“Sovetski” yaradıcı adamların gözü ilə

“Sovetski” yaradıcı adamların gözü ilə
19 fevral 2014
# 15:47

Bakının tarixində “Sovetski” məhəlləsinin özünəməxsus yeri olub. “Sovetski” bir zamanlar əxlaq qaydaları, sakinlərinin həyat tərzi (quşbazlar, tində dayanmış kepkalı, əli təsbehli ağır cayıllar...) ilə fərqlənən ərazi idi, elə indi də demək olar ki, o cürdür.

Bir müddətdən sonra bu ərazilər tarixə çevriləcək. Yeni nəsil bakılılar üçün “Sovetski” heç nə ifadə etməyəcək. Olsa-olsa yalnız kitablardakı, filmlərdəki təsvirlərə əsaslanaraq “Sovetski”nin yastı-yapalaq evlərini, səmasında uçan göyərçinlərini, tində-dalanda dayanan əli təsbehli cavanlarını canlandıra biləcəklər.

Bura həm də Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov, Abdulla Şaiq, Cəfər Cabbarlı, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə kimi tarixi şəxsiyyətlərin yaşadığı, gəzdiyi, havasını udduğu məkan olub. Bu ərazilərdə Abdulla Şaiqin, Cəlil Məmmədquluzadənin, Mstislav Rostropoviçin ev muzeyləri yerləşir.

“Sovetski”də çəkilmiş “Bir Cənub şəhərində” filminin rejissoru Eldar Quliyev Mirzə Fətəli Axundov küçəsində doğulub böyüyüb. Onun fikrincə “Sovetski” Bakının göbəyi hesab olunsa da, buranın sakinləri çox çətin həyat yaşayırlar. “Sovetski”nin xüsusiyyətləri barədə danışan rejissor uşaqlığındakı münasibətlərin itirilməsinin onun üçünü çox ağır olduğunu vurğuladı: ”O vaxt hamı bir-birinə yaxın idi. Qonşular mehriban, xeyirxah idi. İndiki zamanda hamımız qapımızı bağlayıb evimizdə də otururuq”.

Teatr tənqidçisi Aydın Talıbzadəyə görə bu ərazilərin fenomenal özünəməxsusluğu yoxdu. Sadəcə olaraq yaşanmış məkandı. Bayır şəhər adı ilə tanınan ərazinin isə İçəri şəhər kimi tarixi əhəmiyyəti yoxdu: “Bu əraziləri bərpa edib saxlamaq da olar. Adətən xarici ölkələrdə bu cür yerləri qoruyub saxlayırlar. Bu da şəhərə xüsusi özünəməxsusluq verir. Hər halda buralar tarixi yerdi. Cahangir Zeynalov, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə buradan keçib, buranın havası ilə nəfəs alıblar. Burada submədəniyyət hiss olunurdu. “Qara şəhər”, mikrorayonlar, Əhmədli kimi yerlər bir-birlərindən fərqlənirlər. Köhnə nəsil nəyisə saxlamaq istəyir. Amma bilmirəm yeni nəslə “Sovetski” nə deyəcək?”

Yazıçı Natiq Rəsulzadənin də uşaqlığı Mirzə Fətəli Axundov küçəsində keçib. Ancaq buna baxmayaraq yazıçı bu ərazilərin sökülməsinə bir o qədər də üzülmür: ““Sovetski”nin özünəməxsusluğu qırx-əllinci illərdə qalıb. O dövrlər məndə nostalji hissi yaratmır. Köhnə Bakının siması İçəri şəhərdi, o da müasirləşib, çox gözoxşayan mərkəzə dönüb. “Sovetski”dəki o evləri, yastı daxmaları saxlamaq olmaz. Dünya dəyişir, inkişaf edir”.

Yazıçının fikrincə Moskvada Maksim Qorki adın Ədəbiyyat İnstitutunda onunla oxuyan tələbə yoldaşları, qonaqları gəlib əvvəl gözəlləşən Bakı bulvarını, sonra gedib həmin o xarabalıqları görürlər. Bu da onlarda təzad yaradır.

“Bakı tarixindən kollaj” əsərinin müəllifi İlqar Fəhmiyə görə isə “Sovetski”, Dağlı məhəlləsi, “Kubinka” kimi ərazilərin spesifikliyi ondadır ki, daha çox mərkəzdə yerləşirlər: “Başqa yerlərdə subkulturlar adətən ucqarlarda olur. Bu ərazilər Sovet dövründə də öz spesifik xüsusiyyətlərini qoruyub saxlaya bilib. Bu xüsusiyyətlərin böyük bir hissəsi daha çox Şərq təfəkkürü ilə bağlı idi”.

Söküləcək ərazilərdə yerləşən ev muzeylərinin talelərinin onun üçün də müəmmalı olduğunu bildirib: “Bu yaxınlarda Üzeyir Hacıbəyovun ev muzeyində olduq. Orda muzeyin aqibəti haqqında soruşdum, gördüm heç özləri də bilmirlər. O vaxt Bakıda ilk söküntü bizim evlər tərəfdə aparılırdı. Məşhur xanəndə Cabbar Qaryağdıoğlunun ev muzeyi də bizim küçədə yerləşirdi. O da söküldü. Heç soruşan da olmadı. Bir tərəfdən fikirləşirsən ki, qalsın, digər tərəfdən də fikirləşirsən ki, yaxşı, burda yol olacaqsa muzeyi necə saxlasınlar.”

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə bildirdi ki, o ərazidə yerləşən muzeylərin sökülməsi, bərpası və ya köçürülməsi ilə bağlı onlara heç bir rəsmi məlumat daxil olmayıb. Ərazidə yerləşən muzeylər fəaliyyətini davam etdirir.

# 4641 dəfə oxunub

Müəllifin son yazıları

# # #