərbaycan xalqının müstəqillik mücadiləsidir, Azərbaycan xalqının qurbanları haqqında yox, şəhidləri, qəhrəmanları haqqındadır. Bu film qəhrəmanlıq salnaməsidir. Biz keçmiş Sovetlərdə müstəqillik qazanan ilk ölkəyik. Digər ölkələr isə bizdən öyrənib müstəqillik qazanıb. Baxın, bizim mədəniyyətimiz o qədər dərindir ki, 25 il bundan qabaq baş verən hadisələr indi-indi özlərini çox mədəni, müasir hesab edən dövlətlərdə baş verir. Bizdə isə bu hadisələri 25 il əvvəl keçmişik və allahın köməyi ilə 23 ildir müstəqil ölkə kimi varıq”.

# 2974 dəfə oxunub

Müəllifin son yazıları

# # #