Xoşqədəmi vurmaq istəyirlər...

Xoşqədəm Hidayətqızı

Xoşqədəm Hidayətqızı

25 yanvar 2022
# 11:20

Kulis.az Ayxan Ayvazın “Xoşqədəm yox, Xoşqədəm xanım!” yazısını təqdim edir.

Xoşqədəm Hidayətqızının verilişdə hansısa vətəndaşımızı “başa saldığı” videoya baxanda yadıma uzaq-uzaq illərdə Həmid Herisçinin söhbəti düşdü. Verilişlərin birində qonaq olan Həmid Herisçi Xoşqədəm xanımın adını yadına sala bilməyib “Üçqədəm” xanım demişdi. Bilməyənlər üçün deyim ki, Həmid Herisçinin təqdimatında “Üçqədəm” sözü “Üç nöqtə” qəzetinə işarəydi. Çünki o vaxtlar Xoşqədəm xanım “Üç qədəm”, pardon, “Üç nöqtə” qəzetinin baş redaktoru idi. Və o “Üç nöqtə”də mənim də bir-iki yazım çap olunmuşdu, üstəlik tələbə dostum o qəzetdə nisyə işləyirdi. O nisyə pulları da Xoşqədəm, eee, Xoşqədəm xanım heç vaxt vermədi – nəticədə dostum eləcə, pulsuz-parasız işəyib kor-peşman rayonuna qayıtdı.

İndi Xoşqədəm xanım verilişdə hansısa azərbaycanlıya müraciət formasını öyrədirdi. Diqqətimi çəkən bir məqam oldu: orda Xoşqədəm xanım özünü göyün yeddinci qatına qaldırdı. Təxminən dedi ki, sən kiminlə danışdığını unutmusan. Halbuki müraciət formasında kimlik fərqi yoxdur. Əgər şəxsi tanımırsansa, ona rəsmi qaydada müraciət etməlisən. Hətta ruslarda balaca uşaqları belə tanımayan şəxs onlara “siz” deyə müraciət edib əzizləyir.

Xoşqədəm Hidayətqızını hər dəfə görəndə bibimi xatırlayıram. Uzun illər əvvəl Rusiyada, Yessentukidə bibimgildə qalanda ev əhli bütün günü Xoşqədəm xanımın verilişinə baxır və necə deyərlər, bıldır-bıldır göz yaşı axıdırdılar. O vaxtlar bibimə Xoşqədəmin bir tamaşa qurduğunu danışmağa çalışsam da, xeyri olmamışdı. Bibim çəp-çəp mənə baxıb üstümə çəmkirmişdi ki, get öz işinlə məşğul ol. Hələ o vaxtlar bibim oğlunun sadiq dostu, rus əsilli Vadim də gəlib Xoşqədəmə qulaq asır və gözləri dolurdu. Vadim azərbaycanca bilməsə də, kədərin dilini çox yaxşı başa düşürdü. Və anlamışdı ki, bu verilişdə nəsə çox kövrək məqamlar üzərində gəzişmələr var. Rusiyada qaldığım o günlərin birində Vadim bir səfər bibimgilə gəlib Xoşqədəmə baxdıqdan sonra demişdi ki, Ayxan, mənə Azərbaycan dilini öyrət, istəyirəm, Xoşqədəmin verilişinə gedim, bəlkə o mənim Azərbaycanlı atamı tapa bilər. Vadimin anası azərbaycanlıyla vətəndaş nikahında yaşamışdı. Sonra bizim azərbaycanlının yadına öz Vətəni və ailəsi düşmüşdü, yığdığı pulları da götürüb qayıtmışdı komasına. O günlərdən Vadim yadigar qalmışdı. Mən gözləri dolmuş göy gözlü oğlana baxıb dedim:

“Vadim, birincisi, Xoşqədəm yox, Xoşqədəm xanım!”

Vadim zarafatıma gülümsünüb bir həftəlik yoxa çıxmışdı. O bir həftədən sonra Xoşqədəmin yalandan tamaşa qurduğu video yayıldı və foyası meydana çıxdı. Vadim suyu süzülə-süzülə geri qayıtdı və mənə dedi:

“Heç vaxt Azərbaycan dilini öyrənməyəcəm”.

Vadim kədərlə başını aşağı əyib azərbaycansayağı köks ötürəndə Xoşqədəm xanıma əməlli-başlı əsəbiləşdim. Bibimin yanına gəlib ona “gördün?” demək istəyirdim ki, o, məni qabaqladı:

“Xoşqədəmin paxıllığını çəkirlər. Hamıya əl tutur deyə vurmaq istəyirlər. Belə şeylərə inanma, mənim balam”.

Növbəti həftə bibim daha həvəslə yaylığını üzünə tutub Xoşqədəmin, tfu, Xoşqədəm xanımın verilişinə baxıb gəncliyini xatırlamışdı.

# 8263 dəfə oxunub

Oxşar xəbərlər

Qərb fəlsəfə tarixində “modern dövrün Aristotel"i  adlandırılan filosof

Qərb fəlsəfə tarixində “modern dövrün Aristotel"i adlandırılan filosof

18:07 27 avqust 2025
Kommunist Partiyasına üzv olan amerikalı yazıçı -  Drayzeri hansı  əsərinə görə əxlaqsızlıqda günahlandırmışdılar?

Kommunist Partiyasına üzv olan amerikalı yazıçı - Drayzeri hansı əsərinə görə əxlaqsızlıqda günahlandırmışdılar?

18:00 27 avqust 2025
"Ginnesin Rekordlar Kitabı" 70 yaşında

"Ginnesin Rekordlar Kitabı" 70 yaşında

17:50 27 avqust 2025
Heydər Əliyev Füzuli və Nəsiminin məzarlarını Azərbaycana gətirmək istəyirdi... - Tarixi müsahibə

Heydər Əliyev Füzuli və Nəsiminin məzarlarını Azərbaycana gətirmək istəyirdi... - Tarixi müsahibə

17:20 27 avqust 2025
Yeni “Harry Potter” serialından ilk kadr  yayımlandı

Yeni “Harry Potter” serialından ilk kadr yayımlandı

17:11 27 avqust 2025
"Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk rejissor

"Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk rejissor

17:10 27 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər