Balıqçının boğulan oğlu, dənizdə çimən it, adam bıçaqlayan oğlan... – Çimərlikdən Reportaj

Balıqçının boğulan oğlu, dənizdə çimən it, adam bıçaqlayan oğlan... – Çimərlikdən Reportaj
15 iyul 2019
# 08:55

- Dayı, Şüvəlana neçəyə aparırsan?

- 10 manat verərsən

- 7 manatım var.

- Otur, getdik.

Taksi sürücüsü maşını motorlu qayıq kimi sürür, bir göz qırpımında gəlib Şüvəlana çatırıq.

Dənizin qoxusunu duyan kimi qarşımızda masmavi mənzərə açılır.

Qayalıqlar, yosunlar, şəffaf, dupduru su. Torpaq nəmlidir, ayağımız arabir daşlara ilişir.

“Qres” deyirlər bura. Bəlkə mən, Mayami çimərliyinə gəlmişəm?! Xəyallarıma tilov atıram. Filmlərdə gördüyüm okean canlanır gözümdə... Gömgöy su...

Dənizin parıltısına doğru gedirəm. Ayaqlarım qumsallığa yapışır. Getdikcə ayağımın altı qızmağa başlayır. Elə bil qazanın içində hərəkət edirəm.

Dənizin qoynuna girmək üçün səbirsizlənirəm. Sahilə çatıram. Ölü balıqlar səpələnib qumsallara. Kədərli mənzərədir. Başımı qaldırıb ətraf aləmə baxıram... Bircə dəniz var. Heç kim yoxdur. Yəqin, tezdir, adamlar axşama doğru tökülüşəcək dənizə.

Dəniz və mən. İkimiz də qarşı-qarşıya dayanmışıq. Dalğalar gah artır, gah azalır.

Günəş təpəmdən vurur. Sanki məni tələsdirir: paltarını dəyiş, hoppan dənizə, yoxsa başına qapaz vuracam.

Ördək balası kimi bir ayağımı suya salıram, bədənimdən bir anlıq üşütmə keçir.

Adamlar yavaş-yavaş görünməyə başlayır. Sahilə çıxıram. Qarğıdalı satan qarabuğdayı oğlan əlində səbət sahilboyu gedir. Arada bir xırıltılı səsi eşidilir:

- 1 manata qarğıdalı!

Maşınlar da adamlar kimi yerlərini alıb. Sahilə çatanlar tezbazar əyinlərini dəyişib dənizə kəllə vururlar.

Onların tələskənliyinə baxıb gülümsünürəm və düşünürəm. Bu gün hava çox istidir. Əsl dəniz havasıdır. Hələ belə havalar çox olacaq. Yay təzə təşrif buyurub.

Siqaret çəkən iki qadın görürəm. Uşaqlarını azarlayırlar. Deyəsən, rusdurlar. Şüvəlan qəsəbəsində ruslar çox olur. II Dünya Müharibəsindən sonra bu qəsəbəyə köçüblər.

Havadan yosun, qarğıdalı qoxusu duyulur. Çimərlikdə tək-tük adamlar qarışqa kimi görünür. İki cavan oğlan suda balıq kimi üzür. Qalanlar özlərini quma basdırıb, ağsaqqal kişilər balıq tuturlar.

Balıqçı kişinin yanına gəlirəm.

- Dayı, burda balıqlar ölür. Sahildə xeyli ölmüş balıq gördüm.

- ...

Dayı deyəsən mənə baş qoşmaq istəmir. Onu birtəhər söhbətə çəkirəm.

- Niyə ölürlər, görəsən?

Diqqətlə mənə baxır. Yəqin öz-özünə düşünür ki, bu adamın başı qaçıb. Dilini sürüyür:

- Dalğa gətirir...

- Burda qalansınız?

- 32 ildir Şüvəlanda yaşayıram.

- Balıq üçün tez-tez gəlirsiz?

- Bütün fəsillərdə...

Düşünürəm ki, balıqçılar maraqlı olar. Yəqin, bu dayını da “qazsan” içindən xeyli qiymətli tapıntılar çıxar.

Kənara çəkilib siqaret çəkirik. Dayı mənə qəribə bir hadisə danışır. Dediyinə görə, bir balıqçı dostu varmış, oğlu dənizdə boğulub. Nə qəribə taledir! Sənə çörək verən dəniz, bir gün oğlunu əlindən alır.

- Hardadı indi o kişi?

- Dənizdən küsdü! Danışmağı sevən adam deyildi. Oğlunu itirəndən sonra da lap qaradinməz oldu. Bir müddət sonra isə köçdü getdi buralardan. Ona oğlunu xatırladan yerlərə baxa bilmədi.

- Nə vaxt olub bu hadisə?

- 5 il bundan əvvəl.

Ağsaqqala daha sual verə bilmirəm. Susuram. Təkrar suya girirəm. Su bədənimi titrədir. Üzə-üzə kişinin danışdığı əhvalatı xatırlayıram. Deyəsən, kədər iliyimə işləyir. Günəşə doğru üzməyə başlayıram. Qorxuram. Boğulmaq dəhşətlidir!

Birdən lap dərinlərə getmək istəyi doğur içimdə. Amma ehtiyat edirəm. Balaca balıqlar kimi dayaz yerlərdə üzürəm. Günəşin qırmızıya boyadığı səmaya baxıram.

Bu dəm balıqçının səsi eşidilir:

- A bala, a bala!

- Həə, dayı?

Nə deyirsə, anlaya bilmirəm. Dalğalar onun səsini boğur, elə bil kulyok xışıldayır. Ən yaxşısı yanına getməkdir.

- Sənin üçün balıq ayırmışam, apararsan.

Əlindəkini mənə uzadır.

- Çox sağ olun. Nə qədərdi qiyməti?

- Hədiyyədir, qaqaş. Apar nuş elə! – bığı təbəssümündən əyilir. Gülümsəyə-gülümsəyə soruşur:

- Niyə dayazda üzürsən?

- Dənizdən qorxmuram, dayı. Qorxuram boğulam.

- Üzməyi öyrən də, cavan oğlansan.

Ona inandırıram ki, nə vaxtsa üzməyi öyrənəcəm və daha dərinlərə gedəcəm.

- Ehtiyatlı ol, boğulmayasan. – gülür.

Nədənsə şairin misrası yadıma düşür:

Bəzən üzməyi də buna görə öyrənirsən

nə vaxtsa bir gün daha dərinlərdə boğulmağ üçün...

Sahilin kənarında çömbəlib uzaqlara baxıram. Sükut. Sonsuz mavilik.

Qarğıdalı satan uşaq qumsalın üstündə səndirləyə-səndirləyə gedir. Qarşısına çıxıb soruşuram.

- Neçəyədi?

- 1 manata.

- Niyə belə baha?

- Belədi də...

- Məktəbə gedirsən?

- Hə...

- Həm də qarğıdalı satırsan...

- Yay aylarında işləyirəm.

Başına tumar çəkib, bir qarğıdalı alıram. Acgözlüklə didişdirib, dənizin qoynuna atılıram. Başımı sudan çıxarıb gözlərimi ovuşdururam. Xilasedici qayığın səsi dənizin bəstələdiyi musiqiyə qarışır. Fasilələrlə o baş-bu başa hərlənir. Yaxşı ki, bu gün dənizdə batan yoxdur.

Sahilə çıxıram. Günəş qızmar əlləriylə başıma tumar çəkir. Boz bir it suya yaxınlaşır. Deyəsən, o da istidən təngə gəlib. Özünü suya atır. Atılıb-düşür. Yaxınlaşıb ona baxıram. O da düz gözümün içinə baxır. Sanki, bu sözləri deyir: “Təkcə siz insanlar çimməlidir? Bizim də sərinləməyə ehtiyacımız var. Get, işinlə məşğul ol, qoy bir az dənizdə üzüm.”

Adamlar getdikcə çoxalır. Uşaqlı-böyüklü hər kəs halından mutlu görünür. Uşaqlar qumsallıqda qum evlər düzəldir, üz-gözlərini bulayırlar.

Mənim kimi tək adam gözümə dəyir, çətirin kölgəsində, əlində pivə butulkası, siqaret püfləyir.

- Şüvələnda pullu çimərlik də var?

- Pullu yerlərdə var, amma bura pulsuzdu, bəyəm pisdi?

- Yox, suyu əladı.

- Əşi, adam da zir-zibildən ölər? Öləndə öləcəyik də...

-Tez-tez gəlirsiz?

- Özüm “Şıxov”da qalıram. “Şıxov” yaxşı deyil. Bura ləzzət edir.

İrəlidə top oynayan uşaqlar gözə dəyir. Siqaret püfləyən oğlanla xudahafizləşirəm.

- Olar mən də oynayım? - əlimi havada yelləyirəm.

- Olar, qaqaş, gəl.

Top ayaqlarıma yapışır. Yıxılaram, dururam, qaçıram. Top və uşaqlar. Gün bədənimi qızdırır.

- Pas at, qaqaş...

- Qool!

- Samir, arxaya gəl, “zaşita”da heç kim yoxdu!

- Ala ölürəm e istidən...

Uşaqlardan ayrılıb, su axtarışına çıxıram. Bu an iki oğlan mübahisə edir...

- Sən kimsən, mənim qıza baxırsan?

- Baxmıram, qaqaş!

- Ala, kor-zadam Bəyəm? Yortaram e səni!

- Ətağa, baxmıram!

Oğlan cibindən bıçağını çıxardıb qaqaşın üstünə atılır, qaqaş qaçmağa başlayır, təsadüfdən mən də qaqaşın arxasındayam. Görürəm, üstümə gəlirlər, mən də qaçmağa başlayıram. Araya adamlar girir, bıçağı oğlanın əlindən alırlar.

Davanın ardınca araya sükut bombası düşür, hər kəs dağılır.

Ürəyimdən buz kimi su keçir. Tərləmişəm də üstəlik. Baxıram çantamdakı su butulkasının dibidir. Qaça-qaça gedib dənizə baş vururam.

# 3352 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #