Bir neçə gün əvvəl APA-ya müsahibə verən rejissor Rövşən İsax “Dərvişin qeydləri” filmi haqqında belə fikir səsləndirib: “Eldar Quliyevin çəkdiyi “Dərvişin qeydləri” filmdir? Eldar müəllimdən çox-çox üzr istəyirəm, o, film çəkəndə mən stolun altında “soska” yeyirdim. Amma bunu deməyə bilmərəm. “
Rövşən İsaxın fikri ilə bağlı filmin rejissoru Eldar Quliyevdən münasibət öyrəndik. Olduqca qısa cavab verən rejissor bildirdi ki, bu onun öz işidir: “Çox heyf, səviyyəsi belədi. Belə adda rejissor tanımıram”.
Eldar Quliyevlə birlikdə filmin ssenaristi olan yazıçı İlqar Fəhmi yaradıcı adamlarda belə xüsusiyyətlərin olduğunu bildirdi: “Hər adam üçün öz işi daha yaxşıdı. Çünki öz işi onu daha yaxşı ifadə edir”.
İlqar Fəhmi filmə professional yanaşmağın doğru olacağını vurğuladı. Təklif etdi ki, Rövşən İsax filmin nöqsanları haqqında bir neçə dəlil gətirsin: “Mənim o işlərdən başım çıxmır, çünki mən yazaram. Amma yenə də desin, kadrmı düz deyil, rejissor işimi yanlışdı və s. Mütləq bir neçə dəlil göstərsin. Eldar müəllim də balaca adam deyil axı. Biz də baxaq görək düz deyir, ya düz demir”.
“Dərvişin qeydləri” filmi 2013-cü ildə çəkilib. Filmin premyerası 2 avqust 2013-cü ildə Nizami Kino Mərkəzində keçirilib.