Xalq şairi Söhrab Tahirlə Azərbaycan Yazıçılar Birliyinin yaxınlığında yerləşən “Ulduz” kafesində görüşdük. Şair özü bu məkanı seçdi. Hiss etdim ki, nəsə xüsusi anlamı var ondan ötrü. Elə söhbətə də bu məqamdan başladım.
- Söhrab müəllim, bu kafeyə girəndə bir qədər dayandınız, dediniz burda çox oturmusuz. Kimlər gəlirdi bu kafeyə?
- Mənim “Azərbaycan” jurnalında əsərim çıxmışdı. Yaxşı da qonorar almışdım. Qabağıma kim çıxırdısa deyirdim, gəl gedək nahar edək. Qabil girdi qoluma, dedi harda yeyək? Dedim, “Zabitlər evi”nin yanında “Təbriz” kafesi var, orda. Buranın adı əvvəl “Təbriz” idi.
- Adına görə gəldiniz?
- Həm Yazıçılar İttifaqına yaxın olduğuna, həm də adına görə. Qabil son dərəcə təmiz, sadə insan idi. Elə həmişə məni görəndə deyirdi ki, Söhrab, sən məndən yaxşı şairsən. Deyirdim, Qabil, sən Allah, belə şey danışma. O da cavabında deyirdi ki, evdə də demişəm, Yazıçılar İttifaqında da demişəm, sən məndən yaxşı şairsən. Mən də deyirdim, bu gün mənim beş-altı yaxşı şeirim çıxıb, deyirsən, yaxşı şairəm, sabah sənin şeirlərin çıxar, sən məni üstələyərsən. İnad eləyirdi ki, yox, mən bilirəm nə deyirəm.
Bax, Qabil belə sadə, gözəl insan idi.
- Ən çox nə barədə söhbət edirdiniz?
- Məni görən kimi hamının yadına cənub düşürdü. Hamı məndən o tayı, o tayın xalqını, məişətini, Təbrizi soruşurdu. O tayı danışmaqla qurtarmaq olarmı? Mənim 18 romanım çıxıb. Onların əksəriyyəti o tay xalqının məişəti, mübarizəsi, təfəkkür tərzi haqqındadır. Burda onu bilmirdilər, xəbərləri yox idi. Odur ki, mənim böyük bir vəzifəm vardı. Şeirdə Məmməd Arazla mən kim olduğumuzu sübut eləsək də nəsr sahəsi qalırdı. Düzdür, Abbas Pənahi Makulunun yaxşı tarixi romanları vardı. O öləndən sonra müasir Təbrizi, oranın camaatını, məişətini heç kəs yazmırdı. Mənim vəzifəm şeirlə paralel o taydakı xalqın tarixini, məişətini, mübarizəsini, bu taya məhəbbətini, qadının hüququnu, kişinin hüququnu nəsrdə əks etdirmək, burdakılara tanıtmaq idi.
- 18 roman müəllifisiz. O qədər ciddi yazıçı var ki, bəlkə ömrü boyu bu qədər roman yazmayıb. Amma adınız çəkiləndə ağla şair Söhrab Tahir gəlir.
- Aqil Abbas bir dəfə yas yerində məni göstərib dedi ki, Söhrab Tahiri görürsüz, biz tələbə olanda iki şairi oxuyurduq. Biri Bəxtiyar Vahabzadə idi, o biri Söhrab Tahir. Bu yaxınlarda Aqillə görüşdük. Yadına saldım, dedi ki, onda yas yerində hamısını deməyə imkan olmadı. Sənin şeirlərin mübarizə cəhətdən Bəxtiyardan da yüksəkdir.
Romanlarımı isə özüm gözdən yayındırırdım. Bunun bəzi səbəbləri vardı. Mən Azərbaycanda təkcə yazıçı, təkcə şair deyildim, həm də partiya işçisi idim. Mənə tapşırıq verirdilər, partiyanın gizli işləri ilə məşğul olurdum. Bir də görürsən aylarla Bakıda olmurdum, Moskvaya, Dəməşqə, Frankfurta, Tehrana gedirdim. Buna görə də çap elədiyim əsərləri təbliğ etməyə imkanım olmurdu.
- Tapşırıqları hardan alırdız?
- Bizim partiyanın böyük bir şöbəsi Bakıda yerləşirdi. Biz yarımleqal fəaliyyət göstərirdik.
- Bu neçənci illəri əhatə edirdi?
- Bu təqribən 1949-cu ildən başlayıb 1990-cı illərə qədər davam elədi. İndi yenə də var, amma o qədər fəal deyil.
- Qafar Kəndli də sizinlə birlikdə idi?
- Bəli. Qafar Kəndli Akademiyanın Qədim Ədəbiyyat Tarixi şöbəsinin müdiri idi.
- O da partiyanın gizli işləri ilə məşğul olurdu?
- Yox. O, partiya işlərinə baxmırdı. Elmi işlərlə məşğul idi. Qafar Kəndli o tayda partiya fəaliyyəti ilə məşğul olub. Mən onda Pişəvərinin yanında işləyirdim, onun möhürdarı idim. Qafar Kəndli isə - o vaxt Herisçi adlanırdı, bura gələndən sonra Kəndli oldu -, təminat şöbəsinə baxırdı. O, burada Xaqani yaradıcılığı ilə məşğul idi. Özü də çox yaxşı alim idi. Öləndə vəsiyyət eləmişdi ki, Təbrizdə basdırılsın.
- Deməli partiya işləri təbliğatınıza mane olurdu.
- Bəli. Məsələn, biz Xəlillə Rza ilə ailə dostu idik. Mən aylarla yox olub gələndən sonra deyirdi ki, ay Söhrab, iki aydı hardasan, səni tapa bilmirik, evinizə zəng edirik, cavab verən yoxdu, Firəngizlə sizə gəlirik, qapınızı açan yoxdu. Xəlil Rza bilmirdi ki, mən təkcə şair, nasir deyiləm, həm də partiya fəalıyam, partiyanın gizli tapşırıqları ilə məşğulam. Xəlil deyirdi ki, gedəndə məni də özünlə apar. Cabir Novruz da, Nəriman Həsənzadə də mənim tez-tez yox olmağıma görə şikayətlənirdi. Amma heç kəs yox olmağımın səbəbini bilmirdi. Çünki deyə bilmirdim, olmazdı.
- Yadınızdadırsa, bir ara yazıçı Anar fəxri adların ləğv edilməsi barədə təklif irəli sürmüşdü. Sizin fəxri adlara münasibətiniz necədir? Fəxri ad, tutalım Xalq şairi adı istedadı müəyyən edən meyardırmı?
- Bu çox yaxşı sualdır. Amma əvvəl bir hadisə danışım. Anar müəllim təqribən 96-cı ildə 6 nəfərlik siyahı ilə rəhmətlik Heydər Əliyevin yanına gedibmiş. Heydər Əliyev siyahıya baxıb və Anara deyib ki, Yazıçılar Birliyinin bir nömrəli vəsiqəsini mənə təqdim edəndə dediniz ki, bir yazıçı kimi istənilən vaxt öz təklifimi verə bilərəm. Qoy öz təklifi irəli sürüm. Xahiş edirəm, o siyahıya Söhrab Tahirin də əlavə edəsiz. Anar deyir, ayaqlarım yerə yapışdı. Fikirləşdim ki, Heydər Əliyev görəsən Söhrab Tahiri hardan tanıyır? Heydər Əliyev bilirsiniz məni hardan tanıyırdı? Şüvəlanda Yazıçıların Yaradıcılıq Evində çıxışım zamanı demişdim ki, mən qəribəm. Heydər Əliyev də onda çıxışımı saxladıb demişdi: “Şair dayan, niyə özünə qərib deyirsən? Bizim sənə nəinki qərib, heç qardaş deməyə də ixtiyarımız yoxdu. Biz özbəyə, rusa, gürcüyə qardaş deyirik. Sən bizim süfrəmizin bir üzvüsən, anamızın bir balasısan. Xahiş edirəm bundan sonra özünə qərib deməyəsən”. Yəni Heydər Əliyev məni ordan tanıyırdı. Beləcə mənə xalq şairi adı verildi.
Mənim heç fəxri addan xəbərim yox idi. Evə zəng edib dedilər. Amma elə adam var, həftədə iki dəfə Heydər Əliyevə məktub yazırdı ki, mənə filan şey ver.
- Rəhmətlik Qabil də görüşlərdə az şey istəməyib.
- Qabil hətta bir dəfə kiməsə deyib ki, mənə ad verməsəniz özümü balkondan atacam. Nəbi Xəzri üç il Həsən Həsənovla küsülü qaldı. Nəbi Xalq şairi adı almaq istəyirdi, vermirdilər. Həsən Həsənov deyirdi ki, bir az gözlə. Nəbi bunun üstündə Süleyman Rüstəmlə də dava eləmişdi.
Təltif həmişə olub. Qədim dövrdə də, Orta əsrlərdə də. Tarix boyu həmişə iki cür şairlərə təltif veriblər. Bir, həddindən artıq çox danışan, mənfi cəhətləri deyənlərə, susdurmaq üçün mükafat verirlər. İkincisi, ədəbiyyatın inkişafını göstərmək üçün həddindən artıq güclü şair təltif olunur. Baxın, Bəxtiyar Vahabzadə ilə yanaşı Qabilə də mükafat veriblər. Amma Qabil neçə dəfə etiraf edib ki, Söhrab məndən güclü şairdir.
- Özünüzü hansılardan hesab edirsiz, birincilərdən, yoxsa ikincilərdən?
- Mən müəyyən qədər iqtidarçıyam. Bilirsiz, nəyə görə iqtidarı sevirəm? İki min ildir Azərbaycan xalqı öz milli hökumətini qurmaq istəyib, minlərlə şəhid verib. İndi ki, bu dövlət qurulub, istiqlala çatmışıq, o zaman qorumağa çalışmalıyıq. Mən öz istiqlal arzuma çatmışam. Nə üçün deyim ki, hansısa zavodda iki fəhlə acdı, Qazaxda bir cavan şairin yeməyə çörəyi yoxdu? Bunlar xırda şeylərdi. Bir halda ki, Azərbaycan xalqı öz müstəqilliyini əldə edib, dövlətimiz on ilin içində Avropa ölkələrinə çatıb, daha nədən şikayət edək? Ola bilsin ki, çatışmazlıqlar var, amma bunlar on-on iki ilin içində həll olunmur axı.
- Söhrab müəllim, sərhədlər açılandan sonra İrana getmisiz?
- Bəli getmişəm.
- Axırıncı dəfə İranda nə vaxt olmusuz?
- Füzulinin 500 illiyi ilə əlaqədar Bağdad səfərindən qayıdanda Tehranda qardaşlarımı gördüm.
- İranın indiki hakimiyyəti üçün də arzuolunmaz şəxssiz?
- Yox, artıq rahat gedib-gələ bilirəm.
- Bildiyim qədərilə, şah dövründə qayıtmaq imkanınız olub, amma sonradan şah ehtiyat edərək qadağa qoyub.
- Mən Bakıya oxumağa gəlmişdim. O vaxt hələ milli hökumət süqut eləməmişdi. Pişəvəri məni çağırıb dedi: “Səni göndəririk qızıl Bakıya, get oxu, başını qızıl elə, qayıt gəl, qızılbaş orduya xidmət göstər”. Mən Bakıya oxumağa gələndə 19-20 yaşım vardı. Biz burda 6 ay içində 3 illik hərbi proqramı keçib mənimsəmişdik. Arıqlayıb çöpə dönmüşdük. Bizə yeməyə yoğun kolbasa, selyotka (siyənək - red.) balıq, qara çörək verirdilər. İranda belə şeyə öyrəşməmişdik. Kolbasanın içində piy olduğuna görə yemirdik. Lagerdə ev tikən hərbi alman əsirləri vardı. Arıq, sapsarı idilər, bizə yalvarırdılar ki, yemək verək. Bizim müharibə dəhşətlərindən xəbərimiz yox idi deyə kolbasa-çörəyi onlara verirdik. Rəhbərlik yeməklərimizi alman əsrilərinə verdiyimizi öyrənəndə Mirzə İbrahimovla Niyazini yanımıza göndərdi. Onlar gəlib dedilər ki, uşaqlar, gördüyünüz bu alman əsirlərinin hərəsi bir təyyarəçi, bir tanksürəndir. Bunlar Sovet şəhərlərini darmadağın edib, 20 milyon insan öldürüblər. Ona görə bunlara çörək verməyin, hökumət onsuz da yemək verir.
- Pişəvəri hökuməti süqut edəndən sonra sizin kimi oxumağa gələn o tələbələrin taleyi necə oldu?
- Bunları ilk dəfə danışıram. O vaxt Moskvadan 7 general gəlmişdi. Onlar kursantlara dedilər ki, Pişəvəri hökuməti artıq devrilib. İranda hər gün 10-12 nəfəri dara çəkirlər. Kim istəyir vətənə qayıtsın, kim istəyirsə burda qalsın. Mən əvvəl qayıtmaq istədim. Anamın Pəhləvilər İranda hakimiyyətə gələndə Bakıya köçmüş dayıları yanıma gəlib dedilər ki, Söhrab, getmə, qayıdanları öldürürlər. Ata-anandan sarı da narahat olma, dayın gəlib onları Tehrana aparıb. Bir-iki ilə biz hamımız bir yerdə gedib oranı azad edəcəyik.
Mən də onların məsləhətini dinlədim, qayıtmadım. Amma hardasa yüz nəfər kursant qayıtmaq üçün inad elədi. Onlara qayıtmamaları üçün çox nəsihət olunsa da qulaq asmadılar. O zaman KQB-nin rəisi general Atakişiyev idi. Sən demə bunları aldadıb Yevlaxa aparırlar. “Sabah-sabah” deyə-deyə altı ay Yevlaxda saxlayırlar. Kursantların başını qatırlar ki, Təbriz yaddan çıxsın. Beş ay sonra Yevlaxın ortasında Stalinin heykəlinin başına yığışıb aclıq aksiyası keçirirlər. Onların əl çəkmədiyini görəndə təzədən qatara mindirib deyirlər ki, sizi Təbrizə aparırıq.
Amma nə Təbriz? Hamısını Sibirə sürgün elədilər. Çoxu orda qırıldı, qalanları Xruşşov dövründə əfv olundu. Onların həyatı puç oldu. Qalanları isə texnikuma böldülər. Dayım mənə məsləhət gördü ki, təhsil müddəti iki-üç ildən artıq olmayan yerə girim. Çünki iki-üç ilə qayıdacağıq deyə təhsilim yarımçıq qalmasın. Mən də diş texnikumuna girdim. O biri kursantlar da oxudu, alim oldu, professor oldu.
- O vaxtdan şeir yazırdız?
- Birinci şeiri 1946-cı ildə, Təbrizdə olanda əmim qızına yazmışdım. Əmim qızı mənim göbəkkəsdim idi. “Ayrılıq” adlanan o şeiri “Azərbaycan” qəzetinə vermək istəyirdim, bura gəldiyim üçün verə bilmədim. Amma özümlə gətirmişdim. O şeir 1956-cı ildə Bakıda kitabımda çap olundu.
- Ədəbi mühitdə tez-tez Səməd Vurğun tərəfdarları, hecaçılar ilə Rəsul Rza tərəfdarları, sərbəstçilər arasında gedən mübarizədən danışılır. O dövrü görmüş bir adam kimi sizin fikirləri öyrənmək maraqlı olardı.
- Onda başda Rəsul Rza olmaqla Əli Kərim, İsa İsmayılzadə kimi sərbəstçi şairlər var idi. Amma Səməd Vurğunçular Yazıçılar İttifaqında rəhbərlik edirdi. Düzdür, daldada-zadda danışırdılar, bununla belə sərbəstçilərə hər yerdə hörmət edirdilər, çap edirdilər, ev verirdilər. Səməd Vurğunla Rəsul Rza arasında soyuqluq ondan ibarət idi ki, hecaçılar sərbəsti şeir hesab eləmirdilər.
Deməli, Məmməd Arazla bir yerdə iki illik Ali ədəbiyyat kurslarında təhsil almaq üçün Moskvaya getmişdik. Onda Məmməd Arazla mən deyirdik ki, Səməd Vurğun hardan şair oldu?! Hələ cücə şair idik, amma özümüzlə qürrələnirdik. O ərəfədə Səmədin kitabı çıxmışdı. Götürüb oxudum. Onda gördüm ki, Səməd başqa aləmdir. Kitabı Məmmədə verib dedim, Səmədi oxumusan? O da dedi, ordan-burdan oxumuşam. Kitabı ona verib oxumağı tövsiyə elədim. Bir həftədən sonra Məmməd dedi ki, biz Səməd haqqında səhv eləmişik, özümüz onun təsiri altında yaza-yaza onu başa düşməmişik. İki illik ali ədəbiyyat kurslarını bitirəndən sonra, əsl şeirin nə olduğunu biləndən sonra Səmədin necə böyük şair olduğunu anladıq. O vaxt Səmədin heykəlini təzə qoymuşdular. Mən Səmədin heykəlinə bir şeir yazdım.
- Bəs Rəsul Rzanı necə, bəyənirdiz?
- Yox, heç kəsi bəyənmirdik. Başda da Səmədi.
- Sizi indi necə tanıyırlar, Səməd Vurğunçu kimi, yoxsa Rəsul Rzaçı kimi?
- Əlbəttə bizi hecaçı kimi tanıyırdılar. Amma Səməd Vurğun dövründəki bir neçə şairi çıxmaqla heca hələ öz zirvəsinə gəlib çatmamışdı. İndi isə öz zirvəsinə çatıb.
- Bəs sərbəstçilər, məsələn, Əli Kərim, Rəsul Rza sizi qəbul edirdi?
- Əli Kərim sərbəst yazmırdı, onun şeirlərinin çoxu heca vəznindədir. Fikrət Qoca özünü sərbəst şair hesab etsə də yaradıcılığının əksər hissəsi heca üzərində qurulub. Bir şey deyim, bizdə sərbəst yazanlar tələsirdilər. Onlar Səməd Vurğunun açdığı şah yolu yanpörtü keçib kəsə yolla o zirvəyə çatmaq istəyirdilər. Çünki düzünə getsəydilər çatmayacaqdılar. İndi sağ olsunlar, yazırlar, özü də o vaxtkından daha yaxşı yazırlar. İran şairlərinin sərbəst şeirlərini oxusanız mat qalarsız. Bizim sərbəst şeir hələ İran səviyyəsinə çatmayıb.