Nəsrin Vanqası

Nəsrin Vanqası
2 aprel 2014
# 07:45

Dünyanın nüfuzlu “Oxunası 100 təməl əsər” siyahısına düşmüş bir neçə nadir əsər var ki, onlar müharibə dövründə insanların davranışlarından (“Hərb və sülh”), qadın xəyanətindən (“Madam Bovari”), insanları narahat edən mənəvi problemlərdən (“Cinayət və Cəza”), insan psixologiyasının girilməmiş cəngəlliklərindən (“Hay-küy və hiddət”) deyil, utopik, fantastik dünyalardan bəhs edir. Bu cür əsərlər obrazlarının dərin psixologizmi, hadisələrin genişmiqyaslılığı ilə deyil, daha çox qabartdığı mövzu ilə diqqətəşayan olur. Bu əsərlər binaların dəhlizlərində vurulmuş təhliyyə planına, zəlzələ, sel, yanğın, müxtəlif fəlakətlər zamanı davranış qaydasını aşılayan yaddaş kitabçalarına bənzəyir. Bəli, məhz yaddaş kitabçasına.

Bu kitablardan biri də ingilis yazıçı Corc Oruelin 1948-ci ildə yazdığı “1984” romanıdır. Hadisələr totalitar Okeaniya adlı dövlətdə baş verir. Burada 1948-ci il üçün fantastik sayıla biləcək cihazlar vasitəsilə insanlar dinlənilir, izlənilirlər, media üzərində ciddi nəzarət var, kitablar yenidən yazılır, tarix ciddi şəkildə təhrif olunur, insanların beyni yuyulur. Onlar artıq keçmişi xatırlamırlar. Bu dövlətdə insanı heyvandan fərqləndirən yeganə xüsusiyyət- şüur əlindən alınır, o artıq robota çevrilir.

Burda yalnız təklər var ki, olduqca böyük risk bahasına yaddaşlarını qorumağa çalışırlar. Mahnıların nəqarətini söz-söz bərpa edərək, o “qədim”, dumanlı keçmişi xatırlamağa çalışırlar. İnsan kimi sevməyə, aşiq olmağa cəhd edirlər. Qalanlarının isə bircə sevgisi var, o da Böyük Qardaşdır.

Amma bu insan kimi qalma cəhdləri, Uinston və Culiyanın xoşbəxtlikləri uzun sürmür. Daxili Partiya onları aşkar edərək “sındırır”.

Sən demə, əsərin əvvəlində Böyük Qardaşın hər yerdə görünən ekranlarından (oxu müşahidə kameraları) gizlənməyi bacaran Uinstonun gündəlik tutması, qəribə şəkildə tanış olduğu Culiya ilə eşq münasibətləri heç də Uinsotunun “qoçaqlığ”ının nəticəsi deyilmiş. Sadəcə Daxili Partiya özünün zəif nöqtələrini yoxlamaq üçün onları müşahidə edir, haracan gedə biləcəklərini yoxlayır. Lazım olanda onları da ələ keçirəcək.

Bu ələ keçirməni isə yazıçı olduqca canlı şəkildə təsvir edib. Əsəri oxuyursan. Birinci fəsil, ikinci fəsil, üçüncü fəsil. Sənə elə gəlir ki, aha, budur, onlar xoşbəxtdirlər. Uinstonla Culiyanın birgə olmaq imkanları nə qədər çətin olsa da, onlarda alınıb. Romanın aşıladığı romantik ovqat oxucunu da bürüyür.

Növbəti görüşdən, növbəti sevişmədən sonra Uinston pəncərədən bayıra, həyətdə paltar sərən, nə qədər ağır olsa belə əsl insan kimi yaşayan qadına, prola baxır. Və öz-özünə deyir:

- Biz ölüyük.

- Biz ölüyük, - Culiya da bu sözləri təkrar edir.

- Siz ölüsünüz, - qəfildən arxalarından dəmir kimi cingiltili səs eşidilir.

Bu səs təkcə əsərin qəhrəmanları Uinston ilə Culiyanı deyil, oxucunu da diksindirir. Oxucunun da içi qəhrəman kimi buza dönür, gözləri böyüyüb hədəqəsindən çıxır, sifəti ağımtıl-sarımtıl rəng alır. Bu da son...

Corc Oruelin bir çox araşdırmaçıları onu öncəgörən adlandırılar. Həqiqətən də onun əsərdə adını çəkdiyi cihazlar, yüksək texnoloji nailiyyətlər, idarəetmə metodları, Daxili Partiyanın tətbiq etdiyi yeni dil, çox yox, elə yazıçının təqribən hesabını apardığı dövrlərdə-1984-cü illərdə tətbiq olunmağa başladı.

Bu gün sürətlə inkişaf edən, anbaan məişətimizə daxil olan texnoloji yeniliklər, müşahidə kameraları, ağıllı telefonlarımızdakı bizi izləməyə imkan verən GPRS-lər, Forsque, istər-istəməz dəqiqəbədəqiqə özümüz haqqında məlumatları daxil etdiyimiz, psixologiyamızı, xarakter və xüsusiyyətlərimizi açıb-tökdüyümüz sosial şəbəkələr, müxtəlif proqramlar, sistemin mediaya nəzarəti (Liviyadan savaş süjetləri verən medianın, Fələstində susması), tarixin müxtəlif cür təhrifi göstərir ki, böyük yazıçı Delfi məbədinin orakulları qədər, Vanqa nənə qədər öncəgörən imiş.

Amma nə etməli? Bunlardan vaz keçməlimi? Təbii ki, yox, heç mümkün də deyil. İnkişafın axarının dəyişməsinin mümkün olmadığı belə məqamlarda insanın köməyinə məhz ədəbiyyat gəlir.

Elə “1984” də bunun üçündür. Yalnız bu əsər sayəsində insanlıq həmişə gözdə-qulaqda ola bilər. Sanki elə buna görə “1984” dünyanın nüfuzlu siyahılarına salınır. Dünyanın harasında olursan ol, insan, bu kitabı oxu və həmişə diqqətli ol! Dünyanın belə qaranlıq sonları da gələ bilər. Qoy heç nə, heç nə insanlığını əlindən ala bilməsin.

# 4546 dəfə oxunub

Müəllifin son yazıları

# # #