Şərif Ağayar Beyləqanda hamıdan o kişini soruşurdu – Orxan Həsəni hərbi xidmətə getməyindən yazır...

Şərif Ağayar Beyləqanda hamıdan o kişini soruşurdu – Orxan Həsəni hərbi xidmətə getməyindən yazır...
15 iyul 2019
# 16:01

Şərif Ağayara və Qoç Üzeyirə ithaf olunur

Yaxın günlərdə hərbi xidmətə yollanıram. Dünən sivil həyatdakı son günlərimdə məni tək qoymayan dostlarım rayona – Beyləqana qonaq gəldilər. Canıma dəyib közərən təklik hissim eləcə “çıss” eləyib söndü. Sən demə, bu enliyarpaqlı, enliqucaqlı ömrü uzun bir yol kimi ölçsən ucundan quyruğunacan görünən nə varsa, hamısı dost imiş.

Günorta nəfəsini içinə çəkib dayanmışdı. Beyləqanda bir isti var, oturanda elə bilirsən içində şam yanır, amma məzələnmirəm ha, demirəm bu işıqdı, nurdu-nədi, adam içindən alışır, özü də nə alışır!

Yenə həyətimizdə hay-həşir qopmuşdu. Bir yandan toyuqlar qaqqıldaşırdı, bir yandan adamlar pıqqıldaşırdı. Bu yerdə Müşfiq Şükürlü isti küləyin cansıxıcı təsirindən bir boy qalxıb qulağıma əyildi: “Gözlə, sənə “Ağ liman”dan bir yer oxuyacam, görəssən, müəllif içindəki bütün saflığı boşaldıb o hissəyə, nətər deyim e, elə bil, Anarda heç nə qalmayıb”.

Müşfiq Şükürlü rayona hamıdan tez çatmışdı. İndi yanımda rahatlayıb köhnə kitabları eşələyirdi. “Ağ liman”ı da elə orda tapmışdı.

Baxdım Müşfiqin istidən qızaran gözlərinə, o gözlərin arxasında Vallah bilmirəm kimi gördüm, elə darıxdım, elə darıxdım ki, toyuqların səsini bıçaqların iti baxışlarında duydum və elə darıxdım içimdə qəfildən bir şeir sıxıldı, sıxıldı, amma oxunmadı, ancaq bu dəm ürəyimə yaxın yerdə bədənimi metal möhkəmliyi ilə qucub duran telefona zəng gəldi. Danışan Mübariz Örəndir.

- Mən hərbi hissəni keçdim, Orxan. Siz ev hardadı?

- Burda hərbi hissələr çoxdu e. Sən hansını keçdin?

- ...

- ...

- Biz o yolu düz gəldik. Dümdüz.

- Yox! Yox! Geri qayıdın, mən çıxıram yola, gözləyirəm sizi.

Görüntünün olası içeriği: Orxan Həsəni ve Orxan Saffari, gülümseyen insanlar, oturan insanlar ve açık hava

Müşfiq hələ də körpə, damarı çıxmış barmaqlarını sapsarı vərəqlərin üstə sürüdə-sürüdə “Ağ liman”dan cümlə gəzirdi. Məsələdən hali olub ikimiz də qalxdıq, gəzə-gəzə gəlib çıxdıq qəsəbəmizin girişinə. Balıq üzündə gülüş axtaran kimi qaynar asfaltın qucağında Mübariz Örənin ağ “Cip”ini gəzdik. Gözümü yoldan çəkib Müşfiqə baxmışdım ki, gördüm “Ağ liman” hələ də əlindədi. İçimdə qımışsam da, bildirmədim. Bu dəm Müşfiq kövrək, damarı çıxmış barmaqlarını hüznlə, dirijor çubuğu kimi çəkdi havaya. Elə bildim, bu hərəkətlə həyatımdakı hansısa səhvi düzəltmək istəyir.

Demək, lazım olan cümləni tapıb, indi də nəfəsini dərib o cümləni Laçın intonasiyası ilə oxumaq istəyir. Müşfiq ağzını açmışdı ki, Mübarizin yaxınlaşmaqda olan maşınından ilk sinqal səsi gəldi. Bu bizim birinci salamımızdı.

Şərif Ağayar səhralıq içindən qarışqa cığırı kimi uzanıb gedən yolda Müşfiqin əlindəki kitabı, gözündəki mübhəm sevgini görüb dilinin altında dedi:

- Bunlar dəlidirlər, ayə!

Ancaq özündən başqa heç kim eşitmədi bu səsi.

Bu dəm Orxan Saffari də mətnə daxil oldu və başını pəncərədən çıxarıb öküz kimi nərildədi:

Görüntünün olası içeriği: Orxan Saffari, Ayxan Ayvaz, Rəvan Cavid ve Sherif AG, oturan insanlar, yemek yiyen insanlar, masa ve yiyecek

- Ayə, adam balası kimi başa sal da yolu. Əsir olmuşuq bayaqdan.

Gözləmədik. Mindik maşına. Evin yolun əllərimi oynada-oynada başa saldım. Balıq kimi havada üzürdü əlim. Rəvan Cavid də bilərsiniz, bilməzsiniz xatakarın biridir. Elə maşının içindəcə, piyan adam ədasıyla şərf kimi dolandı boynuma. Boğulmuşdum ki, evə çatdıq. Dayılarım, atam darvazanın qarşısında tikan üstə oturub qonaqları gözləyirdi. Elə ki, səslər gəlib onlara çatdı, hamısı dikəlib qalxdı və qırışığı açılan ayaqlardan “Ya Allah” sədası eşitdim.

Qonaqlar maşından düşdü və biz yenə görüşüb hal-xoş elədik. Rəvan yenə boğmağa çalışdı məni, Ayxanın zəif qucağında eşələndim, Oğuzla mərdyana əl verib, yanaq verib görüşdük, Orxan Saffari məni aldığı kimi qaldırdı havaya, yellədi göy üzündə bayraq kimi, sonra baxıb-baxıb dedi:

- Darıxmışdım.

Atam Şərif Ağayara “əmi” deyirdi. Ay Allah, mən hələ şagird vaxtlarımda bu evi dörd dolanıb Şərifi necə məhəbbətlə oxuyurdum. İndi o həvəsə, indi o sevgiyə, elə bil, Allah üfürüb, indi o həvəs, indi o sevgi cana gəlib, ətə-qana hopub, darvazamızdan həyətə keçir.

Atam Şərifə “əmi” deyəndə elə bildim, o mənim yox, mən onun atasıyam. Düzdü, onun taleyini qaldırmağa gücüm çatmazdı, amma Şərifin erkən ağarmış saçlarında əmilik potensialı görməyi düzü məni kövrəltdi bir az. Biz bu ağ saçların yiyəsi ilə çiyin-çiyinə verib nələrdən danışmışıq, amma düzü, atamla elə içimdən qaynar yağ kimi keçən söhbətlərim olmayıb.

Mən həmişə atamla atam olmadan danışmışam. O olmadan danışdığımız söhbətlərdə atamla çox mehribanıq.

Görüntünün olası içeriği: Ayxan Ayvaz, Oguz Ayvaz, Orxan Həsəni ve Orxan Saffari, gülümseyen insanlar, ayakta duran insanlar ve açık hava

Kababın tüstüsü hər tərəfi götürmüşdü. Toyuqların səsini gəzdim, amma tapmadım. Bıçaqların itili baxışları düşdü yadıma və kababın qoxusu burnumu sıyırıb keçdi.

Məclis başlayan kimi böyüklər başdan, kiçiklər ayaqdan öz yerini tanıdı. Şərif həvəslə danışır, babamla dil ağıza qoymurdu.

- Üzeyiri tanıyırsız? Qoç Üzeyiri. Haramı...

Cavablar hər tərəfdən qalxıb Şərifin ağ saçlarında pərvanə kimi dolanırdı. Şərif neçə adam o yandan kövrək baxışlarla məni tapdı, nizamladı sözləri və astaca dedi:

- Orxan, bu kişilər Üzeyiri tanıyır e, tanıyır.

Üzeyir lotu adam olub. Namı bizim ərazilərdə məşhurdu. Şərif Ağayar “Haramı” romanında bu kişidən yazıbdı.

Gün uzun çəkəcəkdi. Çox yerə getdik. Çox içdik. Dünya gözəlləşdi. Axşam evə qayıdanda Müşfiq nazik barmaqlarıyla pivə şüşəsinə güc verib açmaq istəyirdi. Müşfiqin gözlərində gecənin məhrəm işığı parlayırdı.

Aşıq Ədalətə qulaq asanda, canım haqqı, Allaha inanmağım gəlir. Şərif deyir: “Bu ölkədə iki dahi var; biri Həmid Herisçidir, o biri Aşıq Ədalət”. Ədalətin havasına qalxıb Müşfiqlə oynayırıq. Qollarımızı açırıq, ayaqlarımız, çiyinlərimiz havada süzür, ritmlə qalxıb yenir, arada pivəyə dəyib davam eləyirik. Şərif Ağayar çinar vüqarıyla yerə saplanıb kirpiyi də tərpənmir. Sonra çevrilib oynayan cavanlara baxır:

- Xaylamıyın ə, Aşıq Ədalət oyun havası çalmır.

Utanıb yerimizə keçsək də, “zakuska”dan, pivədən canımıza şirin bir istilik yayılır.

- Gedək e, gedək. Gedək gəzək.

Şərifin səsi birdən yüksəlir. Hindəki toyuqlar da yuxudan diksinib oyanırlar.

Gecənin bir aləmi düşdük qaranlıq küçələrin canına. Bizim qəsəbə ilə rayon arasında ayıq addımlarla yarım saat, sərxoş addımlarla bir saatlıq məsafə var. Hər tərəf qaranlıq olsa da, Müşfiqin qaranlığı işığa çevirən gözləri ilə yolumuza aydınlıq çökmüşdü. Hərdən Postpatrul keçirdi yanımızdan, uğurlu xidmət arzulayıb, bir də əl eləyib tutduğumuz yolun izinə düşürdük yenə. Arada qaranlığın içindən naməlum adam hənirləri keçirdi. Şərif o qaranlığın içində dolaşan hənirə diqqətlə baxıb deyirdi:

- Sən Allah, Üzeyiri tanıyırsan? Nətər yanı tanımırsan?

Gecənin baxışı sürmə olmuşdu, ümumiyyətlə, gecə titrətyirdi, nə titrəyirdi. Bizimsə avaraxor əllərimiz çiyinlərimizdə qoşalaşıb maşınsız, boş küçənin ortasıyla gedirik. Təbii ki, Müşfiqin gözlərindən süzülüb asfalta yayılan işıq da mənə Keretin bir hekayəsindən tanışdı. Gözlərindən işıq süzülən uşaq. Qəfildən Şərif yenə yuxudan oyanan kimi başını dikəldib gecənin qoxusunu içinə çəkir. Hiss edirəm ki, bu işıqlı gözlər ona “Şəkil” hekayəsini xatırladıb.

Bir qədər yerimişdik ki, nəhayət açıq mağaza tapa bildik. Pivələri kulyoklara doldurub yola düzəldik. Müşfiq o qədər pivə götürmüşdü ki, elə bilirdim, corabının arasında da pivə şüşəsi var. Yol boyu pivənin soyuq, sehrli dadını canıma çəkdikcə uzaqda görünən təkəmseyrək ulduzların bizə göz vurduğunu hiss eləyirdim.

Bu dəm azan oxundu.

Eləcə yolun dikində pivə şüşələrini yerə qoyub şəstlə dayandıq. Azan oxunub qurtaranacan eləcə qaldıq, sonra bilmirəm nə oldu, elə bil bu səs könlümüzü yuyub dür kimi təmizlədi, içimizdəki bütün narahatlıq, qüssə çəkilib getdi və hamılıqla həyatın gözəl olduğunu hiss elədik. Gözəllik hissi, xüsusən, bizim kimi həssas insanları elə qəfildən kövrəldər ki, göz yaşın sel kimi axar, başlayarsan ağlamağa. Elə olar, ətindən ət kəsələr ağlamazsan. Ancaq həmin gün heç birimiz ağlamadıq.

Harda açıq mağaza görürük, nəsə almaq istəyirik. Gecənin bu vaxtında ayıq adamların hamısı mənəvi aləmdə bir-birinə qohumdu. Bu dəfə meyvə mağazasının qabağında yuxulu gözlərdəki həsrətlə uzaqdan bizə baxan satıcını gördük.

- Nə alaq, Orxan – Rəvan dedi.

Şərif boğazımı arıtlmağa imkan verməyib cavabladı.

- Kələm al.

- Xiyar da – bunu Müşfiq dedi.

Kulyoku qoluma düyünlədim. Yenə yola düzəldik və gəlib nəhayət parkda əyləşdik.

Müşfiqin yanına “Ağ liman”dan yenə nəsə düşdü və Şərif Ağayara çevrilib başladı dil-dil ötməyə. Şərif Müşfiqi diqqətlə dinlədi və ciddi surətdə dedi:

- Qoç Üzeyiri tanıyırsan sən? De, özüm ölüm tanımıram? Nətər olur ki, tanımırsan? Elə igidi tanımamaq olar?

Bu vaxt mən səhərki hadisəni xatırladım. Mübariz Örən bizim qəsəbəni keçib “Haramı” yoluna düşmüşdü. Yolu itirsələr də, azmamışdılar. Bilmirəm, telefonla neçənci danışığımızdı.

- Biz Haramı istiqamətində gedirik. Sən dəqiq de görüm... – Mübariz Örən dedi.

- Səhv getmisiz e, müəllim. Çox keçmisiz, geri qayıdın!

Müşfiq güldü. “Ağ liman”ı sərinkeş eləyib küləyinə dincəldi. Sonra dedi:

Niyə imkan vermədin Şərif öz romanına doğru getsin?

Beyləqan taksiləri səhər o başdan durub işə çıxırlar. Yenə Şərifin səsini eşitdim. Taksilərdən birini tutmuşdu:

- Nətər yəni tanımırsan? Üzeyiri tanımırsansa, minmirəm maşınına.

Şərif bunu deyirdi və sözlər dilindən qopub küçələrin sükutunu yara-yara keçdikcə sürücünün üzündəki anlaşılmaz sual daha da böyürürdü.

Mən bu vaxt qoluma düyünlədiyim kələm klokunu gördüm. Və hiss elədim ki, kövrəlirəm.

# 3755 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #