Mahnı qoşub, şeir yazıb, qəpik-quruş alanlarARAŞDIRMA

<b>Mahnı qoşub, şeir yazıb, qəpik-quruş alanlar</b> – <span style="color:red;">ARAŞDIRMA
17 noyabr 2017
# 14:52

Görəsən, müəllif hüquqları sahəsində saat mexanizmi kimi dəqiq sistem quran hansı ölkədə sənətkar yazdığı şeirə, bəstələdiyi mahnıya görə qəpik-quruş alır? Və görəsən, bir misraya görə yuxusuz gecələr, bir nota görə “havalı” gündüzlər keçirən yaradıcı adam zəhmətinin əvəzində bir siqaretə dəyməyən qonorar alanda hansı hissləri keçirir, nə düşünür? Gülümsəyirmi, istehza edirmi, qəzəblənirmi? Azərbaycan dilinin izahlı lüğətində qonorar sözü bu cür izah edilir: “Yazıçılara, rəssamlara, vəkillərə və başqalarına müqavilə üzrə verilən zəhmət haqqı”. Bir halda ki, məsələ insanın çəkdiyi zəhmətə görə ödənən haqdan gedir, o niyə it-bat olsun? Siz müəllim, həkim, fəhlə, lap elə mənim kimi jurnalist görübsünüz ki, işləyib zəhmət haqqı almasın? Suallar çox, suallar ritorik, suallar faydasız...

Yeni qayda nə deyir?

Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarını ödəməkdən yayınmaq mümkün olmayacaq. Müəllif Hüquqları Agentliyindən APA-ya verilən məlumatına görə, qərara əsasən, toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir. Yeni qərara əsasən qonorarı şadlıq evləri, kafelər və restoranların sahibləri ödəməlidirlər. Bəs qonorar ödənilməzsə? Necə yəni ödənilməzsə, “zülmün topu var, gülləsi var, qələsi varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır”. İş məhkəməyə getdisə, 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi barədə qərar qəbul edilə bilər.

Sitat: “Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulub. Toy mərasimlərinin keçirilməsini müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilatdan gizləyən və qonorar ödəməyən obyekt sahibləri qanunvericilikdə nəzərdə tutulan sanksiyalarla üzləşəcəklər”.

“Bu qədər iş görəsən, adama pul verməyələr”...

Fikrət Qoca... Azərbaycanın xalq şairi, Yazıçılar Birliyinin katibi. Sözlərinə 500-ə yaxın mahnı yazılıb. Onları biz hamımız tez-tez eşidirik. Təkcə adlarını demək bəsdir ki, eşidib-böyüdüyümüz o mahnıların havasına düşək. Məsələn, Ramiz Mirişlinin bəstələdiyi, Flora Kərimovanın oxuduğu “Bir xumar baxışla”, Emin Sabitoğlunun bəstələdiyi, Hüseyn Bakılının ifa etdiyi “Payız gəldi”, bəstəsi Oqtay Kazımiyə, ifası Oqtay Ağayevə məxsus “Qaytar eşqimi” mahnıları. Azərbaycan musiqi xəzinəsinə bu cür klassik nümunələr bəxş edən 82 yaşlı şair isə deyir ki, dünyada heç kimin ağlına gəlməz ki, bu qədər iş görəsən, adama pul verməyələr. Düz demirmi?! Şair danışır: “Mənim şeirlərimə yazılan 500-ə yaxın mahnı var. Hansı toya gedirəmsə, görürəm, üç-dörd mahnımı oxuyurlar. Axşama qədər radiolarda mənim mahnılarım oxunur. Bəs bunun müəllif haqqı? Bəzən olur ki, qəpik-quruş gətirirlər. Buna nə alıram deyə bilirəm, nə də almıram. Bu məsələni konkret yoxlamaq lazımdır. Yəni bu işlər yaxşı qurulmayıb. Allah etsin, yeni qərar işlək olsun, müəlliflər də qonorarını alsınlar. Bu, belə də olmalıdır. Televiziyalar məni verilişlərə çağırır. Məsələn, iki-üç saatlıq çəkiliş olur, amma bir abbası qonorar vermirlər. Axı mən bundan ötrü danışıram, düşünürəm, hazırlaşıram, ürəyimi, beynimi sərf edirəm. Bütün bunlar olur qiymətsiz! Daha doğrusu, qiymətsiz yox, urvatsız! Nəinki nəvələrimin, dünyada heç kimin ağlına gəlməz ki, bu qədər iş görəsən, adama pul verməyələr”.

Flora Kərimova, Yalçın Rzazadə, Mirzə Babayev, Brilliant Dadaşova və Aygün Kazımovanın ifasında dillər əzbəri olan mahnıların bəstəkarı, xalq artisti Eldar Mansurov da Fikrət Qoca ilə həmrəydir. Daha doğrusu, sualı eşidər-eşitməz, bəstəkar Mansurovun reaksiyası belə oldu:

“Onsuz da bu qərarın bizə isti-soyuqluğu olmayacaq. İndi hamı mahnı yazır. Qonorarı da qeyri-peşəkarlar alacaqlar. Deyə bilmərəm ki, ümumiyyətlə, qonorar almıram. Bu qəpik-quruşdur. Bir ilə 100-150 manat yazılır. Müəyyənləşdirə bilmirik, bu vəsaitin mənbəyi haradandır. Bizə heç kim hesabat vermir. Bu məsələdə qanun yoxdur. İndiyə qədər var idi, sadəcə, yerinə yetirilməyib. Vaxtilə, gündə 50-60 musiqim səslənirdi, mənə bir qəpik də verilmirdi. İndi ümumiyyətlə, radio və televiziyada musiqilərim səslənmir. İndi küçədən keçənlər mahnı yazır, qonorarı da onlar alacaqlar. Düzünü deyim, ümumiyyətlə, bu sistemin işləyəcəyinə inanmıram”.

Eldar Mansurov əlavə edir ki, Sovet dövründə çox yaxşı qonorarlar alıb: “Bir dəfə ifaya görə beş qəpikdən, 20 qəpiyə qədər pul verirdilər. O vaxt aya 80-100 manat qonorar alırdım. Maaşlar isə 120 manat idi. İndi özünüz təsəvvür edin ki, bu nə deməkdir”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə başqa məsələdən narahatdır. Xanım bəstəkar iddia edir ki, şadlıq saraylarında peşəkar bəstəkarların əsərləri demək olar, səslənmir: “Nazirlər Kabinetinin qərarından xəbərim var, “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə tanışam. Bu sistem oturuşmalıdır. Heç bir ciddi məsələ bir-iki günə başa gəlmir. Mən mahnı yazmıram, amma bu çox gözəl qərardır. Restoranlarda, şadlıq evlərində səslənən mahnılara görə bəstəkarlar qonorar almalıdırlar. Onu da nəzərə alın ki, şadlıq saraylarında peşəkar bəstəkarların əsərləri demək olar ki, səslənmir. Daha çox qeyri-professionalların əsərləri ifa edilir. Ona görə bu prosesə müdaxilə edə bilmərik. Ümumiyyətlə, bu haqda Bəstəkarlar İttifaqı ilə heç bir danışıq olmayıb. Amma biz bu haqda dəfələrlə danışmışıq, müraciət də etmişik. Xüsusilə dünyalarını dəyişən bəstəkarların, məsələn, Cahangir Cahangirovun, Şəfiqə Axundova, Səid Rüstəmov kimi mahnılarının səslənməsinə görə Müəllif Hüquq Agentliyinə müraciət etmişik. Onlar bu prosesə nəzarət edirlər. Hətta Amerikada çıxan kompakt diskə görə də agentliyə müraciət edirik”.

Firəngiz Əlizadə fikrini belə yekunlaşdırıb: “Qonorarı restoranı işlədən insan verməlidir. Oxuyan niyə verməlidir? O da zəhmət çəkir. Qanun gözəldir, amma onu işlətmək lazımdır”.

* * *

“Təəssüf ki, mən atamın mahnılarına görə qonorar ala bilmirəm. Bu doğru deyil. Teatr tamaşalarına və filmlərə yazılan mahnılara görə isə müəyyən məbləğ alırıq. Bu böyük pul deyil. Məsələn, 20-25 manat bəzən bizə ödəyirlər. İl ərzində götürsək, bu heç 50 manat etmir”.

Bunu isə APA-ya Azərbaycanın böyük bəstəkarı Emin Sabitoğlunun qızı, musiqişünas-professor Ceyran Mahmudova deyib. Professor bildirib ki, yeni qayda doğrudan da işlək olacaqsa, nəticəsi tezliklə görünəcək: “Şəxsən mənim fikrim odur ki, hər şey bir əldə cəmləşsə yaxşı olar. Yəqin ki, bu mümkün deyil. Çünki Müəllif Hüquqları Agentliyi hər şeyə nəzarət edə bilməz. Çünki hər şadlıq sarayına, restorana, kafeyə necə nəzarət edəcəklər. Yəqin ki, dövlət orqanları birləşib vahid mexanizm təşkil edə bilərlər. Əgər bir əldə cəmləşsə, mexanizm işlək olsa, mən dəyişikliyi alqışlayıram. Mən atamın yaradıcılığının təbliği ilə məşğul oluram. Onun notlarını dərc edirəm, kitab yazıram. Əgər atamın yaradıcılığından normal şəkildə gəlir gəlsə, həmin vəsaiti elə onun öz təbliğatına sərf edərəm”.

Qonorar ödəməkdən boyun qaçıranlar...

Ölkəmizdə bu sahədə qonorarları toplamaq və müəlliflərə çatdırmaq işində səlahiyyətli olan qurum Azərbaycan Müəllifləri İctimai Birliyidir. Qurumun rəhbəri İsmayıl Məmmədkərimov sözügedən məsələ ilə bağlı suallarımızı ətraflı cavablandırdı. Və birlik rəsmisi bu sahədəki çətinliklərin bir neçə səbəbdən qaynaqlandığını etiraf etdi. Qanunvericilikdəki boşluqdan tutmuş, maariflənmə işinin geniş APArılmamasına qədər bir çox səbəblər var: “İstərdik ki, bizim qanunvericiliyimiz daha ali və daha müasir tələblərə uyğun olsun. Hal-hazırda hər bir istifadəçi ilə ayrı-ayrılıqda danışıqlar APArmaq məcburiyyətindəyik. Buna kifayət qədər vaxt və əmək sərf edilir. Çətinliklərimiz barədə danışanda istifadəçilərin əksəriyyətinin müəllif hüququ sahəsində anlayışlarının qənaətbəxş olmadığını da nəzərə almalıyıq. Müəlliflərin adına daxil olan qonorar qənaətbəxş sayıla bilməz. Çünki əksər istifadəçi təşkilatlar qonorar ödəməkdən müxtəlif yollarla boyun qaçırırlar. Burda bir faktı da qeyd etmək istərdim ki, APArdığımız statistik göstəricilərə görə son zamanlar istifadəçilər tərəfindən Azərbaycan müəlliflərinin əsərlərindən istifadə kəskin surətdə azalır. İstifadə azalırsa, təbii ki, qonorarlarda azalır. Buna nümunə son zamanlarda toylarımızda istifadə edilən Azərbaycan və xarici musiqilərin nisbətinin dəyişməsidir. Bundan başqa bir çox istifadəçilər müğənnilərlə müəllifləri səhv salırlar. Hesab edirlər ki, mahnı müğənninindir. Müğənniyə ifasına görə pul verərək bununla da öz məsuliyyətlərini tamamlanmış hesab edirlər. Müəlliflərin əksəriyyəti isə kölgədə qalır, qonorarların ala bilmirlər, ruhdan düşürlər və son olaraq yeni əsər yaratmaq istəyi azalır. Müəlliflərin və onların vərəsələrin istifadə olunan əsərlərə görə qonorar almasına dair qanunvericiliyin təkmilləşdirilməsinə yönələn hər bir addımı alqışlayırıq və buna müsbət yanaşırıq. Düşünürük ki, istifadəçi təşkilatlar da Nazirlər Kabinetinin qərarına hörmətlə yanaşacaqlar. Bütün istifadəçi təşkilatların rəhbərləri, istər tv və radio, istər restoran, şadlıq evləri və s onların üzlərinə düşən məsuliyyəti anlamalıdırlar”.

“Televiziya və radiolara təsir imkanlarınız hansı səviyyədədir” sualına isə İsmayıl Məmmədkərimovun cavabı belə olub: “Hazırda bir neçə kanalla bizim müqavilələrimiz var. Bunlar ATV, ARB, Aile TV, KATV-1-dir. Bu kanalların rəhbərliklərinə fürsətdən istifadə edib öz təşəkkürlərimi bildirirəm. AzTV, İTV və Asan Radio ilə ümid edirəm ki, bu yaxında müqavilə imzalanacaq. Digər TV və radio kanallara gəldikdə isə onların bəziləri ilə danışıqlarımız gedir. Digərləri ilə bağlı məsuliyyətə cəlb etmək məqsədi ilə məhkəməyə müraciət etmişik”.

Hər restoranda bir hava...

Məsələ ilə bağlı Bakıda fəaliyyət göstərən məşhur restoranların təmsilçiləri ilə də danışdıq. Gəlin “Neolit” şadlıq sarayının administratoru Sübhanı dinləyək. O, sualdan əvvəlcə təəccüblənir, sonra təəssüflənir, daha sonra isə bunları deyir: “Vallah, xəbərimiz yoxdur. Yeni dəyişikliklə bağlı bizə məlumat verilməyib. İfaçılar onsuz da vergini verirlər. Onların hərəsinin bir dəftəri var. Müğənninin yerinə pulu biz niyə ödəməliyik? Hələ deməyiblər, amma desələr də, düzgün deyil bu. Əgər məcburidirsə, gələcəkdə baxarıq. Allah kərimdir”.

Bakı Əyləncə Mərkəzinin administratoru Elşad Dünyamalıyev də yeni dəyişiklikdən xəbərsizdir: “Qanunda ödənişlərin məcburi verilməsi göstərilirsə, dövlət tərəfindən qərar verilirsə, deməli xoşluqla ödənilməlidir. Biz dövlətin çıxardığı qərara qarşı çıxa bilmərik”.

“Ay işığı” şadlıq sarayından isə qeyd ediblər ki, toy olanda müğənnini toy sahiblər dəvət edirlər: “Müğənnilər də vergilərini verirlər. Bu qanun indinin söhbəti deyil, çoxdan, hələ Sovet dövründən var. Bu günlərdə bir nəfər bununla bağlı gəlmişdi, mühasibə yönəltdik. Məsələnin nə yerdə qalmasından isə xəbərim yoxdur”.

P. S. “Bəxtiyar” filmindəki restoran kontrabasçısını xatırlayırsınız? Bəs onun məşhur “Əlimdən gələni elədim, pulumu kim verəcək?” cümləsini necə? Bunu sadəcə, xatırlatmaq istədim. Ki, məsələ Ağabala aradan çıxandan sonra Hüseynova bacılarının üstünə kontrabas çubuğu qaldırıb qışqıra-qışqıra “Pulumu verin!”ə qədər zilə çıxmasın...

# 1181 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #