Biədəblər üçün təsəlli

Biədəblər üçün təsəlli
3 avqust 2013
# 07:45

EPATAJ ESTETİKASI

I hissə

Nəinki bədii ədəbiyyatda və publisistikada, demək olar ki, istisnasız olaraq, hər bir sahədə kütləvi şəkildə yayılmış epataj artıq ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Xatırladaq ki, fransız dilindən tərcümədə “badalaq” mənasını verən epataj cəmiyyət tərəfindən qəbul edilmiş ümumi qayda və normaların pozulması və qalmaqalla müşahidə olunan davranışdır.

Bu, publikada şok effekti yaratmaq yolu ilə diqqəti cəlb etməyə cəhddir və adətən, bu cəhd heç də uğursuz alınmır. Epatajın mahiyyəti ilə əlaqədar fikir müxtəlifliyi olan bəzi tədqiqatçılar bu ifadəni istifadə etmirlər. Məsələn, A. Flaker onun yerinə “estetik təxribat” və “estetik çağırış” ifadələri işlətməyi daha məqsədəuyğun hesab edir.

Fikir versək, görərik ki, xüsusən son zamanlarda ədəbi mühitdə epatajlı xəbərlərin, açıqlamaların sayı artmaqdadır. Vaxtilə ədəbiyyat nəhəngləri hesab olunan müəlliflərin bir çoxu bu gün öz pyedestalından “aşırılır”, cəmiyyət üçün qaranlıq qalan xeyli məqamların üzərinə işıq salınır. R. Kamalın bütövlükdə XIX əsr Azərbaycan ədəbiyyatını ədəbiyyat tariximizin ən “mənasız” dövrü adlandırması, H. Herisçinin Mirzə Cəlilin “Ölülər” əsərinin plagiat olduğunu iddia etməsi, Ə. Əylislinin “Daş yuxular” əsərində bədii mətn gerçəklərinin cəmiyyət tərəfindən məqbul hesab olunmaması səbəbindən böyük qalmaqal yaratması, S. Vurğunun şəxsiyyəti ilə bağlı bir sıra iddialar, Qaçaq Nəbi, Koroğlu kimi adına dastanlar bağlanmış xalq qəhrəmanları ilə bağlı uzun illər gizli saxlanılan, hazırda üzə çıxarılan bir sıra maraqlı faktlar və s. ədəbi mühitdə ajiotaj yaratmağa, “sakit gölə daş atmağa” hesablanıb.

Bir tərəfdən də etiraf etmək gərəkdir ki, bu qalmaqallar əgər şəxsi münasibətlər müstəvisinə gətirilməzsə, müəyyən mənada, həqiqətən, ədəbi mühitdə canlanma yaratmağa xidmət edə bilir. Lakin polemika mədəniyyətinin yüksək inkişafından danışmağın hələ çox tez olduğu cəmiyyətimizdə ədəbi qalmaqal qısa bir zamanda şəxslərin münaqişəsinə çevrilir.

Müasir dövrə qədərki ədəbiyyatda epatajdan istifadə edən ədəbi istiqamətlərdən biri XX əsrdə inqilabdan sonra rus poeziyasında mövcud olan imajinizm olub. Belə ki, onların yaradıcı təcrübəsi üçün ən xarakterik cəhət anarxiyalılıq və epataj estetikası olmuşdur. İmajinizmin estetik konsepsiyası şok effekti doğuran, inkaredici, amorallıq və sinizmə üstünlük verən antiestetizmə əsaslanırdı.

Qeyd edək ki, bütün bu sadalananlar mahiyyət etibarilə yeni bir şey deyildi: imajinizmdən əvvəl simvolizmdə və futurizmdə də geniş tətbiq olunurdu. Baxmayaraq ki, onlar futurizmi inkar edirdilər, amma sələfləri kimi, imajinistlər də özlərinə daha çox diqqət cəlb etmək, reklamlarını təşkil etmək üçün səs-küylü aksiyalara, ədəbiyyat üzərində “məhkəmə qurmaq” kimi işlərə əl atmaqla futuristlərin ən yaxşı davamçısı sayıla bilərlər.

Bu, bütün bir qrupun epataj yaratmaq, diqqətləri özünə çəkmək üsulu idi. İmajinizmin öncülləri (S. Yesenin, V.Şerşeneviç, R. İvnyov və A.Marienqof ) yaradıcı mühit və oxucular qarşısında bəyan edəcəkləri deklarasiyanı hazırlayarkən özlərindən əvvəlki bütün ədəbi cərəyanları, qrupları, müəllifləri inkar edərək yeganə mükəmməl istiqamətin özlərinin yaratdığı ədəbiyyat olduğunu məxsusi vurğulayırdılar. Bu deklarasiyada oxucuya müraciət edən imajinistlər yazırdılar: “Biz sənə o qədər dözümlü yanaşa bilərik ki, sonralar sən ağlını itirmiş və hələ də istedadsız olan oxucu, bir az böyüyüb ağıllanarsan və sənə hətta bizimlə mübahisə etməyə də icazə verərik.”

