Filmə baxmaq istəyən bəy-gəlin, başını itirmiş Messi – AYXANIN TOYDAN REPORTAJI

Filmə baxmaq istəyən bəy-gəlin, başını itirmiş Messi – <span style="color:red;">AYXANIN TOYDAN REPORTAJI
23 may 2017
# 13:08

Keçən bazar ədəbi mühit toya yığışmışdı. Bəndənizin qardaşı Oğuz Ayvazın toyu.

Toy qurtarıb, hamı evinə dağılışıb, ancaq mənim başımda hələ də gurultunun izi qalıb.

Bu toy ki var, çox qəliz məsələdir. Şair Əlisəmid Kür, dostlarım olmasaydı, başımı itirəcəkdim. Hər şey birdən-birə oldu. Dəvətlilər qəfil gəldi. Biz əllərimizdə siyahı adamları yerbəyer eləməyə başlamışdıq. Əlisəmid tez-tez “Narahat olma! Mən diqqətcil adamam” deyirdi. Yazarları yavaş-yavaş yerbəyer eləyirdik ki... Nə oldu? Qohumlar gəldi girdi araya. Aləm dəydi bir-birinə. Belə olanda hərə bir yerdə oturdu. Əlisəmidin qaşları yuxarı dartındı, əsəbiləşdi və bir az keçəndən sonra keçib o da oturdu.

Əlimdə kağız qaldım toyun ortasında. Adamlar da axışıb üstümə gəlir. Dostum Orxan Əlibəyov, Emin də mənə kömək eləyirlər. Ancaq Əlisəmidsiz iş getmir. Axırı yaxınlaşıb qulağına pıçıldadım. Şəhadət barmağını yuxarı qaldırdı: “Hər şey nəzarətimdədir!”

Və təzədən ayağa qalxdı.

Biz camaatı yerləşdirməkdə olaq, bu vaxt bəylə gəlin fişənglərin və gurultulu alqışların fonunda içəri daxil olsunlar. İnanın, xəbərim olmayıb. Oğuzla gəlinimiz Dənizin üzündə də həyəcan qarışıq nəsə vardı. Fişəngin işığından yaxşı görə bilmədim.

Çox şükür, bəylə gəlin yerində oturdu. Onların nə vecinə. Qonaqlar bir-bir, iki-bir gəlirlər. Olan yenə bizə olur. Əlisəmid kürəyimə vurub pıçıldayır: “Oğlum, narahat olma! Hər şey yaxşı olacaq!”

Doğurdan da yaxşı oldu. Toyu da tapşırdıq şair Mübariz Məsimoğluna. Mikrofonu aldı əlinə və bəlağətli cümlələrdən döşədi getdi.

Mən təəssüf ki, Mübariz müəllimin danışdıqlarına diqqətlə qulaq asa bilmədim. “Biz bura yığışmışıq...” – şair sözə başlayanda kimsə məni dartıb öpürdü.

O gün məni öpənlərdən bir şəhər salmaq olardı.

Toyda kimlər vardı, kimlər; yazıçılar, jurnalistlər, şairlər, rejissorlar, aktyorlar...

Kimsə qolumu dartıb məni qırağa çəkəndə Seyran Səxavətin səsini eşitdim: “Ayxan özünə Messi deyir. O, mənim balaca dostumdur”.

Zalda gülüşmə düşdü. Bir anlıq elə bildim ki, Yazıçılar Birliyinin Natavan klubundayıq...

Oğuzla Dənizin yanına gəldim. Gördüm, sus-pus oturublar. Qabaqlarındakı yeməyə əl vurmurlar.

- Necə gedir işlər? – məndən soruşur.

- Kefdəsən sən. – gülürəm. – Oturmusan burda, nə vecinə?

Dəniz:

- Ayxan, neçədə qurtaracaq toy?

Oğuzla bir-birimizə baxıb gülüşürük.

Bu vaxt Xaqani Qayıblıya söz verilmişdi. O da atam Eyvaz Əlləzoğludan danışdı, xoş sözlər dedi. Sonra da məni çağırıb qulağıma pıçıldadı ki, bəylə gəlini bura gətir.

Mən də təzəcə qolumu qaldırmaq istəyirdim ki, kimsə böyrümdən tutub dartdı: “Gəl bura...”

Allahverdi Təhləli qucaqladı məni, öpdü və qulaqlarıma sırğa eləyəcəyim bir cümlə dedi: “Sən atan kimi deyilsən. Sən başqa cür istedadlısan. Heç vaxt xərclənmə”.

Mən bir-bir masalara baş çəkib hal-əhval tuturdum.

- Seyran müəllim, necədi vəziyyət?

Mənə əla işarəsi göstərib gülümsünür.

- Səfər müəllim, Fəxri müəllim, problem yoxdur ki?

- Gözəl, gözəl! Əla! – ikisi də bir ağızdan deyir.

Məmməd Oruc, Nəriman Əbdürrəhmanlı ağayana baş sallayıb gülümsünürlər.

Əlisəmid birdən böyrümdə pıçıldayır: “Dedim axı sənə narahat olma. Hər şey yaxşıdır”.

Cümləni bir neçə dəfə təkrarlayıb damağında siqaret oynayanların arası ilə çıxıb gedir.

Qan Turalı foyedə qolumdan tutur, amma öpmür məni.

- Yaxşıdır hər şey?

- Əla...

- A kişi, narahat olma. Lazım olsa, yerdən süfrə açıb oturarıq.

Kəramət Böyükçölün içəridən səsi gəlir. Yaxınlaşdıqca şeir olduğunu eşidirəm.

Mübariz Məsimoğlu “gəlsin mahnı” deyir. Kəramət məni uşaq kimi qucağına alıb ortalığa düşür.

Yüz faiz bu vaxt masalarda intellektual söhbətlər gəzişir. Qismətin oturduğu masadan şübhələnirəm.

Toyda məni ora-bura dartdıqlarından hər şey fraqmental yadımdadır. Elə bu reportaj da fraqmental yazılıb.

Məsələn, Aqil Abbas. Onu başda oturtmaq istəyirdik, dedi ki, mən öz işçilərimlə oturmaq istəyirəm.

Bir ara məni öpənlərdən və dartanlardan xilas olub Nihad Qulamzadə, İmam Həsənov olan masaya keçdim. Yemək yeməmişdim. Burda bir az atışdırıb getdim. Qayıdanda nə görsəm yaxşıdır? Bəylə gəlin oturublar həmin masada.

- İkiniz də gedirsiniz öz yerinizə! Marş! – guya təpinirəm onlara.

Hamı gülüşür. Badələr dolur, sağlıqlar deyilir.

Nəsə iş dalınca qaçmaq istəyəndə bacım Gülbəs qolumdan tutub dartır:

- Bıy, sən də burdasan? – məzələnirəm.

- Sən niyə oynamırsan?

- İmkan tapanda oynayacam.

“Medlinni” gəlir bu an. Həzin musiqinin fonunda rəqs eləyir cavanlar.

Oğuzla Dənizə yaxınlaşıram: “Oğuz, qız tutmusan toyda?”

Gülürlər. Qəşəng kostyum da geyinmişəm, yaraşığım da var, istedadım da. Bəs bu qızlar mənlə niyə rəqs eləmir? Kor-peşman öz-özümə düşünürəm. Bu yerdə Rəbiqə Nazimqızı məni özünə sarı çəkir.

Yavaş-yavaş toydakı cümlələrə sərxoşluq qatılır. Artıq hal-əhval tutmağa getdiyim hər masada məni öpmək bir qırağa, hətta dişləyirlər. Birtəhər özümü foyeyə salıb rahat nəfəs alıram. Bu vaxt görürəm Emin Piri Koroğlu kimi nərə çəkir. Nə məsələdir? Telefonu itib. Qapını da tutub, gələnə-gedənə aman vermir. Ay Emin, etmə-eləmə. Sən ki, mədəni oğlan idin. Elə bil içəri bomba atmısan. Axırı sakitləşdirməyə nail olduq, öpüşdük, qucaqlaşdıq, oturub çay içdik, dərdləşdik, şeir dedik. Mübariz Məsimoğlunun bu yerdə “epik təfəkkür” sözü qulağımı daladı.

Sonra diskoteka başladı. Məni artıq öpən, dartan yox idi. Tez özümü ortalığa verdim, qol qaldırıb oynadım. Bu an qaranlığın içində yaşıl işıq düşən yerdə Əlisəmid peyda oldu. Damağında siqaret, əlləri havada əyri-üyrü duruşuyla. Çox xoşuma gəldi. Qucaqladım onu. Qırağa çəkilib siqaret çəkdik. Başqaları da gəldi yanımıza. Öpüşdük yenə, kövrəldik. Mənə içmək təklif elədilər, mədəmi bəhanə eləyib aradan çıxdım.

Toy son dəqiqələri...

Foyedə dostlarla oturub tortla çay içirdim. Bu yerdə Mübariz bəy toyu qapalı elan eləyib. Uşaqlar deyəndə təəccübləndim: “Bitdi yəni?”

Bu an Oğuzla Dəniz çıxdı. Tez yaxınlaşıb soruşdum:

- Gecə hansı filmə baxacaqsınız?

- Berqmana baxmaq istəyirik. – Dəniz dedi.

- Noutbuku gətirmisən? – Oğuz soruşur.

- Hə... Hə...

- İntellektuallığın başını buraxın. Ağır filmlər vaxtı deyil.

Yadıma düşdü ki, heç bəy gəlinlə şəkil çəkdirməmişəm. Fotoqrafı gözüm axtardı. Bir də gördüm Oğuzla Dəniz yoxa çıxıb.

İkisi də öpücük yollayır mənə. Toy bitib artıq. İçəridən “Ruhani” havasının səsi gəlir.

Aşığın böyür-başında atamın dostları...

Sevinirlər, kövrəlirlər...

# 2454 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #