Pararlel dünyaya səyahət edən xərçəng ata – Etqar Keretdən yeni hekayə

Pararlel dünyaya səyahət edən xərçəng ata – Etqar Keretdən yeni hekayə
7 iyul 2020
# 08:58

Kulis.az “Hekayə günü”ndə Mirmehdi Ağaoğlunun tərcüməsində çağdaş İsrail yazıçısı Etqar Keretin “Qəhvə və siqaretlər” adlı yeni hekayəsini təqdim edir.

Altı yaşım olanda atam Təl-Əviv çimərliklərindən birinin yaxınlığındakı hovuzun bufetində işləyirdi. Hər səhər altının yarısı evdən çıxıb hovuza gedir, iki kilometr üzəndən sonra abunəçilər üçün nəzərdə tutulmuş isti soyunma otağında duş qəbul edib işə başlayırdı. Evə çox vaxt axşam doqquzda, özü də yorğun qayıdırdı. Gündə on dörd saat, həftədə yeddi gün Qordon çimərliyinin düz yanındakı hovuzun bufetində qazlı su ilə dolu yeşikləri boşaldır, tost presləyir və parlaq şüşə stəkanlarda qəhvə hazırlayırdı.

Üstündən uzun illər keçəndən sonra atam hələ də təkidlə deyirdi ki, bu, onun həyatının ən gözəl çağı olub və nostalgiyaya qapılaraq o günlərdə satdığı sərt qəhvə ilə xarici siqaretlərin qoxusunun və dənizdən əsən duzlu küləyin ağ ciyərlərində bir-birinə necə qarışmasından danışırdı. Qəhvə, dəniz və siqaret atamın həmişə ən çox sevdiyi üç şey olub.

Mənim üçün bu elə də xoşbəxt çağ deyildi. Atam işdən gələndə mən artıq çarpayıda uzanmış olurdum və atama baş çəkmək üçün anamla hovuza getdiyimiz şənbə günləri istisna olmaqla onu görmürdüm. Mən nəinki buna görə narazılıq edir, ümumiyyətlə başqa həyatın nə olduğunu bilmirdim. Altı yaşındakı uşaqlar atalarının daha çox vaxtının olduğu başqa bir dünya təsəvvür etməkdə acizdirlər, onlar reallığı necə var o cür də qəbul edirlər. Ancaq yenə də ondan ötrü çox darıxırdım. Bunu hiss edən anam təklif elədi ki, hər səhər onunla gedib hovuzda üzüm, ordan isə taksidə məktəbə yollanım.

Hər gün soyuq suya girəndə yaşadığım temperatur şokundan savayı həmin səhər üzməkləri barədə heç nə xatırlamıram, lakin atamla birgə səfərlərimiz yadımda çox yaxşı qalıb: bayırda hələ qaranlıqdı, biz gümüşü “Pejo-504”ümüzdə oturmuşuq, pəncərələr açıqdı, atam uzun “Kent” çəkir və elə indicə başqa ölçülərdə yaranan paralel aləmlərdən bəhs edir. Bu aləmlərdə hər şey bizim dünyadakı kimidir: eyni şose, eyni svetoforlar, atamın ağzının kənarındakı eyni siqaret - hər şey, hər şey oxşardır, yalnız bir fərqlə.

Atam hər səhər paralel aləmi bizim dünyadan ayıran yeganə detalı götürüb onu həmişə dəyişirdi: budur, paralel aləmdəyik, svetoforun yaşıl işığının yanmasını gözləyirik, lakin gümüşü “Pejo” əvəzinə əjdaha belində gedirik. Bu da başqa bir aləm, burda isə rəngi getmiş finkamın altında qəlsəmələr gizlənib, mənə suyun altında balıq kimi üzməyə imkan verirlər.

Doqquz yaşım olanda atam işini dəyişdi. Artıq səhərlər yuxudan tez durmağına ehtiyac qalmırdı, axşamlar isə hamımız bir yerdə yemək yeyir, xəbərlərə baxırdıq. İyirmi iki yaşım olanda isə valideynlərimin evini tərk etdim, ancaq yenə də həftədə iki dəfə hökmən onlara gəlir, şənbə günləri atamla birlikdə bir vaxtlar işlədiyi hovuzda üzürdük. Qırx üç yaşım tamam olanda atamda xərçəng aşkar etdilər. Bu, əlli il siqaret çəkməyin nəticəsi olan dil kökünün xərçəngi idi. Həkimlər xəstəliyi aşkar edəndə artıq inkişaf mərhələsindəydi və biz atamla bu barədə danışmasaq belə hər ikimizə onun öləcəyi məlum idi.

Hər həftənin bazar ertəsi onu fizioterapiyaya aparırdım və biz həkimin qəbulunda gözlədiyimiz zaman atam arada şəfqətli səsi və britaniyalılara bənzəyən şivəsi ilə yenə də paralel aləmlərdən danışırdı. Bu aləmlərdə hər şey, hər şey bizim dünyanın eyni idi, yalnız bir istisna ilə. Hesab edək ki, orda itlər danışa bilirlər. Ya da insanlar fikirləri oxuyurlar. Və ya səma tünd qırmızı rəngdədir, əməlli-başlı tünd qırmızı rəngdə, lap çuğundur kimi, süd bəyazı buludlar səmada o qədər dadlı görünürlər, adam lap dişləmək istəyir.

Hər seansın sonunda fizioterapevt təzədən mənə atamla yanaşı gedəndə əlindən necə tutmağı, o, tarazlığını itirəndə necə etməyi öyrədirdi. Evə qayıdarkən biz hər dəfə Şlomo a-Melex və Derek Arlozorov küçələrinin kəsişməsinə çatanda atam həmişə dayanırdı. “Ətri hiss edirsən? – o, soruşur və tində təzə açılmış qəhvəxananı göstərirdi. – Elə təkcə ətrinə görə, sənə deyim, şəhərdə ən yaxşı qəhvə budur”. Xəstəliyin bu mərhələsində dilin kökündəki xərçəng şişi o qədər böyümüşdü ki, atam artıq yeyib-içə bilmirdi: o, qida maddələri və mayeni birbaşa mədəsinə gedən şəffaf borudan alırdı.

Bir dəfə bazar ertəsi günü fizioterapiyadan sonra Şlomo a-Melexlə Derex Arlozorovun kəsişməsindəki qəhvəxananın yanından keçərkən atam həmişə olduğu kimi dayanıb bu yeri öymək əvəzinə içəri girib qəhvə içməyi təklif etdi. “Ata, - bir anlıq tərəddüd edərək dedim, - sən heç nə içə bilməzsən, şiş qırtlağın qabağını kəsib”. “Bilirəm, - atam dedi və çiynimə toxundu, - sən ki, içə bilərsən”.

Biz çöldə, küncə qoyulmuş stolun arxasında oturduq. Mən gözəl ofisiant qıza latte və bir stəkan su sifariş verdim, qız atamdan nə istədiyini soruşduqda o, ikiqat espresso xahiş elədi. Mən təəccüblə ona baxdım, o gülümsədi və çiyinlərini çəkdi. Ofisiant atamın günahkarcasına gülümsəməyini görüb sualedici nəzərlərlə mənə baxdı və mən ona nə deyəcəyimi bilmədiyimdən yulaflı peçenye xahiş etdim.

Hələ ki, qəhvələrimizi gətirməmişdilər, biz susmuşduq. Mən atamdan soruşmaq istəyirdim ki, axı niyə qəhvə sifariş verdi və bu, ofisiant qızın gözəlliyi ilə necəsə bağlıdırmı? Amma dinmirdim. Atam köynəyinin cibindən həmişə eynək futlyarında saxladığı siqaret qutusu və alışqanını çıxartdı, onları stolun üstünə qoydu və burnunun altında öz-özünə gülümsədi. Biz gözləyirdik.

Bir neçə dəqiqədən sonra ofisiant qız qayıtdı və sifarişimizi masaya düzdü: latte, bir stəkan su və mənim üçün nəlbəkidə peçenye, atam üçünsə ikiqat espresso.

Mənim qəhvəmdən xoş buğ çıxırdı. Bir qurtum almaq istəyirdim, ancaq atamın gözü qarşısında onu belə içmək mənə ədalətli görünmürdü deyə qəhvəyə gözlərimi zilləməyə davam edirdim. Birdən gözucu gördüm ki, atam espresso dolu fincanı stoldan cəld götürür və bir uduma içir.

Bu olan iş deyildi. Mən bilirdim ki, bu mümkün deyil. Axı onkoloq anamla bizə vaflili konusun üzərindəki vanilli dondurma kürəciyi kimi qırtlağın üstünü bağlamış şişin rentgen şəklini göstərəndə kabinetdəydim. Mənim atam... Həkim qadın amiranə və bir az da boğuq səslə demişdi ki, bir daha heç vaxt heç nə içə bilməyəcək. Və budur gözəl bir bazar ertəsi biz onunla şəhərin ən hipster qəhvəxanasında oturmuşuq. Mən hələ də gözümü buğlanan fincanıma dikmişəm, o isə bir uduma özünün ikiqat espressosunun axırına çıxaraq gülümsəyir. Bir saniyəlik mənə elə gəldi ki, ümumiyyətlə ola bilsin, biz hazırda paralel aləmdəyik və çox güman hələ balaca vaxtımdan onun mənə danışdığı əhvalatlar üzündən bizim aləmin xəstə ürəyində nəsə bir portal açılıb və bizi büsbütün oxşar olan paralel dünyaya çəkib aparıb – yalnız orda atam istədiyi qədər yeyib-içə bilər və bir neçə ay sonra ölməyəcək.

Qaynar qəhvə atamın qırtlağı ilə ağ ciyərlərinə töküldü, ora çatanda atam boğulmağa başladı. O, ayağa durub qəhvəxananın ortasında dayandı və hər iki əli ilə boğazından yapışdı. Onun çıxardığı xırıltılı səslər, ağ ciyərləri qaynar qəhvə ilə dolmuş insandan gələn o səslər dəhşətli idi. Yaxınlıqda dayanmış ofisiant qız qorxu içində ona baxdı, qonşu stoldakı eynəkli kişi isə ayağa qalxıb atamdan soruşdu ki, kömək lazımdırmı? Mən oturmağa davam edirdim, tərpənməyə gücüm yox idi. Hələ bir saniyə əvvəl atamla birlikdə olduğum paralel aləm yoxa çıxdı və məni o qədər də uğurlu olmayan bir aləmə tulladı. Bir neçə xırıltılı saniyə daha keçdi – sonra atam əyildi və ağ ciyərlərini dolduran o əla italyan qəhvəsinin hamısını qəhvəxananın döşəməsinə qaytardı. Qurtaranda isə heç nə olmamış kimi qəhvə və bəlğəm gölməçəsinin bir neçə santimetrliyində oturub qamətini düzəltdi və siqaret yandırdı. Qonşu stollardakılar hipnoz olmuş kimi ona baxmağa davam edirdilər. “Nə deyə bilərəm, - atam səmimiyyətlə gülümsəyib tüstü burumunu üfürdü. – Bu həqiqətən şəhərdə ən yaxşı qəhvədir”.

# 5638 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #