İşıq – Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Mirmehdi Ağaoğlu, yazıçı

Mirmehdi Ağaoğlu, yazıçı

11 oktyabr 2022
# 09:00

Kulis.az "Hekayə günü" layihəsindən Mirmehdi Ağaoğlunun “İşıq” adlı yeni hekayəsini təqdim edir.

Qapı sürgüsünün onunla əylənirmiş kimi çölə çıxmış nazik, uzun dilindən yapışıb bir az hirs, bir az da acıqla dörd-beş dəfə yuxarı-aşağı yellətdi. Tanış yorğun səs rəngi avazımış paslı, dəmir qapının bağrından qopub, pilləkəndən diyirlənən girdə daş kimi ağır-ağır ətrafa yayıldı. Dil dediyi qapının içində yerləşən siyirmə dəmir çubuğun hər iki tərəfə uzanan qanadlarıydı. Bu dəmir qanadlar ilə qapını içəridən də, çöldən də rahatca açmaq mümkündü, azcana geri itələnməyə bənd idi.

Gözlədi, gözlədi, səsin əks-sədası qulaqlarından tamam çəkildi, dili təkrar oynatdı. Yenə o tanış, yorğun səs... bayırda əsən əfəl payız küləyinə qoşulub dayça təki atıla-atıla dərhal uzaqlaşsa da, ümid vardı ki, içərinin payına düşəni də badminton topu kimi divarlarda əks-səda verə-verə axır kiməsə dəyəcək.

Hərdənbir gündüz dükan-bazara getsə də, adətən, anası bütün günü evdə olurdu. Atasısa qaş qaralandan sonra işdən qayıdırdı.

İçəridən hay verən olmayınca sürgünün dilini geri itələyib qapını köhnə dost kimi sinəsinə sıxdı. İçəri onunla birlikdə bir parça işıq da ayaq basdı. Qapı xəstə qocalara xas cırıltılı səsi ilə “məni ört” deyə yalvarsa da, örtmədi, gözlədi, gözləri qaranlığa alışanadək o bir parça işığı da içəridə girov saxladı. O bir parça işıq ürkək quşcığaz kimi çırpına-çırpına əvvəl dördgözün, sonra qabyuyanın, daha sonra soyuducunun, lap axırda stolun başına dolandı. Tula gözləri də o bir parça işığı qovaladı, qovaladı, anasının mətbəxdə olmadığını yəqinləşdirincə köhnə qapını rahat buraxdı ki, qapının o üzündə qalmış axşamüstünün yorğun aydınlığına qovuşaraq bir azdan şəhərdən aralaşıb dağların qoynunda yatmağa getməsi üçün işıq parçasını da azad eləsin. Mətbəxinsə balaca, tutqun şüşəli pəncərələrindən hələ də içəri oğrun-oğrun işıq lopaları boylanmaqdaydı; görünür bayaqkı dustaq yoldaşlarını axtarırdılar.

Anası yoxdu. Deməli, ya mətbəxin böyründəki içəri otaqda, ya da sağındakı azca aralı, çərçivəsi hansısa naşı usta tərəfindən bünövrədən əyri qoyulduğu üçün heç vaxt tam örtülməyən qapının o üzündəki otaqların birində çimir vururdu.

Odey... Əyri qapının açıldığı tunel kimi uzunsov, alaqaranlıq otağın o biri başında parıltı göründü. Yağlı boya kimi əriyib itməkdə olan axşamçağının soyuq mavi işığının içində anasının rüku halındakı namazqılana bənzəyən əyilmiş doğma siması dikəlib uzaqdanca ona səsləndi:

– Gəlmisən? Xoş gəlmisən!

Ayaqqabılarını çıxardı, səsin açdığı cığırla uzunsov otağın alaqaranlığını yarıb sonundakı şüşə gözlü açıq qapıdan keçərək həyətə düşdü.

– Ala bunları gey, – barmaqlarının ucunu yerə qoymağa macal tapmamış anası neçə ildir daş döşəli həyətin tozunu-torpağını özünün göy rəngi kimi canına hopdurmuş şəpitləri ayağından çıxarıb ona sarı itələdi.

– Bəs sən?

– Divarın dibində qaloş var, keçirəcəm ayağıma.

– Yox, sən şəp-şəpləri götür, qaloşu mən geyərəm.

– Qaloş heç bilirəm ki, hardadı? Əşşi, onsuz, az qalıb.

Anası söhbəti uzatmaq istəmədiyini göstərən əda ilə boynunu qucaqlayıb yanaqlarından öpdü, o dəqiqə də eyni əda ilə oğlundan aralaşıb qaz balonunun üstünə əyildi. O, bu tövrün səbəbinin soyuqluq deyil, istilik olduğunu dərhal anladı.

– Bıy, balığlar yandı! – Elə bil anası da onun təlaşını duyub öz tələskənliyinə haqq qazandırdı.

Basketbol topuna bənzəyən, təkgöz, yaşıl qaz balonunun üstündəki iri daş tavada əl boyda iki külmə qızarırdı. Anası öyrəşikli əl hərəkəti ilə çəngəli balığın altından salıb bir göz qırpımında o üzünə çevirdi, sürüşməsin deyə də tutqaclı o biri əli ilə tavadan yapışdı. Lığalığ dağ yağla dolu tava balığın üzünün çevrilməsinə sevinib hay-həşir saldı. Anası ikinci balığı da çevirəndə o, bir üzü qızarıb qırmızı-qəhvəyi rəng almış külməyə ac vağ kimi dikildi. Özünü saxlaya bilmədi:

– Nə qəşəng qızarıblar! – Qurşaq boyunda taxta şkafın təpəsindəki tabaqda yuxa kimi bir-birinin üstünə qalaqlanmış qırmızı-qəhvəyi balıqlar da ac gözlərindən yayınmadı.

– Bibin göndərib, – anası hadisə yerində əməliyyat-axtarış qrupunun müstəntiqinə izahat verən cinayətkar təbiri ilə dilləndi, – balıqçılar dənizdən tutur, elə gətirib Kürdəxanının içindəcə satırlar, onda ucuz düşür. Bizim üçün də alıb, əminlə göndərib.

Keçib bir az aralıda çöməldi.

– Bibimgil necədilər? – Bir halda ki, bibisigildən söhbət düşüb, düşündü, soruşmasa yaxşı çıxmaz.

– Ancaq balacadılar. – Yəqin, anası onu eşitmədi, ya da bibisigilin əhvalı barədə əlavə məlumat verməyə özünü borclu bilmədi. – Sümüyü sən deyən yoxdu. Atan xoşlayır balığ yaxşı qızaranda, tay arıtlamır, loop ötürür.

Atasının balaca, qıpqırmızı qızarmış balıqları xoşlamağını oğluna təzə xəbər kimi çatdırmaqla anası elə bil demək istəyirdi ki, əvvəl atanı soruşmalı idin, sonra bibingili.

– Atam hardadı?

– İşdədi. Gələr harda olsa. Darıxma, az qalıb, kutarıram. Kuxnada bişirə bilmirəm, sonra balığın iyi evdən çəkilmir. Yuxarıda hazırlayaram, isti-isti yeyərsən.

...deyəsən, indi yadına düşdü ki, anası soyuq daşların üstündə ayaqqabısız dayanıb.

– Qaloş hanı, yerini de, tapıb gətirim. – Ətrafa baxınıb kül kimi həyətə çökməkdə olan boz qaranlığın içində bir cüt tanış qaloş axtarsa da, gözü heç nə seçmədi. – Ayaqyalın dayanmısan daşın üstündə, yerini de, gətirim.

– Onsuz, az qalıb, bu ikisini də o üz, bu üz edim, çıxıram yuxarı. – Anası tavaya təzə balıq qoya-qoya dilləndi.

– Sənə soyuq olmaz axı. Xəstəliyin güclənər. Heç olmasa dərmanlarını vaxtı-vaxtında atırsan?

– Hə, atıram. – Sözlər anasının ağzından ürkək çıxdı.

Yalan danışa bilməməkdə anasına oxşamışdı. Bu yaşa çatmışdı, hər dəfə yalan danışanda kəlmələr gülləsi lülədə ilişib qalmış tüfəng kimi ağzında partlayırdı.

Anasına təpinib övlad nigaranlığı ilə onu danlamaq istəsə də, dərmanının baha qiymətini və bu üzdən anasının onu qənaətlə(!) atdığını xatırlayıb, xəcalətindən tavada artıq bir tərəfi qızarmaqda olan balıqların rəngini aldı. İçini qarsıyan pərtliyin hərarəti qara pantera kimi ətrafı pusa-pusa həyətə soxulmağa çalışan qaranlıqda daha da parıldayan alov dilimlərinin istisini üstələdi. Heç bir bədən üzvünün onu düşdüyü bu zülmətdən aydınlığa çıxarmağa gücü çatmadı, yaxşı ki, həmişə olduğu kimi yenə əlləri dadına yetdi: döş cibinə uzanıb siqaretlə alışqanı götürdü... Qaranlığa ikinci cəbhə açıldı... Yalnız tüstünü içinə alıb kamali-ədəblə ciyərlərinə hopmağına macal vermədən təzədən bayıra piləyəndə bayaqdan canını əsir götürmüş pərtliyi də anasının gözündən yayındırıb boz tüstü libasında özündən uzaqlaşdırdı.

– Özün bilirsən ki, sənə siqaret çəkmək olmaz, yenə çəkirsən.

– Azaltmışam.

– O vaxt həkim dedi ki, ciyərlərində ləkə var.

– Ana, bilirəm. Sənə də həkim deyib ki, soyuq daşın üstündə ayaqyalın dayan?

– Yaxşı-yaxşı, kutardım. – Axırıncı balıqları çox da qızarmağa qoymadan tavadan götürüb balonu söndürdü. – Mən qalxdım yuxarı, çörəy hazırlayıram, sən də o mərəti at, gəl, bi tikə ye.

Bu vaxt yuxarıdan tappıltı səsi eşidildi.

– Bıy, öləsən elə. – Anası acıqlandı. – Gözlə balıq verərəm sənə!

Anası əlində balıq dolusu tabaq, şüşə gözlü, açıq qapıdan keçib qaranlıqda yox oldu. Yalnız indi fikir verdi ki, bayaqdan iri bir pişik damın şiferinin altındakı enli taxtanın üstündə yayxanıb, arabir sarı bığlarını yalaya-yalaya onların söhbətinə qulaq asırmış. Yox, pişik gözləməkdən təngə gələrək daha səxavətli bildiyi qonşulardan birinə çıxıb getməmişdi, sadəcə mövqe dəyişmişdi. Anası neçə illik adətini tərgidən deyildi, necə olsa axşam yeməyindən sonra əlində bir boşqab sür-sümük, qapının ağzına çıxacaqdı, pişiyin ziyafəti də o zaman başlayacaqdı.

***

Bayaqkı qaranlığın yerini tutub bütün mətbəxi işğal edən sarı işıq horrası müzəffər sərkərdə rahatlığı ilə ətrafa yayılsa da, unudurdu ki, buranın tək sahibi var, o da anasıydı. Divin canı şüşədə olan kimi işığın divarın bir tərəfinə pərçimlənmiş açarı – düyməsi də anasının əlindəydi. İşıq, elə stolun altınamı, yoxsa divarboyu düzülmüş mətbəx şkaflarının, dördgözün, soyuducunun dalına qaçıb gizlənmiş qaranlığın özü də bilməliydi ki, mətbəxdə hər şey anasının hökmü ilə bərqərardır: dördgöz onun şimşək baxışı ilə alışır, qabyuyanın kranı əlinin dirijorvari hərəkəti ilə çeşmələnir, soyuducunun naqqa balığı kimi iri ağzı onun sehirli sözləriylə sim-sim mağarasına dönüb bağrındakı nemətlərə qonaq edir, rəngi avazımış müşəmbəli, bir tərəfi divara söykək qonaq stolunun üstünə boşqablar, çəngəl-qaşıqlar onun, yalnız onun futbol məşqçisi iradəsi ilə düzülür.

– Keç otur isti-isti balıqdan ye.

Masanın üstünə nimçə, çəngəl, bir tabaq balıq, çörək, kələm turşusu qoyulmuşdu.

– Kələmi təzə tutmuşam, hələ dəyməyib. Dadına baxarsan, bəyənsən qoyaram apararsan. Haydı, keç əlini yu, gəl otur, bir tikə çörək ye.

Yalnız indi yadına düşdü ki, evə girəndən gödəkcəsini çıxarmayıb. Əynini soyunub hamam otağına buruldu. Qapının böyründəki açara iki-üç dəfə toxunsa da, hamam qəflət yuxusundan oyanıb gözünü açmadı ki, açmadı.

– Lampası yanıb, – anası gileyləndi, – iki gündü atana deyirəm dəyiş-dəyiş, dəyişib başa çıxmır.

– Mən dəyişərəm, – açıq qapıdanca bir addım atıb əlini küncdəki bəyaz zanbaq ağızlı əlüzyuyanda tez-tələsik yudu, – gətir, dəyişim.

– Gəl, çörəyini ye, dəyişərsən, yeməyini soyutma, indi çay da dəmləyəcəm.

Hamam qapısının yanında neçə ildir keşik çəkən ensiz, hündür paltar şkafının asılqanından dəsmalı çıxarmadan tələsik əllərini quruladı, keçib süfrə arxasında əyləşdi.

– Mənim balam necədi?

– Yaxşıdı.

– Niyə gətirmədin?

– Dərsdədi, axşam çıxır. – Nimçəyə qoyduğu qızarmış külmənin əvvəl kitab kimi qarnını araladı, görsün kürüsü varmı? – Özü də evdən gəlmirəm, Bilgəhə, heykəltəraşla müsahibəyə getmişdim, ordan gəlirəm.

Balığın qarnında “əməliyyat aparmağı” söhbətini kəsmədən pəncərə şüşəsinə ilişib qalmış pərvanə kimi balaca mətbəxin içində ora-bura vurnuxan anasının nəzərindən də qaçmadı.

– Yoxdu? O birilərinə bax, kürüsü olmalıydı.

– Eybi yox, bobla yeyəcəm.

Anası öz-özünə danışırmış kimi:

– Sən əvvəldən balığ xoşlamadın də. Sümüyü boğazında qalırdı. Dayan kartof da qızardım.

– Lazım deyil, birtəhər yeyəcəm, əziyyət çəkmə.

– Əziyyəti yoxdu! – Anası bir qədər pauza verdi, yalnız bundan sonra gəlinini soruşmaqla, Taleyranvari diplomatik gediş elədi. O, anasının nəyə işarə vurduğunu anlasa da, açıb-ağartmadı.

– Yaxşıdı. Külmənin başını dişlərinin arasında möhkəm sıxdı. – Səhər tezdən bizdən qabaq durub işə gedir, axşam bizdən sonra qayıdır. – Başın şirəsini tamam sovurandan sonra əzilmiş kütləni nimçənin kənarına qoydu.

“Pərvanə” gəlini barədə daha heç nə soruşmayıb tunel kimi uzunsov otağa açılan, çərçivəsi əyri qoyulmuş qapıdan keçib getdi, bir də əlində lampa ilə qayıtdı.

– Yeməyini ye qurtar, bağlayarsan.

Anası lampanı masanın üzərinə qoyub dördgözün yanındakı siyirmədən beş-altı kartof çıxardı, bir o qədər kartof da siyirmədə qaldı.

– Bu dəqiqə bağlayıram.

– Süfrənin üstündən durma, çörəyini ye.

– Salfetka var?

– Dayan görüm, qalmalı idi.

Anası mətbəx rəflərinin qapaqlarını açıb-bağlayana qədər o dəzgahın üstündəki qab dəsmalına əlini silib lampanı götürdü, karton örtüyünü soyundurub masaya atdı.

– İşığı şotçikdən söndür heç olmaya, – anası həyəcanla dilləndi.

Hamamın divarında nə vaxtsa flakon bərkidilmiş yerdə indi tənha-tənha sallanan qara patronu əl havasına tapıb, yetişib tağından qopmağa hazır bara toxunurmuş kimi ehtiyatla gövdəsindən tutdu, patronun ucundakı şüşə kürədən yapışıb sola burmaladı. Xarab lampanı cibinə qoyub təzəsinin kökünü patronun dəliyinə tuşladı, yivləri öpüşdürüb burmağa başladı. Çölə çıxıb əlini elektrik açarına uzatdı. Hamamın darısqal otağı birdən-birə neçə illik xatirələrini oyatdı: buradakı çatlaq kaşı da, paslı duş-kran da, üz-gözü çopur “kolonka” da nə vaxtsa onun əlinin qüvvəti ilə ram olmuşdu.

– Ay işıqlığa çıxasan səni, bala, iki gündü qaranlığda yuyunurduğ. Yaxşı, gəl otur, çörəyini ye, soyutdun.

Yenə əlini yuyub anasının tapıb süfrəyə qoyduğu salfet qalağından götürdüyü salfet ilə qurulayandan sonra yarımçıq qoyduğu külmədən balaca bir çimdik qopardı. Anası stolun bəri başında, onunla üzbəüz oturub kartof soyurdu.

– Bunu eləmək nədir ki? İki gündü qaranlıqda qalmısız – lampanı bağlayandan sonra səsinin kəsəri artmışdı.

– Atanı bilmirsən? Evdə əlini ağdan-qaraya vurmaz. Bir sözü əlli dəfə deyirsən, deyirsən, düzəltmir. Düzəldəndə də tez özündən çıxır, söyüş qalmır söyür, adamı peşman edir.

– Mənə deyərdin, gələrdim.

– Sənin işin-gücün başından aşır, vaxtın olmur. Özü də, ay bala, atanın qarasınca danışmağıma baxma, lampanı bayaq almışam.

– Sən də nənə kimisən. Ərin haqqında gah elə deyirsən, gah belə.

– Tay demə, – anası qəbahətli bir iş üstündə yaxalanan uşaqlar kimi içdən gülümsədi, gülümsəyəndə üzündəki qırışlar daha da dərinləşib onu zahirən də nənəsinə oxşatdı, – arvad kişini asıb-kəsərdi, elə ki kimsə ona qoşuldu, o dəqiqə keçərdi babanın tərəfinə. Elə bil əvvəl kişini danlayan adam bu deyildi.

O, əslində, hamamın iki gün işıqsız qalma səbəbini bilsə də, açıb-ağartmağa ar elədi, özü özündən, varlığından xəcalət çəkdi. Utana–utana soruşdu:

– Bəs dükanda necə işləyir? – Nimçəsindəki külmənin sümükləri ağarır, keçən ay barəsində reportaj yazdığı zooloji muzeyin eksponatlarını xatırladırdı. Tabaqdan başqa bir balıq götürdü.

– Nə micilənirsən, sən deyən sümüyü yoxdu, çək dişinə, ye. Kartof da qızardacam.

– Kartofa ehtiyac yoxdu.

– Yeməzsən, qalar, atan gələndə yeyər.

– Nə gec gəlir? İşi çoxdu?

– İş var? Onunki gün keçirməkdi. Ayın axırı icarənin pulu güclə düzəlir.

Atası məşhur daşyonan idi. Vaxtilə Bakının neçə-neçə malikanələri, imarətləri, binaları onun sayəsində yüksəlmişdi, baltasının, tişəsinin, iskənəsinin diqtəsi ilə neçə-neçə sal daşlara zərifliyin, gözəlliyin naxış nəğmələri yazılmışdı. Lap nağıllardakı kimi xozeynlər qapıda növbəyə düzülərdi, pula pul deməzdilər, süfrələri bolluqdan aşıb-daşardı, onda külmə də evlərində balıqdan sayılmazdı. Onda...

Qolları qüvvətdən düşəndən daha ev tikdirən də qalmamışdı. İndi isə balaca dükan götürüb həftəbazarda ucuz qiymətə aldığı məişət cihazlarını təmir edir, satırdı. Olanda beşdən-üçdən qazanırdı, olmayanda heç on qəpik də olmurdu.

Anası çubuq kimi əlində tutduğu nazik tiyəli bıçağı sehrbaz məharəti ilə kartof dənələrinin üzərində gəzdirir, bir anın içindəcə filfilo edib qəhvəyi kartofları ağ simirenko almasına döndərirdi. Kartofların hamısının qabığını soyandan sonra qalxıb onları yığdığı qazançanı kranın altında su ilə doldurdu, içindəkiləri yaxaladı, təzədən gəlib qarşısında oturub doğramağa başladı.

– Atam gec gələr?

– İstəyirsən zəng elə.

Yadına düşdü ki, bayaqdan telefonunu yoxlamayıb. Adətən yoldaşı bu vaxtlar ya zəng edir, ya da mesaj yazırdı. İstədi telefona baxsın, əlinin balıqlı olduğunu görüb fikrindən daşındı, tabaqdan balığın birini də götürdü.

– Yox, narahat etməyim, gələr də.

– Onsuz, indi zəng vursan bir saata ancaq gələr. Səhərlər çölə tökdüyü ayın-oyunu təzədən dükana yığmağı da bir aləm vaxtdı.

Partlamış nar kimi tən ortasından yarılmış balığın qarnında kəhrəbaya bənzəyən sapsarı kürü göründü. Balığın qarnını bir az da aralayıb iri, iki barmaq yoğunluğundakı kürünü çıxardı.

– Ay bala, nə micilənirsən, ye dənə.

Anası elə bil onun vasvasıqarışıq ləngliyindən bezar oldu, nişastalı əlini tabaqda gəzdirib iri bir külmənin belindən yapışdı, kürülüydü.

– Çıxar bunun da kürüsünü ye, özün də bir bax, yenə olmalıdı. Əlim kartofludu, hamısına bulamayım. – Anası kartof dilimləri ilə dolu dərinkəni də götürüb dördgözə yaxınlaşdı, qazı yandırdı. – Gedim həyətdən tavanı gətirim.

Elə bil adam dili bilirdi, anasının “gedim” deməyi ilə bayaqdan stolun altındamı, divarboyu düzülmüş şkafların, ya soyuducunun dalındamı gizlənmiş qaranlığın sığınacağından çıxıb mətbəxi işğal etməyi bir oldu.

– Bıy, işıqlar söndü nədi?

– Hamıda söndü, ya sizdə? – balıqlı əlini salfetə silib telefonu cibindən çıxaranda kürünü yaxşı çeynəmədən diri udduğuna görə heyfsiləndi, – fənərini yandırıb qaranlığa tutdu.

– Dayan çölə baxım. – Anası çöl qapını itələdi, yenə o tanış cırıltı eşidildi. – Qonşuda yanır.

– Yəqin, lampadandı.

– Hə, bala – dayan içəri otağa baxım.

Çöl qapını örtdü, oğlunu mətbəxdə cırıltı ilə baş-başa qoyub çərçivəsi əyri qapıdan içəri keçdi.

Telefonun fənərinin süd bəyazı işığını filmlərdə vampirlərin üzünə xaç tutan rahiblər kimi qaranlığa tuşladı, otağı dolandırdı, başının üstündə sallanan kəpənək formalı lüstra sarı qaldırdı, düşündü qaranlıq, bəlkə, qorxub qaça, qaçmadı.

– Burda var, – anasının səsindən qabaq otağın işığı əyri çərçivəli qapıdan keçib mətbəxə yayıldı.

– Hə, onda kuxnanın lampası yanıb, – işığın gəldiyi otağa öz səsindən sovqat yolladı.

Anası bayaq balıq qızartdığı tavayla qayıtdı. Elə bil o biri otaqdan işığı da tavaya qoyub gətirmişdi.

– Lampa var? – Telefonu bu dəfə anasına tuşladı.

– Yox, ay bala, – anasının qazın üstünə qoyduğu tava danqıltı salıb səsindəki ümidsizliyi gizləməyə çalışdı.

Dükana gedib lampa almaq istəsə də bu köhnə, dəmir qapıdan cibindəki axırıncı manatlıqla içəri keçdiyini yadına salıb kövrəldi. Çarəsizcə telefonu anası tərəfə qaldırdı ki, pərtliyini fənərin işığı arxasında gizləsin. Sanki qadın da çox vacib bir sirrin üstü açılıbmış kimi təlaşlandı və o dəqiqə də köhnə vərdişi ilə çıxış yolu axtardı.

– Ay bala, tay əlini bulamısan, hamama bağladığın lampanı aç, bura bağla, – sonra da məğlub olmuş rəqib iniltisi ilə davam elədi, – tapşıraram atan gələndə alar.

Anasına deməyə dili gəlmədi, dili gəlmədi desin ki, ana, ay ana, hamama girib patrondan ehmalca yapışdı, bu dəfə lampanın içinin tökülməsindən qorxduğundan yox, qolu gücdən düşdüyündən belə edirdi, vallah, cibimdə bircə manatla qapınızdan girmişəm, şüşə kürədən yapışıb sola burdu, Bilgəhə müsahibə götürməyə getmişdim, ana, suyu süzülə-süzülə hamamdan çıxdı, yol uzaqdı, olan-qalan pulum da yola getdi, ay ana, bayaq anasının oturduğu stula çıxdı, ordan da stolun üstünə dırmaşdı, evdə də bir qəpiyim qalmayıb, ay ana, xarab lampanı açıb qaranlığa uzatdı, yolüstü burda düşdüm ki, sizi yoluxum, həm də, lampanı kəpənək formalı lüstrın partonuna bağladı, həm də varsa sizdən 5-10 manat əl borcu götürüm, ana, ay ana. Deyə bilmədi. Əvəzinə “anasının, ay bala, yavaş, ay bala, başına dönüm, yıxılarsan, ay bala tok vurar, dayan kluçateldən söndürüm” nidalı sözlərini eşitdi. Bir də onda ayıldı ki, anası təzədən qaranlığa düymə çaxdı, mətbəx bayaqkına nəzərən daha zəif, ölümcül serroz xəstələrinin üzünü xatırladan sarı işığa boyandı. Stolun üstündəykən göz gəzdirib tavana nəzər yetirdi, illər əvvəl, toyuqabağı təmirdə tavana çəkdiyi sığallı əllərinin tanış izlərini aradı, pərdələrin asıldığı taxta karnizlərin salxmış duruşuna baxdı, karnizlə yan divarın arasında özünə yurd salmış noxud boyda qara bir hörümçəyin nə işığa, nə istiyə, nə soyuğa ehtiyacı olan, boz iplikli yuvasını görüb qəzəbləndi, baş düşdü ki, buraların əlli-ayaqlı olmaqda, becidlikdə anası ilə yarışa girməyə hazır yeni sahibi ortaya çıxıb, daha anasının düşmənlərini qovmağa əvvəlki dəyanəti qalmayıb.

– Düş, ay bala.

– Buraları hörümçək basıb.

– Bilirəm, gərək bir gün yuxarılara da süpürgə çəkəm. Əşşi, cəhənnəm olsun hörümçəyi, yeməyini soyutdun. Tez kartofu atım tavaya, heç olmasa isti bir şey ye.

– Əziyyət çəkmə, balığ bəsimdi.

Əlini yumağa heyi qalmadı, elə yalandan böyrünə silib təzədən masanın arxasına keçdi, könülsüz-könülsüz anasının bayaq qoyduğu balığın kürüsünü çıxarıb ağzına apardı. Sonra balığın başını bədənindən ayırıb əvvəl kəlləsini dişləyib beynini sordu, sonra acığını çıxırmış kimi başı bir neçə dəfə möhkəm dişləyib ağzını bürüyən şirəni içinə çəkdi, çeynənmiş kütləni nimçənin qırağına qoydu, balığın bel nahiyəsindən bir parça qoparıb ağzına atdı.

Anası tavanın qapağını örtüb gəlib bayaqkı yerində oturdu:

– Turşudan yedin? Dəyib?

– Hələ yoxlamamışam, – bənövşəyi kələm dilimlərindən bir çimdik götürüb ağzına apardı, – hələ tam dəyməyib.

– Eybi yox, bir bankə qoyaram, apararsan, uşaqlar yeyər.

– Nəvənin turşu ilə arası yoxdur, – anasının bayaq qabağına qoyduğu balığın da sümükləri yavaş-yavaş görünməkdəydi.

– Gəlin yeyər.

– O da diyetadadı.

– Mən payımı qoyuram, hansınız yeyərsiz özünüz bilərsiz.

Susdular.

– Balıq azdır e, yoxsa balıqdan da qoyardım.

– Lazım deyil. – Xəyalı artıq tamam başqa yerdə idi, yenə ayın axırı olmamış pulu qurtarmış, yenə borc hayına düşmüşdü. İndi doğulub-böyüdüyü ev ondan ötəri dünyanın ən cansıxıcı yerinə dönmüşdü. Daha yediyi də canına sinmirdi.

– Yavanlıq eləyərsiz. Baban o vaxt bu balıqdan bilirsən nə qədər gətirərdi? Rəhmətlik bırıqda işləmədiyi günlər səhər tezdən durub gedirdi balıqçıların vətəgələrinə, bir də gördün günorta üstü gəldi, maskıletin lülkası da balığla ləbələb dolu.

Dənizqırağı qəsəbədə böyümüş anasının tez-tez danışdığı bu əhvalatları bütün detallarına qədər əzbərləmişdi. O uzaq keçmişdə anasının yaşadığı və onun uşaq vaxtı xalası, dayısı uşaqlarıyla qaçdı-tutdu oynadığı evin arxa tərəfinə bitişik çardağın altında həmişə içi Süleyman peyğəmbərin süfrəsi kimi balıqla dolu çəllək varmış və evdə heç nə olmayanda belə anasıgil arxayınmış, yavanlıq üçün də olsa, o çəlləkdə hər zaman duzlu balıqlar yan yatıb onların yolunu gözləyir. O illərin dadı damağından getmədiyi üçünmü, ya başqa səbəbdən, anasının sevimli yeməyi həmişə bir qurc şor balıq olmuşdu, dünyanın ən dadlı yeməyindən də əzizdi ona bir qurc şor balıq. O, isə balığı heç vaxt sevmədi, ölkənin adı çəkiləndə mütləq balıq da yada düşən rayonundan olsa da, heç vaxt sevə bilmədi bu “varlı-pullu” məxluqu hər dəfə yeyəndə tığı boğazında qaldı.

– Xıxxxx.

– Noldu? Çörəyin qırağından ye, – balığın sümüyünün boğazında qaldığını görən anası dərhal məşhur türkəçarəsini dilə gətirdi və çörəyin qırağından kəsib uşağına uzatdı, – çörəyin qırağını ye, sümüyü sıyırıb aparsın.

– Kıxxxx... Keçdi, – anasından aldığı çörəyi çeynəyib uddu, – narahat olma.

– A bala, kürüsünü ye, deyirəm də, – tabağa əlini uzadıb sıraları seyrəlmiş balıqların içində axtarışa başladı, – buranın balıqlarında kürü olmaz, heyif deyil bizim balıqlar. – Məsələ kürüdə deyildi, anasına lap Baykalın göz yaşı kimi təmiz sularında üzən qızıl balığını da versən, bəyənməyəcəkdi, yenə rəhmətlik atasının qara ağızlı çəlləyində duzlanan çapaqdan istəyəcəkdi. – Nəhayət tapdığı kürülü külməni oğlunun qabağına qoydu.

– Yemirəm, doydum.

– Nə yedin ki, kürüsü var bunun, çək dişinə. Az qalıb, kartof da qızarır.

Ayağa durub tavanın qapağını götürdü. Qapağı qaldıranda buğla qarışıq qızarmış kartof ətri də mətbəxə yayıldı. Ona elə gəldi ki, anası “kartof” sözünü dilə gətirməsəydi kartof qızartdığını unudacaqdı.

– Bayaq heç demədin, bibimgil necədirlər? – kürüyə duz-istiot vurub dişlədi.

– Yaxşı olarlar.

– Baxma, bütün günü telefonda danışarsız, sən bikar, o bikar.

– Yox, ay bala. Evin işlərindən vaxt olmur. Səhər durub dədəni yola salıram, ev-eşiyi yığışdırıram, bir də gözümü açıram ki, qaranlıq düşüb. – Anası, tavanı qarışdırıb narazı-narazı bir ah çəkdi. – Bibin deyir gəlin niyə doğmur?

– Bibimin köhnə mahnısıdı. – Anasının qoyduğu balığın qabırğasının sümüklərini ayıra-ayıra dedi.

– Bibin düz deyir, a bala. Mən utanıram, gəlinlə də bu barədə danışmağa, üzüm gəlmir.

– Hər şeyin vaxtı var.

– Böyük sözünə qulaq asarlar. Ayrı yaşayırsız, sözüm yoxdu, ancaq...

– İlahi şükür. Sağ ol, ana, yeməyin çox dadlı idi.

– Nə yedin ki! Bircə dəqiqə səbir elə, az qalıb, bişir, isti-isti yeyərsən.

– Yox, doydum. Həm də gedəsi yerim var, tələsirəm.

– Atanın gələn vaxtıdı.

– Onu gözləsəm gec olar, – deyəsən, işıq ucu vardı, iş yoldaşlarından birinə zəng vurub əlborcu istəyə bilərdi. Tez getsə yaxşıydı, işdən çıxan vaxtı metroda tutardı.

– Neynək, özün bilərsən. Gözlə, gedim turşu gətirim həyətdən. Sən kartofa bax, dibi yanmasın.

Anası növbəni yoldaşına ötürən əsgər canfəşanlığı ilə tapşırığını da verib çərçivəsi əyri qapıya tərəf döndü:

– Bıy, başıma xeyir!

– Noldu?

– Buranın da lampası yandı? – Anası məlumatı sual formasında çatdırdı. O, qəza yerinə yığışan izdiham marağı ilə gəlib qapının ağzında dayandı.

– Lap möcüzədi, – oxuduğu kitabların təsirindən daha möcüzələrə inanmasa da, təəccübünü ifadə etməyə başqa söz də tapmadı.

– Allah xeyir eləsin. – Anası qarnının üstündə qoşalaşdırdığı əllərini bir-birinə çırpdı və dərhal da qarğışa keçdi. – Gözləri çıxsın elə.

– Kimin?

– Nə bilim? Neçə gündü svarka edən kimdi?

– Ana... – Bir qədər pauza verdi, bilmədi, sözünü necə gətirsin, pulunun olmadığını kimə desən etiraf edərdi, bəlkə, başqa vaxt bunu anasına da deyərdi, indi isə çəkinirdi, utanırdı.

– Ay bala, darıxma, atan gələr, deyərəm alıb bağlıyar.

– Pulu var?

– Hə, anası dedi və o dəqiqə əlavə elədi, – yəqin, bu gün alveri olub.

– Onda mən gedim? – Özünü əlifba kitabından oxuduğu nağılın qəhrəmanı – ayı gələndə dostunu təhlükədə qoyub qaçan qorxaq oğlan kimi hiss elədi.

İkisi də çərçivəsi əyri qapının ağzında dayanıb nə isə axtarırmış kimi o bir ucu qaranlığın içində əriyib yox olan dəhliz-otağa baxırdılar.

– Yaxşı, mən gedim. – Əlini asılqana apardı.

– Dayan, turşu gətirim həyətdən.

– Ehtiyac yoxdu.

– Uşaqlar yeyər.

– Dəysin, sonra apararam, – geyinə-geyinə dilləndi, tezcə buralardan uzaqlaşmaq istəyirdi.

– Özün bil, mən payımı qoyurdum. – Dördgöz tərəfə gedib tavanı qazın üstündən çəkdi, – kartof da hazırdı, bişib.

– Yemirəm.

– Onda, bala, əziyyətdən keçib, sən bu lampanı aç, – başı ilə mətbəxin kəpənək formalı lüstrını göstərdi, bağla içəri otağa. Mənim, onsuz, daha burda işim qalmayıb. Yeməyi də bişirdim. Nəsə lazım olsa da, qazın işığına görərəm.

O, bir ayağına geydiyi ayaqqabı tayını çıxarıb bayaq anasının oturduğu stulun, ordan da masanın üstünə çıxdı.

– Dayan, işığı söndürüm.

Gözlədi, qaranlıq yenə stolun altından, şkafların, soyuducunun arxasından çıxıb mətbəxi ələ keçirdi, bu dəfə o özü də zülmətin ordusundaydı.

– Gələ dəsmalla aç, isti olar.

Dəsmalı anasından alıb qaynar lampanı ehtiyatla açdı ki, içi tökülməsin, Allahlardan oğurladığı odu sönməyə qoymayan Prometey ehtiyatı ilə lampanı dəsmalın içindəcə çərçivəsi əyri qapıdan içəri apardı. Gözü qaranlığa alışdığından dəhliz-otağın çilçırağını tapmaq çətin olmadı, göztəpək sayıqlığı ilə stul qoyub dırmaşdı, köhnə lampanı açdı...

– Ana, mən getdim, – ayaqqabısını geyindi, mətbəxin ortasında dayanıb dördgözdən qalxan mavi alov dilimlərinin ətrafa yaydığı sayrışan incə kölgələrin arasında gah görünüb, gah da yox olan anasına baxdı. – Ataya salam deyərsən.

– Yaxşı, bala. Sən də nəvəmi çoxlu öpərsən. Gəlinə də salam de.

– Bu da yansa, heç zad, – başı ilə işıq gələn tərəfə işarə elədi, sonra lampanın işləyib-işləmədiyini yoxlayırmış kimi gözlərini qıyıb işığa zilləndi, – inşallah yanmaz, – gözləri qamaşdı.

– Allah eləməsin, bala. – Səs gələn tərəfə çevrildi, anası qaranlıqdan seçilmirdi.

– Xudafiz.

Köhnə dəmir qapını itələdi, qapı xəstəhal cırıltı ilə əsnəyib yuxudan oyandı. Çölə çıxıb qapını örtdü.

Kandarda bayaqkı pişik anasının tökdüyü sür-sümüyü xırçıldadırdı. Anasının bu dar macalda imkan edib süfrəni yığışdırmağına lap məəttəl qaldı, gözündən yayınıb nə vaxt yediyinin artıq-urtuğunu qapının ağzına tökmüşdü, anlaya bilmədi. Pişik onu görüb kefini belə pozmadı, qonşunun pəncərəsindən xoş səda kimi yayılıb qapılarına zollanan parlaq işıq selində kəpənək zərifliyi ilə oynatdığı sarı bığları aydın sezilirdi. Bayaq onun çeynəyib atdığı balığın başını iştahla marçıldadırdı.

Bir qədər aralanıb qonşunun pəncərəsi ağzında dayandı. Heysiz əllərini cibində gəzdirib siqaret çıxardı, alışdırdı. Qaranlığın içində birdəfəlik itməmişdən qabaq geri dönüb məyusluqla köhnə qapılarına baxdı.

Ona elə gəldi ki, qapı, həqiqətən, dalıyca dilini çıxarıb onu lağa qoyur.

# 5397 dəfə oxunub

Müəllifin son yazıları

# # #