Oxuculara da yuxarıdan aşağı baxan imajinistlər özlərindən öncəki cərəyanları təhqir etməkdən də nəinki çəkinmir, əksinə, diqqət cəlb etmək üçün bunu məmnuniyyətlə edirdilər. “Əminik ki, yalnız biz ən doğru yolu tutmuşuq” deyən imajinistlər bir az da irəli gedərək özlərindən əvvəl yaranmış ədəbiyyatı “zibil” adlandırırdılar: “Əgər biz köhnəliyi dağıtmağa çağırış etmiriksə, bu ona görədir ki, bizim zibil yığışdırmağa vaxtımız yoxdur, bununla qəbir qazanlar − futurizmin çaqqalları məşğul olsunlar.”

Göründüyü kimi, qalmaqal yaratmaq, söz-söhbətə səbəb olaraq yadda qalmaq üçün imajinistlər ən pis ifadələrə əl atırdılar. Lakin belə zəmin üzərində yaranan cərəyanın ömrü uzun sürə bilməzdi, ona görə də 1925-ci ildə imajinistlərdən ibarət bu kiçik qrup faktiki olaraq dağıldı.

Bəs bədii mətndə epataj hansı formalarda təzahür edir? Vulqar ifadələr, cəmiyyət tərəfindən toxunulmazlıq qazanmış dəyərlərin və insanların “maskasının cırılması”, detektiv elementləri, sadizm, mazoxizm, qəddarlıq və despotluğun detallı təsviri, erotika, pornoqrafiya və s. bu kimi elementlər oxucunu çaşdırmağa, təəccübləndirməyə xidmət edir. Sadalananlardan sonuncu ikisi daha çox diqqətləri cəlb edir və müzakirələrə səbəb olur.

Ədəbi epataj yalnız oxucuda şok effekti yaratmağa hesablanmır, müəllif bu yolla mühafizəkar oxucunu təhqir etdiyini, onda mütləq əks-reaksiya doğuracağını yaxşı bilir. Yaradıcılığında epatajdan istifadə edən müəllif bilərəkdən sanki oyun yaradır və bir müddət sonra artıq elə bir mərhələ yetişir ki, bu oyun sənətin ayrılmaz tərkib hissəsinə çevrilir; yəni bunsuz artıq aludə olmuş auditoriyanı cəlb etmək çətinləşir, bəzən hətta mümkünsüz olur.

Epataj müəllifin normalar çərçivəsini dağıdaraq yaradıcı mühitdə fərqli, özünəməxsus imiclə − azad yaradıcı insan kimi oxucu qarşısına çıxmasına səbəb olur. Müəllif üçün mətnlərində epatajdan istifadə həm də kifayət qədər cürət tələb edir, çünki yeniliklərə açıq olmayan cəmiyyətdə fərqliliyə, qeyri-adiliyə can atmaq çox vaxt müəllifin şəxsi imicini zərbə altında qoya bilir.

Yeri gəlmişkən qeyd edim ki, cəmi bir neçə il öncə ədəbiyyatda vulqarizmlərdən istifadə haqqındakı yazımda bədii əsərdə senzuradankənar ifadələri heç vəchlə qəbul edə bilmədiyimi, bədii mətndə bunların işlənməsinə ehtiyac olmadığını yazmışdım. Ondan daha öncə isə X. R. Ulutürkün lirikası ilə bağlı araşdırmamda şairin “Səadət anlarında” adlı erotik şeirini sənət meyarları ilə deyil, mühafizəkarlıq nöqteyi-nəzərilə yanaşaraq tənqid etmişdim.

Çox az zaman keçsə də, bu barədəki fikirlərim tamamilə dəyişmiş kimi görünür. Səbəb ədəbiyyatı o zamanlar olduğu kimi, kənardan seyr etmək deyil, içindən tanımağa başlamaqdır. Aldığımız təhsil, gördüyümüz tərbiyə, hər zaman hər yanda rastlaşdığımız olmazlar, ictimai qınağın ifrat həddə çatdığı cəmiyyət bizim ədəbiyyatı ədəbi kriteriyalarla ölçmək şansımızı azaldır.

Həqiqətən, çox vaxt oxucu üçün ədəbiyyat bədii mətn olaraq əslində heç bir əhəmiyyət daşımır və biz yanlış olaraq, bədii ədəbiyyatın üzərinə maarifləndirici, tərbiyəvi və başqa bu kimi tələblər qoyur, onun öyrədici funksiyasını qabardırıq. Və etiraf edək ki, ədəbiyyata quru moralizm prinsipləri ilə yanaşanda onun məhz bədii mətn olduğu sanki unudulur, analitik təhlildə yanlışlara yol verilir.

Və indi sual edək: müəllif yaratdığı mətndə nə dərəcədə azad olmalıdır? Məncə, mətn bədiilik çərçivələrini aşmadıqca, epataj məqsəd deyil, vasitə rolunu oynadıqca müəllif əgər buna ehtiyac duyursa, yazıda sərbəstlikdən istədiyi qədər yararlana bilər. Sadəcə epataj naminə deyil, əsaslandırılmış şəkildə istifadə olunan tabular əsərin əsl dəyərini azaltmır.

Belə olmasaydı, Fransua Rablenin nağılvari ”Qarqantua və Pantaqruel” romanı bütün dövrlərin ən mükəmməl əsərlərindən biri hesab olunmazdı. Bu romandan bəhs edərkən Volter F. Rablenin nəsrində “sırtıqlıq” və “çirkinlik” olduğunu qeyd edir, Labryuyer onu “biədəblər üçün təsəlli” adlandırırdı. Abbatlar bu əsəri biədəb leksikadan təmizləməyə çalışsalar da, romanın dili ilkin variantında qorunaraq müasir dövrə gəlib çatdı və haqqında “Fransua Rable yaradıcılığı və orta əsrlər və renessans dövründə xalq mədəniyyəti” adlı araşdırma yazan M. Baxtin bu romanı tədqiq və təhlil edərkən özünün də yazı dilinə ciddi məhdudiyyət qoymadı.

Beləliklə, Baxtin bədii mətndən bəhs edərkən əsərdəki biədəb hesab olunan məqamlar haqqında rahatca yaza bilən ilk və bəlkə də, yeganə araşdırmaçı oldu. Tədqiqatçı tabulaşmış leksikanın xalq ədəbiyyatında istifadəsini normal hesab edir və qeyd edirdi; biz unuduruq ki, xalqın şifahi mədəniyyəti ümumi mədəniyyətin bir hissəsidir və biədəb sözlərin bu ədəbiyyatda istifadəsi onun canlılığını təmin edir.

Epatajı mədəniyyət kontekstində hadisəyə çevirmənin dünya ədəbiyyatında çoxəsrlik tarixi var. Belə hesab olunur ki, epataj incəsənətdə bir istiqamət kimi modernizm dövründə formalaşıb. Lakin onun tərkib hissələrindən olan erotik əsərlərin ilk beşiyi Qədim Yunanıstandır. Avropa mədəniyyətində antik dövrdə meydana çıxan epataj ilkin mərhələdə fərdi davranış aktı kimi mövcud idi. Hələ sevgi romanlarının yazılmadığı Qədim Yunanıstanda satira, əsatir, hətta yuxuyozma kitablarında belə, nisbətən yüngül formada təzahür edən erotika meylləri Qədim Romada ərsəyə gələn əsərlərdə daha konkret və vulqar şəkildə meydana çıxırdı.

Hələ Homerəqədərki ədəbiyyatda Pamfın Erota həsr etdiyi himnlərdə, o cümlədən, Hesiodun “Heraklın qalxanı” poemasında erotika elementləri mövcuddur. Qədim yunan lirikasında erotik şeirlərin predmeti, əsasən, qadınlar deyil, yeniyetmə və gənc oğlanlar olmuşdur. Yeri gəlmişkən, XX əsrdə eynicinslilərin sevgisi mövzusunda yazmaq ənənəsi yenidən davam etdirildi. M.Prustun “İtirilmiş vaxtın axtarışında” silsilə romanları ilə əsası qoyulan bu tendensiyanın davamını V. Yurkunun “Ləçəklər” adlı hekayələr toplusu, S.Uotersin “Məxmər ayaqlar” novellası, L. Zinovyeva-Hannibalın “33 eybəcər” povesti, Anna Marın “Çarmıxa çəkilmiş qadınlar” romanı və s. bu kimi çoxsaylı əsərlərdə izləmək mümkündür.

Azərbaycan ədəbiyyatında bu mövzunun ən yaddaqalan nümunəsi Ə. Əkbərin 2009-cu ildə yazılmış “Artuş və Zaur” romanıdır. Bu əsər epatajlı adı və məzmunu ilə uzun müddət qalmaqala səbəb oldu. Əslində elə müəllifin məqsədi də kitab ətrafında mümkün qədər çox söz-söhbət yaradaraq diqqətləri ona cəlb etməyi bacarmaqdır. Əks təqdirdə, əsasən, Qarabağ hadisələrinə həsr olunmuş əsərə müəllif belə epatajlı bir ad seçməzdi.

(davamı var)

# 3021 dəfə oxunub

Müəllifin son yazıları

# # #