Məşhur türk serialına görə Bakıda kafe açıldı: Təsbehlilər buraxılmır – REPORTAJ

<b><span style="color:red;">Məşhur türk serialına görə Bakıda kafe açıldı:  Təsbehlilər buraxılmır – <span style="color:red;">REPORTAJ </b>
23 may 2018
# 09:00

Ayxan Ayvaz

“Leyla ilə Məcnun” serialını xatırlayırsınız? Məktəb vaxtı qəza keçirmiş Məcnun iflic olub yorğan-döşəyə atağa düşür və biz onun xəyalında keçən hadisələri izləyirik.

Əsas qəhrəmanlardan Aksakallı dede Mecnuna vurulan iynədir, dostu İsmayıl abi yapon balığıdır, Yavuz ağac budaqlarıdır. Məktəb yoldaşı Kaan onun xəyalında hələ də balaca bir oğlandır.

Yəqin ki, baxanlar xatırladı...

Bakıda bu məşhur serialın mövzusunu özündə əks etdirən bir kafe açılıb. Adı isə “Methadoniya”dır. Bəşir Səfəroğlu 133 ünvanı, Zenit marketlə üzbəüz. Rahat tapa biləcəyiniz ünvandadır.

- Niyə Leyla ilə Məcnun yox, Methodoniya?

- Leyla ilə Məcnun qoysaq başqa mənalar ortaya çıxacaqdı. Füzulinin, yaxud Nizaminin əsəri kimi başa düşülə bilərdi. Bu isə sırf “Leyla ilə Məcnun” serialını ifadə edir.

Kafenin yaradıcısı Aysel Ələkbərzadə deyir ki, “Leyla ilə Məcnun” serialında Leylanın atası Metin qızı öləndən sonra başını itirir və Metoniya adlı bir ölkə yaradıb özünü kral elan edir.

- Adamla düşüncəmiz çox yaxındır. Ən sevdiyim obrazdı Metin. O, milyonlarla türk lirəsini heç nəyə lazım olmayan pullarla dəyişdirir. Metoniya pulları ilə.

Kafenin özündə də bu pulları ifadə edən əskinazlar gözə dəyir...

- Bəs niyə Metoniya yox, Methadoniya?

- "Methadoniya" məşhur türk serialı "Leyla ile Mecnun"da Metinin "Metonya" ölkəsinin adı və "Methadon " - insanın acılarını azaldan, morfinlə, demək olar ki, eyni tərkibə malik maddənin adlarının birləşməsindən yaranıb. Methadon bir müddətlik insanın əzablarını unutdurur. Və qəribədir ki, o maddəni qəbul edəndən sonra insan hər yeri rəngarəng görür.

Buna görə kafenin hər otağı ayrı rəngə boyanıb.

- Bu bizim kafenin özəlliyidir.

Aysel çox həvəslə danışır kafedən. Sanki bir ana öz balasından danışır. Yaxud da kimsə öz sevgilisindən. Hiss olunur ki, bu kafe onun xəyallarının dayanacağıdır.

Kafe üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə sizi kitablar gözləyəcək. Yəni bura bukşop olacaq. Hələ ki, birinci mərtəbədə hazırlıqlar gedir.

İkinci mərtəbə çox maraqlıdır. Serialın ən maraqlı qəhrəmanlarından olan Erdal Bakkalın böyük şəkli divarda əks olunub. Və onun həmişə dediyi cümlə: “Çay Erdal bakkalda içilir”.

Üçüncü mərtəbə pabdır. Bura üç otaqdan ibarətdir. Əsas otağa girəndə düz qarşınızda bu yazı ilə qarşılaşırsınız: “Kendi çölünde kaybolanların ülkesi”.

Serialın bütün personajlarını əks etdirən karikatura da cümlənin altından sizə gülümsəyir...

Kafenin hər mərtəbəsinin özəlliyi var. Birinci mərtəbədə yalnız kitablar olacaq. Aysel yarızarafat, yarıciddi deyir ki, kamera qoyulmayacaq ora, kim istəyir kitabı götürüb ikinci mərtəbədə oxuya bilər. “Çay Erdal bakkalda içilir” sərlövhəsi olan mərtəbədə yalnız spirtsiz içkilər verilir və siqaret çəkmək də qadağandır.

Üçüncü mərtəbə isə bütün bunların əksidir. “Biz yasakçı zihniyyete karşıyız” yazılıb divarların birində. Tam sərbəstlik verilir burda. İçki də, siqaret də azaddır.

İçki və siqaret demişkən... “Leyla ilə Məcnun” serialında içki və siqaret başqa şeylərlə əvəz olunub. Məcnun məktəb vaxtı qəza keçirib və uzun illər iflic vəziyyətində çarpayıda qalmalı olub. Onun xəyalları da uşaqcasınadır. Balaca vaxtı atası ona siqaretin saqqız olduğunu deyib.

- “Sakız çiğnemek yasaktır” adlı yazı yazılacaq ikinci mərtəbəyə - Aysel deyir.

İçkiyə gələndə... Məcnuna görə pivə qarğıdalı dənələri, tekila alça, çaxır isə üzümdür. Aysel yaxın zamanda serialın bu özəlliyini də kafeyə köçürəcək...

Ən üst mərtəbədəki otaqların biri oyun otağı olacaq. Məcnun serialda Dostoyevskini keçmişdən indiki dünyaya gətirir və öz evlərinə aparır. Bu otaq Dostoyevskini ifadə edəcək. Otağın adı da belə: “Hayal kırıklıkları odası”. Bu otaqda şahmat, “Doğruluq - cəsarət”, mafiya kimi oyunlar oynanılacaq.

Oyunlarda qalib olanlara bu yaxınlarda serialın ssenaristinin yazdığı “Leyla ilə Məcnun” kitabı hədiyyə olunacaq. Başqa hədiyyələr də var təbii. Məsələn, çay. Bu hədiyyəyə serialdan bir göndərmə də ediblər: “Çay veren insan kötü olurmu hiç”. Və əlavə olaraq fincan da hədiyyə olunur. Üzərində “Leyla ilə Məcnun” serialının qəhrəmanlarını əks etdirən fincan.

- Menyu mənim ideyamdı. Xeyli uğraşmışıq. – Aysel bunu deyib menyunu gətirir.

Serialın qəhrəmanları ilə əks olunmuş fincanı əlimdə tutmuşam. Girişdə Yavuzun “Menü yoxsa, menyu muydu ya?” sözləri yazılıb. Fərqli bir menyu qarşımızdadır. Serialın mövzusuna uyğun bir menyu.

Məsələn, erdali. Serialı izləyənlər bilir ki, Erdal bakkal daha çox pul qazanmaq niyyəti ilə belə bir içki hazırlayır. Aksakallı dede ilə hazırladığı bu içkini içənlər isə xəstəxanalıq olur.

- Burdakılar da xəstəxanalıq olmasın?

Aysel gülümsünür:

- Özümüzün bildiyi başqa bir üsulla hazırlayırıq Erdalini. Tərkibi sirr olaraq qalır. Çox tələbat var bu içkiyə. Tərkibində yeddi başqa içkidən istifadə olunur. Bunu tapan adam bir ay istədiyi qədər erdali içə bilər.

Təəssüf ki, Aysel xanım israrlarıma baxmayaraq, sirri açmır. Yəqin sirri öyrənənlər başqalarına da demir. Yoxsa vəziyyət çətin olar. O boyda adama erdali çatdırmaq müşkülə dönər axı. Amma Aysel bunu da düşünüb: hər dəfə içkinin tərkibini dəyişdirir. Bu arada deyim ki, erdali iki cürdür: spirtli və spirtsiz.

Ayselin danışdığına görə, spirtli erdalidən çoxluca içən bir müştəriləri pis vəziyyətə düşüb. Xanım o anı belə təsvir edir:

“Adam içkili olanda gəzə-gəzə səkkiz yazır axı, bu on səkkiz yazırdı”.

Gülüşürük...

Menyu ilə davam edək... Qabağıma “Şekerpare” çıxır. Serialın duyğusal obrazı İsmayıl abinin sevdiyi qız. Bu qız bir gün İsmayıl abinin qabağına çıxır və özünü ona aşiq etdirir. Səhəri gün isə çıxıb gedir. İsmayıl abi boş-boşuna onu gözləyir. Eynən atasını gözlədiyi kimi: “O gemi mutlaka gelecek”.

Nurtenin çorbası... Menyuda ən diqqətçəkənlərdən. Hətta kafenin Nurten ablası da varmış. Aşpaz qadını belə çağırırlar. Serialdan bildiyiniz kimi, bu Nurten Erdal bakkalın arvadıdır. Və onun “evhamlı kurabiye”si də menyuya daxildir. Qiyməti demirəm, özünüz gedəndə görərsiniz.

Menyudakı biskolata da diqqətimi çəkir. Seriala göndərmə edilib burda. Mötərizədə “Maalesef yanında biskolata erkeği veremiyoruz” yazılıb. Məcnun, Yavuz və İsmayıl abi biskolata reklamlarına ironiya edirlər. Sonra üst-başlarına baxıb deyirlər ki, bizdən “biskolata erkeyi çıkmaz”.

- Leyla ile Mecnun necə bir serialdı deyə sizə soruşsalar, “Hırsızın gözü görmeyen sevgilisinə kitab oxuması der susarsınız” – deyir Aysel. – Kafeni açanda mənə dedilər ki, marginallığa qaçma, bu sənə xeyir verməyəcək. Biri sevir, biri sevmir, biri gələcək, o biri gəlməyəcək. Bu yeri açanda çox çətinlik çəkdim. Sırf mənim ideyamdı bu. Şərikim filan da yoxdur. “Leyla ile Mecnun” konseptli bir yer açacam deyə məqsəd qoymuşdum qarşıma. Məni düşündürən də pul deyildi. Pulu düşünsəydim, həm özümə, həm də ideyalarıma xəyanət etmiş olardım. Siz fikir versəniz, “Leyla ile Mecnun” serialında da pul önəmli deyil heç kimə.

“Bircə Erdal bakkal üçün pul vacibdir” – deyə ağlımdan keçirirəm.

- Mən də buranı çox pul qazanmaq üçün açmadım. Sadəcə xəyallarımı gerçəkləşdirdim.

- Serialla necə tanış oldun?

- Bir dostum məsləhət görmüşdü. Deyirdi, çox əla serialdı. Mən ilk bölümünə baxanda qıcıq oldum. Əsas da İsmayıl abi ilə Mecnun dəniz kənarında uzaqdan-uzağa bir-biri ilə danışması səhnəsini anlaya bilmirdim. Öz-özümə deyirdim ki, niyə yaxına gəlib danışmırlar? (gülür) Sonra çox maraqlı gəldi serial, artıq günə 10 bölüm baxırdım və bir aya bir də gördüm bitirmişəm.

“Biz pub deyil, ölkə yaratdıq” – devizi altında fəaliyyət göstərən kafeyə yalnız vətəndaşlıq kartları olan adamlar buraxılacaq. Vətəndaşlıq kartları kimlərə verilir? Kafenin keçirdiyi partilərdə iştirak edənlərə, “Leyla ile Məcnun” serialından xəbərdar olanlara. İntellektin yerindədirsə, kitab əhlisənsə, gələ bilərsən. Yox, qaqaşsansa, əli təsbehlisənsə, bağışla, bura sənlik deyil.

- Vətəndaşlıq kartları açılış günündə paylandı. Tələbat çox idi. 100 kart paylanıldı. Biz istəyirik ki, bir ölkə kimi olaq və yalnız öz vətəndaşlarımız kafeyə gələ bilsin. Kənar şəxsləri qoymayacayıq.

- Biri kafeyə girmək istəyir deyək. Sorğu filan keçirilir qapıda?

- Yox. Bir insanın tipajına baxanda bilmək olur. Təbii, biz ekstrasens deyilik. Amma görəndə ki, pis davranır, başqalarına narahatçılıq verir dərhal onu kafedən uzaqlaşdırırıq.

- Olub belə hallar?

- Bir dəfə olub. Bir neçə “çayxana insanı” idi. Onları təhqir eləmək fikrim yoxdu. Çayxanada oturan normal insanlar da var. Ancaq bunlar tipik Azərbaycan oğlanları idi. Kitab oxumayan, kitab oxuyana gülən, hər şeyi qol gücündə görən, “vasmoy” papaq taxan, ayağa corabsız makasin geyinən oğlanlar. Onlar dostumun yaxınları idi deyə kafeyə buraxmışdım. Gəldilər. Bir neçə bokal içəndən sonra başqa müştərilər narahat olmağa başladı.

- Nə etdilər ki?

- Bizim kafeyə daha çox xanımlar gəlir. Çünki burda rahat olurlar. Heç nə etmədilər. Sadəcə xanımlara baxışlarından hər şey məlum oldu. Baxışları bəs idi elə... Xanımlardan bir neçəsi mənə irad bildirdi və mədəni şəkildə oğlanları kafedən uzaqlaşdırdıq. Cızığını aşanı bax o balkondan - əli ilə eyvanı göstərir. – ataram (gülür).

Ayselin iddiaları böyükdür. Kafenin daha yüksək mərtəbələrə qaldırmaq istəyir. Deyir, bura bir marka olmağa doğru gedir. Ona görə də müştərilərin necə biri olması onlar üçün önəmlidir. Hətta parti gecələrində əvvəlcədən rezerv etdirənlər araşdırılır, profillərinə baxılır və əgər intellektli, zövqlü və Leyla ilə Məcnun serialından xəbərdardırsa, o zaman kafeyə qəbul edilir.

- Məcnunun həmişə geyindiyi hırkasını (jaket) da gətirəcəm. Təbii özünü yox, ona bənzəyəni... – Aysel deyir. – İki həftədir açılıb kafe, amma maraq çox böyükdür. Hətta “Leyla ilə Məcnun” rəsmi Tvitter səhifəsində də kafe haqqında məlumat paylaşılmışdı.

Kafe onun həyat tərzinə çevrilib. Bu kafesiz yaşaya bilmir. Ad günlərini, dostlarla görüşü də kafedə keçirir. Özünü bu balaca “ölkə”nin içində rahat hiss edir.

- Çox əylənirik burda. Bir dəfə gəlib gördüm ki, müştərilər hamısı bir yerdə “Leyla ile Mecnun”un birinci bölümə baxır. Hətta bizdə müdir-işçi söhbəti də yoxdu. Bir ofisiant, bir barmenimiz var. Fikrim var ki, barmenimizə Erdal bakkalın paltarını tikdirim. O da geyinib deyəcək ki, ben bakkal diyilim, oğlum, barmenim (gülür). Müştərilərlə dost kimiyik. Bura onların evi kimidir. Onlar bizlə bir yerdə qab yuyur, özlərinə çay süzür, yemək bişirirlər. Ankaraya gedəndə yolda danışdım kafe haqda, hamı maraqlandı. Türklər gəlirlər bura. Hətta əməkdaşlıq etmək istəyənlər də olur. İzmirdə filialını açmağı düşünürəm. Elə olur ki, türklər səhifəyə yazır, yayda gələcəklərini deyirlər.

Aysel deyir ki, 6 ay sonra vətəndaşlıq kartı olmayanlar buraxılmayacaq kafeyə: “1000 nəfərə çatana qədər. Bəlkə 1000-dən də çox oldu. O zaman qapıda Kubilay duracaq. (serialdakı bu qəhrəman mühafizəçidir). Partilərdə də Kubilay durur. Kimin ki, vətəndaşlıq kartı yoxdu, onu kafeyə buraxmayacaq. Bizə qoşulmaq istəyənlər bundan sonra ərizə yazacaqlar: “Methadoniya krallığına ithafən”. Ondan sonra onu kafeyə buraxacağıq.

Yerin sahibinə Aksakallı dede deyirlər. Aysel sahibdən razıdır, deyir, bizi heç incitmir.

- Eyvanın qapısını açmaq istəyirik, amma qorxuruq camaat içib özünü atar ordan. – Kafenin gələcək planları haqda danışarkən Aysel deyir və gülümsünür. – Tamaşalar eləməyi düşünürük burda. Ümid Abbas adlı gənc aktyorla razılaşmışıq. Ucuz qiymətə gəlib tamaşaya baxa biləcəksiz burda.

Vayfayın kodunu öyrənirəm bu arada: Hop2011.

- Bizdə inanırsınız vayfayı istəyən az adam olur. Bu Hop da İsmayıl abinin “Hop”udur. (gülür). Biz istəyirik ki, bura gələnlər sosiallaşsın, dost olsunlar bir-biriləri ilə. Eləcə içib getməsinlər.

Aysel mutludur. Gözlərində sevinc parıltıları var:

“Mən hamıya saatlarla serialı danışmışam. Danışmaqdan zövq alıram. Bura mənim kiçik dünyamdı. Balaca ölkəmdi”.

# 3830 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #