Xəyanət edib bədəninin "sirrlərini" öyrənən qadın

Xəyanət edib bədəninin "sirrlərini" öyrənən qadın
7 oktyabr 2024
# 12:00

Kulis.az Fəridənin "“Shirley Velantine” – qadın niyə xəyanət edir?" yazısını təqdim edir.

“Yabancı damat”, “Evlilik hakkında her şey”, “Şahane hayatım” serialları ilə azərbaycanlı tamaşaçıların könlündə taxt quran, Türkiyənin məşhur aktrisası Sumru Yavrucuk həftəsonu Azərbaycan Dövlət Akademik Musiqili Teatrında monotamaşa ilə bakılı tamaşaçıların görüşünə gəlmişdi.

Tamaşaya baxmaq istəyirdim, amma bilet ala bilməmişdim. Xeyli düşünəndən sonra dostumuz Pərvizə mesaj yazıb tamaşada iştirak etmək istədiyimi, amma bilet ala bilmədiyimi dedim. Əslində, utana-utana yazmışdım, amma çox sağ olsun, anında cavab verib mənə dəvətnamə göndərdi.

Beləcə, sevimli aktrisamı yaxından görmək, suallarımı ünvanlamaq imkanım oldu.

Tamaşadan əvvəl medianın suallarını cavablandıran Sumru xanım Bakını çox sevdiyini, Azdramada tamaşaya baxıb məmnun qaldığını, azərbaycanlıların qonaqpərvərliyi xüsusi vurğuladı. Rəşid Behbudovdan danışan aktrisa ona aşiq olduğunu dedi.

Maestro Niyazidən, “Arşın mal alan”dan sevgiylə danışan aktrisanın Azərbaycan mədəniyyətinə yaxından bələd olduğu açıq-aydın hiss olunurdu.

Qəribədir ki, Sumru xanım dilimizi çox rahat və gözəl başa düşürdü.

Əvvəlcə, monotamaşa haqqında qısaca məlumat vermək istəyirəm ki, getməyənlər nə itirdiklərini təsəvvür edə bilsinlər.

Willi Russelin əsəri əsasında hazırlanmış tamaşanın rejissoru və türkcəyə uyğunlaşdıranı elə Sumru xanımın özüdür. İkipərdəli musiqili tamaşa iki saata yaxın davam etdi, amma Sumru xanımın enerjisi, performansı, vokalist Selmin Artemizin ifaları o qədər maraqlı, möhtəşəm idi ki, vaxtın necə keçdiyini hiss etmədik. Bunu xüsusi vurğulamaq istəyirəm, ilk dəfə idi ki, bir tamaşadan doymadım, sıxılmadım, anidən durub getmək hissi gəlmədi.

Şerli əlli yaşın astanasında evdar bir qadındır. Uşaqları böyüyüb, evdən ayrılıblar. Əri ilə birlikdə yaşayan Şerli uzun illərdir ki, özünü, qadınlığını unudub, məişətin, evin bir hissəsinə çevrilib.

Şair olmaq istəyən oğlunun mənasız şeirlərinə duyğulanan, qızının yeniyetməlik kaprizlərinə dözən, evdə onun üzünə belə baxmayan ərinin qulluğunda dayanan Şerlinin ən yaxın dostu divardır. Bəli, bəli, divar. Tanış mənzərədir, elədir?

Şerlinin monoloqu, əslində, məişətin “əridib” robotlaşdırdığı bütün qadınların iç səsidir. Bir evdə qulluqçu kimi işləyən Şerli, əslində, uşaqların problemləri ilə əlləşən, deyingən, kobud, hissizləşmiş ərin qayğısına qalmağa məhkum qadınların simasıdır.

“Necəsən” sualına, adi bir öpüşə, beş dəqiqəlik söhbətə ehtiyac duyan, bər-bəzəkli, gözəl geyimli fahişə qadına həsədlə baxan, qeybətcil qonşulardan şikayətlənən Şerli ötən günləri xatırlayır və bu xatirələrindən onun nə qədər kompleksli, nə qədər tipik bir qadın olduğunu aydın hiss etmək olur. Üstəlik, özünün də qeyd etdiyi kimi, Şerli feminist, “kişi düşməni” deyil. Ərini də anlayan, cəmiyyət, reallıq qarşısında qınına çəkilib yavaş-yavaş “əriyən” həssas bir qadındır sadəcə.

Qəribədir, hadisənin qəhrəmanı ingilis qadın, tamaşanın aktrisası türk qadınıdır, amma gözümüzün önündə canlanan mənzərə Azərbaycan qadının dramıdır sanki.

Latın amerikalı yazıçı Hebe Uhartı, Amerika ədəbiyyatının “melanxolik şahzadəsi” Silviya Platı oxuyanda da bunu hiss etmişdim. Zaman və məkan fərqi olmadan, qadın hər yerdə qadındır və problemləri, ehtiyacları, qayğıları, arzu və xəyalları eynidir.

Sevir, xəyal qurur, bir kişi ilə həyatını birləşdirir, sonra uşaq, ev, artıq çəki, problemlər, münaqişələr, uzaqlıq, soyuqluq, yadlaşma... Sevgi bitir və reallıq başlayır. Reallıq da qadının parıltısını azaldır...

O işığı yenidən qazanmaq üçün gah saçlarını kəsdirirsən, gah idmana başlayırsan, bəzən kapitalizmin tələsinə düşüb estetik əməliyyatlara üz tutursan, depressiyanın diktəsi ilə özünü dükanlara atıb lazımsız alış-verişlə ovunmağa çalışırsan.

Sonra da Şerli kimi əlində bir torba rəngli, qırçınlı, ipli, qəribə-qəribə alt paltarı ilə qalırsan.

Bəs çıxış nədir? Şerli, məsələn, rəfiqəsilə getdiyi tətildə ərinə xəyanət edir. Bodrumda tətil əsnasında içkili halda bir nəfərlə sevişir və bədəninin “sirrləri” ilə tanış olur.

Sən demə, illərdir çatışmayan şey məhz bu həyəcan imiş. Qadınlığı hiss edə bilmənin həyəcanı.

Qadına əski parıltısını qazandırmaq üçün, bozumtul monotonluqdan çəkib rəngli dünyaya qaytarmaq üçün bəzən bircə öpüş, bircə təmas da yetir.

Siz ona bunu verməsəniz, qadın özü axtarıb hardasa tapacaq onsuz da.

Qadını işıqsız qoymayın, rəngli qadın kişinin də həyatını əlvan çalarlara qərq edəcək... Bozumtul qadınlarsa sizə yükdür (elə siz də onlara)...

Sözardı: Tamaşada Elza Seyidcahan, Brilliyant Dadaşova kimi gözəl sənətçilərimiz də iştirak edirdi. Amma heyif ki, yazı adamlarından heç kimi görmədim. Bunu zalın qaranlığı və görmə problemimlə bağlayıram. Ya da, yazarlarımızın başları sərgiyə qarışıb, deyə düşünürəm.

Təşkilatçılara və dəvət üçün Pərvizə minnətdarlığımı bildirirəm. Bizim aktrisalara da Türkiyə səhnələrində belə gözəl tamaşa ilə çıxış edə bilməyi arzulayıram.

# 4040 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #