Müsəlmanlar niyə sünnət edilir? - Məkkədən reportaj - IV HİSSƏ

Müsəlmanlar niyə sünnət edilir? - Məkkədən reportaj - IV HİSSƏ
13 avqust 2024
# 12:00

Kulis.az Mirmehdi Ağaoğlunun Həcc ziyarətindən reportajının IV hissəsini təqdim edir.


Əvvəli burada


Rəvayətə görə, İbrahim peyğəmbərin arvadı Saradan uşağı olmurmuş. Bu səbəbdən, ərinə kənizi Həcərlə münasibət qurmağa icazə verir. Bu yaxınlıqdan İbrahim peyğəmbərin İsmayıl adlı oğlu doğulur. Bir gün gəlir ki, Sara ərinin Həcər və oğlu İsmayılla mehriban davranışını görüb qısqanclığa qapılır. Sanki Tanrı da Saraya tərəf çıxır və Allahın əmrinə boyun əyən peyğəmbər ahıl çağında tapdığı körpə övladı ilə zövcəsini götürüb səhraya, bizim bir az əvvəl təvaf elədiyimiz yerə gətirir. Onları kimsəsiz çöldə Allahın ümidinə buraxıb geri qayıdır. Bir müddət sonra ana və körpənin azuqəsi bitir. Susuzluqdan dodaqları çat-çat olmuş körpə çığıra-çığıra dabanlarını yerə vurur. Övladının can vermək üzrə olduğunu görən Həcər bir sısqa bulaq, bir ovuc su ümidilə ətrafda qaçmağa başlayır. Hansı tərəfə üz tutursa, su tapmır, axırda ümidsizcə Səfa və Mərva təpələri arasında var-gəl edir ki, bəlkə, uzaqlarda vahə görə. Bu vaxt körpə İsmayılın olduğu yerdə yırtıcı quşların uçuşduğunu görür. Yazıq ana fkirləşir ki, yəqin, uşaq ölüb, quşlar da cəsədin üstündə dövrə vururlar. Canhövüllü geri qayıdır.

Gəlib görür ki, körpənin dabanı ilə torpağı döydüyü yerdən su çıxır, quşlar da bu bulağa görə uçuşurmuş. Həcər suyun qabağını almağa çalışır ki, axıb getməsin. Deyilənə görə, Zəm-zəm adı da burdan yaranır, “dayan-dayan” deməkdir.

Zəm-zəm quyusu Məkkənin hansısa bir yerində deyil, Kəbənin lap yaxınındadır. Hazırda zəvvarların təvaf etmələri və güman ki, əlavə sıxlığın qarşısının alınması məqsədilə quyunun ağzı bağlanıb, su borularla çıxarılır. Məscidül-haramın hər yerində ya bulaqlar quraşdırılıb, ya da xüsusi çəlləklər qoyulub. Zəvvarlar istədikləri qədər Zəm-zəm suyundan içə bilərlər. Düzdür, icazə verilməsə də, bəzi zəvvarlar buna məhəl qoymur, özləri ilə gətirdikləri qablara Zəm-zəm suyu doldurub aparırlar.

Lakin biz hekayəmizə qayıdaq.

Xeyli vaxtdan sonra oğluna-xanımına baş çəkməyə gələn İbrahim peyğəmbər onları qoyub getdiyi yerdə əməlli-başlı yaşayış məntəqəsi salındığını görür. Bir müddət burada qalır və Allahın əmri ilə oğlu İsmayılla birlikdə yer üzündə inşa edilmiş ilk binanı - Adəm babamızın tikdiyi evin qalıqlarını aşkar edir, bu qalıqların üzərində Kəbəni təzədən ucaldır.

Rəvayətə görə, burada başqa bir hadisə də baş verir. Ürəyi yumşalan Sara İbrahim peyğəmbərə övladı və zövcəsini gedib görməyə icazə versə də, ərinə Həcərlə hər cür təmasdan saqınmağı tapşırır, üstəlik, qadına toxundurduğu üzvlərini kəsəcəyi ilə hədələyir. İbrahim peyğəmbər isə səhraya çatandan sonra görünür Həcərin vüsala səsləyən şirin təbəssümünə uyub öhdəliklərini unudur. Deyilənə görə, İslamda sünnət, eləcə də həcc ziyarəti sonrası dırnağın tutulması, saçın ucunun kəsilməsi kimi təqsir əməlləri Saranın mərhəməti sayəsində azaldılmış cəzanın ayin formasıdır.

Zəvvar Səfa-Mərva təpələri arasında yeddi dəfə səy edərək Həcər anamızın yaşadığı sıxıntını xatırlamaqla toxtaqlıq tapır, rastlaşdığı hər bir çətinliyin/imtahanın qarşılığında Allahın yox yerdən bir Zəm-zəm bulağı qaynadacağına inanır. Bu baxımdan Səfa-Mərva təpələrinin arası Uca Yaradana aparan ümid yoludur, onun adını tutub nicat axtaranların sevindikləri yoldur. Həcəri darda qoymayıb, susuzluqdan bağrı çatlayana qədər bağıran oğluna Zəm-zəm yetirən Tanrıdan darda qoymamağı istəmək yeridir. Zəvvar Həcər anamızın timsalında özünü düşünür, özünün düşdüyü çətinlikləri, arzuları, istəkləri, övladlarının, sevdiklərinin səlamətləri üçün qaçhaqaçları, qovhaqovları xatırlayır və sonunda Həcəri sevindirən Allahın onu da sevindirəcəyini yada salıb dinclik tapır, xoşbəxtlik göz yaşlarını saxlaya bilmir. Nə qədər yorğun olsan da, bu düşüncələrlə bir də görürsən ki, Səfa-Mərva arasında səy də bitdi. Saçlarından da bir tutam tük qırxdınmı, ümrə ziyarəti tamamlanır.

Biz də Səfa-Mərva arasında səyimizi bitirib saçımızı qırxmağı hotelə saxlayırıq. Bununla ümrə ziyarətimiz yekunlaşır.

Bundan sonra ehramı əynimizdən çıxarıb zilhiccə ayının doqquzuncu gününü gözləyəcək və həmin vaxt yenidən ehram geyinib Ərəfata gedəcək, orada Həcc əməllərini yerinə yetirəcəyik.

Hələlik isə qarşıda beş gün var.

Bu günlərdə peyğəmbərə ilk vəhyin gəldiyi Hira mağarasına və onun yaxınlığında yaradılmış Hira sərgi salonuna baş çəkəcəyik. Hələ neçə dəfə Məscidül-harama gəlib ibadət edəcəyik, üstəlik, bunlarla kifayətlənməyib əlavə iki dəfə də ümrə ziyarətinə gedəcəyik, ən ümdəsi Kəbənin bir neçə addımlığında dəfələrlə namaz qılacağıq. Axşamlar isə gündüzün adamı qarsan istisi küçələrdən azca sovuşanda şəhəri gəzməyə çıxacaq, dükan-bazara baş çəkəcəyik.

Səfa-Mərva təpələri arasındakı səy yeri səp-sərindir. Adam buranı tərk edib çölə çıxmaq istəmir.

***

Zilhiccə ayının səkkizi, Tərviyə günü.

Bu gün hacılar Məkkədən Ərəfata yola düşərlər. Hoteldən saat üçə hazır olmağımız tapşırılıb, biz də Ərəfata gedəsiyik. Bəxtimizdən bu gün cümə gününə təsadüf edib. Qarşıda hələ üç-dörd saatımız var deyə Əflatun müəllimlə Məscidül-haramda cümə namazı qılmaq imkanını qaçırmaq istəmirik. Məmmədağa ilə Nəriman daha həvəslidirlər, bizdən irəlidə gedirlər.

İlk vaxtlar Harama hotelin ayırdığı avtobuslarla yollansaq da, sonrakı günlər tıxac səbəbindən piyada getməyə başlamışıq. Həcc ziyarətinin rükunları yaxınlaşdıqca Məkkəyə gələn zəvvarların sayı da günbəgün artır, nəticədə nəqliyyatın hərəkəti, xüsusən, Haramın yaxınlığında iflic olur. Buna görə də ən yaxşısı piyada getməkdir, daha az vaxt xərclənir. Hoteldən Məscidül-harama qədər, təxminən, yarım saatlıq yoldur, geniş prospektə çıxdınmı, səni düz Allahın evinə aparır.


Neçə gündür zəvvarlarla dolu olan hotellər boşalmaq üzrədir. Uzaqdan pambıq tarlasına bənzəyən topa-topa yığılmış ehramlı afrikan zəvvarlar avtobuslara doluşurlar. Görünür, onların da yönü Ərəfatadır. Öz-özümə düşünürəm ki, bəs nə əcəb, cümə namazını qılmaq üçün Məscidül-harama getmirlər? Məgər Məscidül-haramda cümə namazı qılmaq fürsəti ömürdə neçə dəfə baş verir?

Gördüyüm hotellərin çoxu ölkələr üzrə bölünüb. Bəzilərində İndoneziyadan gələn zəvvarlar qalır, o birində Qırğızıstandan olanlar, digərində Şimali Makedoniyadan gələnlər, başqa birində hansısa Afrika ölkəsinin zəvvarları qonaqlanırlar, hotellərin adları da gəldikləri yerlərə uyğundur.

Deyəsən, təkcə bizim hotelə Babil qülləsi kimi müxtəlif ölkələrin nümayəndələri toplanıb. Xəbərim yoxdur, güman ki, başqa yığma mehmanxanalar da var. Allah tərəfi, bizim hotel xidmət baxımından da fərqlənir.

Budur, otaqlarımıza qədəm qoyan kimi hərəmizin adına ayrılmış iri bir yol çantası görürük, içinə əlavə ehram, cənəmaz, tualet vasitələri, çətir, kiçik çiyin çantası, boğça qoyulub. Ərəfata gedəndə də dolu çantanı özümüzlə götürmək tapşırılıb. Yolumuzun üstündə gördüyümüz hotellərin çoxunda isə nahar vaxtları yeməkləri keytrinq şirkətləri gətirir. Afrikadan olan zəvvarların qaldıqları hotellərin civarında əksərən öz ölkələrindən olan qadınlar müxtəlif pal-paltar, ayın-oyunla yanaşı, qida məhsulları da satırlar, oradaca qatığa oxşar bir maye ilə hansısa göyərtini qarışdırırlar, içinə başqa nəsə də qatıb, müştəriyə verirlər. Eləsi də var lap qabağa gedib, yerə sərdiyi örtüyün üzərinə dava-dərman düzüb tək-tək, gilə-gilə satır. Rastıma çıxmasa da, məncə, həmən səyyar əczaçılar adama elə ordaca iynə vurub, sistem də qoşarlar, niyə də olmasın? Arabir bəzi hotellərin qabağında ehsan maşınları dayanır: balaca sellofan paketlərdə mer-meyvə, butulkalarda su, paketlərdə yemək paylayırlar.

Adətən, namaz vaxtı nəinki Məscidül-haramın içi, ətrafındakı meydan, ora aparan yollar, hətta səkilər də adamla dolur. Bəziləri yarım, bir saat qabaqcadan gəlib namaz qılmaq üçün yer tutur. Bir də görürsən, kimsə bürmələyib çiyninə atdığı səccadəsiylə Harama doğru tələsir.

Zaman namaza yaxınlaşdıqca tədirgin insanların sayı çoxalır, addımlarını yeyinlədirlər, Haramın yaxınlığındakılar yüyrək yerişlə qapılara üz tuturlar. Polislər də onları tələsdirir, sanki qatara gecikirlər, polislər də qatar nəzarətçiləridir. Azan veriləndə tələsən insanlar lap çoxalır, tacirlər mağazaların qapılarını bağlayıb, sürücülər avtomobillərini saxlayıb ibadətə hazırlaşırlar. Burda bir zümrüdü geyimli xidmətçilər – Haramın, ətrafının, şəhərin təmizliyinə baxanlar, bir də, polislər namaza tələsməz. Onlardan qeyri kim harda imkan tapdısa, səccadəsini, yaxud təmiz bir karton parçasını yerə sərib üzü qibləyə gözləyir. Beləcə, suyun içində yağ molekulları bir-birini tapıb birləşərək çoxaldıqları kimi ibadət edənlər də bu şəkildə gəlib bir-birlərinin yanında dayanırlar, artırlar, çoxalıb, şəhərin bütün küçələrini iman örtüyüylə pərdələyirlər.

Məscidül-haramdan yüksələn azan səsi səsgücləndiricilər vasitəsilə bir kilometrdən də uzağa ötürülür. Digər məscidlər isə Məscidül-harama ehtiram əlaməti olaraq, azanı bir qədər gecikmə ilə verirlər. “Əşhədu ənnə Əmirəl - Mömininən Əliyyən Vəliyullah” nidası əvvəl Haramdan ucalır, sonra digər məscidlərdən. Və iqamə oxunur... eyni anda on minlərlə insan qədd-qamətis-səlah əmrinə uyur, yəni qəddini düzəldib namaza başlayır.

Mən elə sanırdım, Məscidül-haram həmişəki kimi dolu olacaq, gözlədiyimizin əksinə cümə namazının qılınmasına baxmayaraq adam xeyli azdır. Polislər yenə də qapıda tələsdirirlər. Artıq xütbə oxunur, bir neçə dəqiqədən sonra zöhr namazı başlayacaq.

Harama daxil oluruq. Həmişə dolu olan bölmələr indi boşdur. Daha burda ləngimirik, Beytüllah ahən-rüba kimi bizi özünə çəkir, gəlib düz Kəbənin bir neçə metrliyindəki səfdə qərar tuturuq. Səcdə zamanı daş döşəmə dizlərimizi ağrıdıb fikrimizi namazdan yayındırmasın deyə, səccadələrimizi açırıq. Səccadən olmasa da, dərd etmə, səfdə dayandığın çiyindaşın özününkünü yanakı sərəcək, sənə də ordan pay verəcək. Xütbə hələ bitməyib. Ərəbcə olduğu üçün anlamıram, amma işlədilən söz və ifadələrdən məğzini tuturam, həcc əməlindən bəhs edilir. Hə, görünür zəvvarların çoxu indidən Ərəfata üz tutublar, yoxsa cümə namazı vaxtı nəinki Kəbənin, heç Haramın da yaxınlığına düşə bilməzdik. Ümrə ziyarətindən sonra ehramlarını çıxaran zəvvarlar təzədən bizim kimi ehram geyiniblər, artıq həcc ziyarəti başlayıb.

Xütbə bitdi.

İndi dua və səna etmək zamanıdır.

Allahu əkbər...

ardı var...

Növbəti hissədə:

- Yunanıstandan Həcc ziyarətinə gələn türklər nədən şikayət edirlər?

- Həcc ziyarətinə gələn kolumbiyalı kimdir?

- Ərəfatda ağlayan uşaq, ürəyi gedən qadın

- Şeytana atılan daş neçəyə olur?

# 5878 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #